Efirə verilməyən tərbiyəsiz kinomuz - Aktrisamız niyə erməni fahişə roluna çəkilmişdi?

Efirə verilməyən tərbiyəsiz kinomuz - Aktrisamız niyə erməni fahişə roluna çəkilmişdi?
16 avqust 2024
# 09:00


Kulis.az Ömər Xəyyamın "Sahilsiz gecə" filmi haqqında təəssüratını təqdim edir.

Milli kinomuzda qadını qəhrəman kimi təqdim edən, qadını danışan, qadın haqqında danışan yaxşı mənada qaydaları pozan, kommunist ideologiyasından uzaq azsaylı filmlərdən biri.

Şahmar Ələkbərovun qalmaqallı “Sahilsiz gecə” filmi.

Bu film həm də ona görə əhəmiyyətlidir ki, rejissor 1989-da tabu olan mövzulardan birini – fahişəni ekrana gətirmişdi, üstəlik, onu mənfi obraz kimi təqdim etməmişdi.

Həm də əsas personaj Zibeydənin taleyi Stalin dövrünün – repressiyaların fəsadları fonunda danışılırdı.

Müharibə illəri... Bakı... fahişələr....



Qadınlardan biri Bakı ermənisidir, görünür, bizimkiləri işə o, sövq edib. Bəlkə də, təklif edib... Bəlkə də, həyat elə gətirib ki, bizimkilər özləri ona sığınıblar.

Hərdən digər iki fahişə onu ittiham edir. Deyirlər, biz sənə inandıq, aldandıq...

Bəlkə də, müəlliflər demək istəyirdilər ki, bizim qadınları belə işlərə erməni qadınlar cəlb edirlər...
Düzü, istənilən bədii-vizual əsəri yozmaq olar, aparıb hansısa millətə, hansıya mövzuya bağlamaq olar, fəqət həqiqət dəyişmir: fahişəliyin milliyyəti, kimliyi olmur və bu söhbətin özü də bir həqiqətin gölgəsindədir. Bəli, bizim fahişə hesab etdiyimiz qadınlar kiminsə müqəddəs anasıdır, sevgilisidir... Yəni baxır hardan baxırsan və haranla baxırsan...

Fahişələr də sevir. Sevə Bilirlər... Zibeydə kimi...

Kimsəsiz Zibeydə müştərilərinə də, rəfiqələrinə də, özünə də, taleyinə yaddır... Bircə Ümidi vardı... Onu təmənassız sevən biri... O da müharibədə ölür... Yalandı... deyirlər ki, ümid sonda ölür... yox, yox, əvvəl ümid ölür, sonra adam azalmağa başlayır... Bəli, azalır-azalır və yoxalır, yoxalıb... ölür...

Doğulduğu gündən ölməyə başlayan, zorlanan, Zibeydə itirə-itirə gəlir...
Ümidini, atasını, ümidini, bəkarətini, ümidini, taleyini, ümidini, özünü...



Bəkarət məsələsini ona görə vurğulayıram ki... Məsələn, hardasa bir qız var, inanın, onun bəkarətindən başqa heç nəyi yoxdur...
Zibeydə ölmür, fəqət Zibeydə yaşamır da... eləcə yaşlanır. Yaşlanır, yaşlandıqca müştərilərini də itirir...

Ötən günlərlə təsadüfi görüş onun yaddaşını qurdalayır, o günləri xatırlayır və o günləri xatırladıqca o məşum sualı verir: Kimdir günahkar? Tale, ata, ana, şərtlər, yoxsa müharibə... Elə hamı... Hər şey... Həm də kimsə...

Şahmar Ələkbərov Zibeydə rolununun yaşlı vaxtını oynamaqdan ötrü bizim aktrisaları razı sala bilməmişdi. Ona görə Türkmənistandan aktirsa dəvət etmişdi.

Ancaq təəssüf ki, bir neçə il sonra zorlanmış, fahişə obrazını oynamaqdan imtina edən qadınlarımız real həyatda, real müharibənin içində elə şeylər yaşayacağdılar ki... Əlbəttə, rejissorlar haman hekayələrin ekranizasiyası üçün xeyli əziyyət çəkməlidirlər.

Nəhayət, film yayımlanır və qalmaqal, dava-dalaş başlayır.
Deyirlər ki, bəs bu film milli-əxlaqi dəyərlərə uyğun deyil, nümayiş olunmamalıdır, efirdən yığışdırılmalıdır.

Üstəlik, deyirlər ki, rejissor Şahmar Ələkbərov haqqında da tədbir görülməlidir.

Beləcə, kinostudiyasının önündə günlərlə etiraz aksiyaları keçirilir.

“Yuxarılar” da bu etirazları görərək, filmin nümayişin dayandırılması barədə qeyri-rəsmi olsa da, tapşırıq verir və film tarixin arxivinə göndərilir.

Öz aramızdı, bu filmi o vaxtdan bəri hələ də efirə verməyiblər.

****


Filmin quruluşçu operatoru Rafiq Əliyev xatırlayır:

“Film çəkiləndən sonra Tofiq Tağızadə dedi ki, o ssenarini mənə də təklif eləmişdilər, qorxdum, çəkmədim. Sonra Əbdül Mahmudov da ssenaridən imtina eləmişdi. Premyera mitinq keçirilən günlərə təsadüf edirdi. O vaxt filmlər ilk dəfə mərkəzi televiziyada göstərilirdi. Kinostudiyanın direktoru Ramiz Fətəliyev zəng vurdu Moskvaya, dedi ki, filmi verməyin, burada hadisələr baş verir, uyğun zaman deyil. Filmi düzgün qarşılamaya bilərlər. Buna baxmayaraq, acığa saldılar proqrama. Həmin dövrdə hamı meydanda idi. Bir dəstə adam hücum çəkdi kinostudiyaya... Şahmarın üstünə. Nuriyyə Əhmədovanın obrazı erməni idi, qızları fahişəliyə təhrik edirdi. Dedilər ki, siz ermənini təbliğ edirsiz. Əslində, filmdə göstərilən əsas motiv Stalin qurbanlarını göstərmək idi. Qəhrəmanın ata-anasını sürgün edirlər, təcavüz edirlər, amma heç kəs onunla maraqlanmır, qayğısını çəkmir. Burada qadının tənhalığını, cəmiyyətdən təcrid olunmasını, rədd edilməsini qabartmaq istəmişik. O, hər yerdə tənhadır, bazar səhnələrində-qələbəliyin içində belə… Müzakirə olunmalı məsələlər bunlar idi”.



Qeyd edim ki, bu film müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından, “altmışıncılar” nəslinin nümayəndələrindən olan Xalq yazıçısı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılıb və film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilib.

Filmdə əsas məqsəd odur ki, ən çətin şəraitdə belə insan dözməli, ömrünü ləyaqətlə yaşamalıdır, başqalarına lazım olduğunu heç vaxt unutmamalıdır. Əsas fikir bundan ibarətdir və burada mürəkkəb və maraqlı mövzu - insan və həyatın sərtliyi, insan və bəxtin dönüklüyü açılıb göstərilir.

SSRİ-nin hələ mövcud olduğu illərdə və Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət aldığı dövrdə, 1989-cu ildə Azərbaycanın müqtədir sənətkarlarından, böyük sənət xadimlərindən-kino aktyorlarından olan Şahmar Ələkbərovun rejissorluğu ilə çəkilən filmin ekranlara çıxması ilə onun ətrafında böyük qalmaqal, ajiotaj yaşanır.


Ancaq yuxarıda da qeyd edildiyi kimi, bir çoxları, xüsusilə, o dövrün ritorikasından, ab-havasından çıxış edən Azərbaycanın bir çox fəal qadınları hec cür bu məqamla barışmır, filmə, onun quruluşçu rejissoruna qarşı sərt mövqe nümayiş etdirirlər.

Qeyd edim, filmdə Azərbaycanın tanınmış aktrisaları - mərhum Nuriyyə Əhmədova, Səfurə İbrahimova, Türkmənistandan olan aktrisa Oğuldurdı Məmmədquliyeva, həmçinin, Kəmalə Hüseynova və digərləri çəkilib.

# 4693 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #