Kulis.az “Hekayə müzakirəsi” layihəsindən ədəbiyyat adamlarının Ulucay Akifin "Cin dərəsi" hekayəsi haqda fikirlərini təqdim edir.
Elnarə Akimova:
"Ulucay Akifin “Cin dərəsi” hekayəsi müxtəlif hadisə-obraz, işarə-eyham, təsvir-detalları uğurla yanaşı gətirən mətndir. Dinamik-analitik mündəricəyə malikdir, hər şey obrazın yaşamında əyaniləşir, hekayənin qayəsini də həmin yaşamdan alınan təəssürat müəyyənləşdirir. Mətnin mürəkkəb dolambacları içrə görünən əsas xətt Məhəmməd və İsanın münasibətinə bağlanır. Sakral müstəvidən dostluğa, dostluqdan bıçaqlanma aktına, sonra on illik ayrılığa və təkrar Cin dərəsində görüşə qədər qət edilən bu uzun yol Məhəmmədin yuxusunda, yazıçı təhkiyəsinin oynaq tonu ilə əyaniləşir. Müəllif yuxu situasiya və prinsiplərini mətnin toxumasına uğurlu şəkildə daxil edir. Yuxunun obrazlı və emosional dinamikası hekayənin konstruksiyasında qabarıq verilir. Hadisələr reallıqla irreal dünyanın qovuşuğunda nəql olunsa da, daha çox personajın gözlərini yumduğu, yəni yuxuya daldığı zaman modulunda baş verir. Hər şey burada sakrallaşır, hətta ən adi, mənasız anlayışlar belə yuxu məkanında mistik örtüyə bürünür. Bu, həm də hekayə texnikasında qurulan oyunla, Ulucayın əvvəldən seçdiyi fəndlə bağlıdır. Belə ki, şərti-metaforik qatda başladığı hekayəni yazıçı realist təhkiyəyə əsaslanan materialın təqdimi ilə bitirir. Amma bu başlanğıc, yəni hekayəni başladığı intonasiya onun sonrakı gedişatına, təhkiyəsinə təsir edir. Bədii bütövlük sona qədər qorunur və mətnin üslubunda möhürlənir. Bu, hekayənin əsas məziyyətindən biridir.
Yazıçı mətnini, əslində, Məhəmməd obrazı üzərində qurur. Məhəmməd sanki iki dünyanın hüdudunu şərtləndirir, hekayədə daim yuxulu vəziyyətdə təsvir edilməsi obrazın “o dünya” ilə “bu dünya” arasında mediumluğuna işarə sayılır. Ümumiyyətlə, hekayəni zəngin işarələr-siqnallar mənbəyi saymaq olar. Qollarını yana açmış İsa obrazı, İsanın paltarından süzülən, yerə tökülməyən, Məhəmmədin burnundan açılan, yatağında görmədiyi bir damcı qan detalı, hekayənin əvvəli və sonunda mətnə uğurla daxil edilən bıçaqlanma məqamı, bakirəliyi kim tərəfindən pozulduğu məlum olmayan Leyla obrazı, Məhəmmədin din yolunu, İsanın həkimlik sənətini seçməsi, özündən gedən Məhəmmədə su və xurma verilməsi və s. Mətndəki bütün bu adların, tilsim-kodlaşmanın motivasiyasını, funksionallığını görmək mümkündür. Məncə, müəllif hekayədə dini məqamların, ilahi həqiqətlərin idrakını verməyi məqsəd seçməyib, daha çox adların, obrazların mistifikasiyasını verməyə çalışıb, etiraf edək ki, bunun bədii enerjisinin duyulmasına da nail olub.
Yazıçı Məhəmmədin Musanın həyətindəki taxtda uzadılması amilini dəfələrlə təkrar edir. Musa qəhrəmanın yuxusu ilə oyanmasının arasında duran səddir. Həm də Leyla ilə Məhəmmədi, Məhəmmədlə İsanı birləşdirən ortaq xətt, körpüdür (!). Körpüdə olanlardan hali olması ilə isə yazıçı ona sakral dəyər qazandırır:
“– İsanı gördüm. – Məhəmməd ancaq Musa kişinin eşidəcəyi səslə dedi.
– Körpünün üstdə? – Musa kişi qaşlarını çatıb soruşdu. Sualından narahatlıq hiss olundu.
Məhəmməd təəccübünü gizlədə bilmədi. Axı Musa kişi hardan bilmişdi ki, o, İsanı körpünün üstdə görüb?
– Yəqin İsanın başında qovğa var... – Musa kişi sözünü bitirməmiş Məhəmməd bir də özündən getdi”.
Hekayədə Rüfət daha çox şeytan metaforasını təmsil edir, insan ruhundakı şeytanı üzə çıxardan obraz kimi təcəssümlənir. Aydındır ki, dini anlamların önə keçdiyi mətndə demonizm motivinə də yer olmalıdır. Bütün adlara simvolik mətləblər yükləyən müəllif bu adın mündəricəsini verməsə də qarşısına artırdığı Təkgöz ayaması ilə obrazın mətndəki “fəlsəfəsinin” haqqını ödəmiş olur. Demonik varlıq sayılan Təpəgözə işarə kimi yaradılan Təkgöz Rüfəti tələsik ritm və çevikliklə gedişata pərçim edən müəllif onun iblis metaforasını yansıdan təbəssümünə belə vurğu salmadan keçinmir: “...üzündə təbəssümlə onların masasına yaxınlaşdı, “ İsa ilə salamlaşanda daha uzun baxdı onun gözlərinə, daha çox gülümsədi”.
Son hissələrdə müəllif dekorasiyalarda ekspressiya yaratmaq, predmetlərin hərəkətliliyini göstərməklə, həmçinin psixoloji rakurs və mizanlarla əndişə duyğusunun ötürülməsinə nail olur: “Hamı yoxa çıxmışdı kafedən. Təkcə üçü qalmışdı: Məhəmməd, İsa və Təkgöz Rüfət... Təkcə kafedəki adamlar yox, əşyalar da yavaş-yavaş yoxa çıxırdı. Masadakı qablar, çəngəllər, qaşıqlar, bıçaqlar, duz-istiot qabı... Hər şey bir-bir qeybə çəkilirdi. Stollar, stullar, külqabılar, sərinkeş... Kafe boşalırdı yavaş-yavaş... Təkgöz Rüfət danışdıqca ağzı köpüklənir, üzü rəngdən rəngə düşürdü... Mavi, yaşıl, qəhvəyi, yenidən yaşıl, mavi, qırmızı... Hər saniyə bir az da eybəcərləşir, qorxulu hala düşürdü. Bayaqkı xoş simalı adamdan əsər-əlamət qalmamışdı. Artıq kafenin divarları da uçmuşdu. Kafedə deyildilər. Məhəmməd Cin dərəsinin qaranlığını harda görsə tanıyardı. Bura Cin dərəsi idi”.
Yazıçı Rüfətin demonik şəkil almasını personajın daxilindəki iblislik atını göstərməklə, hərəkətlərindəki şeytani plastikanı vizuallaşdırmaqla (“Təkgöz Rüfətin dişləri böyümüş, iki gözü birləşib bir gözə çevrilmişdi düz alnının ortasında”) gerçəkləşdirir, belə məqamlarda hekayədə təhkiyənin tonu da dəyişir, təmkinli tərz gərginləşən ifadə planı ilə əvəz olunur.
Həm Məhəmməd, həm də İsa hekayədə xilaskar kimi verilsə də (biri kəndin imamı kimi ruhun, biri həkimi kimi cismin xilaskarı), yazıçı onları məsum statusda saxlamaq niyyəti güdmür. İlahi qatdan adi insan statusuna endirilən Məhəmməd və İsa gözlənilməyən məqamda qatilə də çevrilə bilirlər. Hər iki amilin zəminində dayanan səbəb isə qadın olur: bakirə çıxmayan Leyla, sonsuz kişidən uşaq dünyaya gətirəcəyini deyən müğənni.
Hekayə ilə bağlı qənaətlərimi rezume etsəm, deyə bilərəm ki, şərti poetika ilə psixoloji nəsrin üzvülüyündən doğan “Cin dərəsi” hekayəsi magik cazibəsi olan mətndir, müxtəlif arxetipləri bir süjetin məxrəcinə daxil edir, onları metafizik simvola çevirməyi bacarır: “Hər tərəfi yara içində olan İsanın bədənindən qan yağış kimi yağmağa başladı. Çay yatağı qanla doldu bir göz qırpımında. İsa yavaş-yavaş ona tərəf gəlirdi”.
Amma həm də dünya gerçəklərinin təsviri, çağımızın qabarıq ideyaları üzərindədir: Qəzza, siyasi oyunlar, internet əsrinin asılılığı... Etiraf edək ki, hər iki qütbü təmsil edən vaqeələrin ciddi ədəbiyyat hüdudlarında aktuallıq kəsb etməsi nəsrimiz üçün o qədər də tipik olmayan hadisədir".
Mirmehdi Ağaoğlu:
“Cin dərəsi” hekayəsi yaxşı qurulub və bu, kuliminasiya nöqtəsinə qədər gəlir. Kuliminasiyadan sonra isə hekayə finala doğru sürətlə qaçır. Halbuki o uzun ekspozisiya, qurğu ona görə idi ki, görək İsanın başında nə qəziyyə var və Təkgöz Rüfət onu nə üçün axtarır. Məntiqlə Təkgöz Rüfətlə Məhəmməd-İsa üçbucağının arasında uzun müzakirə-mübarizə getməli idi. Lakin biz bunun əvəzinə, düzdür, yaxşı təsvir olunmuş, amma tez yekunlaşan sonluq görürük. Məncə, Məhəmmədlə yanaşı Təkgöz Rüfətin də eyni tərzdə ittihamlarından sonra (müğənninin uşağının İsadan olması) İsanın ümumiyyətlə xədim olması faktı üzə çıxmalı idi. Bununla Məhəmmədin də Leyla ilə bağlı şübhələri də yoxa çıxardı.
“Cin dərəsi” mənə görə, çox yaxşı tərtib olunmuş tənliyə bənzəyir, amma həlli yoxdur. Bunun üçün gərək hekayənin əvvəlində Leyla ilə bağlı ortaya çıxan müəmma həllini tapa. Hekayənin də əsas məğzi bundan ibarətdir".
İlham Əziz:
"Qədr gecəsi Quranın nazil olduğu gecədir. Bəs sual olunur, Quran o gecə nazil olubsa, niyə 23 ilə çatdırılıb? Məşhur fikir budur ki, o gecə Quran Peyğəmbərin ürəyinə bütöv nazil olub, 23 il asta-asta iqrar edib. Hekayə də yazıçının ürəyinə bütöv düşməlidir, ya yerdən, ya göydən.
Qalır sənin onu nəql etməyinə. Ustalıq burda özünü göstərir. “Cin dərəsi” hekayəsi Ulucayın nəsr vəsiqəsidir. Buna qədər məşq idi. İndi oyun başlayır. Artıq gözlənti də alayı cür olacaq. Təhkiyənin rəvanlığı, cümlənin gözəlliyi, metafora, demək istədiyini aydın çatdırmaq əzm, mütaliə, nəsrin sehrinə toxunma tələb edir.
Ulucay bu hekayədə böyük mətləblərə girişib. Müəyyən mənada həllini də tapıb.
İsa, Musa, Məhəmməd üçlüyü ilə başlayan hekayəni yığıb yığışdırmaq asan gəlməsin. Küllü kainatdakı adamlar bu üçlüyün sehrindən çıxa bilməyiblər. Məncə, giriş roman girişidir, qəfldən hekayə cildinə qayıdıb. Məni bu hekayədən çox bundan sonrakı hekayə, mətnlər maraqlandırır. Bu, başlanğıcdır, nəsr qədəmləri mübarək olsun!"
Aqşin Yenisey:
"Məhəmməd körpünün üstündə qollarını aralayıb uçan adamın İsa olduğunu görəndə, birinci elə bildi ki, yuxudadır, indicə oyanacaq. Addımlarını yavaşıdıb körpüyə tərəf getdi”.
Hekayənin ilk cümləsi qüsurludur. Körpünün həndəvərində sürətlə addımlayan (çünki sonra addımlarını yavaşıdır) adam hər hansı vəziyyətlə üzləşdikdə necə yuxuda olduğunu, hətta oyanacağını zənn edə bilər? İlk cümlədəcə təsvirlə təhkiyyə ziddiyyət yaradır. Nəsr ustalıq məsələsidir. Ulucay dostum əvvəlcə nəsri necə yazmağı yox, necə oxumağı öyrənməlidir".
Cavid Ramazanov:
“Adətən bir hekayəni oxuyub bitirəndə sual yaranır: o, sənin içində nəyisə tərpətdimi? Çünki istənilən hekayənin məqsədi, məramı ideyası ilə intellektual müstəvidə, ötürdüyü təəssüratla hiss müstəvisində oxucunun içində nəyisə tərpətməkdir.
Gəlin Ulucayın hekayəsini əvvəlcə ideya nöqteyi-nəzərindən analiz edək.
Müəllif hekayədə din, elm, eşq, dostluq, bəkarət, namus, estetik əməliyyat trendi və sair kimi məsələlərə toxunur. Yəni mətndə bir yox, bir çox ideya var. Nəticədə, bir əldə on qarpız tutmaq istəyi qəzayla nəticələnir. İdeyalar yerə düşüb partlayır, onları birləşdirən ümumi cəhət indi qatmaqarışıqlıq və iştaha öldürən mənzərədir. Bəlkə də, bütün bu gurultulu ideyalar barədə müəllif publisistik məqalə yazsa idi, daha aydın olardı nə demək istədiyi. Bu mətnsə bir daha təsdiq edir ki, belə temalar üçün hekayə münasib janr deyil. Keçən dəfə Cavid Zeynallının hekayəsinə rəy verərkən yazdığım kimi - əgər sehrbaz deyilsənsə, iynə dəliyindən dəvə keçirə bilməzsən.
Keçək hiss, təəssürat məsələsinə.
Bu hekayə bizə hansısa dərin hisslər, təəssüratlar ötürürmü? Ədalət naminə bu məsələdə də heç nə hiss eləmədiyimi deməyə məcburam. Ən birincisi də ona görə ki, Ulucay hekayə boyu "demə, göstər" (ingiliscə buna "don't tell, show!" deyirlər və bu bədii mətnin ən fundamental prinsipidir) texnikasına əməl edə bilmir, hiss və həyəcanları oxucuya ötürməyin qayğısına qalmaqdansa, onlar barədə danışmağı üstün tutur. Danışmadığı zaman da "ürəyi ağzına gəlmişdi", "qan çanağına dönmüş gözlər", "Az qala, bağrı çatlayacaqdı" kimi çeynənmiş ifadələrə əl atır. Belə ölü söz birləşmələriylə oxucunun ürəyinə yol tapmaq olmaz təbii ki. Xüsusilə şairlik keçmişi olan yazıçıların "sveji" frazeloji birləşmələri və metaforaları olmalıdır, Ulucay hiss və həyəcanlarını ifadə etməkdən ötrü, "demə, göstər" texnikasını üzə çıxarmaqdan ötrü bu istiqamətdə işləməlidir.
Sonda hekayənin sonluğu ilə bağlı bir neçə söz deməyə də dəyər. Müəllif hekayənin sonunda gurultulu mövzularıyla törətdiyi tozanağı yatırtmağa cəhd edib insafən, amma həll yolu kimi əl atdığı vasitə - yuxu elementi qətiyyən ürəkaçan deyil. Deyim niyə.
Təsəvvür edin, yatıb yuxu görürsüz. Əcaib-qəraib bir aləmdəsiniz yuxuda, bir qapıdan çıxıb o biri qapıdan girirsiz, qarşınıza peyğəmbərlər çıxır, sizə sirr verirlər, sonra bir pəriylə rastlaşırsız, sevişmək istəyirsiz onunla, elə ki pərini soyundurmağa başlayırsız, birdən ən qatı düşməniniz peyda olub başınızın üstünü kəsdirir, qəzəbdən vurub öldürürsüz onu, amma indi də görürsüz ki, pəri yoxa çıxıb, üstəlik, yerdə qan içində uzanan da düşməniniz yox, ən doğma adamınızdır, o qədər peşman olursuz, o qədər yanıb-yaxılırsız ki, kədərinizdən yuxudan ayılırsınız...
Yuxu heç şübhəsiz insanı haldan-hala salan sehrli vaqiədir, amma onu sözlərlə ifadə etmək demək olar, mümkünsüzdür (ədəbiyyatda hansısa dahiyanə yuxu səhnəsi xatırlayırsınızmı, nə qədərdir onların sayı?). Əgər gecə gördüyünüz qəribə yuxunu dözməyib səhəri gün kiməsə danışsanız, bəlkə də, o adam nəzakət xatirinə sizi dinləyər, amma danışdığınızı bir qulağınızdan alıb o biri qulağından verər. Çünki yuxular ancaq onu görənlər üçün həyəcan doğurur, özü də sırf yuxuda ikən. Belə olmasaydı, oyandıqdan sonra yuxularımızı bir neçə saata unutmazdıq. Ən yadda qalan yuxunuzu xatırlayın, xatırlamağa çalışın, xatırladınızmı? Doğrudan da, maraqlıdırmı?
Ulucayın bu hekayəsi də məndə bax kiminsə yuxusunu dinləmək kimi təəssürat oyatdı. Tüküm də tərpənmədi bir sözlə".
Samirə Əşrəf:
“Hekayədən xoşum gəldi. Ulucayın nəsr dili çox yaxşıdır. Bu hekayədə də yazıçı potensialı, yazıçı nəfəsi duyulur. Təbii ki, burada redaktənin də böyük rolu var. Bir az uzun idi, o, narahat elədi. Hekayə müəyyən bir yerdə bitməlidir. Əgər oxucu hekayənin haradasa bitməli olduğunu düşünürsə, müəllif də bunu hiss etməlidir. Ulucayın hekayələrində yüngülvarı uzunçuluq sezilir. Bu da məni mətndən soyudur. Ancaq hekayə, məncə, uğurludur. Hekayəni oxuyanda Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərini xatırladım. Uğurlar arzulayıram”.
Rəvan Cavid:
“Ulucay hər hekayəsində təəccübləndirməyi bacarır. Əslində, bu cür magik bir hekayə gözləmirdim ondan. İstanbulda bu hekayənin motivlərini danışanda, dedim, adları dəyişsən, əla olar. İndi də o cür düşünürəm. Əgər bir hekayədə Musa, İsa, Məhəmməd adı işlədirsənsə, bir də bu adların fiziki görünüşlərini də adlarına uyğun tapmısansa, hazırlıqlı oxucu hekayənin alt qatında nəsə axtaracaq, tapmayanda hekayə ona adi mətn kimi görünəcək.
Ümid edirəm, bundan sonra fikir verər belə simvollara.
Hekayə günümüzün Qəzza müharibəsini ən yaxşı, ən səmimi halında təsvir edir. Bu hekayədə hər şey yerlə göy arasında, elə İsa kimi asılı qalıb”.