Kulis.az "Hekayə günü"ndə məşhur rus yazıçı Viktor Pelevinin "Ziqmund kafedə" hekayəsini təqdim edir.
Bu bütlərin hamar daş üzləri arxasında
çox vaxt yarıq və boşluqlardan
ibarət labirintlər olur ki,
oraya müxtəlif növ quşlar sığınırlar.
Jozef Levender, “Pasxa adası”
Nə vaxtsa Venada qışın bu qədər soyuq keçdiyini xatırlaya bilmirdi. Hər dəfə qapı açıldıqda və içəri soyuq hava buludu daxil olduqda yüngülcə tükləri ürpəşirdi. Uzun müddət müştərilər gözə dəymirdi və Ziqmund bu arada qocasayağı mürgüləməyə vaxt tapmışdı, bax qapı yenə də çırpıldı və o başını qaldırdı.
Kafeyə iki yeni müştəri daxil oldu – bakenbardlı bəy və uzun şinyonlu xanım. Xanım əlində uzun sivri uclu çətir tutmuşdu. Bəy parlaq xəzlə haşiyəli, ərimiş qar dənəciklərindən azca nəmlənmiş xudmani qadın çantası daşıyırdı.
Onlar asılqanın yanında dayandılar və soyunmağa başladılar – kişi şlyapanı çıxardı, qarmaqcıqdan asdı, sonra şlyapanı asılqanın yuxarısında divardan çıxmış uzun taxta qozalardan birinə keçirmək istədi, amma əyri atdığından şlyapa əlindən çıxaraq döşəməyə düşdü. Kişi nəsə mırıldandı, şlyapanı götürdü, axır ki, qozadan asa bildi, xanıma kürkü çıxartmağa kömək edərək arxasında vurnuxmağa başladı. Kürkdən yaxasını qurtaran xanım iltifatla gülümsədi, ondan çantanı aldı və qəfildən üz-gözünü turşutdu - çantanın ağzı açıq qaldığından içinə qar dolmuşdu. Xanım kürkü çıxararaq çantanı çiyninə keçirdi, nədənsə çətiri, dəstəyini aşağı çevirərək küncə dayadı, kavalerinin qoluna girərək onunla zala daxil oldu.
- Aha,- Ziqmund astadan dedi və başını buladı.
Divar ilə barın piştaxtası arasında, bakenbardlı bəylə yoldaşının yanaşdıqları masanın yaxınlığında kafe sahibəsinin uşaqlarının qurdalandıqları - səkkiz yaşlarında oğlan üzərində qara rombları olan enli bəyaz sviter, ondan bir azacıq kiçik qız isə tünd paltar və zolaqlı yun reytuz geyinmişdi - balaca boş yataq var idi. Onların yaxınlığında yerdə kubcuqlar və yarıboş rezin top vardı.
Uşaqlar özlərini çox sakit aparırdılar. Oğlan yanları əlvan şəkilli bir təpə böyük kubcuqlarla qurdalanırdı – o bunlardan ön divarı bacalı, olduqca qəribə formalı ev qururdu - baca çox geniş çıxdığı və yuxarı kubcuq böyürdəkilərin çatlağına düşdüyü üçün qurğu elə hey uçulurdu. Hər dəfə kubcuqlar dağıldıqda, oğlan bir müddət dərdli-dərdli çirkli barmağıyla burnunu eşələyir, sonra inşaata yenidən başlayırdı.
Qız qarşıda, eləcənə döşəmədə əyləşib xüsusi maraq göstərmədən qardaşını seyr edə-edə bir yığın xırda pulla qurdalanırdı, o gah onları döşəməyə düzür, gah da bir yerə qalaqlayır və altına dürtüşdürürdü. Tezliklə bu uğraş onu darıxdırdı, o dəmir pulları bir tərəfə buraxıb yana əyildi, yaxınlıqdakı stulun ayaqlarından tutub özünə tərəf çəkdi və stulun ayaqlarıyla yüngülcə topu itələşdirərək döşəmə boyu hərəkət etməyə başladı. Bir dəfə təkan hədsiz möhkəm çıxdı, oğlan üzərində portağallı budaq və yanğın qülləsi təsviri olan sonuncu kubcuğu qurğunun kəlləsinə qoyurdu ki, top onun səmtinə diyirləndi və amana məəttəl qurğu döşəməyə dağıldı. Oğlan başını qaldırdı və bacısını yumruğuyla hədələdi, qız da cavabında ona dil çıxartdı – qız dilini çıxarılmış vəziyyətdə o qədər saxladı ki, yəqin bu müddətə dilini ətraflı şəkildə gözdən keçirtmək olardı.
- Aha, - Ziqmund dedi və nəzərlərini bakenbardlı kişinin və xanımının üzərinə gətirdi.
Onların məzələri artıq verilmişdi. Bəy balaca gümüş bıçaqla əminliklə istridyələrin çanaqlarını aralayaraq, onları udur və gülümsəyib başıyla razılıq bildirərək şampinyonları ağzına aparan yoldaşına - o iki tirəli çəngəllə boşqabdakı şampinyonlardan bir-bir götürüb qatı, sarı sousa batırmamışdan öncə diqqətlə gözdən keçirirdi - nəsə deyirdi. Sonra bəy butulkanın boğazıyla stəkanın qırağını cingildədə-cingildədə özünə bəyaz şərab süzdü, içdi və şorba olan nimçəni özünə sarı çəkdi.
Ofisiant yaxınlaşıb içində uzun, qızardılmış balıq olan boşqabı stolun üstünə qoydu. Xanım balığa baxıb qəfildən ovcunu alnına çırpdı və kavalerinə nəsə deməyə başladı. O da gözlərini qaldırıb bir müddət xanıma qulaq asdı və etimadsızlıqla əzilib büzüldü, sonra bir stəkan da şərab içdi və çeçələ barmağıyla adsız barmağı arasında tutduğu konus şəkilli müştüyə səliqə ilə siqaret taxmağa başladı.
- Aha! - Ziqmund dedi və sahibəylə qüvvətli ofisiantın durduqları zalın uzaq küncünə zilləndi.
Ora qaranlıq idi, daha doğrusu, qalan künclərdən azca qaranlıq idi - tavandan asılmış kiçik lampa yanmışdı. Sahibə koppuş əllərini böyrünə dayayıb yuxarıya baxırdı – bu sayaq duruşundan və rəngbərəng ziqzaqlı döşlüyündən antik amforaya oxşayırdı.
Ofisiant hazırda boş masanın yanında dayanan uzun asma nərdivanı artıq gətirmişdi. Sahibə nərdivanın möhkəmliyini yoxlayaraq fikirli halda başını qaşıdı və ofisianta nəsə dedi. O da çöndü və barın piştaxtasına sarı getdi, arxasına burulub əyildi və bir müddət tamamilə görünməz oldu. Bir dəqiqə sonra o dikəldi və sahibəyə nəsə uzanmış işıldayan bir şey göstərdi. Sahibə qətiyyətlə başını əydi və ofisiant onun yanına qayıtdı, tapılmış fənərciyi yuxarı qaldırdığı əlində tutaraq sahibəyə uzatdı, lakin o narazı şəkildə başını bulayıb barmağıyla döşəməni göstərdi.
Döşəmədə boş masanın yanında böyük kvadrat kəpəng var idi. O demək olar ki, görünməz idi, qapağı da bütün döşəmə kimi parket romblarla döşənmişdi və onun varlığını ancaq çəlpəşik parket naxışlarını kəsib keçən nazik misdən olan ikiqat köbədən və ağacın içinə salınmış mis həlqədən bilmək olardı.
Səliqə ilə şalvarını dizlərinə qatlayaraq ofisiant çömbəldi, halqadan yapışaraq güclü bir hərəkətlə kəpəngi açdı. Sahibə azca üz-gözünü büzüşdürdü və üst-üstə aşırdığı ayaqlarının yerini dəyişdi. Ofisiant sualedici nəzərlərlə ona baxdı, sahibə yenə qətiyyətlə başını yellədi və o aşağı endi. Görünür döşəmənin altında gödək pilləkən vardı, çünki o qara kvadratın dərinliklərinə hər biri görünməz pillələrə uyğun gələn xırda sıçrayışlarla dalırdı. Əvvəlcə o özü qapağı tutmuşdu, lakin kifayət qədər dərinə düşdükdə sahibə yardıma gəldi – qabağa əyilərək o iki əliylə qapağın burnundan tutdu və gərgin şəkildə həmkarının itdiyi qara dəliyə marıtlandı.
Bir müddət sonra ofisiantın əməllicə toza və hörümçək toruna bulaşmış gödəkcəsi döşəmənin səthində göründü. Bayıra çıxaraq o qətiyyətlə kəpəngi bağlayıb nərdivana doğru addımlasa da, sahibə jestlə onu durduraraq çevrilməyini istədi. Sahibə ciddi-cəhdlə gödəkcəni çırpıb ondan lampanı aldı, şüşə koletin üstünə ho eləyib, sonra ovcunu bir neçə dəfə ehmalca üstündə gəzdirdi. Nərdivana sarı gedərək ayağını lap aşağı pilləyə qoyub gözlədi ki, ofisiant nərdivanın böyründən tutsun və yuxarı dırmaşdı.
Yanmış lampa uzun naqildən sallanan ensiz şüşə abajurun içində yerləşirdi deyə çox da hündürə dırmaşmaq lazım gəlmədi. Beş, ya da altı pillə qalxdıqdan sonra sahibə əlini abajurun içinə salıb lampanı buraraq çıxartmağa çalışdı, amma lampa çox bərk bağlandığı üçün abajur da naqillə birlikdə burulmağa başladı. Onda o da dodaqlarıyla ehtiyatla yeni lampanın sokolundan sıxaraq ağzında saxladı və ikinci əlini qaldırıb abajurun kənarından yapışdı; bundan sonra iş tez getdi. Yanmış lampanı açaraq döşlüyünün cibinə soxdu və yenisini bağlamağa başladı. Qüvvətli əlləriylə nərdivanı sıxmış ofisiant heyranlıqla sahibənin koppuş ovuclarının hərəkətlərini izləyərək, hərdənbir dilinin ucunu qurumuş dodaqlarında gəzdirirdi.
Birdən tutqun abajurun altından işıq közərdi, ofisiant diksinərək gözlərini qıydı və bir anlıq qolları boşaldı. Nərdivanın layları ayrılmağa başladı; sahibə əllərini yellətdi və az qaldı ki, yerə uçsun lap axırıncı anda ofisiant nərdivanı saxlamağı bacardı; sahibə inanılmaz cəldliklə üç, ya dörd pillə ötürüb qorxudan rəngi qaçmış halda parketə tullandı və həmkarının sakitləşdirici ağuşunda taqətsiz donub qaldı.
- Aha! Aha! – Ziqmund bərkdən dedi və masa arxasındakı cütlüyə sarı boylandı.
Şinyonlu xanım çərəzə keçməyi bacarmışdı – əlində enli tərəfindən xırda-xırda dişlədiyi uzunsov kremli çubuq var idi. Ziqmund ona baxan vaxt xanım da elə bir az böyük porsiya dişləməyə hazırlaşırdı - çubuğu ağzına salıb dişləriylə sıxdı və qatı bəyaz krem qızılı rəngli qutucuğu yarıb pirojnanın arxa hissəsindən bayıra fışqırdı. Bakenbardlı bəy bir göz qırpımında reaksiya verdi və pirojnadan çıxmış krem protuberansı süfrəyə tökülmək əvəzinə qayıqcıq elədiyi ovcuna düşdü. Xanım qaqqanaq vurdu. Bəy kremli ovcunu ağzına sarı apardı və bir neçə dəfə yaladı, bununla yoldaşını növbəti dəfə güldürdü - o hətta pirojnanı axıra çatdırmadan içində balıq sümüyü olan nimçəyə tulladı.
Bəy kremi yaladıqdan sonra xanımın masanın üzərindəki əlini tutdu və məhəbbətlə öpdü, o isə qarşısındakı qədəhi qaldırıb qızılı şərabdan bir neçə qurtum vurdu. Bundan sonra bəy yeni siqaret çəkdi - onu qırmızı konus şəkilli müştüyə taxaraq bir neçə balaca qullablar vurdu, sonra da həlqələr buraxmağa başladı.
Şübhəsiz o bu çətin sənətin mahir ustası idi. Əvvəlcə o kənarları dalğavari bir dənə böyük göyümtül həlqə buraxdı, sonra birincisinin içindən keçərək qətiyyən ona toxunmayan bir az balacasını. Havada əlini qabağında yellədərək tüstü konstruksiyasının hamısını dağıtdı və bu dəfə bir-birinin üstündə asılaraq əsl səkkiz əmələ gətirmiş eyni ölçüdə iki yeni həlqə buraxdı. Onun yoldaşı qeyri-iradi nazik taxta sancağı nimçədəki balığın başına batıra-batıra maraqla olanları seyr edirdi.
Bir dənə də dərin yüngül tüstü alıb bəy iki nazik uzun burum buraxdı - biri yuxarıdakının, digəri aşağıdakının içindən keçərək bir-biri ilə toqquşub tünd göyümtül buruma qarışdılar. Xanım əl çaldı.
- Aha! – Ziqmund ucadan dedi və bəy çevrilərək maraqlı nəzərlərlə onu süzdü.
Ziqmund yenə də uşaqlara baxmağa başladı. Görünür onlardan hansısa macal tapıb yeni oyuncaqlar gətirmişdi. İndi ətraflarında kubcuqlardan və topdan başqa dağılmış kuklalar və biçimsiz rəngli plastilin dilimləri də düşüb qalmışdı. Oğlan bayaqkı kimi kubcuqlarla qurdalanırdı, ancaq daha onlardan ev deyil, üstündə bərabər aralıqlarda qalaydan qayrılmış qırmızı plümajlı əsgərlər dayanmış uzun alçaq divar tikirdi. Divarda hər birinə biri bayırdan, qalan ikisi içəridən olmaqla üç əsgərin keşik çəkdiyi bir neçə keçid qoyulmuşdu. Divar yarımdairə şəklində idi və əhatə elədiyi məkanın mərkəzində səliqə ilə dörd ədəd kubcuqdan qurulmuş altlığın üzərində top yerləşirdi – o döşəməyə toxunmadan yalnız kubcuqların üstündə dayanmışdı. Qız arxası qardaşına əyləşmişdi və arabir dalğın-dalğın balaca sarıbülbül müqəvvasının quyruğunu dişləyirdi.
- Aha! – Ziqmund narahatlıqla bağırdı. – Aha! Aha!
Bu dəfə təkcə bakenbardlı bəy deyil (o və onun yoldaşı artıq asılqanın yanında dayanmış və geyinirdilər), uzun ağacla pəncərə pərdələrini düzəldən sahibə də əyri-əyri baxdı. Ziqmund baxışlarını sahibəyə, sahibədən də bir neçə rəsm əsəri - ay və mayak təsviri olan bayağı bir marina və bura haradan düşdüyü müəmmalı olan avanqard tablo – üstdən görünüşlü iki açıq royal, içlərində isə ikisi də qəribə uzun qulaqlarla verilmiş ölü Bunyuel və Salvador Dali- asılmış divara çevirdi.
- Aha! – Ziqmund var qüvvəsi ilə çığırdı. – Aha! Aha! Aha!!!
İndi ona hər tərəfdən baxırdılar və təkcə baxmırdılar. Bir tərəfdən sahibə əlində uzun ağacla, o biri tərəfdənsə əlində şlyapa tutmuş bakenbardlı bəy ona yaxınlaşırdılar. Sahibənin sifəti həmişəki kimi qaraqabaq idi, bəyin sifəti isə əksinə, canlı maraq və riqqət ifadə edirdi. Sifətlər yaxınlaşırdılar və tezliklə Ziqmundun gözünün qabağını bütünlükdə kəsdilər, belə ki, Ziqmund özünü bir az pis hiss elədi və hər ehtimala qarşı yumaq kimi yumuldu.
- Sizin necə də qəşəng tutuquşunuz var, - bakenbardlı bəy sahibəyə dedi. – Bəs daha hansı sözləri bilir?
- Çox şey bilir, - sahibə cavab verdi. – Hə, Ziqmund, bizə yenə nəsə de.
O əlini qaldırdı və yoğun barmağının ucunu çubuqların arasına soxdu.
- Ziqmund, afərin, - Ziqmund işvəkarcasına dedi və hər ehtimala qarşı şüvüllə qəfəsin uzaq küncünə çəkildi, - Ziqmund ağıllıdır.
- Ağıllı olmağına ağıllısan, - sahibə dedi,- ancaq bütün qəfəsini batırmısan. Təmiz yer yoxdur.
- Yazıq heyvana qarşı bu qədər sərt olmayın. Bu ki, onun qəfəsidir, sizin deyil, - bakenbardlı bəy saçlarını tumarlayaraq dedi. – Özü də bilər.
O anda da ehtimal ki, hansısa vulqar barmen xanımla olan söhbətindən sıxıldı. Bəy şlyapasını geyərək ciddi görkəm aldı və dönərək qapıya sarı getdi.
Tərcümə: Mirmehdi Ağaoğlu