Bakının küçələrini, prospektlərini, metrolarını, avtobuslarını, meydançalarını boş, kimsəsiz görəndə qəribə hisslər keçirirəm. Bu mənzərə qarşısında vərdişli olmadığımdan köhnə şəhərimizi qəribsəyirəm. Virusun gətirdiyi süstlük həyatlarımıza da sirayət edir. Dostlarla görüşmək olmur, kafeyə gedə bilmirsən, internet klublar da onun kimi...
Həmişə basabasdan, adamların çoxluğundan donquldanır, deyinirdik. İndi isə əksini yaşayırıq. Adamlar üçün darıxırıq. Virusun gətirdiyi həzin, kədərli bir mənzərə yaranıb Bakıda.
Ötən günlərdə çoxdandı görüşmədiyim dostumla bulvarda görüşdük. Əl uzatdım, əlim havada qaldı. İstədim qucaqlayam, kənara çəkildi. Virusa görə tədbir aldığını, hətta aramızda 2 metr məsafə saxlayacağını dedi. Darıxdığım dostumu nə öpə bildim, nə də qucaqlaya. Şəhərdə gəzdiyimiz müddətdə məsafəli danışır, tez-tez susurduq. Dostumun halına acıdım. Ölümdən qorxmağı, yaşamağa bərk-bərk sarılmağı da kədərli gəldi mənə. Mərkəzi küçələrdə tək-tük adam görünürdü. Axşam 9-dan sonra isə hər yer boş səhra təəssüratı yaradırdı. Adamsız şəhərlər necə darıxdırıcı, lazımsız görünür.
Avtobusda tünlükdən ayaqlarımın əsdiyi o günlər üçün darıxmağa başlamışam. Cəmiyyət olaraq beynimiz çətinliklərə, problemlərə proqramlaşıb. Hər gün metroda, dayanacaqlarda dalaşan, didişən insanlar indi yağlı əppək olub göyə çəkiliblər. Əslində, həmişə basabaslardan, nizam-intizamsızlıqdan şikayət etmişik. Virusun sayəsində bu problem də aradan qalxıb. Səbəb? Ölüm qorxusu. Can şirin şeydir.
Gəlin, həyat eşqimizi diri saxlayaq. Elə təsəvvür edək ki, virus, infeksiya-zad yoxdur. İstədiyimiz tərəqqinin başlanğıcına keçid almışıq. İctimai nəqliyyatdakı qayda-qanunla etika mədəniyyətini öyrənməyə başlamışıq. Bundan sonra da yaxşı şeylər olacaq. İnsanlar rahat şəkildə iş yerlərinə, mənzillərinə çatacaq. Parkların boş olmağı uşaqlara daha da sərf edəcək, küçələrdə sevgililər doyunca öpüşə biləcək, yollarda şütüyən maşınların sayı azalacaq, hava təmizlənəcək.
Daha nə istəyək?
Metroda kitab oxuyanda başımızın üstünü gonbul xalalar kəsdirməyəcək, qızlar tünlükdə “yanıq” oğlanlardan xilas olacaq, platformada ürəyi gedən adamlar yox dərəcəsinə çatacaq?
Məncə, hələlik bu qədər kifayətdir.
Nə olur-olsun, inanıram ki, narahatlıq tezliklə bitəcək. Bizi qarşıda günəşli günlər gözləyir. Nikbin olaq, işıqlı düşünək. Necə deyirlər, gün doğmadan nələr doğar!