Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında

Təəssüf ki, təriflədikləri kimi deyil... – Mübariz Örənin yeni hekayəsi haqqında
10 sentyabr 2024
# 12:00


Kulis.az Mübariz Örənin "Çinar yazıları" hekayəsi haqqında oxucu Xəyyam Mazanovun təəssüratlarını təqdim edir.



Açığı, Mübariz Örənin hekayəsi müasir yerli ədəbi nümunələr haqqında qənaətlərimi yığdığım sandığın ağzını açmağa məcbur etdi, yoxsa ilin boz ayında, fəslin ümid öldürən çağında başıma müxtəlif/müxtəlif oyunlar açasan, hekayə/zad oxuyan deyiləm, o ki qaldı, təəssürat, şərh və sair.

Fikirləşdim, bəlkə də, ilin boz ayının təkrarlanan günlərini ötüşdürməkdən ötrü bir neçə səhifəlik nəfəsimi dərərəm, fəqət 15 dəfədən çox təkrarlanan “kimi” sifəti nəfəsimi kəsdi.

“Uğultu qatı duman kimi...”, “kökündən göz yaşı kimi...”, “saf bulaq təsbeh daşı kimi...”

Təyinlər, bənzətmələr, izahlar.

Di gəl, mən bu hekayədə o “uğultunu” eşitmədim, heç mən bu hekayədə “qatı duman”ın özünü də görmədim, hekayə məni dumana salmadı, duman eləcə söz kimi, səs kimi keçdi.

Jurnalistlər müsahibin dediklərinin sonuna necə “gülür” yazır... Sanasan, pyes yazır əzizim.
Sən situasiyanı yaz, dəysə, mən özüm güləcəm də.

Bu və bizim başqa müasir hekayələrimizdəki kimi.
Əgər vacibdirsə, əgər situasiya tələb edirsə, məsələn, təsbeh daşına bənzətdiyin evləri göstər, haman evləri yaz, hansısa evi təsbeh daşına bənzətməyin haqqında danışma.

Biri var yazmaq, biri var yazacağını danışmaq.

Məsələn, “öz mağarasına qayıdacaq div kimi gözləmişdim onu...” cümləsindəki nə həsrət, nə div, nə də o divin tamarzı olduğu "o" var hekayədə. Eləcə bəzəkli cümlədir; heç bir vəzifəsi yoxdur, heç nəyə xidmət etmir.

Tezliklə belənçi təyinlərdən, sifətlərdən, qənaətlərdən qurtulmalı, oxucuya diktə etməməli, öz nimdaş, köhnə oxşatmalarımızla onların xəyaletmə cihazlarına burnumuzu soxmamalıyıq.

Sən yaz, o, bəlkə, haman evi şüşə konfetlərə oxşadacaq... Variant verirsən, bir növ, diktə edirsən... Özü də nə variant...

Minlərlə hekayədə uğultu duman kimi şəhərin hündürmərtəbəli binalarını yalayıb, dəfələrlə saflıq göz yaşıyla müqayisə edilib, elə bir o qədər də ana ürəyi, dağ çiçəyi.

İki sevgilini sal otağa. Qapıdan gördüklərini yaz. Yox, əgər onlar qapını bağladılarsa, qapı bağlanana qədərki hissəni yaz, uzaqlaş. Daha üçüncü şəxsin yerinə danışma. Hə, ola ki, təhkiyəçi birinci şəxsin ağzıyla danışır, bax, onda qızı necə soyundurduğunu, ovuclarının tərlədiyini, digər romantik/erotik əməlləri, haman əməllərlə paralel düşüncələrini... nəsə xatırlasan onu yaz, deyim, hə.


Deyəsən, onun-bunun həyatına soxduğumuz burun, bədii mətnlərəcən uzanır, obrazlarımızın həyat tərzinə də diktə edirik.

Hekayənin əvvəlindəki konyunktura/pafos... qırıq kirpik kimi gözümə batdı, o heç, ümumiyyətlə, belənçi oxşatmalar Mübariz Örənin estetikasına tamamilə yaddır.


Müharibəni, müharibənin fəsadlarını, arxa cəbhədəki izlərini yazmaqdan ötrü elə birinci pafosdan qurtulmaq lazım.

Tutalım, müharibədir, qızğın döyüş gedir...

120 mm-lik minaatanı penisə, mərminin düşdüyü səngəri də vaginaya oxşat. (“Oxşat” deyirəm, fəqət “penis”, yaxud “vagina” sözlərini yazmağa gərək yoxdur...)

Mərmi vaginaya düşür: buuummmm! – aha, yeni həyatın başlanğıcı: bir nəfər öldü. O indi başqa cür doğulacaq. Ya ölü ya əlsiz/ayaqsız, ya da dəli kimi...

Bilirəm, oxuduqca fikirləşirsiniz ki, guya bu özü necə yazır? Yox, əvvəl mən özüm də bu cür yazırdım. Sonra oxudum, izlədim, müşahidə etdim və hekayəfasonlarımdan imtina etdim. Yaza bilsəm, bundan sonra qeyd etdiyim prinsiplərə uyğun yazacam. Üç hekayə işləyirəm, cəhd edirəm. Görək, istədiyim kimi alınacaqmı... Alınmasa, silib təzədən yazacam.

Düzü, müasir hekayələrdəki ağrı, problem, yaxud sevincin özü lokaldır, məhəllidir, ümumiləşdirsək, sentimental emosiya ilə yazılmış mətnlərdir.

Və bu mətnlərdə çatışmayan məhz intellektual emosiyadır.

Yuxarıda qeyd etmişdim. İndiyə unutmusunuz, təkrarlayım. Təkcə Mübariz Örənin hekayəsindən yox, ümumiyyətlə, müasir bədii mətnlərimizdən – bir/ikisini çıxsaq, elə hamısından – nimdaşlıq, mühafizəkarlıq boylanır.

Heç olmasa, obrazlarımızı qabığından çıxarmalı, onları müasir/texniki həqiqətlərlə üz-üzə qoymalı...
Balamızla davrandığımız cür - şəxsi mülk kimi yox, onlara azad fərd kimi yanaşmalı, bir növ, bəndələrimizi boyunduruqdan xilas etməliyik.

Müasir bədii mətnlərin qəhrəmanları, deyərsən, həyata balkondan baxır, reallıqdan yetmiş köynək uzaqdır. Və qısırdır.

Qismət demiş, olsun ki, əziz müəlliflər, mətnləriniz sizin balanız kimidir, fəqət balanız altını batırıbsa, onun bezini dəyişmək lazımdır.

****

Bir də, hekayənin sonluğundakı – finaldakı sual mənə çatmadı.

Müəllif, əzizim Mübariz Örən yuxarıda özü yazır ki,
bu da daha bir söz demədi, sandıqda sənədlərin arasında eşələnəndə, itkin qardaşının – Ənnağının pasportu keçdi əlinə, onu götürüb getdi!..
Anasına da deyir ki,
iki oğul nəvən gəlib dünyaya, dur bir sevin, ikisi də sənəddə “Ənnağı oğlu” gedir, birinə dədəmin adını qoymuşam, öz adım heç it dəftərində də yoxdu!..

“Öz adım heç it dəftərində də yoxdu...” – soyunub yerinə girsə də, bu söz onu yatmağa qoymadı. Amma yox, – bədəninə ilıq bir arxayınlıq axdı, – var! “Т+П=С” – kənddə çinarın gövdəsində kiril hərflərilə adı yazılmışdı. “Tağı üstəgəl Pərvanə bərabərdi Sevgi!”. Dünya dağılsa da, o ad ordan silinən deyildi!
Bir kişinin iki qızını istəyirdilər: Tağı – Pərvanəni, Ənnağı – Qətibəni!”

Yəni, müəllif, əzizim Mübariz Örən deyir ki, zamanla Tağı Ənnağıya çevrilib, onun itkin həyatını yaşamağa başlayıb.
Ol səbəb çinara öz adını yox, kimliyinə büründüyü qardaşının və onun sevdiyi qızın baş hərflərini cızıb.

Di gəl, sonra niyəsə heyrətlənir: "Mən Tağıya sual verəndə ki, bəs kəndimizi işğaldan azad etmişik, o niyəsə sevindi, gülmək istədi, gülə bilmədi, hıqqıldadı, – başa düşdüm ki, bu neçə illər ərzində gülməyi yadından çıxarıb; yadırğayıb! – ağacdakı çapıq yerləri yaxınlaşdıqca aydınlanıb üç iri kiril hərfinə çevrildi: “Ə+Г=С”.
“Q” niyə?!"


Axı bu suala hekayənin ortasında cavab verilmişdi...


Uzun-uzadı yazıb vaxtınızı almaq istəmirəm, ləzgilər demiş, arifə bir işarə bəsdir.

# 3538 dəfə oxunub

Müəllifin son yazıları

# # #