Qədir-qiymət - Əhlim Sadıqzadə

Əhlim Sadıqzadə

Əhlim Sadıqzadə

20 dekabr 2022
# 17:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Əhlim Sadıqzadənin "Qədir-qiymət" hekayəsini təqdim edir.

Mətin Leninqradda qalır. İşi burda çox uğurludu. Həyatını burda qurub. Evi də öz halal zəhməti ilə alıb. Ailəsi ilə birlikdə yaşayır, əslən rus olan Yulia totya ilə bir həyətdə, bitişik evdə. Münasibətlərinə pis demək olmaz. Həyətin o biri başında daha bir ev var. Bu da Mətinindi. O, buranı kirayə verir. Sonuncu kirayənişinin iş yeri dəyişildiyi üçün burdan getməli olub. Mətin hazırda yeni kirayənişin axtarır.

Mətinin yoldaşı Solmaz hicablıdır. Bakıda ali təhsil alıb. İxtisasca riyaziyyat müəllimidi. Ehtiyac olmadığı üçün işləmir, övladları ilə maraqlanır. Onların məktəbli yaşlarında bir oğlu və bir qızı var. Mətin oğlunun adına atasının adını qoyub: Əmir. Qızın adısa Bahardı.

Güzəranları bir xeyli ürəkaçandı. Fürsət düşən kimi həftəsonları haralarasa gəzməyə gedirlər. Filmə, muzeyə, sirkə ya da başqa yerlərə. Leninqradda qalan qohumları yoxdur. Qohumları bir az uzaq şəhərlərdə qalır. Hərdən gediş-gəliş olur. Mətin məzuniyyət götürəndə Bakıya da səfər edirlər.

Yulia totyanın çox yaxınları yoxdur deyə xoş günlərini adətən Mətingili ilə qeyd edir. Solmaz da, uşaqlar da onun xətrini çox istəyirlər. O, cavanlıqda dərzi işləyib. Tikiş işlərini yaxşı bilir. Hərdən boş vaxt olanda Bahara da nələrsə öyrədir. Azərbaycan nağıllarını çox sevir. Bəzi axşamlarda Əmirdən xahiş edir ki, onun üçün nağıl danışsın. Bəzi nağılları yüz dəfə dinləyibsə də, yenə də ona maraqlı gəlir. Yulia totyanın məşhur cümləsi uşaqların dilindən düşmür:
– Amir, moye ukho zhazhdet nagıl.

***

Bir axşam Mətin işdən evə qayıdanda Yulia totya Mətinin qarşısını kəsir. Yalvarıb yaxarır ki, bir ailə var, onlara kömək lazımdır. Onda Mətin:

– Əlimdən gələn köməkliyi edə bilərəm – deyir.

Yulia totya məsələni ətraflı danışmağa başlayır:

– Əlləri yaman aşağıdı. Kirayə tuta bilmirlər. Uşaqlar dərsdən qalıb. Kişi işsizdi. Mən təqaüdçü adamam, əlimdən heç nə gəlmir. Ancaq sən nəsə edə bilərsən. Sən yaxşı adamsan, Mətin. Hamıya əl tutursan, bu fağırlara da əlini uzat.

Mətin yardım etməyi sevən insandı. Atasının sözü həmişə qulağında səslənir:

– Tanrı sənə ruzini bol verir ki, sən də ətrafındakılara əl tutasan. Qazandıqlarının yarısı sənin deyil.

Mətin atasının nəsihətini əziz tutur, onu əməl edir, hər maaşını alanda kasıb-kusubun sevindirir. Ona görə də, qonşu qadının istəyi onu maraqlandırır və kömək edəcəyini deyir.

– Yulia totya, mən onlarla necə əlaqə saxlaya bilərəm?
Yulia totya fikrə gedir. Ünvan deməyə tərəddüd edir.
– Ünvanı deyəcəksiniz mənə? Mən onlara necə kömək edə bilərəm?
– Deyəcəm, ancaq birdən sən onlara kömək etmərsən deyə qorxuram.
– Niyə? – Mətin soruşur.
– Çünki, – Yulia totya çəkinə-çəkinə deyir. – Onlar ermənidilər.

Qadın narahatlıq içində Mətinə baxır. Mətinin üzündə donuq bir ifadə yaranır. Heç nə demədən evə gedir.

Mətin evə girəndə Solmaz onun rəng-halından nəsə olduğunu sezib sorğu suala tutur. Mətin məsələni Solmaza danışır. Solmaz da karıxır:

– Onlar bizim düşmənimizdi, Mətin. Onlara xoş üz göstərməyimiz düzgün deyil.

– Bilirəm, Solmaz. Özü də elə-belə düşmən yox. Qan düşməni, nahaq yerə günahsız adamlarımızı qətlə yetirən alçaq düşmənimiz. Solmaz Mətinin dediklərini başı ilə təsdiqləyir. Mətin:
– Ancaq bu ailə həmin hadisə də günahkar deyil axı, – deyir. – Ac-yalavac qalıblar. Köməyə ehtiyacları var. Nə də olsa, insandılar. Bu vəziyyətlərinə göz yuma bilmərəm.

Solmaz hər zaman olduğu kimi bu səfər də həyat yoldaşının qərarlarına hörmət edir. Sakit səslə:
– Özün bil, – deyir. – İçindən necə gəlir, o cür də addım at.

Səhərisi gün Yulia totyanın vasitəsi ilə Mətin gedib həmin erməni ailəsi ilə tanış olur. Ailə üç nəfərdən ibarətdi. Petros, arvadı Dalita və oğlu Lerniq. Petros kökdü, dazdı, üzü səliqəsiz halda təraş olunub. Dalita çillidi, saçları qırmızıya çalır. Lerniq məktəbli yaşındadı, xarici görkəmindən anasına daha çox bənzəyir. İşsizdilər, qalacaq yerləri yoxdu, üstəlik uşaq da məktəbə gedə bilmir. Yanlarında bir itləri də var. “Qızıl Retriever” cinsli itin adı Robdur. Robun baxımsızlıqdan sarışın tükləri tökülüb. Uzun müddət ac qaldığı hiss olunur. Az qala, arıq bədənindən sümükləri çölə çıxsın.

Mətin onların güzəranı ilə maraqlanır, onları həyətindəki boş qalmış evə yerləşdirir. Bir qədər maddi yardım göstərir. Petros özünə iş tapa bilmədiyi üçün onu yanında işlə təmin edir. Lerniqi öz uşaqlarının oxuduğu məktəbə qeydiyyata salır. Oğlan dərslərində geri qaldığı üçün hərdən Əmirlə Bahar ona dərs tapşırığını yerinə yetirməkdə kömək edirlər.
Petrosgili Robu küçəyə atmaq istəyəndə Mətin buna etiraz edir. Onu da öz himayəsinə götürür, həyətdə yuva tikir.

Gün keçdikcə Petrosun ailəsinin güzəranı qaydasına düşür. Mətinə hər gün təşəkkür edir, onun ailəsi ilə xoş davranırlar. Uşaqlar dərsdən sonra həyətdə oynayır, deyib-gülürlər. Dalita bişirdiklərindən Solmaza da gətirib verir, ancaq Solmaz onun bişirdiklərinə əlini də vurmur. Erməni qonşuların Solmazın bişirdiyi Bakı yeməklərindən ötrü ürəyi gedir. Yulia totyanın da yeni ailə ilə münasibəti yaxşıdır. Geyim-keçimi sevən Dalita üçün ara-bir nəsə tikir. Robun da rəngi-ruhu özünə gəlib. Vaxtı-vaxtında yedizdirildiyindən kökəlib. Əmirgili bəzən onu gəzməyə də çıxarırlar. İt onlara yaman öyrəşib.

***


Solmaz səhərdən evi ələk-vələk edir. Nəsə axtarır. Arabir özünü danlayır da. Mətin səbirsiz halda dillənir:
– Nə itirmisən yenə?
– Nənəm verən qırmızı kəlağayı yoxdu. O gün başımda idi. Hara açıb qoymuşamsa, tapa bilmirəm.
– Yaxşı-yaxşı bax, taparsan, – Mətin guya yoldaşına təskinlik verir.

Solmazın baxmadığı yer qalmayıb. Evin hər yerini töküb-töküşdürüb. Tapa bilmədiyini görüb təslim olur. Dağıtdıqlarını yerinə yığıb bir qıraqda oturur. Mətin əlini onun çiyninə qoyub:

– Ürəyini sıxma, Bakıya gedəndə təzəsini alaram sənə, – deyir. Solmaz əlini ərinin əlinin üstünə qoyub razılıq əlaməti olaraq başını yelləyir.

Əmir gəlib anasıyla atasının yanında oturur. Otursa da, yerində dinc dayanmır. Elə bil, nəsə demək istəyir, ancaq deyə bilmir. Oğlunun rəngi-ruhu Mətinə qəribə gəlir. Əliylə oğlunun saçını qarışdırır.

– Nəsə olub, oğlum?
– Yox... Hə...
Mətinlə Solmaz bir-birlərinin üzünə baxırlar.
– Əmir, – Mətin deyir. – Bir çətinliyin varsa, mənə deyə bilərsən.
Əmir yerində qurcalana-qurcalana deyir:
– Mən kəlağayının yerini bilirəm.
Solmazın üzündə sevinc və həyəcan qarışıq ifadə yaranır. Tez oğlundan:
– Hardadı? Hara qoymuşam onu? – deyə soruşur.
Əmir ağzını açıb nəsə deyir, amma həyəcandan səsi çıxmır.
– Nəsə eləmisiz, yoxsa Bahar cırıb? – Solmaz soruşur.
– Yox, – Əmir cavab verir. – Baharın heç nədən xəbəri yoxdu. Onu ancaq mən görmüşəm. Lerniqgildə.
Solmazla Mətin heyrətlənirlər. Mətin, deyəsən, oğluna inanmaq istəmir:
– Oğlum, dəqiq orda görmüsən?
– Hə. Lerniqlə yazı yazırdıq. Çarpayın üstünə idi. Orda heç nə deyə bilmədim, – Əmir üzünü anasına tutub – Sənə də deməyə qorxurdum – deyir. Sonra başını aşağı salır. Solmaz əsəblə ayağa qalxır. Səsini qaldırır:
– Bunlar yaxşılıq qanmırlar, görürsən, Mətin? Bu gün kəlağayımı oğurlayan, kim bilir, sabah nəyimizi oğurlayar.
– Sakit ol, – Mətin onu sakitləşdirməyə çalışır. – Bəlkə, səhvən götürüb. Ola bilər ki, öz paltarları ilə dəyişik salıb. Bir kəlağayıya görə söz-söhbət salmayaq. Əgər o, əliuzunluq edibsə, bunun üstü mütləq açılacaq. Oğurluqla yalanın ömrü qırx gün olur. Mən insanlıq elədim, onlara əl uzatdım. Əgər onlar bir də belə hərəkət eləsələr, mən özüm onlarla danışacam. Lap onları burdan göndərəcəm də.

***

Bahar yuxuda qutab görür. Səhər anasının zəhləsini tökür ki, ona qutab bişirsin. Solmaz xəmirini yoğurub, göyərtisini doğrayıb qutabını bişirir. Qonşularını da qonaq çağırır. Axşam yığılırlar süfrə başına. Yulia totya Solmaz üçün tikdiyi çiyələk fiqurunda olan tutacaq, Dalita hazırladığı salatı, Petros isə qoltuğunda bir şüşə “votka” gətirib. Solmazın içki olan süfrədə oturmağa niyyəti olmasa da, qonaqlıq xətrinə əyləşir. Yeyib-içmək başlayır. Qonaqlar qutabı tək ağızları ilə deyil, gözləri ilə də yeyirlər. Dalitanın salatınasa özündən başqa heç kim əl vurmur. Rumkalar dolub-boşalır. Yulia totya içməyin təhərini əzbər bilir. Süfrədə onun kimi yaxşı içə bilən yoxdu. Arabir yanındakılara nələrisə öyrədir. Mətin boğazını yaşlayandan sonra rumkanı kənara itələyir. Petrosla arvadı rumkalarını bir-birinə vuranda adama elə gəlir ki, onlar sınacaq, içlərindəki “votka” yerə dağılacaq.

Yulia totya qutabı bir xeyli tərifləyir. Solmaz qutab haqqında bir-iki kəlimə danışır. Dalita boyunu qabağa uzadıb:
– Siz azərbaycanlılar qutabı dadlı bişirirsiz, əslində qutab erməni mətbəxinə aiddi.
– Bu cəfəngiyyatdı, – Solmaz dərhal onun cavabını verir. – Qutab bizim yeməyimizdi.
– Yox, qutab bizim yeməyimizdi. Siz qutab bişirməyi bizdən öyrənmisiz.

Solmaz istəmədən səsini yüksəldir:
– Sizin nəyiniz var? Nəyiniz var ki, qutabınız da olsun. Yalan danışmağı kəs.
Ya sən yalançı erməni prezidenti deyilsən, ya da biz Avropa xalqı deyilik ki, sənin sayaqlamalarını dinləyək.

Dalita ayağa qalxır. Nəsə demək istəyəndə tarazlığını itirib təzədən kətilin üstünə yıxılır. Sözünü unudur. Petros barmağını yelləyə-yelləyə:
– Bizim hər şeyimiz var.
Mətin tələsik aranı sakitləşdirir. Yulia totya ilə köməkləşib erməni qonşularını evlərinə ötürürlər. Solmaz onların arxasınca qışqırır:
– Sizin heç nəyiniz yoxdu. Heç qürurunuz da.

Səhərisi gün Yulia totya rus mətbəxinə aid olan hansısa şirniyyatdan bişirib, qonşularını evinə qonaq dəvət edir. Mətingili də, Petrosgili də könülsüz-könülsüz gəlirlər. Solmaz onlara, onlar da Solmaza baxıb qaş-göz əyirlər. Yulia totya araya şirinlik qatıb onları birtəhər barışdırır.

***

Axşam Mətin evə qanıqara gəlir. Solmaz nə qədər dindirməyə çalışsa da, əri ağzını açıb bir kəlimə də demir. Sakitcə oturub televizor izləyir. Əmir səs-küylə həyətdən evə gələndə fikrini televizordan ayırır. Əmirin əl-üzü qan olub. Solmaz onu görüb həyəcanlanır. Tez oğlunu qucaqlayır, sonra da üzünü təmizləyir. Mətin nə olduğunu soruşur. Əmir danışır:
– Lerniqlə dalaşdıq. O deyir ki, Qarabağ qədim erməni torpağıdı. Mən də dedim, siz yalançısız, o torpaq həmişə bizim olub. Sonra da dalaşdıq. O da, yerdən daş götürüb burnuma vurdu.
Solmaz Əmirin üzünü təmizləyə-təmizləyə deyinir:
– Sizi yoxa çıxasız. Elə bil, torpaq-zad görüblər, köksüzlər.
Mətin hirsə ayağa qalxır:
– Bunlar daha hədlərini aşdılar. Bu da səhər ki, məsələ deyil.
Solmaz səhərki məsələnin nə olduğunu soruşur. Mətin hər şeyi ona danışır. Petros işdə fırıldağa əl atıb, Mətinin hazırladığı layihənin eskizlərini başqalarına göstərib. Ona görə də, Mətinin işlədiyi şirkət ağır itki ilə üz-üzə qalıb. Solmazı əsəbdən ağlamaq tutur. Mətin:

– Onları indi burdan rədd eləyəcəm, – deyib evdən çıxır.
Mətin hirslə gedib qapıya bir təpik ilişdirir. Kilid vurulmayan qapı taybayat açılır. Petrosla arvadı tez qapıya gəlir. Petros qarnını qabağa verib:
– Mənim evimə belə girə bilməzsən, – deyir.
– Bura sənin evin deyil, əclaf. Mənim evimdir.
– Burda mən qalıram.
– Mənim sayəmdə. Mən olmasam, acından ölərdiniz. – Mətinin gözləri hirsindən qızarıb. – Oğlun oğlumu niyə vurub? Əmir düz deyib. Qarabağ bizim torpağımızdır. Onu siz ermənilər işğal etmisiz.
– Biz işğalçı deyilik.
– Hər şey göz önündədi. O torpaqlar həmişə bizim olub, əbədiyyən bizim də olacaq. Siz köksüzlər isə gəbərib gedəcəksiz. Elə indi burdan gedəcəyiniz kimi.
– Yox, – Dalita kənardan dillənir. – Gecə vaxtı biz heç yerə gedə bilmərik.
Mətin səsini daha da yüksəldir:
– Bunu ərin, işdə mənim ayağımın altını qazanda fikirləşməli idi. Çıxın gedin burdan.

Petros ayaqlarını yerə vura-vura keçib divanda oturur:
– Bura artıq mənim evimdir. Heç yerə gedən deyiləm.
Mətin düz onun yanına gəlib dayanır:
– Yadına salım ki, Qarabağı da eynən bu cür işğal eləmişdiz. Sizə evimizin qapısını açdıq, sizsə torpağımızı oğurladız. Bu bir daha təkrarlanmayacaq. Rədd olun mənim evimdən.

Mətin evdəki əşyaları götürüb bir-bir çölə atır. Petrosla Dalita ona mane olmaq istəyirlər, amma bacarmırlar. Solmazla Yulia totya səsə gəlib qapıda dayanırlar. Qorxudan səslərini çıxarmırlar. Mətin evdəki şey-şüyü bayıra atanda sonra Petrosgilin qolundan yapışıb onları da həyətə itələyir:
– Nə zir-zibiliniz var götürün. İtinizi də. Rədd olun gedin mənim evimdən.
Yulia totya nəsə demək istəyəndə Solmaz ona işarə edir ki, sussun. Yaşlı qadın vəziyyəti başa düşüb səsini çıxarmır. Mətin çantadan yerə dağılmış paltarların arasından qırmızı kəlağayını tanıyır, əyilib götürür. Dalita ilə Lerniq bir-birlərinə sarılıb ağlayırlar. Rob yerə səpilmiş şey-şüyün həndəvərində dolanır, burnu ilə iyləyə-iyləyə nəsə axtarır. Petros qızarıb qalıb. Nə edəcəyini bilmir.

– Mən haqqımı siz şərəfsizlərə halal etmirəm, – Mətinin qəzəbli səsi yenidən yüksəlir.

Petros ətrafa göz gəzdirir. Odun kötüyünün üstündəki baltanı qamarlayır. Havaya qaldırıb Mətinin üstünə gedir. Solmazla Yulia totya qorxub qışqırırlar. Mətin yerində donub qalır, tərpənə bilmir. Petros Mətinin yanına çatanda Rob yerindən sıçrayıb onun üstünə atlanır. Balta Mətinin ayağının altına düşür. Rob Petrosu yerə sərir, üz-gözünü dişlək-dişlək edib nəfəsini kəsir. Sonra elə ürəkdən hürür ki, səsi bütün Leninqrada yayılır.

# 2118 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #