Məhəmməd Hadinin müasiri Bakıda kitab satır

Məhəmməd Hadinin müasiri Bakıda kitab satır
18 noyabr 2019
# 11:38

Kəramət Böyükçölü ölkədə az qala hamı tanıyır. Yazıçı dostumuz kitablarını küçədə satmaqla məşğuldur. İstənilən halda kitabın küçələrdə, insanların arasında görünməyi gözəl hadisədir. Bu tendensiya baş tutsa, insanların əlində kitab görə bilərik. Kəraməti qınayanlar da var, dəstək olanlar da. Hər nə olur, olsun, Kəramət bir çox yazarın edə bilmədiyi “kitabımızın oxucusu yoxdu” söhbətlərini dağıtmağa çalışır.

Məhəmməd Hadini xatırlayaq, Bakıya köçəndən sonra maddi ehtiyaclar üzündən əsərlərini vərəq halında çap etdirib satırdı. Kəramət də müasir dövrün Hadisidir. Hadi qədər faciəli taleyi olmasa da, Kəramət də cəmiyyətlə savaşan qələm adamlarındandır. Məqsədim Kəraməti təbliğ eləmək deyil, sadəcə onun fikrini dəstəkləyirəm.

Ədəbiyyat həyatdan maraqlıdır, deyirik. Doğurdan, niyə axı? Ədəbiyyat bizim paralel, intim bir dünyamızdır. O dünyada sevinirik, kədərlənirik, xoşbəxt oluruq. İndi deyəcəksiniz ki, bu dünyada da dediyiniz duyğuları yaşayırıq. Ancaq bir məsələ var, biz həyatda yaşadığımız duyğuları real olaraq, bütün çılpaqlıqlarıyla yaşayırıq. Ədəbiyyat isə bizim xəyal dünyamızdı. Əsər oxuyuruq və obrazların düşdükləri situasiyalarda özümüzü tapırıq, başqa bir insanın taleyini yaşamış oluruq. Ədəbiyyat bizə çoxlu talelər verir, bizi başqa dünyalara, həyatlara aparır. Uzaqları, başqa ölkələri, insanları yaxın edir. Ona görə də ədəbiyyat həyatdan daha maraqlıdır. Həyat bizi amansız sürprizlərlə qarşılaşdırır.

Dedim, kitabdan danışırıqsa, bir-iki söz də ədəbiyyatdan yazım.

Yazıçılar əllərində məşəl qaranlıq bir tuneldə insanı axtarır. Ədəbiyyat bir mənada axtarış deyilmi?

Kəramət də əlində kitabı məşəl kimi tutaraq satır. Amma ümid edirəm ki, kitabdan gələn pulları içkiyə yatırmaz. Gedər, yaradıcılığı ilə məşğul olar.

İstəyirəm, gedəm mən də kitablarımı onun yanında satam. Hazır elə kitab təqdimatı da keçirtməmişəm. Kitab təqdimatı dedim, toylar yadıma düşdü. Hazırkı kitab təqdimatlarının toylardan nə fərqi var ki?! Ona görə də Kəraməti qınaya bilmirəm. Qınamağa səbəb axtarıram, amma yer qalmır.

Təklif edirəm ki, gənc yazıçılar, şairlər də Kəramət kimi kitablarını parklarda, küçələrdə, prospektlərdə satsın. Qoy hər kəs görsün ki, cəmiyyətin inkişafı kitabdan keçir.

Küçələrdə kitabın görünməsi niyə pis olsun ki? Gənc bir yazıçının küçədə kitablarını satmağı qədər kədərli nə ola bilər ki?!

Kəramətə burdan bir mesajım var: Havalar soyuyur, qış gəlir. Gördün, donursan, kitablarından bir-ikisini yandır, qızın!

# 4282 dəfə oxunub

Müəllifin son yazıları

# # #