Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Elçin Tarverdiyev İlhamın “Yazılmamış hekayə” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Otaqdakı səssizliyi sadəcə saatın əqrəbləri pozur. Saniyələr dəqiqələri, dəqiqələr isə saatları şüursuzcasına təqib eləyir. Ləmpə az da olsa otağı aydınladır. Otaq çox sakitdir və bir o qədər də səliqəsiz. Otaqın ortasında bir masa və masanın hər iki tərəfində qarşı-qarşıya iki oturacaq var. Cəlal əlində qələmi, qarşısında kağızı sakitcə oturacaqda oturub. Amma Cəlalın qarşısında da biri var. 70 yaşının verdiyi yorğunluq, bezginlik onun simasında büruzə verirdi. Qarşısındakı isə sanki ondan daha solğun idi, daha rəngsiz, daha bezmiş. Cəlal qarşısındakına baxmağa utanırdı. Onun ilə göz-gözə gəlməyə çəkinirdi. Buna baxmayaraq qarşısındakı Cəlala heç çəkinmədən baxırdı. Cəlaldan fərqli olaraq qarşısındakı utanmırdı. O, yorğun gözlərini Cəlalın izdirab dolu simasına zilləmişdi. O solğun dodaqları ilə ancaq təbəssüm edirdi. Cəlal isə sonuncu dəfə nə vaxt təbəssüm etdiyini xatırlamır. Qırışmış üzünün təbəssüm etməyə belə taqəti qalmayıb. Qarşısındakı da ən az Cəlal qədər solğun və durğun idi, ancaq buna baxmayaraq o təbəssümünü gizlətmirdi. Cəlal isə başını aşağı əymiş və sakitcə oturmuşdu. Cəlal gözlərini sadəcə qabağındakı kağıza və o kağızın yanındakı qələmə zilləmişdi.
Bu gün nə isə yazmağa qərar vermişdi. O bu alışqanlığına ta uşaqlıqdan bələtdir. Yazı yazmaq, nəyi isə cızma-qara eləmək onun xoşladığı bir alışqanlıqdır. Ancaq Cəlal ən axırıncı dəfə haçan yazı yazdığını unudub. Asıq üzlə elə sadəcə kağıza baxır. Bir ara başını divardakı saata döndərdi. Saat birə on dəqiqə qalırdı. Çöldə zülmət qaranlıq var idi. Bu qaranlıq sadəcə küləyin işinə yarayırdı. Çöldə narın-narın yağış yağırdı. Külək isə bu yağış damlalarını Cəlalın evinin pəncərəsinə zövqlə çırpırdı. Cəlal təkrar gözlərini kağıza zillədi. Qələmi əlinə aldı. Yazmağa cəhd elədi, amma alınmadı. Cəlal düşünə bilmirdi. Nə yazacağını bilmirdi. Cəlal qarşısındakının ona necə də zövqlə təbəssüm etdiyini hiss eləyə bilirdi. Onun təbəssümü Cəlalı daha da ümidsizliyə sövq edirdi. Cəlal qələmi astaca masaya qoydu və istədi gözlərini qaldırıb qarşıya, onun təbəssüm dolu üzünə baxsın. Ancaq göz qapaqlarını tərpədə bilmədi. Qarşıdakı danışamağa başladı:
- Cəlal, ikimiz də bilirik ki, sən düşünə bilmirsən. Sən yazı yazmağı unutmusan. Sən uşaqlıqdakı Cəlal deyilsən. Sən o deyilsən.
Cəlal boş gözlərlə kağıza baxırdı. Arabir də qələmə. Qarşısındakına inad olaraq qələmi yenə əlinə aldı. Kağıza yaxınlaşdırdı və durdu. Kağıza bir neçə damcı düşdü. Əli ilə tez gözlərini sildi. Sanki qarşısındakının bunu görməsini istəmirdi.
- Cəlal, inad eləmə. Sən o deyilsən. Sənə bir təklifim var. Bax mən yaza bilmirəm, mənim əllərim yoxdur. Mən sadəcə düşünürəm. Gəl mən düşündüklərimi deyim sən də yaz.
Cəlal başını yenə saata döndərdi. Saat ikiyə beş dəqiqə işləyirdi. Küləyin pəncərəyə vurması Cəlalın xoşuna gəlirdi. Cəlal razılıq əlaməti olaraq başını buladı və qələmi əlinə alıb bütün diqqətini qarşıya yönəltdi.
- Uşaqlığımda ailəmə çox bağlı biri idim. Ailəmdə məndən başqa övlad yox idi. Ata, anam məndən heç vaxt qayğılarını əsirgəməzdi. Ən xoşbəxt olduğum anlar ata, anamla bərabər gəzməyə çıxdığım vaxtlar idi. Ancaq anamı atamdan daha çox istiyərdim. Uşaq ikən mənə sual veriləndə ki,ananımı daha çıx istəyirsən yoxsa atanı? Düşünmədən anamı deyərdim. Anamın qara uzun saçlarına vurulmuşdum. Hər gecə anamın saçalarını sığallayardım. Bu vaxt mən 11,12 yaşlarında olardım. Anamın bir də gözləri çox gözəl idi-tünd qəhvəyi. Mənim də gözlərim o rəngdir. Səhv anlama bu o demək deyil ki, atamı sevmirdim. Atamı da sevirdim, amma anam ilk öncə gəlirdi. Anamla uşaq ikən tez-tez şəkil çəkərdik. Mən şəkil çəkməyi bacarmazdım. Özüm üçün cızma-qara bir şeylər edərdim. Ancaq anam çox gözəl şəkil çəkərdi. Bəzən anam şəkil çəkəndə oturub onu izləyərdim. Anam çox narin və bir o qədər də zərif idi. Barmaqları incə və uzun idi. O zərif barmaqları ilə bəzən burnumu çəkərdi. Bəzən də yanaqlarımdan dişləyərdi. Mən isə əllərimlə anamın hər iki yanağından tutar dartardım. Bəzən anamla burunlarımızı bir-birinə toxundurardıq. İlk sevdiyim qadın anam olub. Atam isə çox vaxt işdə olurdu. Sadəcə axşamlar evə gəlirdi. Atamla da top oynamağı xoşlayardım. Ancaq çox az oynayardıq. Atam işdən gəlib yemək yedikdən sonra çox vaxt yatardı. Atam işdə olanda isə bütün günümü anamla keçirdərdim...
Qarşıdakı deyir Cəlal isə dayanmadan yazırdı. Bir ara Cəlal durdu. Boş gözlərlə kağıza baxdı. Qələmi masaya qoyub dərindən nəfəs aldı. Qarşısındakının ona maraqlı gözlərlə baxdığını hiss eləyə bilirdi. Qarşıdakı da danışmağını dayandırmışdı. Bir müddət sakitlik oldu otaqda. Sadəcə saatın əqrəbləri asta-asta səs çıxardırdı. Cəlal qələmi təkrar əlinə aldı. Qarşıya baxmadan "davam elə" deyə bildi. Qarşıdakı yorğun gözlərini pəncərəyə zilləyib danışmağa başladı.
- Həmişə olduğu kimi bir gün yenə axşam yeməyində masada bərabər oturmuşduq. Yaz olmasına baxmayaraq qara buludlar hələ də dünənmiş kimi ağlımdadır. Bərk yağış yağırdı. Anam dolma bişirmişdi. Yarpaq dolması atamın ən çox xoşladığı yemək idi. Ancaq atamın həmin gün heç işdahı yox idi. Sadəcə bir, iki dolma ağzına atdı. O gün atam bir az da içkili idi. Hövsələsiz elə yeməyə baxırdı. Anam mənə baxır dolmaları necə iştahla yediyimə təbəssüm eləyirdi. Atamın hövsələsiz olduğunun fərqinə varmışdı.
- Kamal, niyə yemirsən? Deyəsən xoşlamadın bu dəfəki bişirdiyimi?
Atam anamı eşitməməzlikdən gəldi və yeməyə baxmağa davam elədi.
- Kamal, nolub sənə bü gün? Evə gələndən qanı qarasan.
Atam gözünü belə qaldırmadı. Ancaq qaşlarını daha da çatdı. Əlindəki çörəyi masaya qoydu.
- Sənlə deyiləm, Kamal?
- Leyla, bezdirmə, əl çək! Görürsən cavab vermirəm, bir şeyi əlli dəfə təkrarlayırsan.
- Burda qışqırası heç nə yoxdu, Kamal. Sadəcə niyə hövsələsiz olduğunu soruşdum. İşdə kiməsə hirslənib gəlib acığını mənim üzərimə tökmə.
Bir anda masada gərginlik yarandı. Təəccüblə ana, atama baxırdım. Bir az da qorxmuşdum. Hər ikisi səsini ucaldıb danışırdı.
- Heç kimin acığını sənin üzərinə tökmürəm. Yorğunam və sən bir şeyi durmadan təkrarlayırsan. Bu da məni qıcıqlandırır.
Atam gec əsəbləşən biri idi. Ancaq əsəbləşəndə gözü heç nəyi görməzdi.
- Mən sənin sevdiyin yeməyi hazırlayım,sən isə gəl iş yoldaşlarının acığını mənə tök. Mən də evdə yoruluram.Ev işi görmək asan deyil.
- Yenə təkrarlayırsan! Yenə! Yenə! Heç kimin açığın sənə tökmürəm. Uzatma, Leyla, uzatma!
Atamın səsi daha da ucadan çıxmaqa başladı. Atama əsəbilik olmazdı. Bunu həkim demişdi. Çox əsəbiləşdiyi zaman özündə olmur və düzgün qərarlar verə bilmirdi. Atam çox əsəbiləşəndə sağ əli asməyə başlayardı. Atamın çox az hirsləndiyini görmüşdüm. Hətta bir neçə dəfə hirslənib anamı döymüşdü. Anamın isə burnu qırılmışdı. Ancaq çoxdandı atam hirslənmirdi. Bugün niyəsə sözləri düz gətirmədi. Məni heç veclərinə almırdılar. Sadəcə bir birilərinə nifrətlə baxıb qışqırırdılar. Çöldə də ildırım çaxırdı. Külək yağışı gətirib pəncərəyə çırpırdı. Heç bir gün o gün qədər uzun gəlməmişdi mənə.
- Qışqırma üstümə, Kamal! Qabaqında uşaq yoxdu. Düşüncəsiz insansan. Onsuz da bir neçə aydı ailənlə düz-əməlli maraqlanmırsan. Hər dəfə görməməzlikdən gəlməyə çalışıram, ancaq bəsdir! Sənin bir ailən var. İçki dostlarınla bizdən daha çox maraqlanırsan.
Bir anda hər ikisi dayandı. Sadəcə nifrət dolu baxışlar və bir də tez-tez alınan nəfəsi hiss edə bilirdim. Yağış pəncərəyə zövqlə vururdu. Ara bir isə ildırım çaxırdı. Qorxu dolu gözlərlə olub bitəni izləyirdim. Atamın sağ əli əsməyə başladı. Anamın gözləri atamın sağ əlinə zilləndi. Ancaq anam geri addım atmayacaqdı. Çünki gözlərini təkrar atamın gözlərinə zillədi .Atam cavab vermədi. Haqsız olduğunu qəbul elədi zənn elədim. Əsəbi şəkildə anama baxırdı.
- Neçə aydı öz uşağınla maraqlanmırsan. Uşağın vəziyyəti necədi, dərsləri necədi sənin üçün maraqlı deyil! Sadəcə özünü düşünürsən. Hə, bir də içki dostlarını. Evi bir neçə aydı otel kimi istifadə eləyirsən. Arvadınla maraqlanmırsan. Arvadın hara gedir, hardan gəlir sənin üçün maraqlı deyil. Kişiliyin harda qaldı bəs?!! Belə kişiliyi hər kişi eləyər. Ailənin qeyrətini çək, içki dostlarının yox !
Sanki neçə ayın açığını çıxırmış kimi anam son cümlələrini çox ucadan və hirsli dedi. Gözləri isə atamın gözlərində idi. Arabir o gözlər atamın əsən sağ əlini ilişirdi. Atam masadan qalxdı. Hirsli bir şəkildə mətbəxə getdi. Qalxarkən oturduqu stulu yerə tulladı.
- Kişiliyin harda qaldı! Sadəcə qaçmağı bilirsən.
Cəlal yazarkən yavaş-yavaş əllərinin titrədiyini hiss elədi. Ürək döyüntüləri sürətlənmişdi. Qələmi kağızın yanına tulladı. Qarşıdakı da dayanmışdı. Cəlal qarşıdakının danışarkən səsinin titrədiyini hiss elədi. Cəlal astaca ayağa qalxdı. Yavaş-yavaş pəncərəyə doğru gəldi. Yağış kəsmişdi. Ancaq çöl zülmət qaranlıq idi. Qaranlığı bir müddət seyr elədi. Nə isə axtarırdı orda. Tapa bilməməyin verdiyi ümidsizliklə masaya təkrar qayıtdı. Yerində oturdu. Qarşıya baxa bilmirdi .Elə sakitcə oturmuşdu. Özünü toxdamağa çalışırdı. Sanki nəyə isə hazırlıqsız idi. Ürəyinin tab gətirməyəcəyini his eləyirdi, arxasını yaza bilməyəcəyini his eləyirdi. Bir neçə saniyə kağıza baxdı. Qələmi əlinə aldı. Qarşıdakı davam elədi:
Hər şey bir anda oldu. Atam sürətlə mətbəxdən qayıtdı. Əlində bıçaq var idi. Yerimdən qalxdım. "Ana" deyə qışqıra bildim. Sora gözlərimi yumdum. Anamın qışqırmağını sadəcə eşidə bildim. Sadəcə "Cəlal" deyə bildi .Sadəcə "oğlum" deyə bildi. Gözümü açmaqa qorxurdum. Bir anda sakitçilik oldu...
"Tap" deyə səs eşidildi. Cəlal gözlərini açdı. Qələm yerə düşmüşdü. Qələmin səsinə ayıldı. Qələmi yerdən götürdü, qarşıya baxdı. Orda heç kim yox idi. Gözlərini kağıza zillədi, kağız isə bomboş idi...