Namus anlayışının altındakı yalan

Namus anlayışının altındakı yalan
11 mart 2020
# 11:34

Hər dəfə seks sözünü eşidəndə qulaqlarını tutan adamlar var. Lakin bu adamlar cəmiyyətə özlərini elə göstərirlər. Guya bunları seks, qadın maraqlandırmır.

Sivil dünya azad münasibətlər məsələsini həll edib. Biz də buna doğru istiqamət almışıq. Əmin olun, yeni nəsil gec, tez daşlaşmış mental dəyərləri sındıracaq, öz istədiyi həyatı yaşayacaq. Bu, onların ən təbii haqqıdır.

Zamanı qabaqlayan fikirlər və davranışlara görə həmişə ağrı-acılar, əzablar yaşanıb, qurbanlar verilib.

Feministlər bütün dünyada azad qadın modeli üçün çaba göstərirlər. Çünki bütün dünyanın buna ehtiyacı var. Xüsusən, bizim kimi inkişaf etməkdə olan və dünyəvilik yolunu tutan ölkələrin.

“Quql”da yazın, baxın, görün, il ərzində nə qədər qadın qohumları tərəfindən döyülür, təhqir olunur, öldürülür? Namus adı ilə nə qədər qanlar tökülür?

Qadına özündən kənarda kiminsə namusu kimi baxıldıqca vəziyyət belə də davam edəcək.

Qadın da bizim kimi insandır və öz müqəddəratını özü həll etmək istəyir.

Geri qalmış toplumlarda qadına təhsil, həyat yoldaşı, iş seçimi verilsə də onun üzərindən “namus nəzarəti” heç vaxt götürülmür. “Namus nəzarəti”nin götürülməsi o demək deyil ki, qadın namussuz olacaq. O deməkdir ki, qadın namuslu olmağa özü qərar verəcək, bunu heç kim üçün etməyəcək. Daha səmimi olacaq.

Şərq kişisi qadını öz müqəddəsi kimi qoruyur və problem də elə burdan başlayır. Bu, bir növ, mədəni quldarlıqdır. Qadına dəyər vermək yox, öz köhnəlmiş eqosunu təmin etmək üçün ona sahiblənməkdir.

Küçədə, metroda hər dəfə qadınları müşahidə edirəm. Necə yorğundur qadınlarımız... Necə kədərlidir...

“Ərə get, ər çörəyi ye” deyən adamların məmləkətində yaşayırıq.

“Ər evi” səadət yuvasından çox bir qaladır sanki. Bir qadın mütləq gedib ora sığınmalıdır. Yoxsa, başına min oyun gələr.

Bizim qadına tək yaşamaq hüququnu qanun verir, amma biz vermirik. Qorxuruq. Demək, cəmiyyətimiz bu qədər təhlükəlidir. Qadın təkdirsə, mütləq başına bir iş gələcək, namusunu əldən verəcək, camaatın içində bizi, məhz bizi biabır edəcək.

Halbuki, bildiyini edən çoxlu qadınlar var. Amma bu, gizlin olmalıdır. Gizlində edilən “qələt”in problemi yoxdur. Aşkara çıxdısa, iş əngəldir. Çox zaman namus-qeyrət məsələlərində də səmimi olmuruq. Eynən, “Bir cənub şəhərində” filmində Həsən Məmmədovla Eldəniz Zeynalovun qəhrəmanları kimi.

İnkişafımız, irəli getməyimiz mütləq şəkildə çürüməkdə olan ənənələrdən əl çəkməliyik. Arvaddan qadına, qadından vətəndaşa keçməyi bacarmalıyıq.

# 2920 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #