Bu gün görkəmli ABŞ yazıçısı Şervud Andersonun doğum günüdür.
Kulis.az bu münasibətlə onun "Kağız kürəciklər" hekayəsini təqdim edir.
Bu, ağ saqqalı, iri burnu, yekə əlləri olan ixtiyar bir qoca idi; bizim tanışlığımızdan hələ çox-çox qabaqlar həkim işləyirdi və ağ yabısına minib Uaynsburq küçələri ilə xəstələri yoluxmağa gedərdi.Sonra o, atasının ölümündən sonra yaxşı bir fermaya sahiblənmiş varlı-hallı qızla evləndi. Ucaboy, qaraşın və həmişə susqun görünən qızı çoxları gözəllər gözəli sayırdı, intəhası bu gözəlçənin niyə məhz doktoru seçdiyini və ona ərə getdiyini heç kəs anlamırdı. Üstəlik də, ərə gedəndən bir il keçməmiş qız ölmüşdü. Doktor Rifinin əlləri çox yekəydi; elə iriydi ki, barmaqlarını yumanda oynaqları qoz böyüklükdə olan taxta kürəciklərə bənzəyirdi.
Doktor Rifi qoz ağacından qayrılma qəlyan çəkirdi; arvadının vəfatından sonra o, bütün gününü öz boş kabinetində, hörümçək toru basmış pəncərənin böyründə oturmaqla keçirirdi. Doktor Rifi çox ucaboy adamdı. Ən azı on il geyildiyindən əynindəki kostyumun dizləri və dirsəkləri sürtülmüşdü. Qəbul saatlarında isə o, pamazı xalatda olurdu. Xalatın iri cibləri vardı; doktor kağız qırıqlarını həmin ciblərə yığırdı. Bir neçə həftədən sonra qırıntılar yumrulanıb bərkiyir, o da ciblərini çevirib onları döşəməyə çırpırdı.
On il ərzində doktor Rifi yalnız bircə nəfərlə dostluq etmişdi – meyvə tingliyinin sahibi Con Speniard adlı bir qoca ilə. Doktorun kefi kök olanda kağız yumrularını cibindən çıxarıb dostuna atır, ucadan şaqqanaq çəkirdi:- Al, çərənçi qoca! Tut gəldi, qəlbiyuxa qoca!
Doktor Rifinin qaraşın qızla evlənməsi və ölərkən qızın hər şeyi ona miras qoyub getməsi barədəki hekayət o qədər də maraqsız deyil. Bu hekayətin Uaynsburq bağlarında rast gəlinən əyriböyür almacıqlar kimi öz füsunkarlığı var. Olur ki, hərdən şaxtalı qış günündə meyvə bağında gəzirsən. Meyvələr ağacdan çoxdan dərilib. Onları çəlləklərə doldurub böyük şəhərlərə göndəriblər. Orda isə həmin meyvələri çoxlu kitab-jurnal, mebel və adamlar olan xudmani otaqlarda yeyirlər. Ağaclarda olsa-olsa, bir neçə kələ-kötür alma qalıb. Bu almalar doktorun yekə əllərinin oynaqlarına oxşayır, ancaq dişləyəndə necə dadlı olduqlarını görürsən və bir-bir bütün ağaclara yaxınlaşıb bu əyiş-üyüş almaları ciblərinə doldurursan. Bunun ləzzətini az adam bilir!
Doktor Rifi qızla yayda tanış olmuşdu. Onda kişinin qırx beş yaşı vardı və artıq ciblərini kağızla doldurmağa vərdiş eləmişdi. Bu adət doktorun balaca arabada kənd yollarıyla asta-asta getdiyi vaxtlar yaranmışdı: o öz fikirlərinin gah əvvəlini, gah da axırını kağıza qeyd edib cibinə soxurdu. Bir-birinin ardınca doğulan düşüncələrin çoxluğundan doktorun başında nəhəng bir həqiqət yaranır və beyni ağlagəlməz dərəcədə böyüyürdü. Bu həqiqət bütün dünyanı kədərləndirib yasa batırırdı və getdikcə böyüyür, nəhəngləşirdi. Sonra yenə əriyib solur və təzədən onun yerini xırda fikirlər tuturdu. Ucaboy qız hamilə olduğunu hiss edib qorxduğu üçün doktorun yanına gəlmişdi. Onu bu hala salan qeyri-adi şəraitin zənciri idi: valideynlərinin ölümü və ona qalan barlı-bəhrəli torpaq çoxlarını qızın ayağına gətirmişdi. Qız iki il ərzində, bütün axşamları onların əhatəsində keçirməli olmuşdu.
İki namizəddən başqa, o birilər hamısı bir-birinə bənzəyirdilər: hər biri qıza öz sevgisindən, məftunluğundan söz açır və bu zaman onların gözlərində, səslərində həris, çılğın bir ifadə dolaşırdı. Digərlərinə bənzəməyən iki namizəd isə həm də bir-birindən kəskin fərqlənirdi. Dümağ əlləri olan şax qamətli gənc – Uaynsburq zərgərinin oğluydu. O heç kəsə macal vermədən, yorulmaq bilmədən elə hey öz əxlaqından dəm vururdu. Qızla təklikdə qalanda da özgə heç nədən danışmırdı. İkinci oğlan isə qarasaç bir cavandı. Onun qulaqları çox yekəydi və heç nə barədə danışmazdı, ancaq qızı həmişə qaranlıq bir küncə çəkib bəs deyincə öpərdi. Qız əvvəl belə qərara gəlmişdi ki, zərgərin oğluna ərə getsin. Kirimişcə oturub saatlarla oğlana qulaq asırdı, ancaq sonra yavaş-yavaş qorxmağa başladı: hiss etdi ki, deyəsən əxlaqdan dəm vuran bu qoçaq, əslində, əxlaqsızın yekəsidir – danışa-danışa həmişə qızın çılpaq bədənini qucur, bir an da gözünü çəkmədən baxışlarıyla qızı elə hey o üz-bu üzə çevirirdi.
Bir dəfə qız yuxuda gördü ki, oğlan onun çılpaq bədəninə sarılıb və dişlərinin arasından qızın al qanı süzülür. Bu yuxu düz üç dəfə təkrar olundu. Doktorla tanış olan qız dərhal qərara aldı ki, daha ondan ayrılmasın. O, qəbula səhər ertədən gəlmişdi və dərdini deməyə macal tapmamış doktor artıq hər şeyi anlamış kimi görünürdü. Kabinetdə kitab dükanının sahibiylə onun arvadı da vardı; bütün əyalət həkimləri kimi doktor həm də diş çəkirdi. Qadın əlindəki yaylığı bərk-bərk üzünə sıxıb zarıyırdı, əri də böyründə dayanmışdı. Doktor dişi dartıb çıxaranda ər-arvad hər ikisi birdən qışqırdılar. Qan qadının ağ paltarı boyunca süzüldü. Ancaq qız qorxmadı. Elə ki kabinetdə təkcə ikisi qaldılar, doktor qıza baxıb gülümsədi: - Şəhər kənarında faytonla gəzmək pis olmazdı!
Bir neçə həftə dalbadal hər gün görüşdülər. Naxoşluğa tutulduğundan qızın hamiləliyi keçib getmişdi. O, kələ-kötür almalarda gözəllik tapanlardan idi və artıq böyük şəhərlərin yaraşıqlı otaqlarında yeyilən qüsursuz meyvələrə hörmət etməyi bacarmırdı. Həmin ilin payızında qız doktora ərə getdi, o biri ilin payızında isə canını tapşırdı. Kağız üzərində qaraladığı fikirləri doktor Rifi bütün qış uzunu qıza oxumuşdu. Öz qeydlərini oxuyarkən doktor gülmür və kağızları təzədən qaytarıb cibinə soxurdu. Sonradan həmin kağızlar onun ciblərində bərkimiş kürəciklərə çevrilirdilər.
Tərcümə: Mahir N. Qarayev