Kulis.az “Atamın xatirəsi” layihəsindən Xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu ilə müsahibəni təqdim edir.
- Mahir müəllim, biz bura gələndə atanızla bağlı hansı xatirə yadınıza düşdü?
- Orta, xüsusilə də ali məktəbdə oxuduğum illərdə mənə deyirdi ki, “əgər “2” alsan, səni danlamaram, ancaq dərsdən qaçsan vay halına... Dərsdə otur, sadəcə diqqətlə qulaq as, müəllimdən nəsə öyrənməyə çalış. Atamı gündəlikdəki qiymətlərdən çox, başımın içindəkilər maraqlandırırdı. Bu cür nəsihətləri vardı ki, vaxtında başa düşməmişdim. Sonradan “Nəsimi” poemasını oxuyanda çox şeyləri anladım. Bu əsərində uşaqlar, ailə haqda düşüncələri də yer alıb. Heyf ki, gec oxudum.
- Evdə mülayim idi, yoxsa sərt? Sizlə münasibəti necə idi?
- Həddindən artıq hövsələsiz adam idi. Əsəbi deyirdilər, elə də əsəbi deyildi. Sözündə düz adam idi.
- Həm də zarafatcıl...
- Düzdür. Amma əsərlərində yumordan əsər-əlamət yoxdur. Yeyib-içən, deyib-gülən adam olmasına baxmayaraq.
- Sizinlə dostluq edirdimi?
- Hamının içində deyərdi ki, Mahir anasının tərbiyəsini alıb. Deyirdi, mən evdə tapılmamışam, anası onunla məşğul olub. Atam Sovet təfəkkürlü insan idi, mən isə müasir. Mən hər hansı bir yeni addım atanda qorxurdu. Sonradan mən ayrı yaşamalı oldum. Gördüyüm işlərə dəstək vermək əvəzinə, xəbərdarlıq edirdi ki, bəs qulağıma xəbərlər çatır, özünü yığışdır. Qəbahətim də o idi ki, xırda-xuruş alverlə məşğul olub ailəmi saxlayırdım. Sovet dövründə bu işlərə görə həbs edirdilər. Amma “perestroyka” vaxtı qanuni olmasa da yaşıl işıq yandırmışdılar. Həyat dəyişdikcə gördü ki, səhv edib.
- Heç olubmu ki, sizə əl qaldırsın?
- Olub. Bir dəfə şillə vurub. 15 yaşım vardı. Maşını həyətdə şair Zeynal Xəlilin qarajına sürtmüşdüm, əzilmişdi. Ona görə. Evin tək uşağı olduğumdan məktəbdə keçirilən hər hansı bir “veçer”də iştirak etməyə, yaxud da sinif rəhbərinin başçılığı ilə rayona piknikə getməyə icazə vermirdi. Mən də ağlayırdım. Deyirdi, ağla, ağla. Sən indi ağla ki, mən sonra ağlamayım. Yəni başıma bir iş gələcəyindən narahat olurdu. Tək uşaq olduğuma görə ehtiyat edirdi. Amma xəbəri yox idi ki, onlar evdə olmayanda binanın, qarajların damında gəzirdim. (gülür)
- Bəs bu qadağalardan nə vaxt azad oldunuz?
- Əsgərlikdən gələndən sonra. Universitetdən Ordubada təcrübəyə getməliydik. Dialekt toplamağa. Atamı xəbərdar etdim. Dedi ki, olmaz, buraxmaram. Bircə cümlə dedim, razılaşdı.
- Nə dediniz ki?
- “2 il əsgərlikdə nə zülm çəkmişəm, nə etmişəm, xəbəriniz olub?” (gülür). Ondan sonra daha heç nə demirdi. Amma üzünə qayıtdığıma görə məni cəzalandırdı. Nəzarəti daha da gücləndirdi.
- Məsələn, nəzarəti gücləndirmək üçün nə etdi?
- Heç nə. 21 yaşında evləndirdi. Arvaddan güclü nəzarət hardan tapacaqdı ki? (gülüşmə)
- Mahir müəllim, atanıza bənzədirdilər sizi?
- Xeyr. Mən onun xasiyyətinin əksiyəm. Həm pul xərcləməkdə, həm yemək-içməkdə, həm gəzməkdə. O sabahını düşünmürdü. “Allah yetirər” deviziylə yaşayırdı.
- Şair kimi atanızı nə vaxt kəşf edibsiniz? Onun şeirlərinin yazılma anına şahid olmusunuzmu?
- O vaxt redaksiyalar, nəşriyyatlar şeirləri yazı makinasında yazılmış çap variantında qəbul edirdilər. Yazıçılar da maşinistkalara səhifəsinə görə pul ödəyirdilər. Şeirin səhifəsini 20 qəpik, nəsri 50 qəpik, dissertasiyanı 1 rubla yazırdılar səhv etmirəmsə. 12-13 yaşım olanda atama dedim ki, gedək makina alaq. Şeirləri özüm çap edəcəm. Əvvəlcə makinaya verəcəyin 135 rublu çıxaracağam, sonra isə makinaçılara verdiyin pulun yarısını mənə verəcəksən. Razılaşdı. Mən həm düz yazırdım, həm də atamı və özümü maddi cəhətdən nə qədər qabaq salırdım. Yazdıqlarımı əlyazmayla dübarə tutuşdurub yoxlayırdım. Mənə arxayın idi. Amma bir dəfə səhv etmişdim. Ondan sonra daha da diqqətli olmağa başladım.
- Nədə səhv etmişdiniz?
- Aktyorlar evində atamla görüş idi. Mən də birinci sırada oturmuşdum. “Royal” şeirini oxumağa başladı. Birinci səhifəni çevirib ikinciyə keçəndə gözünü vərəqdən çəkdi və mənə baxıb işarət barmağını silkələdi. Üçüncü səhifəyə keçəndə bir də belə elədi. Düzü, anlamadım. Görüşdən sonra başa düşdüm bu hərəkətini. Gözü zəif gördüyündən, eynək taxmasın deyə, görüşdə oxunacaq şeirlərin hamısını xüsusi olaraq böyük şriftlərlə yazmışdım. Hamısını da əlyazmalardan köçürmüşdüm. Demə bu “Royal” şeirini də atam üzünü ağlamaya köçürəndə kağızın həm üz, həm də arxa tərəfini yazıb. Mən isə yalnız üz tərəfinə diqqət yetirmişdim.
- Şeiri heyif etmisiniz ki...
- Heyif nədi, “şikəst” etmişdim. (gülür) Hardasa 1985-ci ilə qədər, əsgərliyə yollanan vaxta kimi nəşr olunan yeddi kitabını və təzə nə yazırdısa hamısını makinada üzünə köçürürdüm. Sonrakı illərdə isə təsadüflər olurdu. Çünki artıq ayrı qalırdıq. Ailəliydim. Mənim də başım pul qazanmağa qarışmışdı. Ona görə də atamın yaradıcılığından uzaq düşmüşdüm. Amma 2017-2018-ci ildə 7 cildlik külliyyatını tərtib etdim. Hərəsi 528 səhifə olan külliyyatın yeddi cildini öz vəsaitim hesabına nəşr etdirdim. Tərtibçisi, redaktoru və korrektoru da özüm oldum. Əminliklə deyə bilərəm ki, atamın 63 il ərzində yazdıqlarının 95 faizini bir yerə toplaya bildim. İstər "Nəsimi" poeması, "Səhv düşəndə yerimiz" şeiri olsun, istərsə də Leninə, Stalinə, Sovetə ithaf etdikləri əsərlər. O cümlədən hekayə, roman, publisistika, dram əsəri. Yalnız bir şeyə təəssüf edirəm ki, niyə “Nəsimi” poemasını 18 yaşında yox, 50 yaşında oxudum. Özü də, müxtəlif illərdə çıxan nəşrlərlə düz beş dəfə tutuşdurmaq şərtiylə.
- Ən çox hansı şeirlərini sevirdiniz?
- Külliyyatını çap edəndə çox şeirini sevdim. Xüsusilə də “Qoru özünü” şeirini. Onlardan yalnız “Səhv düşəndə yerimiz”i əzbər bilərəm.
- Çap olunmayan yazıları vardı?
- Nəriman Həsənzadəylə yazışması qalmışdı yalnız. Sonra onu saytlara göndərdim, çap olundu. Yazdığı bütün şeirlər öz sağlığında çap olunub. Çap olunmayan bir şeyi qalmayıb.
- Mahir müəllim, Qabil içən idi...
- Xeyr. Nə içən idi, nə də çox içən - yeyib-içən idi.
- Yəqin tez-tez onu sərxoş görərdiniz...
- “Sərxoş” mürəkkəb söz olaraq iki sözdən ibarətdir. İstənilən adam içəndə “sər”i “xoş” olur. Yoxsa ki, mey içməyin nə mənası. Atam da ömrünün son gününəcən yeyib-içməyindən qalmadı. Bundan zövq almağı bacarırdı.
- Kimlərlə oturub-dururdu? Dostları kimlər idi?
- Dostu çox idi. Əsasən şair Balasadıq, Fikrət Sadıq, Ramiq Muxtar... Ad çəkməkdə düz eləmədim... Çox idi həmpiyalələri.
- Musa Yaqubla da dost idi? Onunla maraqlı xatirəsi var...
- Musa Yaqubun parlamasına atam səbəbkar olub. Mən bilmirdim bunu. Özü bu yaxınlarda verdiyi müsahibəsində deyib. Ordan oxudum. Atam qəzetdə işlədiyi vaxtlarda Musa əmi onun yanına gəlir. Yeni yazdığı şeiri – “Bu dünyanın qara daşı göyərməz”i atama təqdim edir. Atam Musa Yaqubu çap edir. Natəvan klubunda keçirilən hansısa tədbirdə atam Musaya deyib ki, qalx ayağa o şeiri oxu. Musa Yaqub da oxuyub.
O dövrdə istedadlı gənclərə dəstək olurdular. Çünki özləri dəstək görmüşdülər. Elələri var ki, deyirlər dəstək-filan olmayıb, öz gücümüzə parlamışıq. Yalan deyirlər. İnsana hökmən dəstək olmalıdır – istər ədəbiyyatda, istər incəsənətdə, eləcə də bütün sahələrdə.
Ümumiyyətlə, yaşlı şair, yazıçılar son illər Yazıçılar Birliyinə ayaq basmırdılar. Atam elə olurdu bir gündən bir birliyə gedir, Nəbi Xəzriyə, Bəxtiyar Vəhabzadəyə də zəng edib deyərdi ki, siz də gəlin. Deyirdi, bir yerdə zəng edək yuxarılara, gənc və yaşlı yazıçıların şəxsi problemlərini həll edək. Bu yolda Anara kömək edək.
- Deyəsən, Səməd Vurğun onu Yazıçılar Birliyinə üzv edib. Maraqlı tarixçəsi var bunun. Necə olmuşdu?
- O vaxtlar Yazıçlar İttifaqına birbaşa üzv qəbul etmirdilər. Bir il namizəd olmalıydın. Namizəd olmaq da çətin idi. Atam 1944-cü ildə ədəbiyyata gəlib. Əhməd Cəmil “Ədəbiyyat” qəzetində çap edib ilk şeirini. Bundan 6 il sonra SSRİ Yazıçılar İttifaqının üzvü olub. 1950-ci ildə atam “Dostlar” adlı 700 misralıq poema yazıb. Səməd Vurğunun sədr olduğu dövrə təsadüf edib bu. Gəlib ittifaqa, icazə alıb girib Səməd müəllimin otağına. Görüb ki, o, Mirzə İbrahimov və Osman Sarıvəlliylə söhbət edir. Həyəcanla deyib ki, mən poema yazmışam. Onda atamın 24 yaşı vardı. Səməd Vurğun da deyib ki, oxu, hamımız qulaq asaq. Səməd Vurğun poemanı çox bəyənib. Elə o saat “Azərbaycan” jurnalına zəng edib çap olunması üçün. Puşkinlə Abbasqulu Ağa Bakıxanovun dostluğundan bəhs etdiyi üçün təcili rus dilinə tərcümə olunaraq “Literaturnı Azərbaycan” juranlında çap edilməsinə göstəriş verib. Tərcümə olunmuş rus variantını həm də Moskvaya göndərib ki, orda da ədəbi jurnalların birində çap olunsun. Səməd Vurğun həm də Qabili özünün zəmanətiylə, namizədlik müddəti olmadan SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul elətdirib.
- Atanız Yazıçılar Birliyindən ev almışdı?
- Yox. 1965-ci ildən 2 otaqlı, 28 kvadrat metrlik mənzildə yaşayırdı. 2003-cü ildə prezident Heydər Əliyevdən xahiş etdi. O da tezliklə təmin etdi evlə. Ona da güclə ağız açdı. Nəbi Xəzri məcbur etdi. Nəbiyə demişdi ki, bir arvaddı, bir də özüm, 28 kvadrat metr bəsimizdir. Nəbi də ona demişdi ki, al bu evi, heç olmasa Mahir yaşasın. Elə də oldu. Cəmi iki il yaşadı yeni evdə. Tabutu ordan çıxdı. İndi mən yaşayıram həmin mənzildə.
- Qabillə bağlı gülməli, maraqlı əhvalatlar çoxdu. Mətbuata danışmadığınız əhvalatları varmı?
- Hansı yadıma düşür, həmən qələmə alıram. Təzələri olan kimi bu dəfə birinci sizin saytınıza göndərəcəyəm.
- Sizlə bağlı gülməli əhvalat var?
- Var, çoxdur. Birini danışım. “Volqa”mızın dövlət nömrə nişanını dəyişdirmişdik – AZ 10 EO 545. Fikrət dayım baxıb, başladı gülməyə, soruşdu ki, bu nə nömrədir, ay Qabil, bu “EO” nədir? Atam başa düşür ki, dayım nəyəsə işarə edir. “EO”, yəni ki, eşşək oğlu. Deyir bəs, mənim nömrəm KO-dur. Belə çıxır ki, mən də köpək oğluyam? (gülüşmə) O da qayıdıb deyib, yox, sən kişi oğlusan.
- Bu cür gülməli əhvalatlardan sonra təəssüf ki, ağır suala keçmək istəyirəm. Son günlərini necə xatırlayırsınız?
- Son günlər çox da yaxşı hiss etmirdi özünü. Anam da insult olmuşdu, yataq xəstəsiydi. Öldüyü gün yaxşı bazarlıq elətdirdi mənə. Axşam şam edəndə içki istədi. Bir badə süzdüm. Əlinə götürüb “içsəm, ölmərəm ki?” deyə soruşdu. Dedim, bilmirəm. İçmədi. Yenidən qaytardı şüşəyə. Elə təzəcə yatmağa getmişdi, bir də gördük ki, geri zala qayıtdı. Darıxırdı, ürəyi sıxılırdı. Həkim tapşırmışdı mənə ki, ürəyinə çox güc salmayın. Narahat olanda dərman verin. Dərmanını içib getdi yatmağa. Üstündən beş dəqiqə keçmədi ki, “Mahir!” qışqırdı... Saat 12-yə 15 dəqiqə qalırdı. Tez qaçdım yataq otağına. Yoldaşım həkim olduğuna görə tez təzyiqini ölçdü. Əsasən yuxarı olurdu. Amma bu dəfə aşağı göstərdi. Qızım tez təcili yardıma zəng etdi. Yoldaşım ilkin yardım göstərsə də, təcili yardım özünü vaxtında çatdırsa da, xeyri olmadı. Gecə saat 12-də keçindi. Trombu “insan bədənində gizli mina” adlandırırdı. Deyirdi ki, nə vaxtsa işə düşə bilər. Elə də oldu. Bu cür ölümü həm də “xoşbəxt ölüm” adlandırırdı. Bu xoşbəxtliyi də yaşadı, getdi. Bir detalı da deyim. Ədəbiyyata 1944-cü il aprelin 4-də Ədəbiyyat qəzetində çap olunan “Gəl, baharım” adlı şeirlə gəlmişdi. Aprelin 4-ü 2007-ci ildə həyatdan köçdü.