Ad gününü avtobusda keçirən şairə: “Gözləmədiyim adamlardan eşq təklifi gəlir”

Ad gününü avtobusda keçirən şairə: “Gözləmədiyim adamlardan eşq təklifi gəlir”
5 noyabr 2019
# 14:33

Bu gün tanınmış şairə Rəbiqə Nazimqızının 40 yaşı tamam olur. Kulis.az bu münasibətlə Rəbiqə xanımı təbrik edir və “Səni deyirlər” layihəsində onunla söhbəti oxucuların diqqətinə çatdırır.

- Yaş kompleksin yoxdur ki?

- Yaş kompleksi ciddi şəkildə yoxdur, sadəcə rəqəmi ağlıma gətirəndə inanmağım gəlmir. Ola bilsin, heç vaxt olmasın. Bir az başqa cür düşünən və yaşayan adamam. Mənə elə gəlir, insan həyatının ilk baharınımı deyək, yeniyetməlik çağınımı, gənclik dövrünümü deyək, 60-90 yaşında belə yaşaya bilər. Yəni, bu, hər adamda fərqli, fərdi olur. Yəni, hələ yaş kompleksi hiss eləmirəm. Heç bir tərcümeyi-halda, sosial şəbəkələrdə və digər yerlərdə yaşımı göstərməkdən çəkinmirəm. 1979-cu ildənəm və bu, mənə qəti problem yaratmır.

- Görəsən həmişə belə olacaq?

- (Gülür) Sabah ola bilsin, bu kompleks yaransın. Üzümə qırışlar düşsün, hansısa ciddi problem yaşayım... Çox şükür ki, indi yoxdu və bəlkə komplekssizliyim də buna görədir.

- 40 yaşınız tamam olan gün, niyə evinizdə oturmursunuz? Biz hazırda səninlə söhbət edəndə avtobusla Türkiyədən yol gəlirsən...

- (Gülür) Bu sualınız məni xeyli güldürdü (yenə gülür). İlk dəfədir ad günümü evdən kənarda keçirirəm, amma həyat elə gətirib ki, bizim çox yaxın qohumlarımızdan da eyni gündə anadan olan üç nəfər var. Və biz heç vaxt bir yerdə ad günümüzü qeyd edə bilmirik. Mən daha çox dostlarımla keçirirəm. Bilmirəm, bu yaxşıdır, ya pisdir. Bu, həm də mənim azadlığıma mane olmur. Evdə həmişə keçirə bilərəm ad günümü. Problem deyil və fərqi yoxdur. Adətən bir dəfə keçirtmirəm ad günümü. Çevrə çox böyükdür, olur ki, kiminsə kimdənsə xoşu gəlmir. Fikirləşirəm, bu adamı bu adamın yanında oturtmaq olmaz. Ayrı-ayrı qeyd etməli oluram. Ad günüm hardasa bu bir ay çəkir.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, müzik enstrümanı çalıyor ve gitar

- Rəbiqə, səni niyə hamı çox istəyir?

- Əvvəla, düşünmürəm ki, hamı məni çox istəyir. Böyük əksəriyyət istəyir. Empati deyilən şey var. Özümü başqalarının yerinə qoyuram. Düzdü, kobud, aqressiv olduğum vaxtlar da olur, əhvalımın yaxşı vaxtları da və bu, bəzən davranışlarıma sirayət edir. Çox utanıram. Üzr istəyirəm incitdiyim adamlardan. Üzr istəməyi bacarıram. Səhvlərimi qəbul etməyi bacarıram. İnsanlara sevgi və qayğı göstərməyi bacarıram. Ad günümdü də, özümü tərif edə bilərəm (gülür). Qüsurlarımı da bilirəm. Və qüsurları etiraf edirəm. Yəqin, bu etiraflar insanlarla münasibətimdə ciddi rol oynayır. Mənə elə gəlir, onların başqa şansları da yoxdur. Məni çox istəməlidirlər (gülür).

- Mən dedim, Yılmaz Ərdoğana görə Türkiyədə qalarsan...

- Yılmaz Ərdoğan məsələsini Türkiyədə dostlarla müzakirə etdik. Mənə futbol məşqçisi Joze Mourinyonu irad tutdular, dedilər, elə adam yoxmuydu ki, gedib portuqala vuruldun? Mən də ciddi-ciddi bu barədə düşündüm. Hər halda bir az haqlıdırlar. Özümüzünkülərə yazsam daha yaxşıdır. Millətçilik damarım tutdu, bu nadir hallarda baş verir. Amma könül məsələləridir də. Məsələn, sevdiyim Joze Mourinyo da ola bilər, nə bilim Al Paçino da, hətta Vudi Allen də. Mənim üçün əsas olan hər hansı bir qəhrəmanın olmasıdır ki, asanlıqla ona yaza bilim. Söhbət yaradıcı prosesdən gedir.

Yılmaz Ərdoğan məsələsi mənim üçün bağlanıb artıq. Məsələ çoxdan qapanıb. Okan Bayülgən ola bilərdi, məsələn. Və yaxud başqaları ola bilərdi. Türkiyədən izlədiyim və bəyəndiyim çox adam var. Amma heç kəsə görə Türkiyə, ya da qeyri ölkədə qalmağı düşünmürəm. Həyatımı Azərbaycandan kənar təsəvvür edə bilmirəm. Hara getsəm, geri qayıtmaq üçün darıxıram. Dünyanı sevsəm də, səyahəti xoşlasam da, heç yerdə bir aydan artıq qala bilmərəm. Zaman-zaman düşünəndə ki, görəsən, Şuşada, Kəlbəcərdə, Cəbrayılda, Laçında doğulanlar nə çəkir görən, necə yaşayırlar, cavabını tapa bilmirəm. Mən Bakısız, yəqin ki, yaşaya bilmərəm.

Görüntünün olası içeriği: 1 kişi

- Məktub yazmaq, şeir yazmaq, yoxsa sevmək?

- Onların həyatımda hansı yeri tutduğunu müəyyən edə bilmirəm. Mənə elə gəlir, hamısı bir-birilə sıx şəkildə bağlıdır. Yəni sevgisiz məktub olmur, şeir olmur. Şeir yazmamışdan qabaq bir hiss doğulur ki, sən onu şeirə keçirdirsən, bax, onsuz yaşamaq maraqsızdır. Məktub səmimiyyətdir, ona görə çox adamda alınmır məktub yazmaq.

- Sən səmimisən?

- Hər halda məndə alınır. Səmimiyyətsiz, məktubsuz həyat mənim üçün dözülməzdir. Üçü bir arada... Heç birindən imtina etmədən...

- Ana olmaq nə deməkdir? Şair kimi... Qadın kimi... Rəbiqə kimi...

- Ana olma nə deməkdi, deyə bilmərəm. Mənə Aynurla rəfiqəlik etmək daha xoşdur, daha yaxşıdır. Sırf bunu ana-bala münasibətinə çevirmək. Rəfiqələrdən biri yaşlı və təcrübəli ola bilər, digərinə məsləhət verə bilər, yol göstərə bilər. Ana-bala münasibətlərində başqa məqamlar da var. Məsələn, daha qısqanclıqla yanaşırsan qızına, yaxud anana. Çalışıram ki, bunlar olmasın. Hər şeyi bir arada müzakirə edə bilək. Qızımın fərqli fikirləri xoşuma gəlir. Nəinki biz bir fikirlə razılaşanda. İstəmirəm, qızım “kopyam” olsun. Onun dəyəri özəl olmasındadır. Ana da, qadın da Rəbiqə adında birləşir. Nəyəmsə, necəyəmsə eləyəm. Daha yaxşı olmağa çalışardım, amma çalışmıram. Çünki elə belə də yaxşıyam (gülür).

Görüntünün olası içeriği: 2 kişi, Rəbiqə Nazimqızı dahil, selfie ve yakın çekim

- Qızın Aynura yazdığın şeiri səndən kimsə soruşanda yenə əsəbiləşirsən?

- Daha əsəbiləşmirəm. Birmənalı şəkildə qəbul eləmişəm ki, bu şeir mənim vizit kartıma çevrilib, əksinə hətta məndən hansısa tədbirdə başqa şeir istəyəndə bu şeiri söyləyirəm. Getdikcə bu şeiri daha çox sevməyə başlamışam. Bunun tale şeiri olduğunu başa düşmüşəm. Ondan heç yerə qaçmaq, imtina etmək mümkün deyil. Niyə də imtina edim?! Qızıma yazmışam, yaxşı da yazmışam.

- Deyirlər, Rəbiqə, yeganə qadındır ki, sevəndə eşq elan eləməkdən çəkinmir...

- Məsələnin başqa tərəfini söyləyim. Mənim üçün ağrılı tərəfini. Bəzən gözləmədiyim adamlardan eşq təklifi gəlir. Onda əsəbiləşirəm. Ən çox əsəbiləşdirən məqam planlarıma, iş və həyəcanlarıma daxil olmayan adamların həyatımda peyda olmaq istəməsi, ya da hər hansı bir yolla həyatıma müdaxilə etməsidir. Məsələn, qadınların əksəriyyəti, hamı tərəfindən sevilmək istəyir. Amma bu, məndə başqa cürdür. Məndə adətən diqqət bir adama yönəlir. Əslində, başa düşmürəm, insanlar niyə etirafdan çəkinirlər. Normalda seçən tərəf qadın olur. Qadın qərar verir, razılıq verəndən sonra münasibətlər başlayır və qadını qazanmaq başlayır. Əslində, bu qadını qazanmaq prosesi var e, mənim üçün alçaldıcı bir şeydir. Kimsə niyə məni qazanmalıdır ki? Komplimentlərlə, gözəl sözlərlə niyə başımı bişirməlidir? Elə mən özüm kiminsə başını bişirə bilərəm də (gülür).

- Ailə qurmaq istəyərdinmi?

- Ailə qurmağı düşünmürəm. Bir neçə il əvvələ qədər belə düşüncələrim vardı. Ancaq bir çox səbəblərdən bu düşüncələrim alt-üst oldu. Çünki ətrafda normal və uğurlu hesab etdiyim ailələrin sayı çox azdır. Getdikcə daha da azalmaqdadır. Daxilə nüfuz edincə baxırsan ki, söhbət xırda-para çəkişmələrdən getmir, söhbət daha ciddi problemlərdən gedir ki, bu və digər səbəbdən o problemlərin olmasına göz yuma-yuma həyatlarını davam etdirirlər. Bu cür istəməzdim. Mənim üçün o ailə modeli yoxdur. Bəlkə nə vaxtsa ola bilər. Hərçənd inanmıram. Yəqin, olmayacaq. Artıq təkliyə alışmışam. Bütün günü kiminsə yanımda peyda olub məni narahat etməsini istəmirəm. Düşünürəm ki, ikinci adam qayğı, narahatlıq, problemdir. Mənsə, problemlərlə əlləşmək istəmirəm. Xüsusən Azərbaycan kişiləri ilə. Nəticədə bu, mənə qarşı aqressiv münasibətə səbəb olacaq. Çox təəssüf ki, Azərbaycan kişilərinin böyük əksəriyyəti qadının boynuna problem və öhdəliklər qoymaqdan başqa bir şey eləmirlər. Öz öhdəliklərinin əksəriyyətini də etmirlər. Düşünürlər ki, ya maddi məsələlərlə mövzu qapanır, - hərçənd, qapanmır - ya da əksinə, qadının maddi problemi dolanışığı idarə edə bilməyəcək həddə ağır olur. Balanslı ailə modeli görmürəm.

Görüntünün olası içeriği: Rəbiqə Nazimqızı

- Əlisəmid Kürü niyə ağlatmısan? Bilirsən da hansı söhbəti deyirəm... Söhbət gecə evə qonaq dəvət etmək söhbətindən gedir. Əlisəmidə təsir edib ki, heç kişi şairlərdə bu ərk olmayıb...

- Əlisəmidi çox istəyirəm. O həm yaxşı şair, yaxşı insan, yaxşı dost, həm də yaxşı həmkardır. Bir çox yaxşı şeylər deyə bilərəm Əlisəmid haqqında. O, daim sevdiyi adamları qorumağa çalışır. Bu, mənim çox xoşuma gələn xüsusiyyətdir. O ki, qaldı onu ağlatmaq məsələsinə, vallah mən düşmənimi də ağlatmaq istəməzdim. Heç kimi incitmək planlarıma aid olmayıb. Hətta bəzən olub, dostlardan kimsə xətrimə dəyib, mən bilmişəm ki, elə söz deyə bilərəm, beş qat artıq xətrinə dəyə bilər. Amma o sərhədi gözləmişəm. İnsanların zəif xüsusiyyətlərini çox qısa zamanda müəyyən edə bilirəm. Daha çox ona görə müəyyən edirəm ki, doğurdan onlara zərbə endirməyim. Onları ağrıtmayım. Ağrımağın nə olduğunu yaxşı bilirəm. Bunu başqalarına etmək fikrim yoxdur. Əlisəmidə etdiyim jest sadə insani bir şey idi. Əlisəmid elə adamdır ki, onu asanlıqla evdəkilərə təqdim edə bilərəm. Bu adam çox yaxşı şairdir və mənim dostumdur. Bunun pis qarşılanacağına görə narahat deyiləm. Bir dəfə gecə toydan qayıdırdıq. İlham Qəhrəman, Əlisəmid... Digərləri yadımda deyil. Mən onları gecə evimə qonaq dəvət etdim. Çay içməyə. Sağ olsunlar, gəlmədilər (gülür). Mən də onlardan küsdüm. Mən də ağlayım?! (gülür).

- Ad gününü avtobusda qeyd edəcəksən?

- Məkan olaraq ad günümü avtobusda qeyd etdim. Dostlar sağ olsun, mənim üçün sürpriz hazırlamışdılar. Yəni, saat 12-yə qalmışdan mahnı oxudular, oynadılar və hətta mənim kimi oynamağı sevməyən adamı öz sıralarına qoşub oynatdılar. Çox xoş oldu. Ad günüm hələ davam edəcək. Bu da ayrı-ayrı adamlarla, başqa məkanlarda davam edəcək. Hələ görəcəyimiz var (gülür).

- Müsahibə üçün təşəkkür, ad günün də mübarək!

- Təşəkkür edirəm!

# 4518 dəfə oxunub

Müəllifin son yazıları

# # #