Azərbaycan toyuna ermənilərin oynaması – Orxan Həsəni yazır…

Orxan Həsəni, yazar

Orxan Həsəni, yazar

30 iyul 2022
# 08:54

Kulis.az Orxan Həsəninin “Toy” yazısını təqdim edir.

İnsan tanımaq üçün mütləq səyahət etmək lazımdır. Yaş artıqca anlayıram ki, şəxsi təəssüratlar, emosiyalar və canından keçirib yola saldığın xatirələr əvvəl-axır sənə yazı kimi geri qayıdır. Gözlərin kameraları ən kiçik detalların da ovçusuna çevrilir. Yaşadım deyib ötürdüyün hər an yaddaş dalanlarında yuva qurub səni duyğu burulğanına salmaq zamanını gözləyir. Keçmişi söz kimi xatırlamaq əvəzsiz duyğudur.

Yolların uzunluğu səyahət etdiyin insanın xarakterini süfrə kimi açıb səni bu ziyafətə qonaq edir. Yeni insanlar tanımaq ehtirasım həyatın monotonluğu, yeknəsəkliyi ilə daha da güclənir. Ümumiyyətlə, insan başını qatmağa nəsə tapmayanda, darıxmaq girdabında avara qalanda özünü taleyin hökmünə təslim etmək istəyir. İstəyir bu hökm onu güldürsün, sevindirsin, üzünə təəccüb tozu sərpsin və beləcə əvvəli-axırı qaranlıq aləmdə bir ürək istəklə, məhəbbətlə döyünsün.

Bu həftə Tər-tərin cəbhə xəttinə yaxın kəndlərindən birində xeyir məclisində iştirak elədim. Necə deyərlər, burdakı toyun nəğməsinə ermənilər orda oynayırdılar. Müharibədən sonra Azərbaycan ordusu cəbhənin bu istiqamətindən irəliləmədi. Əvvəlki postlar yenə erməni əsgərlərinin kölgəsi ilə doludur. Bir hündürlük tapıb bəhrəsiz, sarı torpaqları izlədim. Müharibə təkcə insanı yox, elə torpağı da bədbəxt edir, susuz çöllər, qazıq-qazıq təpələr, daşı-daş üstündə qalmayan kəndlər, keçilməz yollar yaradır. Girib telefonumun onlayn xəritəsindən qarşı təpələri izlədim. Bir azad quş kimi səmadan yerə baxanda səngələrin ərəb hərflərinə bənzəyən düzülüşünə heyrət elədim. Elə bil, torpaq bununla nəsə demək istəyirdi, ancaq mən bu dildən agah deyildim.

Mən bu torpaqlara öz doğmalarımla bağlıyam. Taqor zamanında belə demişdi: Vətən həm də insanlardır.

Toya dayımla gəlmişdim. O, atəşkəsdən sonra Füzuli istiqamətində xidmət keçmişdi. 2016-cı ildə Lələtəpə azad olunanda döyüşün getdiyi hər nöqtəni, hər mövqeni bizə əzbər danışmışdı. O vaxt tələbə idim və Bakıda baş tutan təntənəli mitinqdə bir çox tələb yoldaşlarım kimi mən də iştirak etmişdim. Elə bilirdim, nə qədər çox qışqırsaq, Qarabağ o qədər tez azad olunacaq.

Dayım çox içir. Araq rumkasını başına çəkəndə dünya çiyinlərindən arxada qalır. Qarşıda yalnız işıqlı-çəhrayı bir görüntü parlayır. İçəndə xoşbəxt olur, gülür, oynayır, insanların könülü şad eləmək istəyir, pulu varsa, pul səpir, əzbərində şeir varsa, şeir söyləyir, hikmətli sözləri dilindən dürr kimi tökülüb insanları sevindirir, sonra kövrəlir, ağlayır, sonra yenə ayılıb yenidən içməyə başlayır. Əvvəl-əvvəl onunla içki yoldaşı olmaqdan hədsiz ləzzət alardım. Doğrudan da, bircə məclisdə mövcud olan bütün hissləri köynək kimi geyinib soyunardıq. Onun lüğətində “dayanmaq” sözü yoxdur. Dib haradırsa, onu görmədən geri durmaz. Dayı-bala çiyin-çiyinə verib iki zər olar, taleyin oyununda qoşa atılıb ayrı düşərdik. Zaman-zaman bu qərarın yanlışını duydum və ağzımı yandırıb qol götürdüm içkidən. Lakin belə məclislərin şirinliyini hələ də könlümdə duyur, sərxoş adamın sözlərini diqqətlə dinləyirəm. Dayım həmin gün belə söylədi:

– Zəmanə bizimdir. Əvvəl yox idik, sonra yenə olmayacağıq. İnsan həyatı necə qısadır! Ölüm necə sürətlə yaxınlaşır! Hər şey bir göz qırpımında baş verir. Yaşamaq gözəldir. Yox olmaqdan qorxmuram. Yox kimi yaşamaqdan qorxuram. Anam maşın, atam ürək qəzasında öldü. Bir vaxt var olan, indi yoxdur. İçmək məni daha mənalı həyat yaşadığıma inandırır. Yox olmaqdan qorxmuram. Yox kimi yaşamaqdan qorxuram.

Dayımın sərxoş dilindən qopan bu sözləri dinlədikcə ilk dəfə onun həddən-ziyadə kökəlmiş vücuduna baxır, mənə köhnə şəkillərdən məlum olan yaraşıqlı gəncliyini gözlərimə önünə gətirdim. Doğrudan da, ucaboyu, sərt baxışları, kövrək gözləri ilə dövrün oğlan modellərindən heç nəyi ilə geridə qalmırdı. İndi saçları daraqsız, yaxası üç düymə açılmışdı. Bədəni əldən düşmüşdü. Bəyaz köynəyinə meyvə şirəsinin qırmızı şirəsi yapışmışdı. Bığı süpürgə saçı kimi dodağının üstündən çıxmış, üç dörd günlük saqqalı kol kimi üzünü götürmüşdü. Zaman bu kişinin üstündən tır keçən kimi keçmişdi.

– Çalış çox gəzəsən. Gəzdiyin adamları heç vaxt unutmayasan. İnsan unudanda yox olmağa başlayır.

Məzuniyyət götürüncə səyahət etmək fikri başımda dolandı. Fikrim həm yeni məkanlara, həm də yeni insanlara şahid olmaq idi və qərar verdim, axırı naməluma aparan yola Şəki şəhərindən başlayım.

Şəkini çox sevirəm. Şəhərin havası və insanı məndə hər zaman xoş hisslər yaradıb. Təbiət və insan arasındakı əlaqə həyatın olduqca maraqlı nüanslarından biridir. Dağ adamlarının ilıqxasiyyət, xoşniyyət olmaları məndə onlara hədsiz istək yaradır. Düşünməzdim dağın sərt üzü insanları belə mülayimləşdirsin.

Şəhərə ilk dəfə 2019-cu ildə səfər etmişdim. Qrup və könül yoldaşım Elvin məni yaxşıca gəzdirmiş, cəmi bir il sonra dünyanı ağzına alacaq Korona virusdan xəbərsiz yaxşıca əylənmişdik. Təbiəti və tarixi də ürək açan Şəki eyni zamanda mətbəxi ilə damağımızın qeydinə qalırdı.

Biz görüşəndən sonra mərkəzə yaxın Qaqarin restoranında əyləndik. Hərəmizə bir piti deyib lap yaxında qalxan dağları seyr elədik. Sonra Elvin mənə bir əhvalat danışdı:

Yuri Qaqrin kosmosa qalxandan sonra dünyanın ən məşhur insanlarından birinə çevrilir. O, roman papası ilə görüşür. Roma papası ondan soruşur:

– Sən kosmosda Tanrını gördün?

– Yox.

Papa narahat olur və xahiş edir:

– Bunu heç kimə söyləmə.

Yuri Qaqarinin səhayəti, görüşləri isə bitmir. O, nəhayət məşhur Kuba inqilabının moderatoru, kommunist lider Fidel Kastro ilə bir masa arxasında söhbətləşir. Katro ondan soruşur:

– Sən kosmosda Tanrını gördün?

– Hə – Qaqarin deyir.

Kastro narahat olur və xahiş edir:

– Bunu heç kimə söyləmə.

# 2339 dəfə oxunub

Müəllifin son yazıları

# # #