Obraz müəllifi necə öldürdü? – Orxan Həsənidən hekayə

Obraz müəllifi necə öldürdü? – Orxan Həsənidən hekayə
29 mart 2019
# 13:54

Kulis.az Orxan Həsəni “Buynuzsuz kərgədan” hekayəsini təqdim edir.

Sındır qəfəsi, tazə gülüstan tələb eylə

Nəsimi

Var olan hər şey beləcə ortadan bölünə bilsəydi... hər kəs korlaşmış cahil bütövlüyündən qurtulardı

İtalio Kalvino, “İkiyə bölünmüş Vikont”

I

“Biri var idi, biri yox idi... Dünyaya bir buynuzsuz kərgədan gəlmişdi” – yox, yox! Birinci cümlə olaraq uğurlu deyil! Hm, yenidən başlayaq.

II

Adı Məlik olsun. Lap nağıllardakı kimi. Biri var idi, biri yox idi...

Məliyin ilan kimi alnında burulan qara, qıvrım saçları, iri, şabalıdı gözləri və çiynində kök salan söyüd kimi salxım qolları vardı. Elə bil, qol deyildi, cibindən çiyninə çəkilən eskalatordu. Bu görkəmindən avaralıq yağan adamla heç olmasa, bir dəfə qarşılaşsaydınız, yəqin, əvvəl-əvvəl diqqətinizi bu şeylər çəkərdi. Mən - müəllif sizə nə onun qıvrım saçlarından, nə iri gözlərindən, nə də upuzun qollarından danışacam. Bilmədiyiniz bir şey var! Məliyin xəstəliyi.

O, nə vaxt barmağını kəssə huşu gedirdi və ayılanda qəribə şeylər danışırdı; qulaqsız uşaqlar, mürəkkəbsiz qələmlər, buynuzsuz kərgədanlar, bir barmağı kəsik əlcəklər, üfüqəcən uzanan cığırlar, arasından gur işıq qalxan çayırlıqlar. Bu, o vaxtlar baş verirdi ki, onda Məliyin anası da sağdı və qadın oğlunun bu halından əməllicə narahatdı.

Hələ xəstəliyin özünü təzə-təzə göstərdiyi vaxtlarda anası Məliyi psixoloq yanına aparmışdı.

Biri var idi, biri yox idi, psixoloqun qalın aypara qaşları, iri eynəyi, səliqə ilə qırxılmış “polboks” saçı vardı. Yanağındakı iri xal deyildi, elə bil, bəd xəstəliyə yazılan resept idi; adamı vahimələndirirdi!

O, Məliyin önünə bir neçə şəkil qoydu və ağzını qulağına yaxınlaşırıb pıçıltıyla dedi:

“Burda nə çatışmır?”

Şəkillər: Qulağı olmayan uşaq, barmağının biri kəsilmiş əlcək, mürəkkəbsiz qələm, bir də buynuzsuz kərgədan.

Həkim kərgədan şəklini Məliyin düz gözünün önündə tutdu. Küt-küt şəklə baxdı Məlik, kəlmə kəsmədi. Eləcə baxdı, baxdı... Həkim bu dəfə lap ucadan söylədi:

“Diqqətlə bax! Deyirsən, hər şey yerindədi?”

Məlik başını təsdiq anlamında qaldırıb yendirdi. Yəni, əl çəkin məndən. Həkim təəccüblə Məliyin yuxulu, süzgün gözlərinə zilləndi:

“O birilərini keçirəm, yəni, görmürsən ki, kərgədanın buynuzu yoxdu?”

Məlik duruxdu və bu cümlə dilindən güllə kimi çıxıb psixoloqun xallı sifətinə dəydi. Elə bil üzündəki xal böyüdü:

“Kərgədanın buynuzu olur?”

(Bu yerdə müəllif bic-bic gülür)

Psixoloq onun anasına dedi ki, uşağın diqqət əskikliyi (Hiperaktivlik) var. Elə bilir, kərgədanların buynuzu olmur:

“Ona çoxlu kərgədan şəkli göstərin, buynuzsuz olmadığını görsün”.

Məlik dəymədüşər anasının qayğıkeşliyi ucbatından on beş yaşınacan kərgədan haqda sənədli filmlərə baxası oldu. Evin hər tərəfində buynuz şəkilləri asılmışdı. Az qala yuxusunda gördüyü bütün göy-çəmənliklərdə, sirklərdə, zooparklarda kərgədanlar gəzişirdi. Məlik artıq bilirdi ki, buynuzlu kərgədan dünyanın ən təbii şeylərindən biridir, ancaq yuxusunda gördüyü göy-çəmənliklərdə, sirklərdə, zooparklarda o tərəf - bu tərəfə qaçışan, oynaşan kərgədanların buynuzu yox idi. Elə bil, kərgədanlar Məliyin yuxusuna buynuzlarını çıxarıb girirdilər.

Aradan xeyli zaman keçdi, Məliyin anası da öldü, içində böyütdüyü aləm də yaddan çıxdı, hər şeyi ot basdı, mamır bürüdü. Hələ Məlik aşiq də oldu, qadın nəfəsini duydu, canında ağrı böyütdü, sonra o ağrını unutdu. Sonra?

III

Hə, biri var idi, biri yox idi... Məlik günlərin bir günü, günorta vaxtı metro eskalatorunda köhnə sevgilisi Elnarəni gördü. Çillər qızın sifətinə sarı Jelly Been dənələri kimi səpələnmişdi. Elnarə ilə çoxdan ayrılmışdılar, amma o, ötəri sevginin istisi Məliyin canından çıxmaq bilmirdi. İşin qəribə tərəfi o idi ki, Elnarə çoxluğun arasında çiyin-çiyinə, daban-dabana qalıb canı boğazından çıxan Məliyi nəinki seçə bilmişdi, hələ uzaqdan ona göz də vurmuşdu. Başıyla işarə eləmişdi və Məlik bunu belə başa düşmüşdü: “Bayırda gözlə! Qalxıram”.

Eskalator Məliyi yer üstü dünyaya təhvil verdi. Sahil metrosunun solğun işığı sifətinə vuranda hiss elədi ki, Elnarənin kirpik çalmağı uzun “Samsung” adapteri kimi ayağına dolaşıb. Canında güc yoxdu addım atsın. Metronun “SOS” aparatı kimi adamların arasında hərəkətsiz qalmış, sonra qəfil dəmir baryerlərin üstündən atlanmış, gözətçinin havada yellənən hədəli barmağına məhəl qoymadan pillələri iki-iki düşmüşdü. Məlik sanki göydə uçur və havasıyla ötüb-keçdiyi adamların birinin donunu, o birinin saçını, başqasının pencəyini xəfifcə tərpədirdi. Addımını platformaya atanda sifətində dəhşətli təəssüf peyda oldu. Qatarın getdikcə zəifləyən qırmızı, nazik işığı Məliyin şabalıdı gözlərinə düşürdü. Gözlərini bağlamaqla tunelin içində balacalaşan, getdikcə yox olan işığı buraxmaq istəmirdi.

Axşamacan metronun çıxışında gözlədi. Narın yağış yağdı, xəfif külək əsdi, gözləməkdən dabanları daş kimi bərkidi, çiynini mərmər dirəyə söykədi, dəstə-dəstə metrodan çıxan adamların arasından Elnarənin sarı çillərini seçib çıxarmaq istədi və bir də gördü ki, qutudakı sonuncu siqareti çəkir, çiynində polisin isti əlini hiss elədi. Saat? 12.

Biri var idi, biri yox idi... Məlik hər gün eyni saatda “Sahil” metrosunun girişində gözlədi. Elnarədən xəbər çıxmırdı. Tutaq ki, bu gün saat 12-də iki saat gözləmişdisə, sabah 2-də yenidən iki saat gözləyirdi. Sonrakı gün saat 4-ün qolundan yapışıb onu altıyacan dartıb saxlayırdı. Hər dəfə ona elə gəlirdi ki, uzaqlaşsa, Elnarənin bir-birilə yarışan ayaqları gözlədiyi boşluğun önündən keçib gedəcək. Günlərlə davam edən bu nəticəsiz cəhdlərdən sonra Məlik bir şeyin fərqinə vardı; səhərlər heç vaxt metronun önündə gözləməyib.

Demək, Elnarənin metro saatı səhərlər imiş...

Məliyin erkən oyandığı yadına düşmürdü. Bir gün qərara aldı ki, günəşlə bərabər oyansın, səhərin təmiz havasını içinə çəksin, dünyanın bənövşəyi rəngə büründüyü vaxt Sahil metrosunun girişində Elnarəni gözləsin və onu aylar sonra yenidən görməsə, bu işdən qol götürsün. Həyat onsuz da amansızdır, kərgədanların buynuzu olan dünyada hər şey mümkündür. Ya o dünyanın gözəlliyi ilə yanaşı addımla, ya da arxasınca bax, gözəl günlər, elə gözəl günlərdir. Necə ki, bir zamanlar o günləri Elnarə ilə yaşamışdı.

Məlik evdə Elnarənin qırmızı pomadasını tapmışdı. Hələ o zamanlar ayrılığın ili çıxmamışdı. Qəfil qəribsəmiş, sonra gözündən yaş axmağa başlamışdı. Elə o cür də güzgünün qabağına keçib pomadanı dodağına çəkmişdi. Məlik öz əksinə baxanda nədənsə canında qəribə bir ağrı peyda olmuşdu. O ağrının canına doldurduğu əsəbdən dodağına bir yumruq ilişdirmişdi.

Həmin gün hər şey dəhşətli oldu. Məlik düşünürdü ki, mütləq səhər oyanmalıdır, oyana bilməsə, Elnarəni bir daha görə bilməyəcək.

“Yəqin, hekayənin müəllifi istəyir, biz səhər görüşək...”

Bu fikri içində gəzdirə-gəzdirə səhəri axşam elədi.

Yuxunun meyxoşluğu qanına-canına qarışır, gözləri şirin bir nəğmənin sədası altında iradəsiz bağlanır, büsbütün bədənini bürüyürdü. Yatsa, sabah erkən oyanmaq getdi işinin dalınca! Yatmamalıdır!

Düz beş fincan qəhvə içdi. Göz qapaqları “Coca-Cola” kimi qap-qaraydı; qırmızı etiketin altında qara maye kimi qaynayırdı. Elə bil, qalın kirpiyi gözünə kölgə salırdı. Məliyin ağlından qorxunc bir fikir keçdi və tezcə də bu fikirdən bədəninə üşütmə düşdü. Hiss elədi ki, müəllif onu səhər oyanmağa qoymayacaq. Bircə yol var: müəllifi öldürmək!

Divardakı kərgədan şəkillərinin arasından keçdi, mətbəxə buruldu. Bıçağı götürdü və baş barmağını kəsdi, qan ovcunun qıraqlarından su şırnağı kimi axıb biləyinə yayıldı. Köynəyindən cırdığı yun parçanı duzlu suda saxladı, yaş-yaş barmağına sarıdı. Şiddətli ağrı Məliyin üzündə bic bir təbəssüm yaratmışdı. Məlik yaralı barmağını qarnında gizləyib qozbel kimi taytıya-taytıya salona getdi. Barmağından axan qan da Məliyi addım-addım izləyirdi. Çiynini divara dayadı, kərgədan fotolarına baxdı və anasını düşündü. Sonra ümidsiz, qorxunc gözləri avtobus qapıları kimi asta-asta bağlandı.

IV

Məliyin gördüyü göy-çəmənlik idi və həmin göy-çəmənlikdə buynuzsuz kərgədanlar otlayırdı. Onlar qalın dərilərini bir-birinə sürtür, yaşıl otların üstünə sərilir, kürəyi üstə uzanır, balaca ayaqlarını qaldırıb havada yellədirdilər. Bala kərgədanlardan biri gəlib Məliyin ovcunu iylədi və başını neft buruğu kimi qaldırıb yendirdi. Məlik, buynuzsuz kərgədanların arasından keçib, qarşıdakı hündür binanın kölgəsinə çatanda gördü, bir dəstə uşaq blokun girişində gizlənib ona baxır. Aralarından biri əl ağacına söykənə-söykənə irəli çıxdı. Uşağın qulağı yox idi. Diqqətlə baxanda o birilərin də qulağının olmadığını gördü. Onlar barmaqlarını Məliyə tuşlayıb gülməyə başladılar. Məlik qulağı olduğu üçün utandı və həmin an uşaqların qarışqa ayaqlarına bənzəyən barmaqlarından bulaq kimi qan fışqırmağa başladı. Çığıra-çığıra qırma kimi ətrafa səpələnən uşaqlardan biri yaxınlaşıb onun ovcunu iylədi, tez-tələsik ora nə isə qoyub dedi:

– Öldür onu, bitsin!

Və tez-tələsik bloka girib yoxa çıxdı. Məlik ovcuna baxdı: bu, xəncər idi!

Az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib heç yana çıxmadı. Elə bil, yeriyən o yox, ayağının altındakıydı. Məlik yaşıl çayırlığın arasıyla addımlayırdı. Otların arasından gur işıq səpələnirdi.

Gördüyü Cahan idi. Əllərini arxasında daraqlayıb iri addımlarla o tərəf-bu tərəfə gəzişirdi. Addımlarını elə atırdı ki, qısa ayaqları uzun görünürdü. Cahan onu görəndə üzündəki ifadə dəyişdi və lap dərinlərdən qüssə dolu bir söz çıxdı: “Axır ki... İllərdir gözləyirdim”. Məliyin yadına düşməsə də, müəllif bilirdi ki, o, Cahana öz əlfəcin kolleksiyasını göstərəcək. Məliksə gəlməmişdi və Cahan günlərlə həmin yerdə onu gözləmişdi.

“Sənin gözlətdiyin adamların hamısı bura yığılıb. Səni daha asan tapmaq üçün ayrılmışıq. Çox xoşbəxtəm, onlara demişdim ki, səni məndən başqa heç kim tapa bilməz. Dayan, üzünə bir də baxım”.

Cahan ona elə baxdı, o baxışı ifadə etməkdə müəllif də aciz idi.

“Əlfəcin kolleksiyanı hələ də görmək istəyirəm”. - Səsinin kövrək yerinə salıb əlavə etdi: “Qurban olum, onları mənə göstər!”

Məlik bu qəribə adamı xatırlamağa çalışsa da, yadına heç nə düşmədi. Cahanın üzündəki qüssə daha da dərinləşdi və cibindən çıxardığı əskiyə bükülü şeyi Məliyin əlinə dürtdü.

- Öldür onu, bitsin, hər şeyi təzədən yaz.

Məlik ovcuna baxdı: bu, qələm idi!

V

Çayırlığın arasıyla axan su topuğunu yalayırdı. Məlik balaca bir daxma gördü və addımlarını yeyinlədib ora çatdı. Qapını döydü. Tıqqıltı balaca daxmanın içinə elə yayıldı ki, divardakı hörümçək toru da əsdi. İçəri keçəndə küncdə, iş stolunda əyləşən oğlanı gördü. Oğlanın saqqalı üzündə yuva salmışdı: o yuvada gözləri gümüş sırğanın işığı kimi parıldayırdı. Gözləri uzun kirpiklərinin arasında nöqtə kimi görünürdü.

Məlik yazı masasına yaxınlaşdı. Masada vərəqlər, kitablar, yarım içilmiş “Coca-Cola” şüşəsi, lampa və stəkan vardı. Adam çevrildi, Məliyin gözlərinə dik-dik baxdı:

­­­­­­­­­­­­­­­­­­­­­­­­– Sənə görə hekayənin sonunu yaza bilmirəm. – dedi – Elnarə ilə buna görə görüşə bilmədin. İkimiz də səni gözləyirdik. Axır ki, gəlib çıxdın! O, səni gözləməkdən usandı və getdi. Bilmirəm hara. Axı hansı adam qələmi mürəkkəbsiz təsəvvür eləyər? Hə? Sənin ucbatından burda qələm tapmaq mümkün deyil. Tapdıqlarım da... Bizi bu hekayəyə dustaq etdiyin üçün sənin üzünə lənət!

Məlik yalnız indi başa düşdü ki, bu uzun saqqallı, sısqa adam baş verən hər şeyin baiskarı – hekayənin müəllifidir. O, geri çəkildi və əlini başına tutub içində zınqırov kimi cingildəyən acını duydu. Müəllif “Coca-Cola”nı başına çəkib son damlasınacan içdi. Məlik cibindəki bıçağı çıxardı və onu müəllifin sinəsinə sapladı. Müəllif hıqqana-hıqqana diz üstə çökdü. Məlik masada oturdu, cibindən qələmi çıxarıb boş vərəqə yazdı:

“Biri var idi, biri yox idi... Dünyaya bir buynuzsuz kərgədan gəlmişdi...” – hə, hə!

# 3098 dəfə oxunub

Müəllifin son yazıları

# # #