Kulis.az “Hekayə günü” layihəsindən Vahid Məmmədlinin “Susan adam” hekayəsini təqdim edir.
- Düzü, mən də qaynatam Təbaşirov kimi susmaq istərdim. Təsəvvür elə, bu adam evdə ağzını açıb çay da istəmir. Qaynanam on dəfə soruşur, - Yüzbəy, çay verim sənə? Ay Yüzbəy, çay verim? O da başını yellədir. Yəni yox. Ya da, hə. ˝Hə˝ni də başıyla bildirir, ˝yox˝u da. Dil olub dillənmir. İnanmazsan, gözünün ağı-qarası bircəcik qızı – yoldaşımı deyirəm, universitetin birinci kursuna gedəndə bilib ki, qızı hansı fakültəyə qəbul olunub.
- Hansı fakültəyə qəbul olunmuşdu ki?
- Neft-kimya ay nə bilim nəyə. Başqa şeyi deyirəm e. Mənim uşaqlarımı, nəvələridi də, yox? Nəvədən o yanası yoxdu ki? Görəndə düz yüz ildə bircə dəfə soruşub ki, - Yaxşısız? Qaynanam danışır keçən dəfə. Sonra da özü öz sualına cavab verib ki, çox yəqin yaxşı olarsınız, nəyiniz çatışmır, yaxşı olmayıb neyləcəksiniz?! Vəssalam. On gün yanında otur, kəlmə kəsməz. Belə yaşamağa nə var a kişi? Ona görə də doxsan beşi şıpbadan keçib.
- Ay maşallah, özü də mən biləni parkinson-markinson, alzheimer nədir, bilmir. O gün akademiyada gördüm, qırğı kimiydi. Görəsən heç vaxt danışmayan akademik namizədlik, doktorluq dissertasiyalarını bəs necə müdafiə edib? Yəqin elmi rəhbəri, oponentləri onun yerinə danışıblar. Adamın gərək baxtı olsun. Kəlmə kəsib danışma, o boyda institutun rəhbəri ol, həm də Akademiyanın müxbir üzvü.
- Ə, elə danışmayıb ki, gəlib o yaşa, o səviyyəyə çatıb da…
- Vallah da. Yoxsa bizim kimi? Hələ bir yüz vurandan sonra o qədər adama uca dağlar gen dərələr vəd edirəm, sonra düz bir il altından çıxammıram. Sənin işin nə yerdə qaldı? Kafedra müdiri ola bilməyəcəksən bu il də?
Elə bu dəm kafedranın qapısı açılır, gənc müəllim nəzakətlə salam verib içəri keçir, nəsə qoyur, nəyisə də götürüb çıxır, qapını astaca örtür.
Kafedra müdirinin müavini rişxəndlə:
- Bunu da hər görəndə elə bil güzgüyə baxıram, dazlığım yadıma düşür. Əməlli-başlı qəhr oluram vicdan haqqı. Sonra da o kaftar qaynatam gəlib gözüm önündə dayanır, lal dinməz, arsız-arsız mənə baxır. Başından bu doxsan beş ildə bircə tük də əskilməyib – dedi. Sonra mənalı-mənalı baş müəllimə baxıb – De görüm sənin o ağsaqqalın, adı nəydi onun? El aşığı. Görən bu işi həll eləyə bilər? Bu fani dünyadan kafedra müdirinin müavini kimi getmək də bir iş deyil canım üçün. Bax səni gör hardan hara baş müəllim təyin elətdirdi – deyə əlavə etdi.
Baş müəllim narazı ədayla:
- Sən də elə danışırsan, guya qaz vurub qazan doldururam burda. Vallah, Yesentukidə bundan min dəfə yaxşı dolanırdım. Bazarda dörd-beş polkam vardı. Aşıq da oraları çox sevir. Hər dəfə gələndə ən yaxşı sanatoriyalarda yerləşdirirdim, hər axşam restoranlarda qonaqlıq verirdim. Qalan şeylər də öz yerində. O xala vardı e, yadında? Kişilərə palçıq sürtəni deyirəm, Anjelinanı, onu da peş-keş eləmişdim aşığa, dilləndirirdi kefinə düşəndə. Öz aramızdı, Anjelina da saz şey idi axı. Xülasə, əməlli-başlı qulluğunda dururdum. Bir gün mənə dedi, görürəm yaxşı oğlansan, diplomun olsaydı sənə vəzifə verdirərdim. O vaxtlar da aşıq böyük tədbirlərdə-zadda çıxış edirdi. Mən də dilim-dilim olsun, dedim diplomum var. Buralarda, qiyabi kimyanı qurtarmışam. O da hansısa tədbirdə rektora deyib… Əlqərəz, məni gətizdirdi. Dedi burda da qulluğumda duracaqsan. Məni hamıya xalası oğlu kimi təqdim edirdi. Deyirdi soyadlarımız eyni deyil, yoxsa əmoğlum olduğunu deyərdim. Sənin isə onunla qohum olmadığını hamı bilir, inanmıram səni tapşırsın.
- İndi də qulluğundasan?
- Day neynim? Polkaları qardaşım işlədir. Ayda bir-iki dəfə gəlib eləyən olanda nömrə dörd sudan, kolbasadan zaddan göndərir. Bir də «Mamont» arağı. Ağsaqqal Yesentukidə o araqdan içib, dadanıb. Deyir oralar yadıma düşür Mamont içəndə.
- Onda baqajında olmamış olmaz o Mamontdan?
- Hə, hər ehtimala qarşı bir butulka var.
- Bəlkə gedib gillədək onu, uşaqlar da bu gün Təbaşirovgildədilər. Bir az başımızı açılsın.
- Gedək, - deyib baş müəllim yerindən qalxdı. Yekə qarnını sığallaya-sığallaya – Köpöyoğludu yalan deyən, o gənc müəllimin saçı bir yana, heç qarnı da yoxdu. Adamı yandıran odu – deyə mızıldandı.
Akademiyanın Aşqarların Aşınması institutunda elmi şuranın iclası idi. Uzun və ağır müşavirə stolunun baş tərəfində institutun direktoru Yüzbəy Təbaşirov, sağ tərəfində isə elmi katib Sərkərzadə əyləşmişdilər. Elmi şuranın iclasını həmişəki kimi Sərkərzadə idarə edirdi. Elmi şuranın üzvlərinin səsləri bir-birinə qarışmışdı. Hamı hər şeydən danışırdı. Verilən suallara da Sərkərzadə cavab verirdi. Çünki artıq alışmışdı, nə cavab verəcəyini bilirdi. Akademik Təbaşirov isə, həmişəki susqunluğu bir yana, daha bitkin və kefsiz görünürdü. Şura üzvləri də bunu hiss etmişdilər. Bəli, Təbaşirovun nəsə bu gün əhvalı heç yerində deyildi. Sərkərzadənin telefonuna zəng gəldi:
- Bəli, eşidirəm… Vay-vay… Allah rəhmət eləsin. İndi deyəcəm. Kak raz elmi şuranın iclasıdır. Sərkərzadə telefonu qapadıb, - akademik Kələntarov rəhmətə gedib. Gecə yatıb, səhər ayılmayıb, - dedi.
Elmi şuranın üzvlərindən biri əllərini stolun üstündən çəkib , - Allah rəhmət eləsin, doxsan yeddini keçmişdi. O boyda kraliçanın əri, rəhmətlik əla da kişiydi, yüzü keçəmmədi. Day Kələntərov da yüz əlli il yaşamayacaqdı ki…
Birdən bu sözləri deyən Şura üzvünün gözləri Yüzbəy müəllimə sataşdı. Dediklərinin fərqinə varıb, - Allah Yüzbəy müəllimə də uzun ömür versin, can sağlığı versin - deyib, susdu. Yüzbəy müəllim həmin Şura üzvünün nə dediyini heç eşitmirdi də. Onun xəyalı xeyli əvvələ qayıtmışdı. Bu gün rəhmətə getdiyi deyilən akademik Kələntərovu xatırladı. Yüzbəy müəllim Elmlər Akademiyasının rəyasət heyətinin binasına pillələrdə qalxırdı. Akademik Kələntərov isə digər bir akademiklə pillələrdən enirdi. Kələntərov Yüzbəy Təbaşirovu görən kimi qaqqıldayıb güldü:
- O-o-o… Susqun kişi. Xoş gördük. Necəsən? Bax adama deyərlər ki, niyə susursan? Sənə deyirəm, niyə danışmırsan, hə? Cavab ver. Ha-ha-ha-ha…
Təbaşirov Kələntərovun yanındakı akademikə başı ilə salam verib, pillələrdə qalxmağa davam etdi. Amma Kələntərov aralansa da dil-boğaza qoymurdu: - Zalım oğlu, adama sual verərlər ki, bax sən nəyi bilib susursan, ha-ha-ha-ha, - deginən biz də bilək, sus…sus…sus…
Təbaşirov indi üstündən xeyli müddət keçmiş bu hadisəni xatırlayıb ayağa durdu. Sərkərzadə institutun direktorunun nə üçün qalxdığını anlayıb, - mən sürücüyə xəbər verim hazır olsun. Yası mərkəzdəki məscidin mərasim zalında verəcəklər, - deyib telefonunu götürdü… Bilirdi ki, Təbaşirovun toylara getməkdən xoşu gəlməsə də yaslardan qalan deyil…
Mərasim zalı ağzınacan dolu idi. Yeməkdən sonra molla fatihə verdi, Yüzbəy müəllim ayağa qalxıb Sərkərzadəyə baxdı. Elmi katib anladı ki, getmək vaxtıdı. Kələntərovun qohumlarına başsağlığı verib çıxdılar. Sərkərzadə avtomobilin arxa qapısını açıb əvvəlcə Təbaşirovu əyləşdirdi. Özü isə qabaqda oturdu. Yol boyu maşının salonunda lal sükut hökm sürürdü. Otuz ildi ki, Təbaşirova xidmət edən sürücü də dinib danışmırdı. Akademikin xasiyyətinə bələd idi. Sərkərzadə də susurdu.
Birdən arxada kimsə şaqqanaq çəkərək güldü. Sərkərzadə və sürücü dik atıldılar, çevrilib bərəlmiş gözləri ilə Təbaşirova baxdılar.
- Ha-ha-ha, bunun da bozbaşını belə yedik. Utanmasaydım bir boşqab da yeyərdim.
Sərkərzadə və sürücü bir-birlərinə baxıb çiynlərini çəkdilər və yenidən önə doğru baxdılar. Bu vaxt akademik Təbaşirov yenidən əllərini dizinə çırpıb qahqıldadı:
- Həəə, deyirəm, bunun da bozbaşını belə yedik!
Sürücü qırmızı işıqda keçdiyinin fərqinə varanda isə artıq gec idi…