...bu nəticəyə gələ bilərik ki, yazıçı yazarkən, bəstəkar bəstələyərkən, rəssam fırçası ilə nə isə yaradarkən müəyyən qədər xarakterindən, tempramentindən asılı olaraq yüksək səviyyədə sayıqlama dərəcəsinə gedib çatır.
Ənvər Məmmədxanlı, Qoşma verlişindən
Prust yazır ki, çılpaq bir qadını görərkən duyduğun arzunu anlamağa çalışmaq uşağın zamanı anlamaq üçün saatı hissələrə ayırmasına bənzəyir. Prustun ərəbsaçına bənzər, uzun, dalğalı cümlələrinin ədyalında isinməyi həmişə sevmişəm. Bəzən bezdirici, bəzən həzz dolu oxu proseslərində saat saatı qovduqca onun dünyasından gülümsəyən, üzülən, xoşbxətlikdən uçan, kinli-kinli bir-birini iynələyən, aşağılayan, xəyanət edən, aşiqini özünə həsrət qoyan, qorxusuzca məhəbbətini nümayiş etdirən, əsilzadə, xidmətçi, gənc, yaşlı, məmur, sənətçi, sürücü, fahişə obrazları parlayır və Prustun bu dünyanı necə əzəmətli inşa etdiyini heyran-heyran izləyirəm. Zaman ötüb gedir, geridə xatirə parçalarından özgə heç nə qalmır. İtib gedənlərin arxasınca düşmək, üzünü keçmişə çevirmək, yalnız geriyə baxmaq və daim həyatın mənası haqqında düşünmək insanı yaşamaqdan, həyatın bayağı həzlərindən məhrum eləyir. Gerçək ədəbiyyatın mahiyyətcə bir yanını imtinaya söykədiyini etiraf eləməliyik. Lakin bəzən təsadüflər birləşib taleni yaradır. Prustun xəstəhallığı, dövlətli ailənin övladı olması həyatının sonunacan ehtiyac dərdi çəkmədən, aram-arxayın keçmişin izlərini yığıb özünəməxsus dil və hadisə bolluğu ilə zəngin, əzəmətli dünyasını yaratmağa imkan verir.
Zaman, ümumən xatırlamaq haqqında ən gözəl alleqoriyalardan biri Volter Benjaminə məxsusdur. O, Prust haqqında yazısında zamanı “Penalopenin şərfi”nə bənzədir. Penalope Homerin “Odissey” dastanında əsas qəhrəman Odisseyin həyat yoldaşıdır. Odissey Troya müharibəsinə yollandıqdan sonra İtaka krallığının var-dövlətinə yiyə durmaq istəyən taliblər Penalope ilə evlənmək istəyirlər. Odissey kimi hiyləgər olan Penalope isə taliblərə şərt kəsir: “Yalnız o zaman aranızdan birini seçərəm ki, toxuduğum şərfi bitirim”.
Beləcə hiyləgər qadın üç il ərzində gündüzlər toxuduğu şərfi gecələr sökməklə məşğul olur. Başdan hörülənin ayaqdan sökülməsi. Volder Benjaminə görə zaman və xatırlamaq da belədir. Yaşadıqca, yaşa dolduqca şərf hörülür, indiki zamana yaxın hadisələri daha aydın xatırlayırıq, onlar haqqında düşünür, müxtəlif qənaətlərə gəlirik, ancaq hadisələrin və onların təsiri, effekti bizdən uzaqlaşdıqca onları daha az yada salırıq, yəni şərf sökülür.
Məncə, Prustun əsas niyyəti “Penalopenin şərfini” sonacan hörüb bitirmək idi. Həyatın hər anını xırdalıqlarınacan xatırlamaq və onun özünəməxsus boyalarla bədii həllini vermək.
Həyatın hər anını xatırlamaq və bunun bədii həllini verməklə memuar yazmaq arasında incə bir xətt var.
Bu ilin (2022) Nobel mükafatı lauratı Anni Erno (Annie Ernaux) da müəllifi olduğu “İllər” romanında soydaşı Prust kimi keçmişin ovuna çıxır. 1940-cı illərdən 2000-ci ilin əvvələrinə qədərki zaman məsafəsini təəssüratlarla, dövrün qəzet xəbərləri, məşhur mahnıları, filmləri, reklamları, replikaları, siyasi gərginlikləri ilə büsbütün açır və Fransa cəmiyyətinin xronikasını yaradır. Ən məhrəm xatirələrə, həyatındakı önəmli hadisələrə öz generasiyasının hekayələri fonunda baxan Erno, eyni zamanda, klassikləşmiş avtobioqrafiyaların da sərhədlərini yenidən çəkir. O, hadisələrin mərkəzinə özünü qoymur və fərdi tarixlə, kollektiv tarixi birləşdirir.
Geniş mənada söyləsək, kollektivin müxtəlif dövrlərin ruhunu özündə daşıyan memuarını yazır. 1968-69 tələbə mitinqlərindən tutumuş, dövrün orta məktəblərindəki vəziyyətə, Jan Pol Satr ilə Simon de Bevuarın münasibətinə, Əlcəzairdəki müharibəyə, hər gün müharibədə ölən əsgərlərin adlarının televizorda açıqlanmasına, hərbi xdimətə çağırılan oğlanların kişi-kişi gəzmələrinə, Şarl de Qolun xilaskar görünməsinə, yeni filosofların peyda olmasına, Kafkanın, Virginiya Vulfun məhəbbətlə oxunmasına, ərəblərə, ümumən müsəlmanlara qarşı nifrətə və fobiyaya qədər geniş spektırları olan romanın süjeti yoxdur.
İnsan həyatı da belədir. Mənə elə gəlir ki, həyat uzunu konkret bir xətt üzrə yaşamırıq. Ümumiyyətlə, yaşadığımız hadisələrdə aydın-açıq məntiq yoxdur. Mövcud olan yeganə şey faktlar və təəssüratlardır. Yalnız faktlar və təəssüratların eynəyini taxdığımız zaman yaşadığımız hadisələrdə hansısa məntiqin incə ilğımını, illuziyasını görürük. Keçmişi necə xatırladığımıza diqqət edin. Uşaqlıq və ya gənclik illərini düşündükcə beynimizdə axan hadisəni deyil, təxminən, şəklə bənzər epizodu canlandırırıq.
O epizod bizə keçmiş haqqında çox şey deyir, o epizodun duyğu seli ruhumuza dolur, bizi burulğanına salır, aldığını alır, verdiyin verir və çəkilib gedir. Bir-birindən əlaqəsiz epizodlar, bir-birindən əlaqəsiz təəssuratlar, bir-birindən əlaqəsiz duyğular can yuvamızda – beynimizdə toplaşıb gələcəyimizə istiqamət verir. Beləliklə, “İllər” romanının kiçik mənada mərkəzi yoxdur, lakin eyni zamanda bu mərkəz o qədər böyükdür ki, onu romanın detallarında, abzaslarında görə bilmirik.
Mərkəz civə kimi hərəkətlidir, bir yerdə dayanmır. Bu nəsə abstakt bir şeydir, qeyri-müəyyəndir. Romanın nədən bəhs etdiyini söyləmək üçün uzun-uzun düşünməliyik. Mətnə səpilən bəzən əlaqəsiz, bəzən əlaqəli hissələr, təəssüratlar o qədər geniş əhatəyə malikdir ki, yalnız romana bütöv baxmaqla yetmiş ilin Fransasını görə bilirik. Romanı bitirdikdən sonra bu qənaətə gəlirik ki, dəyişən dünyanın təsirindən aşınan, qocalan, yuyulmaqdan təravətini itirən paltar kimi sozalan insan həyat uzunu yalnız öz qərarlarının məsuliyyətini yaşamır, o eyni zamanda tarixin məsuliyyətini daşıyır, tarixin ona təqdim elədiyi piroqun dadına baxır, tarixin ona təqdim elədiyi məktəbə gedir, tarixin ona təqdim elədiyi adamı sevir, onunla ilk dəfə kamp çadırında sevişir və tarixin ona təqdim elədiyi həyatda yazıçı olur və o tarixi yazmağı qərara alır. Anna Ernoxun “İllər” romanı insanın tarix, tarixin insan üzərindəki məsuliyyətindən bəhs edir.
Beləliklə, Prust həyatın hər anını yalnız fərdi təəssüratları ilə xatırlayıb bədii həllini verdiyi halda Ernox kollektiv təəssüratların işığında öz yenilikçi romanını yaradır.
Prust yazır ki, çılpaq bir qadını görərkən duyduğun arzunu anlamağa çalışmaq uşağın zamanı anlamaq üçün saatı hissələrə ayırmasına bənzəyir. Bu cümlədə gülümsəyən məna bizə deyir, texnika həmişə dadımıza çatmır. Zaman da ehtiraslarımız kimi mücərrəddir. Onu yalnız xatırlaya bilərik.
Vəssalam.
Söz Prustdan düşmüşkən... Sevdiyim məntləri oxuduqca müəlliflərinin həyatı, sənətə münasibəti, məhəbbəti qarşımda aydın-açıq sənətkar profili çəkir.
Həyat təsadüflərlə dolu olsa da, yaxşı əsərlərin təsadüfən yarandığına qəti inanmıram. Gəldiyim qənaət bundan ibarətdir, gerçək sənətçi həyatının böyük hissəsini yalqızlıq içində keçirir. Ömür uzunu həyatın bayağı həzləri və yaradıcı prosesi arasında “Bənövşə, bəndə düşə” oynayır. Yalnız yaşamaq üçün yaşayan, həyatdan zövq almaqla kifayətlənən şəxs hür ola bilər. Qatı prinsipləri olan adamlar gözəl macəraların yanından elə hey keçib gedir və onların fərqində olmurlar.
Sənətçi çox zaman yaşamaq fürsətini qaçırdığı şeylər yazır.
Yaxın günlərdə iyirmidörd yaşımın gənclik burulğanına qapılıb Tolstoyun “Anna Karenina” romanını yenidən oxumağa başladım. Şübhəsiz ki, roman janrının gəlmiş-keçmiş ən gözəl nümunəsi Anna Kareninanın hekayəsidir. Perspektiv olduqca genişdir. Bu roman büsbütün dövrün Rusiyasına işıq tutur.
Adi bir kəndlinin inəyinin doğuşuna sevincindən, yeni qanunu qəbul etdirən məmurun fərəhinəcən. Annanın bəyaz çiyinlərinə tökülən qara, qıvrım saçları adamı məftun eləyir. Bu hekayə bizə janrın sərhədlərini bəlağətli şəkildə göstərir, gənc yazıçıya bələdçi olur. Adamın ürəyinə ölçüyəgəlməz hislər salır və ondan öyrənirsən.
Orxan Pamuk iyirmi iki yaşında başlayıb iyirmi altı yaşında yaşında bitirdiyi "Cövdət bəy və Oğulları" romanı (1978) haqqında illər sonra (2010) yazdığı essedə Tomas Mannı və Tolstoyu xatırlayır. Romanı xüsusiylə mənim də çox sevdiyim "Buddenbroklar ailəsi" romanının təsiri ilə yazdığı üçün bir qədər utanır. Və dünya dillərinə bu romanın az tərcümə olunmasını öz inadı ilə əlaqələndirir. Pamukun İşıqçı ailəsinin hekayəsini danışan romanını həm də ilk roman olaraq çox sevirəm. Məncə, iyirmi altı yaşlı gənc mövzunun öhtəsindən məharətlə gəlib. Üç nəslin hekayəsini gözəl şəkildə işləyib.
Pamuk illər sonra bu roman haqqında danışarkən "Anna Karenina"nın ona necə təsir elədiyini xatırlayır və Tolstoyunun romanda geniş panoramalı Rusiya mənzərəsini canlı rənglərlə yaratdığı kimi o da Türkiyə mənzərəsini yaratmalı olduğunu düşünür. Gələcəyin Nobel laureatı 26 yaşında bu həssas nöqtəni tutur. (Məhz Tomas Mann da "Buddenbroklar ailəsi" romanını bu yaşlarda yazmışdı). Yaradacağı dünyanın genişliyinə inanır. Məsuliyyətsiz olmur. Ədəbiyyatı sevir. Beləcə qatarla Anadolu səyahətinə çıxır. İllər sonra yazacağı Qar romanından bizə tanış olan Qars şəhərinə də ilk o zaman gedir.
Anadolu təəssüratları ona Tolstoyun sözügedən romanında Rusiyaya münasibətini öz romanında tətbiq etməyə imkan verir.
Sözə inanmaq belə olur, əziz dostlar. Bu şeylər haqqında düşünərkən fərəhlənirəm və bu qənaətə gəlirəm ki, müəllif yaşadığı ölkəni tanımalı, onu sevməli, sinəsinə bərk-bərk, məhəbbətlə sıxmalıdır. Eyni zamanda ədəbiyyatı da tanımalı və sevməlidir. İstər Prust olsun, istər Anna Ernox və istər
Tolstoy olsun, istər Orxan Pamuk eyni bulağın gözündən su içirlər. Onlar haqqında danışarkən Vüqar Vanın təbirincə desək, eyni boşluğa toxunuruq və daha gözəl dünya ehtimalına səmimiyyətlə inanırıq.