5 aya 250 kitab oxuyan uşağın sirri

5 aya 250 kitab oxuyan uşağın sirri
21 fevral 2020
# 11:29

Türkiyədə 10 yaşında filosof uşaq peyda olub. Adı Atakandır. Beş aya 250 kitab oxuduğunu deyib. Dördüncü sinif uşağı üçün bu hal həddindən artıq anormaldır. Hətta deyərdim ki, yetkin bir insan üçün də 5 aylıq müddətdə bu qədər kitab heç də normal deyil. Özü də uşaq ədəbiyyatı filan deyil e, Platon, Hegel, Aristotel, Nitsşe kimi əjdahaların əsərlərini oxuyub.

Ədəbiyyat, fəlsəfə, fizika, riyaziyyat, elm, biznes, iqtisadiyyat, astronomiya kimi fərdi, kütləvi kitablar oxuyan uşaq böyüyəndə də prezident olmaq istəyir.

Razılaşıram ki, uşaq çox fərqli, zehni yüksək, intellektualdır.

Amma, ancaq, lakin...

Biz deyirik, kitab təbliğ olunmalı, oxucuya ulaşmalı, amma bu cürə deyil. Bu uşağın gözlərinə diqqətlə baxanda duyulur ki, tezliklə bədbəxt olacaq. Tezliklə insanlardan, cəmiyyətdən təcrid olunacaq. Bu qədər fəlsəfə oxumaq bir uşaq üçün ciddi anlamda intihardır. Atakan bəlkə gələcəkdə müasir Enşteyn ola?! Yeni nəzəriyyələr kəşf edə.

Eynşteyini xatırlayaq. Gimnaziyada təhsil alarkən həmyaşıdları arasında ən tənbəl, zəif oxuyan, dərslərə davamiyyətində müəllimlərinin haqlı danlağına məruz qalan şagirdlərdən biri olub. Orta təhsil aldığı illərdə Albert haqqında yalnız bir ifadə işlədilib: “Bu uşaq gələcəkdə heç nəyə yaramayacaq”. Eynşteyn gimnaziyanı sona qədər də oxuya bilməyib.

Eynşteyn fantastikanı, xəyal və xülyaları, gələcək haqqında danışmağı sevməyib və bu haqda fikrini belə bildirib: “Gələcək haqqında danışmağa dəyməz. Biz heç buna macal da tapa bilməyəcik. Çünki gələcək sürətlə gəlir”.

Amma Atakan oxuduqlarını, fikirlərini açıq aydın şəkildə dilə gətirir. İnsanlarla polemikalara girir. Lakin 10 yaşda bu qədər kitab oxumaq təhlükəli tendensiyadır.

Uşaqların öz sehirli, rəngarəng dünyaları olur. Atakan uşaqlığını indidən kitablara qurban verib. Bir zaman keçəcək və böyüyəcək. Kitabların səhifələrində uşaqlığını axtaracaq.

Sosial şəbəkələri də anlamaq müşküldür. Hərə bir ağızdan bu uşağı göylərə qaldırır, şanına təriflər yağdırır.

Mən şəxsən övladımın uşaqlığında yüzlərlə kitab oxumasının qarşısını alaram.

Uşaqlıq bizim yaddaşımızdır.

Atakana bir nəsihətim olacaq: Tez-tez çərpələng uçurmaq üçün küçələrdə uşaqlara qoşul...

# 26451 dəfə oxunub

Müəllifin son yazıları

# # #