Sevgilisinə görə ofisiantı döyən gənc yazarımız

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

3 aprel 2022
# 10:00

Kulis.az Orxan Həsəninin “Orxan Saffari üçün ən çox kim darıxır?” yazısını təqdim edir.


Orxan Saffari ilə aramızda dağdan dərəyəcən fərq uzanır. Almaz itiliyində kəsişən xarakter fərqi. Ol səbəbdən dostluğumuz dərədən alçaq, dağdan yüksək yerdə düyünlənir. Elə adamlar var, bilmirsən, həyatına necə gəlib, tanışlıq harada qol-qanad açıb, ilk dəfə harada çiyin-çiyinə verib, qol-qola girib sərsəri addımları toyuq dəni kimi boş küçələrə səpmisiniz və nəhayət, bu doğmalığın ömrü haracandır? Ümumiyyətlə, bu barədə düşünmürsən. Elə bil, gözün açılandan çiyinləriniz tanış elektrik dirəkləri kimi qoşa dayanıb və bundan sonra həyat zəmində hansı nöqtədə durubsa, orda da qalacaq; nə bir addım irəli, nə bir addım geri.
Orxan Saffari indi hərbi xidmətdədir. Araya düşən havasız, cansıxıcı məsafələr keçmiş açarını ovcuma sıxır. Üç-dörd il öncənin işığı parlayır. Birdə görürsən zəng edir, ya yazır və hər iksi eyni cümlələr ilə başlayır: “Necəsən, istedadsız? De görüm mənim üçün ən çox kim darıxır?”. Cavab hər dəfə eyni olur: “Sənin üçün ən çox Bayıl darıxır”.
Bu cümlələrin canına yığılan tənhalığı, danışmaq, içini tökmək ehtirasını mədəmə saplanan ağrı kimi duyuram və belə anlarda dostumla sərxoş bir xatirəmiz düşür yadıma.
Həmin gecə 28 May metrosunun önündə görüşmüşdük. Gecə paltarını soyumuşdu və şəhər çılpaq gülümsəyirdi. İşıqlı küçələr təkəmseyrək maşınların səsi ilə danışırdı. İkimiz də “hazır” idik. Etil spirtin içinə pambıq kimi quru girib yaş çıxmışdıq. Görüşün lap əvvəlində Saffari iri, çiynindən aşağı şəlalə olub axan qollarını çiynimə elə sıxdı ki, sümüklərimin hərəkətini eşitdim. Barmaqları bir-birindən aralanıb çiynimdəcə nəfəs aldı. Elə bildim, bu dəqiqə məni udacaq. O, içkiliykən çay qabağı kəsən, nağıllardan çıxma əjdahaya çevrilirdi. Bu dəfə əjdaha olmadı. Eləcə sifətimə zillənib sonsuz qüssəylə söylədi:
– Gedək, Ayseli tapaq.
– Aysel kimdi?
– Köhnə sevgilim.
– Təzəsi varsa, onu axtaraq.
– Vaxt yoxdu...
28 May metrosunun önündən dabanqırma Nizami küçəsinə çatdıq. Addım izlərimiz nəmişlik yola naxış kimi düşür, daş küçələrın alın yazısına yeni hərflər çəkirdi. Mən qəfil şəhər işıqlarından topub nəm divara həkk olan kölgəmizi gördüm. Diksindim. Elə bil, Basatla Təpəgöz qol-boyun yol gedirdi.
Gecənin bir aləmi qaranlıq küçələrdə Ayseli axtarırdıq.
Aysel… Bilmirdim, Aysel kimdi, nəçidir, amma içimdə hüdudsuz bir əminlik vardı, elə bilirdim onu kölgəsindən də tanıyaram.
Həmin gecə Ayseli çox axtardıq. Az qala daşın da altına baxaq. Kənardan görən olsaydı, elə bilərdi, nəsə əşya itirmişik. Saffari gilənar gözlərini qıyıb yaşıl otların arasına baxır, küçələrin qaranlıq tərəfini yoxlayır, daş atıb ağacların başındakı yuxulu qarğaları qorxudurdu. Bəlkə, ordaydı? Nə bilmək olar? Saffarinin gözündə Aysel, hər yerdə ola bilərdi. Hələ, Xaqani bağında bir oğlan yaxınlaşıb nə desə yaxşıdır?
– Nə itirmisən, qaqaş? Bəlkə, bir axtaraq, köməyim dəyər!
Orxan qəzəblə oğlanın yaxasından yapışdı:
– Mənim sevgilimi sən niyə axtarmalısan ə?
Kömək arzusu peşamlıq olub qayırdı. Oğlan yaxasına yapışan iri əllərin qandalından çıxıb şam ağaclarının qaranlığında itdi. Mənim də yuvam dimdiyimdə. Soyuq sifətimi yalayır. Xaqani bağında yaşıl otların arasında sevgili axtarmaqdan gözlərim çaşı olub. Axırda bezib dedim:
– Saffari, qızla harda ayrılmısansa, gəl, gedək ora. Bəlkə, ayrıldığın yerdə səni gözləyir? Haydi!
Bu cümlənin ətəyindən yapışıb ara küçələrə keçdik, çatdıq köhnə pablardan birinə. “Mütləq, orda olacaq, görərsən” – mən dedim. Saffarinin sifətində məmnun bir gülüş açdı. Bu gülüşün arxasında Ayseli çoxdan tapmış, barışmışdı. Hələ mübahisə üçün bəhanəsi də vardı, ayrılmağa hazırlaşırdı.
Bizi qırmızı parlaq işıqlar və musiqinin gur səsi qarşıladı. İçəri burulub arxa masalardan birində əyləşdik. Uzun saçlı, döyməli süfrəçi əlində menyu, üzündə ikinci əl, yorğun gülümsəmə bizi yanladı. İçimdə pivə içmək ehtirası boy vermişdi. Ayseldən də səs-soraq yoxdu. Boş şəhər tezliklə çəkilən sərxoş əhvalıma qüssə toxumu səpirdi. Düzü, Ayseli tapacağımıza zərrə ümidim qalmamışdı. Axı hara baxasan? Bir gecədə bütün şəhəri gəzə bilməzdik.
Saffari menyunu alıb diqqətlə oxudu. Təkrar-təkrar bütün içkilərin, çərəzlərin adını şeir deyən kimi ristmlə çəkdi. Sonda lap ucadan bir daha oxuyub, qəzəblə süfrəçinin üzünə qayıtdı.
– Aysel menyuda yoxdu. Üzümə bax e, sənnən deyiləm? Hanı Aysel?
İri qollarını yumruq edib masaya çəkdi və dikəlib qalxdı, oğlanın yaxasından yapışdı. Bu iri bədənə gücmü çatar? Belindən yapışıb yerinə otuzdurmağa çalışsam da, tük qədər təsirim olmadı. Oğlan çaş-baş vəziyyətdə üzümə zillənib imdad diləyir, mərhəmət umurdu. Aranı güclə yumşaltdım. Adamlar heyrətlə bizi süzürdü. Saffarinin qoluna girdim, adamların üzrxahlıq payını yollayıb onu pabdan açıq və təmiz havaya çıxardım.
On dəqiqə sonra qarşı səkidə çiynimizi divara söykəyib siqaret yandırmışdıq. Nəsə xatırladım, ancaq bilmirəm nə?! Tez gəlib, tez də ötən fikirlərdən canıma anlıq hüzur yayılır, çəkilirdi. Şəhərin nəfəsini duyur, təkdən bir boş küçəyə düşən yağış damcılarının biçimli görüntüsünü pabın qırmızı, parlaq işığında aydın görürdüm. Elə bu məqamda Saffarinin kövrəlməyini gözləməzdim. Ona baxdım. Əlini üzünə çəkdi. Lap dərinlərdən, bəlkə, taleyinin nüvəsindən, ayrılığın qüvvəsindən qopub gələn dəhşətli hönkürtüylə küçələrin boş səssizliyini pozdu:
– Bu gecə itirdiyim bütün adamlar Aysel idi. – dedi.

Orxan Saffari hərbi xidmətə yollanmazdan öncə aramızda soyuq küləklər vıyıldayırdı. Niyəsini bilmirəm, amma olsun. Elə adamlar var, onlarla dolanmaq mümkün deyil, yaş da artır, hadisələrə, münasibətlərə dözüm hissin süzülüb axır ovuclarından. Səbrin içində sap kimi nazildiyi bir adam olub durursan. Uzağı susursan və düşünürsən ki, ən yaxşı cavab heç nə deməməkdir.
Belə ki, Saffarinin qaynağını iri gövdəsindən və at ürəyi kimi böyük ürəyindən götürən tükənməz enerjisi çay olub, süpürləyib hər şeyi qabağına qatanda iynə deşiyindən keçən kimi keçdiyim hisslərin onun simasındakı bayağılığını görüb əvvəl-əvvəl narahat olmuşdum. Sonra iri, çəkiç dodaqları ilə sözləri döyə-döyə, incidə-incidə ifadə eləməsində bir doğmalıq, bir canayaxınlıq görmüşdüm. Bəzən ən yaxın münasibətlər adi faktların qanunauyğunluğundan zoğ atır, böyüyür.
İndi fikirləşirəm, Saffari bəylə gözəl günlərimiz olub. Düzdür, onda da, hamıda olan qüsurlu xasiyyətlər var. Hay-küyçü üslubla çənəsini yuxarı qaldırıb müdrik ifadə alanda, həyat və onun mənasızlığı barədə danışanda, bizlərə məsləhətlər səpələyəndə, ağır əlini bədəninə Anakonda dolayan zənci qız kimi boynumuza dolayanda gülməmək üçün özümü əməllicə sıxırdım və hər şeyi karikatura kimi görürdüm.
Gözəl dostumun qəlbindən, yaddaşından qaynar, canlı həyat seli axır. O kitablardan oxuduğunu yaşamır, yaşadıqlarını kitab kimi görür. "Bayıl undergraundu" mövzusunda yazdığı hekayələri küçə-küçə gəzmişik, məni obrazları ilə tanış edərkən Saffarinin gözləri sərçə gözü kimi parlayıb və hiss eləmişəm ki, o, bu tipdə hekayələri ona görə yazır ki, yazmasa, əzab çəkər. Və ona görə əzab çəkmək istəmir ki, bu boyda, bu buxurda adama əzab çəkmək yaraşmır. Ayıbdı, yekə kişidir.
Keçən il Saffarinin tənqid üslubu ilə bağlı gənc dostlarımızdan biri gözəl esse yazmışdı. Başlığı xatırlamamaq mənim günahımdır, düzü ərinirəm yenidən baxmağa. Demək, gənc müəllif Saffarinin Ramiz Rövşən haqqında yazdıqlarını ədəbiyyatşünaslıqdan, publisitikadan uzaq adlandırmışdı və "çayxana leksikomu" adı ilə ümumiləşdirmişdi. "Çayxana", əlbəttə, ciddi məsələdir. Əlini hansı üçüncü dünya yazıçısına atsan, formalaşma dövründə çayxanaların unikal xidmətlərini görmüş olarsan. Markes "Anlatmaq için yaşamaq" adlı xatirələr kitabında acı-acına səhərdən axşamacan çayxana mühitində ədəbiyyat söhbətlərini, kitab alış-verişlərindən, günə üç hekayə yazmasından danışır. Danışsın. Demək ki, həssas qəlbə heç nə təsirsiz ötüşmür.
Saffarinin yazdıqlarını heç vaxt səliqəli (naməlum ədəbiyyatşünaslıq və naməlum publisistika qanunları ilə) təsəvvür edə bilmərəm. Saffari səliqəli yaşamır, öz hekayələrindəki qaranlıq dünyanın obrazlarından biri də elə özüdür. Bəli, mənim ədəbi düşüncələrim də Saffari ilə uyuşmur, biz eyni sənətin genişliyi içində fərqli düşüncələrdə dayanmışıq, başqa düşüncələr də var və orda da başqa-başqa imzalar dayanıblar. Hamısını qəbul etməyi bacarmalıyıq. Əmin olun, heç nəyi uduzmayacağıq.
Orxan Saffari indi hərbi xidmətdədir. Əsgər olmaq ikinci bir həyat yaşamaqdır. Quru, hissiz sistem sosial reallığını bürüyərkən içindəki işığı qoruyub saxlamalısan. Bəlkə, hər zəngdən, mesajdan sonra təkrarlanan sualın səbəbi bu işığa inanam arzusudur?
De görüm mənim üçün ən çox kim darıxıb?.
Sənin üçün ən çox Bayıl darıxıb, əziz dost. Bir az da mən!


# 3266 dəfə oxunub

Müəllifin son yazıları

# # #