Təsadüf - Aqil Yaşaroğlu

Aqil Yaşaroğlu

Aqil Yaşaroğlu

13 dekabr 2021
# 13:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Aqil Yaşaroğlunun “Təsadüf” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Qadının telefonuna mesaj gəldi: “Sizi taksi gözləyir”.

Çamadanını, çantasını götürdü və qapıdan çıxmazdan öncə bir an durub düşündü:

- Bəlkə getməyim?

Amma içindəki hiss ona “Hər şey yaxşı olacaq, get”- deyirdi. Qapını bağlayıb evdən çıxdı. Qadın başqa ölkədə, uzaq bir yerdə yaşayan sevgilisinin yanına gedirdi. Ayrı-ayrı yerlərdə yaşadıqlarına və peşələrinin məsuliyyətinə görə tez-tez görüşə bilmirdilər.

Qadın həkim idi. Ciddi, tələbkar rəhbərliyi və altı günlük iş rejimi olan xəstəxanada çalışırdı. Kişi isə yüksək rütbəli hərbçi idi. Hər dəfə qadının yaşadığı yerə gələndə ölkəni tərk etmək üçün yazılı şəkildə icazə almaq lazım gəlirdi. Amma bütün bu şərtlər onların hər şeyə rəğmən fürsət tapan kimi görüşmələrinə əngəl ola bilmirdi. Sadəcə qadını bu dəfə qapıdan çıxmazdan öncə düşündürən səbəb gedəcəyi ölkədə havaların kəskin soyuması idi. Hər gün televizorda həmin ölkədə təyyarələrin uçuşu, hava şəraiti ilə əlaqədar olan xəbərləri izləyirdi. “Sevgilisi gəlmə, günlərlə burada ilişib qala bilərsən, sonra sənin işində ciddi problemlər yaranar” - deyirdi.

Qadın üç günlük icazəni çətinliklə də olsa, ala bilmişdi. Həm də şöbədə yatan xəstələri olduğundan çox qalmaq istəmirdi. Lakin bütün bunlara baxmayaraq, getməyə qəti qərar vermişdi. Çox darıxmışdı. İcazəli olduğu üç günün bir günü dörd təyyarə dəyişərək sevgilisinin xidmət etdiyi hərbi hissənin yerləşdiyi şəhərə gedib-gəlməyə sərf olunacaqdı. Amma hər şeyə razı idi. Bərabər olduqları zaman o qədər xoşbəxt anlar keçirirdi ki, bu çətinliklər gözünə görünmürdü. Bircə təyyarələrin vaxtı təxirə salınmasaydı.

Qadının arzuları çin oldu. O, dərin düşüncələrdən, keçirdiyi hiss və həyəcanlardan sonra, nəhayət, arzuladığı şəxslə görüşə bildi. O, sevgilisinin yanına sanki təyyarə ilə deyil, ruhunun qanadları ilə uçub gəlmişdi. Yenə nağıla bənzər iki gün keçirdilər. Möcüzəli iki gün... Bəzi insanlar belə sevgi haqqında kitablarda oxuyur, bəziləri filmlərdə görür. Minlərlə insan isə ömrü boyu onu axtarır, amma tapa bilmir. Hətta bir çoxları belə bir sevginin mövcudluğundan xəbərsizdir. Onlar isə bunu əsl həyatda yaşayırdılar. Bir-birinə qarşı olan qayğı, şəfqət, fədakarlıq, həssaslıq, diqqət, hörmət, anlayış, inam, etibar, sədaqət, ehtiras - bütün bunlar onların sevgisini güclü edib yaşadırdı. Bu dəfə də çox romantik anlar yaşadılar. Göz yaşı, qəhqəhələr və qəhvə fincanları arxasında dərin fəlsəfi söhbətlər də oldu. Bir-birinin gözlərinə uzun-uzun baxaraq şeir söyləmələri, həzin musiqi altında bir-birinə möhkəm sığınaraq rəqs etmələri, şam işığında yemək yemələri çox gözəl idi.

Qadın çamadanında kök, balaca plastik vedrə, iki parça kömür tikəsi gətirmişdi. Kişi bunları görəndə güldü. Həyətdə qardan adam düzəltdilər. Balaca, əyri-üyrü, gülməli bir şey alındı. Çox şaxta olduğuna görə qar ələ yapışmırdı. Amma bu onlar üçün bu dünyanın ən gözəl qar adamı idi. Hər ikisi şıltaq uşaqlar kimi qartopu oynadılar.

Vaxta az qalmışdı. Hərbçi tədbirli olduğuna görə hər ehtimala qarşı hava limanına zəng vurdu və eşitdiklərinin təsirindən üzünə kölgə qondu. Telefonu söndürəndən sonra dedi:

- Paytaxtdan sizin ölkəyə uçacaq təyyarə üçün problem yoxdur. Orada hava sakitləşib. Amma buradan bizim paytaxtda uçan təyyarə, deyəsən, təxirə salınacaq. Çöldə şaxta mənfi on doqquz dərəcədir. Həm də qasırğa gözlənilir.

Qadın da təlaş hissi keçirdi:

- Bəs indi nə edək?

Kişi bir an düşünüb:

-Buradan paytaxta sürətli elektrik qatarları gedir. Səni onunla yola salacağam.

Elə də etdilər. Platformada bir-birinə sarılıb ayrıldılar. Qadın qatara minib yolboyu yaşadıqlarının təsiri altında oldu. Dörd saatdan sonra paytaxt şəhərə çatdı. Hamı yerindən qalxıb əşyaları götürüb çıxışa doğru yönəlsə də, qadın oturmaqda davam edirdi. Basabası heç sevmədiyindən nəqliyyatı ən sonda tərk etdi.

Birdən qəribə bir hadisə diqqətini çəkdi. Havanın tutqun, çiskinli olmasına baxmayaraq, gözlərinə günəş eynəyi taxmış iki kişi və birinin qucağında yatmış uşaq gördü. Amma uşağın başı, əl-ayağı elə qəribə tərzdə sallanırdı ki, elə bil huşunu itirmişdi. Kişilər ətrafa ehtiyatla nəzər salaraq cəld bir maşına əyləşdilər. Əslində, bu qadın heç də diqqətli deyildi. Amma bu dəfə kişilərin davranışı onun diqqətini cəlb etmişdi və o bu an sanki burada nəyinsə düz olmadığını hiss etdi. Hətta özünü itirməyib onların şəkillərini də çəkdi. Bəlkə də başqası üçün bu adi mənzərə idi. Lakin qadın daxilən nədənsə narahat idi. Çəkdiyi şəkillərdə onların maşına oturmaları, avtomobilin rəngi və markası da aydın görünürdü. Nəhayət, o da yerindən qalxıb qatardan endi. Həyəcanla taksi dayanacağını axtardı. Beş dəqiqə sonra qışqırıq, hay-küy qopdu. Balalarını itirmiş ana-atanın fəryadı qulaq batırırdı. Qadın səs gələn tərəfə yönəldi və uzaqdan atanın polisə verdiyi ifadəni eşitdi. Başları əşyalarını götürməyə qarışdığından bir də baxıblar ki, altı yaşlı oğlanları yanlarında yoxdur. Əvvəlcə polislər təxmin etdilər ki, uşaq yaxın bir yerdə olar. Yaxın əraziləri axtarmağa başladılar. Sonra isə uşağın yoxa çıxdığını anlayaraq həyəcan təbili çaldılar.

Qadın onlara yaxınlaşıb dedi:

- Bilmirəm, bəlkə də, yanılıram, amma diqqətimi iki şübhəli şəxs cəlb etdi. Şəkillərini də çəkmişəm. Baxın, bəlkə, sizə bir köməyi dəyə bilər.

O, telefonu uşağın atasına uzatdı. Ata şəklə baxan kimi içini çəkərək həyəcanlı şəkildə:

- Bəli, bəli, bu bizim uşaqdır, - deyə bağırdı.

Polis telefonu atanın əlindən alaraq şəkli tez böyütdü və öz telefonu ilə şəkli bir daha çəkib harasa məlumat verdi. Daha sonra bölmə rəisi post-patrul xidməti əməkdaşlarına üzünü tutub dedi:

- Bütün yol polisi patrullarına, filan rəngli, markalı və nömrəli maşının təcili saxlanılması haqqında əmr verməyinizi xahiş edirəm.

Qadın ondan ifadə alacaqlarından çəkinərək, hər kəsin başının qarışıq olduğu vaxtda yavaşca taksiyə oturdu. Təyyarəyə gecikə bilərdi. Taksidə gedərkən yenə içindəki hiss ona tezliklə uşağın tapılacağını söylədi. Uşağın ata-anası stressin təsirindən qadına heç təşəkkür belə edə bilməmişdilər. Amma bu heç önəmli deyildi. Qadın yolboyu təsadüflər haqqında düşündü. Bəlkə də onun təyyarə ilə deyil, sürət qatarı ilə bura qədər gəlməsi, hətta bəlkə sevgilisi ilə belə havaya rəğmən görüşə bilməsi təsadüf deyildi. Bir dəfə bir yerdə oxumuşdu ki, təsadüf- Allahın hadisələrin altında öz adı ilə imza çəkmək istəmədikdə istifadə etdiyi təxəllüsüdür. Deyəsən, Anatol Fransa aid idi bu sözlər. Demək, təsadüflər heçdən baş vermir. Demək, qarşıya çıxan hər işdə bir xeyir var.

Qadın o qatar biletini, sevgilisinin ona görüşdə verdiyi çiçək dəstəsindən olan gülün qurumuş ləçəklərini otağındakı balaca yeşikdə qoruyub saxlayacaqdı. Orada bir qəzet parçası da olacaqdı. Qəzetdə qonşu ölkədə uşaq oğurluğu ilə məşğul olan cinayətkar dəstənin bir qrup üzvünün dəmiryol vağzalında yaxalanmasında və itmiş dörd uşağın tapılmasında bir polis əməkdaşının göstərdiyi ayıqlıq, çeviklik, şücaət və operativlik haqqında yazı olacaqdı. Bu həmin polis idi. Tapılmış uşaqlardan biri həmin uşaq idi. Qəzeti isə sevgilisi poçt vasitəsiylə göndərəcəkdi. Amma bütün bunlar bir qədər sonra olacaqdı. İndi isə sürətlə gedən taksi onu hava limanına aparırdı...

Hər təsadüf bir başlanğıcdır. Finalı insanlar oynayır, pərdələri isə tale salır...

# 3498 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #