Pis adamlar üçün salınmış qəbiristanlıq - Ofelya Məhəmmədqızı

Pis adamlar üçün salınmış qəbiristanlıq - Ofelya  Məhəmmədqızı
10 dekabr 2021
# 15:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Ofelya Məhəmmədqızının “Pis adamlar üçün salınmış qəbiristanlıq” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Dörd kəndin camaatının ixtiyarına yeni qəbiristanlıq ərazisi verildi. İyirmi hektarlıq boş ərazini yarasız torpaq tərkibinə görə nə bələdiyyə sərəncamına qatmağa həvəs göndərmişdi, nə də alaq-ulağın belə bitmədiyi şoranlığa camaat yiyə durmağa çalışmışdı. Kimsənin bəyənmədiyi sahəni yalnız ölülərə bəyəndirmək mümkündü. Hərçənd, ölən də olmurdu ki, şoranlıqdan ilk baş daşı ucalsın, ilk ağlaşmaya şahidlik etsin, ilk molla yasini bəhərsiz torpağa matəm toxumları səpsin.

Qəbiristanlığa gözətçi qoyuldu, yolu asvaltlandı, dik yerlərinin torpağı yonulub çökəkliklərə dolduruldu. İki dəfə xüsusi adam göndərildi. Nə qədər əlləşsələr də, hər növ dəmir-dümürdən istifadə etsələr də, torpağın bağrını bir neçə yerdən yarıb su çıxarmağa çalışsalar da, alınmadı, olmadı. Beləcə, qəbiristanlıqda bulaq inşası planı təxirə düşdü.

Aylar keçdi, qəbiristanlıq ölüsüz qaldı. Bütün xəstələr, qocalar sözü bir yerə qoyaraq ölüm quzğununu daşlayıb, həyat qaranquşunu yemlədilər.

Bu müddət ərzində qəbiristanlığın işıqlandırılması üçün işıq dirəkləri basdırıldı. Artıq buranın gecəsi də gündüzü qədər aydın idi. Sanki insanları əbədi qaranlığa göndərməyə tələsdirmək üçün məhz işıqla yoldan çıxarmaq əsas çəm seçilmişdi.

Bir gün xəbər yayıldı ki, kəndlərdən birində yerləşən qaramal fermasının müdirinin - Topal Bəhramın meyiti tövlədə tapılıb. Şayiələr pis qoxu kimi ətrafı bürüdü. Deyilənlərdən belə çıxdı ki, Topal Bəhram sağıcısı olan gənc qızı gecə süpürləyib qalota salmağa çalışıb. Qız onun əlindən çıxıb, özünü yarıqaranlıq tövlənin bağlı qapılarına vurub, bacadan sivrilib çıxmağa çalışıb. Bəhram burada onu haqlayanda qaçdı-qovdu başlayıb. Altmış yaşlı axsaq kişi yoğun gövdəsini irəli-geri atmaqdan yorulub, ləhləyib, qızın çırpınışları, vəhşi müqaviməti onu daha da özündən çıxarıb. Kişi dayanmayıb, elə hey qaçanı qovub. Birdən təngnəfəs halda əlini sürətlə vuran ürəyinə aparıb, ayaqları əsib və ağzıüstə üzərində peyin və sidikdən nazik təbəqə əmələ gəlmiş daş döşəməyə çırpılıb. Elə oradaca qalıb. Qız bu barədə heç kimə bir kəlmə də danışmayıb, bəlkə də ucundan-qulağından digər sağıcı qadınlara nəsə andırıb. Şayiələrin kökü də elə oralara gedib çıxır.

Bəhramın cənazəsi çiyinlərdə qəbiristanlığa aparıldı. Nəhəng şoranlıq ilk sakinini qonaq etməyin şadlığını yaşadı, qəbirqazanın işini yüngülləşdirdi. Yerə saplanan hər bel tiyəsi cadarlanmış torpağın dərinliklərinə endi. Qəbir qazıldı, içərisi kubik daşlarla hörüldü.

Məzar üçün yer tindəki işıq dirəyinin on addımlığında seçilmişdi. Böyük oğlu atasının qaranlıqda qala bilmədiyini, irpəndiyini deyirdi.

Qəbiristanlıqda ilk baş daşı yerin üzərinə çıxan qiymətli süxur kimi göyə ucaldı. Üzərində Topal Bəhramın heybətli rəsmi cızılmış, altında "Böyük şəxsiyyətə övladlarından xatirə" yazılmış, onun altından isə Bəhramın ləyaqətini, xeyirxahlığını mədh edən bir misra şeir həkk olunmuşdu.

Topal Bəhramın qəbri qəbiristanlıqda daz başdakı bir çəngə tükü xatırladırdı. Gözətçinin əsl işi bundan sonra başlamışdı. O, qəbiristanlığın ilk sakininin abidəsinə - baş daşına, sinə daşına, sinə daşına bərkidilmiş güldana - ölümün mərmərləşmiş heykəlinə keşik çəkməliydi.

Bəhramın gedişinin üç ayının tamamında dörd kəndin ən balacasında ölən oldu. Zəli Təyyara canını tapşırmaq növbəsi çatdı. Təyyar, onsuz da, son illər diridən çox ölünü xatırladırdı, hissə-hissə, qarış-qarış ölürdü. Sağlam qalan tək-tük tərəfindən - qoltuğundan şərab şüşəsi əskik olmazdı. Butulkadan zəli kimi yapışırdı, ancaq görünür həyatla elə də arası yox idi. Ərə getməyə hazırlaşan qızına oğlan evi tərəfindən verilən başlıq pulunu bircə gecədə həzm-rabedən keçirmişdi. Yarımcan halda oynamışdı, oxumuşdu, meydən kədərlənmişdi, dumandan gicəllənmişdi. Birdən başını stola söykəmiş və bir daha qaldırmamışdı. Bəlkə də onun həyatdan başıaşağı getməsi təsadüf yox, əməllərinə verilən məqbul qiymət idi.

Təyyarın ölümü adi, kiçik sükutla qarşılandı, olacaq kimi qəbul edildi. Dəfnində iştirak edənlərin sayı yarım taqım da olmazdı. Tələm-tələsik üstünü torpaqlayıb işlərinin başına qayıtdılar. Qəbiristanlığın ilk sakini ilə qonşu olmaq da ona çöx görüldü, uzaqda basdırıldı. Sanki bu gecikmiş ölüm camaatda xüsusi bir qəzəb yaratmışdı.

Təyyarın baş daşı aşağısı yoğun, yuxarısı yonulmuş keyfiyyətsiz ağımsov mərmərdən ucaldıldı. Daşın kölgəsi araq butulkasına bənzəyirdi.

Qəbiristanlıq ilk qara bayrama şahidlik elədi. Bir-birindən aralı yerləşən bir cüt qəbrin üzərinə cığalalarda cürbəcür şirniyyatlar qoyuldu. Ahıl molla hər məzarın başında bir ağız quran oxudu. Hamı dağılanda gözətçi şirniyyatları bir-bir qarnına dürtdü. Dolu ağzıyla "Allah rəhmət eləsin" deyib yeməyinə davam etdi.

Çox keçmədi Cücə Şöhrətin yas mağarı quruldu. Bir dəri, bir sümükdən ibarət olan Şöhrətin ölçüyəgəlməz arıqlığı ona bu ayamanı qazandırmışdı. O, nohurlardakı, sututarlardakı balıqlara qənim kəsilmişdi. Cürbəcür torlarla, elektrik cərəyanı qoşulmuş qurğularla sularda qırğınlar törədirdi. Sonuncu əməli zamanı ayaqları yoğun turbanın ağzına qurduğu xırda dəlikləri olan tora ilişmiş, güclü axın onu içəri salmış, handan-hana turbanın o biri ağzından Şöhrətin torqarışıq cansız bədəni suyun üzünə çıxmışdı. Təbiət öz iri ağzıyla Şöhrəti udmuş və qarnında çox saxlamayaraq ifraz etmişdi.

Cücə Şöhrət qəbiristanlığın tən ortasında torpağın ixtiyarına verildi. İşıq dirəklərindən süzülən sapsarı şölələr Şöhrətin məzarına çatmadı. O, əbədi qaranlığa məhkum edildi.

Aylar keçdi, qəbiristanlıq yeni ölüləri ağuşuna aldı, müxtəlif ölçülü baş daşları adda-budda şoran torpağa mıxlandı.

Bir tərəfdə ensiz ağ, qonur daşlar, digər tərəfdə par-par parlayan, alışıb yanan, işığı, hərarəti sormaqdan doymayan mərmər piltələr. Lal-dinməz yeraltı sakinlərin qonşuluq münasibətlərində fərq, qanunauyğunluq yarandı. Varlılar bir tərəfdə, kasıblar digər tərəfdə sıralandı

Yad kişiylə aldatdığı ərinin qəzəbindən və hara gəldi sapladığı bıçaq zərbələrindən yayına bilməyən, boğazı, qarnı deşilən Sibel Can Xəccə, dörd kəndə sələm paylayan, aldığı yüksək faizlərlə dövlətinə dövlət qatan, sələm verdiyi dul arvadın pulu olmadığından hinduşkasını əlindən alan və həmin hinduşqanın sümüyünün boğazında ilişib qalmasından ölən Dollar Vidadi, yanına gətirilən uşaqların ağzından əlli cür şey-şüy çıxarmaqda pərgar olan, bu məharətinə görə həkimlərə meydan oxuyan, özü isə adi soyuqdəymədən ölən Çöpçü Allahyar qəbiristanlığın növbəti sakinləri oldu. Güman edirdin ki, hansısa müqəddəs güc sahibi bura köçənləri qarabaqara izləyir və iş başında boğazına çökür, caynaqlarına alıb əsl olmalı olduqları yerə gətirir.

Başdan-başa şoranlıqdan ibarət iyirmi hektarlıq ərazi əyri-üyrülüyə can atan, məqsədləri üçün dinc dayanmayan, günah zənbilləri daşımaqdan yorulmayan insanları islah etmək üçün ayırılmış əbədi düşərgəni xatırladırdı. Yararsız torpaq sahəsi kəndləri bədniyyət və fitnəkar məxluqlardan arındırırdı. Bu işin təşkilini isə ali qüvvələr, vicdan, mərhəmət, ədalət ilahələri öz üzərlərinə götürmüşdü.

Vaxtı çatanda kəndlilər hər şeyi başa düşəcək, yeni qəbiristanlığın yaxşı adamlardan ötrü salınmadığını anlayacaq, pislər yaxşı olmağa can atacaq, yaxşı adamlara başqa qəbiristanlıqlarda məzar yerləri qazılacaq, pisliyində qalanlar isə yaxşıların çiynində buraya gətirilərək şoranlığa qovuşdurulacaqdı.

# 2436 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
#
#
# # #