Kulis.az yazıçıların başına gələn qeyri-adi hadisələri təqdim edir.
80-ci illərdə bir şair şeirlərinin çap olunduğu rayon qəzetini alıb sevincək qatar yoluna çıxır. İlk dəfə - uzun illərdən sonra çap olunduğu üçün çox xoşbəxt imiş. Hətta xoşbəxtlikdən qatar fitini eşitməyib və qatarın altında qalıb...
***
Dünyada səhvən ölüm xəbərlərinin yayılması təcrübəsinə tez-tez rast gəlinir. Belə hadisələr Azərbaycandan da yan ötməyib. Saytların biri səhvən tanınmış bir şairin ölüm xəbərini yaymışdı. Xəbəri şairin xaricdə yaşayan oğlu oxumuş, təlaşla evlərinə zəng etmiş, uzun müddət telefonu götürən olmamışdı...
***
Ömrünü tənhalıqda keçirən fantast yazıçı Namiq Abdullayev və Ukraynadan gələn ər-arvad bir payız günü oturub söhbət edirlərmiş. Qalaktika, astronomiya haqqında yazıçının heyrətamiz söhbətləri qonaqları valeh edir. Onunla dostlaşırlar və ukraynalı kişi qəribə bir təklif edir:
- Zaberi moyu jenu, na noç naslajdaysya (Götür mənim arvadımı, bir gecə rahatlan).
***
Çingiz Əlioğluna xanımlardan biri məktub göndərir. Şair məktubu öz həyat yoldaşı ilə bir yerdə oxuyur. Məktubun məzmunu təxminən belədir: "Məni istəmədiyim birinə ərə veriblər. Hər gün pəncərənin qabağında durub gözləyirəm ki, sevdiyim şair məni xilas eləsin”.
***
Məşhur şairlərdən biri şair dostunun (ad çəkməyi qeyri-etik hesab etdik – red.) evinə qonaq gedib. Qonaq qəbul edən şairin xanımı zahirən çox gözəl imiş. Səhəri gün nəşriyyatda görüşəndə qonaq gedən şair dostuna deyir:
- Xanımın çox gözəl idi. Ona bir şeir həsr eləmişəm. İcazə ver, oxuyum.
Və əsl Azərbaycansayağı cavab: şillə açılır, şeiri yazan şair müvazinətini saxlaya bilməyib yıxılır.
***
Tanınmış ədəbiyyat bilicisi Vidadi Məmmədovun xanımı milliyətcə erməni olub. 90-cı illərdə məlum hadisələr başlayanda onu sevməyənlər bu faktı başına qaxırlar. Onsuz da darmadağın ömür yaşayan Vidadi Məmmədov axırda bezib deyir:
- Bədbəxt uşağı, alıb xoşbəxt eləmədim ki...
***
Şairlərimizdən biri Elçibəyin prezident olduğu vaxt Aparata zəng edib:
- Bəyə qoşun məni!
Elçibəy telefonu götürər-götürməz şair deyir:
- Bəy, "Nərimanov" metrosu tərəfdəyəm. Mənə 100 dollar göndər...
***
90-cı illərdə qatı millətçi-sağ mövqeyi ilə hamıdan seçilən şair Lətif Mustafoğlu Gürcüstanda Azərbaycanlılar yaşayan ərazidə məscid açılmasıyla bağlı kəskin çıxış edib. Çıxışı dinləyən ovaxtkı prezident Eduard Şevardnadze əsəbiləşib və Lətifin üstünə qışqırıb:
- Von iz Qruzi! (Rədd ol, Gürcüstandan!)
Bəlkə elə buna görədir ki, Gürcüstanda doğulan, Tiflisdə və Bakıda yaşayan, Moskvada oxuyan və hazırda Ankarada işləyən Lətif Mustafaoğlunun heç bir ölkədə vətəndaşlığı yoxdur. Özü bu məsələ ilə bağlı deyir: “BMT-nin şəmsiyyəsi altındayam”.
***
Əlisəmid Kür Rafiq Tağı ilə qarşılaşır və deyir:
- Rafiq, yazılarına diqqət elə, bir gün səni yortacaqlar!
Rafiq Tağı hirslənir:
- Bəyəm, yam-yamlar ölkəsində yaşayırıq?
Qəribədir, bu əhvalatdan bir müddət sonra, elə həmin dialoq olan yerdə Rafiq Tağını bıçaqlayırlar.
***
75 yaşına görə yubileyi keçirilən Vaqif Səmədoğlu çıxışını qəribə sonluqla yekunlaşdırıb:
- Hamınızı yasıma dəvət edirəm!