Asmaq istəyirəm özümü Yeseninsayağı - Elçin Məhərrəm

Asmaq istəyirəm özümü Yeseninsayağı - Elçin Məhərrəm
11 avqust 2024
# 17:00

Kulis.az Elçin Məhərrəmin şeirlərini təqdim edir.

Hər şey susur?

İnsan susur – Susmalıdır da.
Çünki heç bir "bəzəkli" cümlə
günahını pərdələmədi.

Tanrı susur – Susmalıdır da.
Çünki yaratdığı ən təmiz insan
oğru Adəm idi.

Heyvan susur – Susmalıdır da
Kiminlə danışsın?
Əli silahlı adamlamı?
Yoxsa biganə Tanrıylamı?

Təkcə ağaclar danışır
bu Yer kürəsində.
Onları da yalnız, Van Qoq eşidə bildi.

***

Qoca, ip və ada


Ümid deyilən şey -
səhər saat altıdan
böyük balıq tutmaq üçün
xarabasından çıxan
qocadı.

Qarmağı - uşaqlıqda
cırcıramaların
quyruqlarına bağladığı
ip qədər uzundu.

Balıqsa - Vaqifin
"Uzaq yaşıl adasından "
gəlir.

***

Bu nə birincidir, nə də sonuncu


Hökm verildi.
Qalxdı ağır-ağır
cəllad zamanın iti baltası.

Bu nə birincidir, nə də sonucu.

Eşafotu yoxdur onun
Edam yeri: təqaüd aldığın bankomatın
qabağı,
təyyarənin yumşaq
oturacağı,
sevgilinlə nə vaxtsa yatdığın
yatağın kənarı.

O gün saydım, düz 32 baş tullandı
boşluğun qara çuxuruna,
Düz 32 min dildə qışqırdı qara çuxur.
Qışqırdı ki: Daha bəsdir, yerim yoxdur.
Mən şair ürəyi, rəssam əli,
filosof dili istəyirəm.
Göndər gəlsin.
Onlara ki, yerim çoxdur.

Hökm verildi.
Endi bir anda
cəllad zamanın iti baltası
Bir şair infakt keçirdi
yeni şeirini yazarkən,
bir rəssamın tikəsini tapdılar
top mərmisinin
tozanağı çəkiləndə,
bir filosofu dilindən asdılar
tanış saat qülləsinin əqrəbindən.

Bu nə birincidir, nə də sonucu...

***

Mən də belə bədbəxtəm

Siqaret kötüyünü vızıldatdım asfalt yola,
tapdalamadı şütüyən, parıltılı maşınlar.

Mən də belə bədbəxtəm...

Asmaq istəyirəm özümü Yeseninsayağı,
amma otel qiyməti, muzeylərdən bahadı.

Mən də belə bədbəxtəm...

Gərək məsləhətləşim Hidayətli Sadiqlə,
Ona da ki, zəng çatmır "əhatə xaricində".

Mən də belə bədbəxtəm…

***


İçimdə bir sıxıntı,
içimdə bir boşluq var.
Daşla, qumla,
xəzəllə doldurun o boşluğu.

Bacarsanız
bir quruş da xoşbəxtlik tullayın
bu səfil dilənçinin
ÖMÜR adlandırdığı
paslı mis qabına…

# 4734 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

12:00 8 oktyabr 2026
“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

11:00 8 oktyabr 2026
“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

10:30 7 oktyabr 2026
"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

15:30 6 oktyabr 2026
"Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri

"Məndən nəsə var Antonio Banderasda..." - Həmid Herisçinin yeni şeirləri

15:00 6 oktyabr 2026
"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

17:45 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər