Bir dostum vardı. Tələbə illərində tanış olmuşduq. Fəlsəfədən, elmdən çox bilgili idi. Hegeldən tutmuş modern fəlsəfəyə qədər, hardan sual versən cavabını geniş fikirləriylə, analizləriylə açıqlayardı.
Tələbə yoldaşları ona çox da baş qoşmurdu. Bufetdə, kitabxanada həmişə tək görərdim onu. Dünyaya baxışı, qeyri-adi düşüncələri marağıma səbəb olmuşdu. Ona görə də onunla dost olmağa can atırdım.
Bir gün kitabxanada Platonun “Dövlət” əsərini oxuduğunu gördüm. İcazə istəyib masasında əyləşdim. Dedi, üzrlü sayın, kitab oxuyuram. Nəsə sözünüz var? Kitablardan, ədəbiyyatdan danışmağa başlamışdım ki, dedi, çıxaq siqaret çəkək. Siqaret çəkməsi belə qəribə görünürdü. Sanki ecazkar gözəlliyə sahib bir qadın çəkirdi siqareti.
Təkliyi, içinə qapanıqlığı maraqlı gəlirdi mənə. Aristoteldən, Platondan mühazirələr deyirdi mənə. Adı Elnur idi. Hərdən zarafata salıb deyirdim ki, Elnur adı sənə yapışmır. Bu ad sənin savadının fonunda çox sönük görünür.
Onun sayəsində fəlsəfəyə ilgim artmışdı. Universitetin foyesində, bufetində, həyətində rastlaşanda da atüstü söhbət edirdik. Sanki nəsə gizlədirdi məndən. Hər dəfə dərsdən sonra onu şəhərə dəvət edirdim, deyirdim gedək gəzək, qızlarla tanış olaq, pivə içək. Ancaq Elnur qapalı qalmaqda davam edirdi. Sirli qalmağı sevirdi, yaxud da özündə gizlədiyi sirri kimsəylə bölüşmək istəmirdi.
Aradan iki il keçdi. Elnurun yerişi, danışığı, həyat tərzi dəyişmişdi. Gözlərinə qara sürmə çəkir, nazlana-nazlana yeriyir, saçları uzanmış, səs tembiri yumşalmışdı. Tələbələr ona “p..." deyir, şəbədələr qoşurdular. Elnurun daxilində gedən dəyişiklik üzə çıxmışdı. Cinsi oreantasiyası dəyişmişdi. Sirr bu imiş. Dəfələrlə onu binanın tinində ağlayan görmüşdüm. Bir əlində pivə şüşəsi, o birində tüstülənən siqaret. Bir dəfə yanına yaxınlaşdım.
- Sən də onlar kimi düşünürsən? Niyə heç yanıma gəlmirsən? Dost deyildik?
Elnur qəfil güllə kimi sözləri üzümə çırpdı. Nə deyəcəyimi bilmirdim. İlk dəfə homoseksual dostum vardı. Onun gey olmağı təəccübləndirmişdi məni. Amma bir müddətdən sonra bu şaşqınlığımı üzərimdən ata bilmişdim. Axı Elnur fərqli insan idi. Özünə xas düşüncələri, intellektual bazası vardı. Həmin gün dərsə girmədik. Kafelərin birində oturub gecəyə kimi içdik. İntihar edəcəyindən dəm vururdu. Ailəsi, qrup yoldaşları, bacıları heç kim onu istəmirdi. Gey olmaq onun üçün ölümə bərabər idi. Qapalı cəmiyyətlərdə geylərə ancaq ölüm qalır deyirdi Elnur.
Sonuncu kursda Elnurun intihar xəbəri gəldi. Universitetdə sükut bayraqları əsirdi. Ancaq tələbələrin gözündə qüssə, kədər görünmürdü. O gün ilk dəfəydi ki, bir nəfər üçün ağlayırdım.
Homoları sevə bilməzsiniz, aşağılayarsınız, təhqir edərsiniz. Ancaq, unutmayın ki, nə zamansa sizə çox doğma insanlar gey, lezbi ola bilər. Bu dünyanın işini bilmək olmaz. Heç olmasa onlara insan kimi yanaşın. Başa düşün ki, bu, sadəcə cinsi oreantasiyanın fərqliliyidir.
Yadıma İsa Şahmarlı düşür. İntihar məktubunda hamını günahkar kimi gördüyünü yazırdı.
Və haqlıydı.
Məktubunun bir yerində belə yazırdı:
“Qapını açıq qoyuram. Anama da deyərsiniz ki, onu çox sevirəm”.