Kulis.az Mehriban Vəzirin "Mühacir və mühacir" hekayəsini təqdim edir.
Görüşüb qucaqlaşdılar. Geri çəkilib bir an biri-birinə tamaşa etdilər, gülüşüb, uğunub, qollarını geniş açıb yenidən sarmaşdılar.
- Heç dəyişməmisən. Keçən dəfə gördüyümdən bir az da cavanlaşmısan. Arıqlamısan. Demək, Amerika adamı cavan saxlayır, eləmi?
- Sən də çox yaxşısan. Avropa da pis baxmayıb sənə.
- Yox, əşi. Stress məni qocaldıb. Alnımın qırışına bax. Hərəsindən bir cür çəkirəm…
- Uydurma, qırış zad yoxdu, qəşəngsən.
Sahil metrosundan üzü Azadlıq meydanına sarı yürüməyə başladılar. Ayna, artıq bir neçə dəfə telefonda danışdığı mövzularla - diş əməliyyatı, gözlənilməz xərcləri ilə bağlı söhbətə başlamışdı.
Leyla onun diqqətini çevrəyə çəkmək istədi.
- Fikir vermisən? Bakının yazı çox gözəl olur.
- Yox, canım, bu şəhərdə yaz nə gəzir? Qışın axıra qalmışı, yayın vaxtsız gəlmişi olur. Arkadaşlarım novruzda gəlmişdilər, elə yağışa, küləyə düşüblər ki, oteldən bayıra çıxa bilməyiblər. Bakı iki fəsilli şəhərdi. Yazın üzü yenicə gülmək istəyəndə, yaşılı, çiçəyi çırtlayanda yay özünü yetirir, nəyi var qarsıb-qaraldır. Təntidən istilər, Xəzərin nəmi başlayır… vah, vah, yapış-yapış olursan…
- Amma indi çox gözəldi. Bakının mayı aləmdi.
- Orası elədi, cəmi 15-20 gün… Elə ona görə ya mayda gələrəm, ya sentyabrda.
- Bulvarda yaman lalə əkiblər. Rəngbərəng. Görməmisən?
- Görmüşəm.
Bu şəhərdə doğulmuş, böyümüş, universitet oxumuş, ailə qurmuş, ana olmuş Ayna da, Leyla da çox illər sonra, yaz günlərinin birində Bakıda idilər. Köhnə bacılıqların biri Hollandiyadan, o biri Amerikadan gəlmişdi. Bu, ötən iyirmi beş-otuz ildə ikinci dəfə baş vermiş xoş bir təsadüf idi. Onlar illər öncə uzaq ölkələrə köç etmiş, uzun müddət bir-birindən xəbər tutmamış, günün birində Facebook kəşf edilmiş, bacılıqlar bir-birini sosial məkanda tapmış və köhnə dostluğu davam etdirmişdilər.
Bakıda, ötən günlərdəki kimi qol-qola gəzməyi, üz-üzə oturub güvəcdə piti yeməyi, buz kimi vişnə mürəbbəsi ilə qaynar çay içib söhbət etməyi… Telefonda çox danışmış, arzulamışdılar.
Bu gün həmin gün idi.
Ayna masaya yaxınlaşan qarsondan vay-fay istədi. Leyla ətrafa boylandı.
- Deyilən qədər var… Gözəlmiş… Nuxa üslubu…
- Görək yeməkləri də gözəl olacaqmı?
- Bacım qızı tərifləyirdi…
- Əslində, bu Şəki pitisinin adı çıxıb, vallah. Bakı bozbaşına çatmaz.
- Elədi. Amma Şəki öz pitisini brendləşdirib, Bakı bu işi görə bilməyib. Olmaqla deyil ki, gərək olanını ağıllara yaza biləsən…
Bax, düz üç həftədi Bakıdayam, sən məndən də əvvəl gəlmisən, amma ilk dəfə görüşə bildik. İncimə, günah məndə deyil. Bu ölkədə hamı yalan danışır. Bu ölkədə ağızdan çıxan söz, söz deyil, boş laqqırtıdı. Həkim deyir, filan saatda gəl, gedirəm, hələ yoxdu. Otur gözlə ki, kişinin oğlu bir klinikadan çıxıb o biri klinikaya qaçacaq, Bakının trafikini yarıb keçəcək, handan-hana gəlib çıxacaq. Gecikməyə görə üzr-filan yox. Trafik varsa, günah məndən getdi, anlamına gəlir. Zatən, həmişə trafik var bu şəhərdə, bunu nəzərə almalısan. Axırıncı dəfə keçən payızda gəlmişdim. Dişlərimi düzəltdirməyə. Bilirsən, Hollandiyada çox bahadı. Cibimə görə olan da var, amma o qiymətə o kalite olmur. Kaliteli olan da bizi aşır. Bu həkimi mənə ürcah elədilər, getdim görüşdüm, asdı-kəsdi, mən belə, mən helə, bütün Avropa üstümə gəlir… Axırı da bu, bax, dişim laxlıyır. Bax. Bax. Əlini vur.
- Gördüm, gördüm…
- Belə görə bilməzsən, əlini vur. Vur, vur. Mən iyrənmirəm.
Leyla “yox, yox, görürəm”, desə də, bacılığının təkidindən keçə bilmədi. Əlini masanın bu yanından o yanına uzadıb, Aynanın alt ön dişlərinə toxundururmuş kimi edib, tez geri çəkdi.
- Yox, belə bilməzsən…
Ayna Leylanın barmaqlarından tutub alt dişlərini oynatdı.
- Gördün?
- Gördüm.
Əslində heç nə görmədi, sanki bir boşluğa düşdü, çimçəşdi, əlini çəkib masanın altında gizlədi. Az sonra oğurluq edirmiş kimi masadan kağız dəsmal çırpışdırdı. Sildi, sildi, gözü ilə nəm dəsmal axtardı, yox idi, tək əllə çantasını açıb baxdı, orada da yoxdu. Həmən gedib əllərini yumağa utandı.
- Dedim, doktor, mən Rokfeller deyiləm e. Azərbaycan məmurları kimi büdcəni talayıb Avropaya da daşımamışam, parislərdə, londonlarda villalar alıb kirayə vermirəm. Qaçqın getmişəm bu ölkədən. Tək canımı, iki yeniyetmə oğlumu götürüb qaçmışam. Leyla, sənə qurban olum, sən ki şahidsən, illərlə türmə qapılarında qaldım. Anadan əmdiyim süd burnumdan gəldi. Məhkəməyə qədər gözlədim.
- Bilirəm… getsin, gəlməsin o günlər, yada salıb qanını qaraltma.
Leyla əlini hələ də yad əşya kimi özündən kənarda, masanın altında tutmuşdu.
- Zəhləm sifətindən gedir, hər cür zülm verdi mənə, türmə qapılarına saldı, məhkəmələrdə mən süründüm, səfasını özününkülər gördü. Qazandığını bacı-qardaşına yedirtdi, bir sürüdülər, hamısına gün ağladı. Hamıya yaxşı olub - qohuma, yada. Hamıya! Məndən başqa. Amma adamın üstündə Allah var, Ağakişi təmiz adamdı. Şərəşürlə, rüşvətlə işi olmayıb. İnana bilmirdim ki, o boyda generala, dörd dənə doktorluq dissertasiyası olan adama on dörd il iş verərlər. Amma verdilər. Özüm vecimə deyildim, uşaqları qaçırtdım, qorxdum əsgər aparıb məhv edərlər. O illəri bilirsən, ordunu qisas aparatına çevirmişdilər…
Ayna danışdıqca pörtür, qaşları arasındakı düyün qabarıb-iriləşir, səsi titrəyirdi.
- Ayna, niyə danışıb özünü körükləyirsən? Sakit ol. Sir-sifətdən çıxdın axı. O kitabı bağla. Nəticəyə bax. Hər şey sizin xeyrinizə oldu. Ağakişini tutdular, siz qaçdız, uşaqlar Holandiyada daşdan keçən diplom aldı, Avropa vətəndaşı oldular. Biz də eyni taleyi yaşadıq, kefdən getmədik, bilirsən. İndi baxıram qohum-əqrəbaya, tanış-bilişə… kimlə danışırsan, hər kəs ölkədən getməyin yollarını axtarır, elə bir gün olmur ki, qohum, tanış gəlib məsləhət istəməsin. İndi dünya qaçqın əlində aciz qalıb, qanunlar sərtləşib. Görünür, biz yaxşı vaxtlarda getdik. Düzdü, könüllü getmədik, getməyə məcbur olduq. Qalsaydıq Ülfəti də tutacaqdılar, bilirsən. Biz gedəndən sonra qardaşlarını tutub saxladılar, axırda imtina məktubu yazdırdılar ki, bizim o adda qardaşımız yoxdur, tanımırıq, tanımaq istəmirik. Sonra əl çəkdilər. Ülfət on il qardaşları ilə salam-əleyk edə bilmədi, iyirmi il vətənə gələ bilmədi. Yenə şükür, indi bir yerdə gəlib-gedə bilirik. Gəl, yaxşı şeylərdən danışaq. Demişdin, qayıdandan sonra İspaniyaya tətilə gedəcəksən…
Ayna Leylanı eşitmirdi. Bəlkə də eşidirdi, eşidə-eşidə iyirmi ildən bəri telefonda, skaypda, teleqramda, zumda, votsapda – texnologiyanın bütün önərgələrində dediyini yenə təkrar-təkrar deyirdi.
- Düz deyirsən, amma mən zülm çəkmişəm, Leyla. Bakıda guya general arvadı idim. Guya! Yaşadığım evi görmüşdün. Əlim ətəyimdən uzun qaçdım. Üç ay kamplarda olmazın əziyyət çəkdim, səksən nəfərlə bir tualetə getdim. Zəncilər, ərəblər, tualet nədi bilməyən hindlər… Yadıma düşəndə ödüm ağzıma gəlir… Hər cür irqlə bir arada yaşadıq. Uşaqlar yaxamı didirdi ki geri dönək, balacam günlərlə yataqdan qalxmırdı, deyirdi, təkbaşıma Bakıya qayıdacam. Hər gün dava idi evdə, qırırdıq bir-birimizi. Dedim: dəlisiz? Öz əlimlə güdaza verim sizi? Sən ki bilirsən, bizi nə gözləyirdi…
- Bilirəm… Yaxşı bilirəm…
- Sovetin tibb diplomu ilə Avropa xəstəxanalarında dayə işlədirlər. Gör, neçə ildi xəstə baxıcısıyam. Əlbəttə, indi çox yaxşıdı, həftədə üç dəfə işə gedirəm, xəstələrlə söhbət edirəm, dərmanlarını verirəm, vəssalam. Sığortam var, ac deyiləm, açıqda deyiləm. Amma əvvəli belə başlamadı. Qocaların altını təmizlədim. Bunları sənə yüz dəfə danışmışam. Səni də yoruram…
Leyla, arada fürsət tapıb bir-iki kəlmə deyə bilsə də, həmişəki kimi susub, qulaq asırdı. Ayna “səni də yoruram”, sözünü kəlməbaşı işlədərdi. Son iyirmi ildə üzrxahlıq edirmiş kimi bəlkə iyirmi min dəfə bu sözü demişdi. Hər dəfə qarşı tərəfə “yox, yox, rahat ol, söhbət edirik də…”, dedirdib, sözünə davam edərdi.
Leyla, mövzunu dəyişməyə, kədərli səhifələri qapatmağa çalışsa da, bir-iki cəhddən sonra susub dinləyirdi, çünki bilirdi ki, bacılığı yalnız özü istəyəndə sözü dəyişir və ya sözü bitəndə birdən-birə sağollaşıb, telefonu qapadır. Ərinin hər dəfə “bu qadın niyə bu qədər danışır, sən axı niyə qulaq asırsan ona, bekar qalmısan?” deməsinə baxmayaraq, illərdi bəzən həftədə beş dəfə, bəzən beş həftədə bir dəfə bu “söhbət” təkrarlanmaqda idi. Leyla dostu qüsuru ilə sevərlər fikrinə sadiq qalmışdı.
- Dedim, doktor, Avropadan gələn yevro kəsmir e. Mən maaşla dolanıram.
- Hə, burda elə fikirləşirlər. Əvvəllər uşaqlar balaca idi, gəlirdik, rayonlara gedirdik, başımız o qədər çəkmişdi, deyirdim, siz ağzınızı açmayın, bilsələr xaricdən gəlmişik, soyacaqlar. Qızlar çaşıb qalırdılar, “axı niyə” deyirdilər, başa düşə bilmirdilər. İşimiz idarələrə düşürdü, hər iş rüşvətlə aşırdı. Hər dəfə yol polisi saxlayır, rüşvət alır, uşaqlar soruşur, mən başa salırdım, çılğına dönürdülər. Böyüdülər… indi heç buralara gəlmək istəmirlər. Heç vaxtları da yoxdu. Dəli kimi işləyirlər, kapitalist o maaşı havayı vermir. İldə on-onbeş gün tətilləri olur, onu da öz maraqlarına uyğun dəyərləndirirlər.
- Mənim oğlanlar da eynən. Darıxırıq, gəlirik, peşman edirlər, dadını qaçırırlar, stress yaşadırlar.
- Ölkə yoxsuldu, Ayna, hamı bir-birinin pulunu sayır, yalan çoxdu, fürsət tapan o birini aldadır, fırıldaq boydandı.
- Ölkə yoxsuldu???
- Əlbəttə, ölkə zəngindi, əhali yoxsuldu, demək istədim. Ölkənin zənginliyindən camaata nə düşür ki? Maaş az, iş yeri yox. Bazara baxıram, maaşlara baxıram, məəttəl qalıram, bu camaat necə keçinir…
- Yox, ay qız, yoxsul-filan deyil… Bacım oliqarxlarla qudadı, yerə-göyə sığmır. Orda ev, burda bağ, bahalı maşın, oğlu, qızı iş başında, amma oturanda yeddi yaylıqla ağlayır. Kimə rast gəlirəm, puldan danışır, “yoxdu”dan başqa bir söz eşitməzsən bizimkilərdən. Di gəl, gəzməklər, tozmaqlar, restoranlar, səfərlər, fotolar, instaqram partlayır…
- Əhalinin neçə faizi oliqarx qudası ola bilər ki…
- Yox e… Qaraçılaşıb camaat, əvvəlki Bakı yoxdu.
- Orası elədi, camaat bir az dəyişib…
- Çox dəyişib! Bizimkilər göz qaytarır. Qohumlarım yalan danışır, kiraçı aldadır, həkim fırıldaq gəlir. Üç min vermişəm… özü də yevro ilə. Dedi, qızım Almaniyada yaşayır, yevro ver, ona göndərərcəm. Verdim. Bu da sənə diş! Laxlayır!
Ayna yenə alt dişlərini laxlatdı. Leyla özündən uzaq tutduğu əlini bir az da kənara çəkdi, az qaldı arxasında gizləsin.
- Sizdə nə var, nə yox?
- Şükür. Sağlıq. Amma biz də qürbətlərdə yaşlandıq… dünya ölüm, itim dünyasıdı, Ayna.
Leyla son illər ürəyinə dalmış ağır bir yükü boşaltmaq istəyirdi. Lakin Ayna başladığı söhbəti hələ bitirməmişdi.
- Bu iyirmi dörd ildə elə bir gəlişim olmayıb ki, problemlərin altında boğulmayım. Bu ölkə dəhşətdi. Keçən dəfə kiraçılar başıma oyun açdı. Nə qədər borc qoyub getdilər. Maklerlər anadan əmdiyimi burnumdan gətirdi. Oğlum deyir, mama bəsdi, mən bezdim sənin problemlərindən, evi kirayə vermə, qoy boş qalsın.
- Düz deyir…
- O deməklə deyil ki. Gənə beş-üç manat gəlir. Sən bilirsən, mən Bakıya əliboş gələ bilmirəm, neçə illərdi hamıya azdan-çoxdan pay-puş gətirirəm. Hara düşsəm, o evin bazarlığını özüm edirəm. Əvvəllər lap gic idim, daşıyırdım e… bacılarıma bahalı çantalar, brend paltarlar… Gördüm qanmırlar, elə bilirlər bunlara borcum var. Əlimi çəkdim. İndi ağızları əyilib. Gözüm aydın, dünəndən əyilsin. Bu dəfə kabin baqajı ilə gəlmişəm. Biletlər od qiymətinədi. Uzaqbaşı hərəsinə bir pamada, əl kremi… vəssəlam.
- Hə, bizlər üçün dolu çamadanlar dövrü bitdi, indi yalnız ərəblərin yaxşı baqajı olur. Yollar çox bahadı. Bakı biletləri də lap bahadı. Əvvəl Tiflis biletləri çox ucuz olurdu. Gəlirdik Gürcüstana, Ülfətgilin kəndində qalırdıq, Tiflisi bir-iki gün gəzib dolanıb quru yolla keçirdik Azərbaycana. Qayıdanda da bəzən elə, bəzən birbaşa uçurduq. Çox fərq edirdi qiymətdə. Həm xoş olurdu, həm ucuz. Yolları da bağladı. Qəsd edir elə bil, dünyanın ən baha biletini satır.
- Qonağa get deməzlər, altından mindəri çəkərlər. Bu da bizə “bahadı, gəlmə” deyir də. İnanırsan, il boyu ucuz bilet axtarıram…
- Mən də…
- Hollandiyada günəş yoxdu, hava daima tutqun, yağış, sümüklərim sızıldayır, ilboyu depressiyada oluram. Hər il Bakıya gəlməsəm, olmur, darıxıram, gəlirəm, peşman qayıdıram.
- Olanımız budu…
- Hara baxırsan, dilxorçuluqdu. Bilirsən, Mayanın atası xəstədi, imkanı yoxdu, dərmanlar bahadı, özü işsiz qalıb. Demişəm sənə, kinostudiyada işləyir, neçə aydı öz hesabına məzuniyyətə göndəriblər. Yəni maaş almır. Bu nə hoqqadı burda bilmirəm. Öz hesabına məzunuyyət nədi? Camaatı ələ salırlar. İnanırsan, özümə yer tapa bilmirəm, ona kömək etmək istəyirəm, diş məsələsinə görə qalmışam belə. Bilmirəm bu afirist dişçi pulumu qaytaracaqmı? Yeni doktor nə qiymət oxuyacaq? Oğlanlarıma deyə bilmərəm, mənə pul verin, arkadaşıma yardım edim. Onlar belə şeyləri qanmazlar. Onlar çoxdan avropalı olublar.
- Uşaqlarla azərbaycanca danışırsan?
- Əlbəttə.
- Yaxşı bilirlər?
- Hə, bilirlər. Hollandcanı ana dili kimi bilirlər. Mən də bilirəm, çox da yaxşı bilirəm, kurslara göndərib məcbur öyrətdilər. Hollandca bilməyənə Hollandiyada nə yer var, nə iş. Azərbaycan döyüle səninçün, dövlətin dili ayaqlar altında. Bütün kəndçilər doluşub Bakıya, uşaqlarını da rus məktəbinə veriblər. Taqovıda rusca hava atırlar. Nə özləri düz-əməlli danışır, nə uşaqları. Mənimkilər ingiliscə də, rusca da, türkcə də tər-təmiz danışırlar. Mənim də oradakı arkadaşlarım türklərdi, Türkiyə kürdləridi, görmürsən türkcələri vurmuşam bir-birinə.
Ayna qəh-qəhə çəkib güldü.
- Kəndçi neyləsin… Dövlət öz dilinə sahib çıxmayandan sonra…
Hollandlar başqa dildə danışmazlar, yabançını aralarına almazlar, ən çox ruslardan zəhlələri gedir, rus arvadlar orda çox hoqqalardan çıxıblar, kişilərin başına yaxşıca corab hörüblər… Gözləri qorxub, gəlmələrə inanmırlar. Həm də hollandlar çox yekəxanadı, millətçidilər, xüsusən zənginlər. Zatən hamısı zəngindi, ən kasıbının yüz min, iki yüz min yevro birikimi var. Amma mənim hollancam təmiz, özüm, bilirsən, dürüst adamam, dostcanlı, yanımcıl… Ona görə Holland arkadaşlarım da çoxdur. Rus arkadaşlarım da var. Belorus, ukrain qızlar da var, çoxdan yoldaşlıq edirik. Onlar da mənim kimi gəlmədi.
- Amerikada hamı gəlmədi.
- Hollandlar tənbəldi. İşləmək işləmirlər. Şirkət holland mühəndisə ikiqat pul verir ki, üç aylığa, altı aylığa get Çinə, Sinqapura, getmir. Deyir, nəyimə lazmdı, rahatımı pozum, üstəlik, gedib oralardan virus gətirim. Amma bizim uşaqlara pul lazımdı, özlərini oda-közə vururlar, həm də gəlməyik axı, özlərini təsdiq etməlidirlər. Şirkət oğluma hollanda verdiyi pulun yarısını verir, o gedir. Hollandların tənbəlliyi ucbatından Rüfət dünyanın yarısını gəzib, mühəndis kimi də yaxşı ad qazanıb.
- Çox gözəl. Ayna, sənin oğlanların Bakıya qayıda bilərlərmi? Gələcəkdə…
- Nə? Nə Bakı? Sən nə danışırsan?
- Yəni bir gün…
- Yox ay qız, qətiyyən. Onlar o qanunlara, o həyata alışıblar. Çətin bir də bu tərəflərə üz tutalar. Bura düzələn deyil.
Masaya yemək gələnə kimi Leyla əllərini yuyub qayıtmış, rahatlamışdı. Ayna zəngləşmiş, mesaj yazmış, səs göndərmiş, internet fürsətindən gen-bol yararlanmışdı.
- Sizdə təzə nə xəbər var? Elə mən danışıram…
Leyla demək istədi ki, mənim qızlarım ana dilini bilmir, bildikləri elə bilməmək kimi bir şeydi, daha dilləri çönmür. Əvvəllər ildə bir dəfə əllərindən tutub gətirirdim Bakıya. Böyüdülər, indi öz aləmləri, öz ailələri var. Gəlmirlər. Bir də axı çox uşaq idilər biz Amerikaya köçəndə. Baxçada, məktəbdə, lisedə böyüdülər. Evdə danışmağa nənə, baba yox, qohum-əqrəba yox. Biz də gecə-gündüz işlədik, pul qazandıq, ev qurduq. Axşamlar evə ikimiz də yorğun-arğın gəlirdik, uşaqlarımızla ünsiyyət qura bilmədik, vaxtımız olmadı. Amerikada mühacir gündə on dörd-on beş saat işləməsə heç yerə yetişə bilməz. Bir nəfərin işləməyi ilə də ailə keçinməz. Qızlar əlaçı idilər deyin, şirkət onları liselərdən seçib təqaüd verdi, bahalı universitetlərdə pulsuz oxutdu, yaxşı maaşla işə aldı. Uşaqlara görə çox məmnunam. Amma onlar artıq o torpağın məhsuludu. O qaydada, o havada böyüyüblər. Daha buralara qayıtmazlar. Bizim isə ömrümüz orada keçdi, yaşlandıq, özümüz orda olduq, kökümüz burda qaldı. Azərbaycandan qopa bilmədik, amerikalı ola bilmədik. Amma övladlarımızdan qopduq. Şüurca qopduq. Ülfətlə ömrümüz türklük, azadlıq davasında keçdi, amma övladlarımızı türk edə bilmədik. Hiss edirəm ki, onlar bizim ideallarımıza yuxarıdan aşağı baxır, ciddiyə almırlar, bəzən ironiya görürəm. Bütün bunları görmək ağırdı, Ayna.
Leyla qəlbini sızladan daha bir söz demək istəyirdi, demək istəyirdi ki, mənim nəvələrimlə söhbətim beş-üç kəlmədən o yana keçmir, nə var, nə yox, əzizim, canım, gözüm, gözəlim, vəssalam. Gerisi yoxdu. Bir-birimizin dilini bilmirik. Çox sürətlə danışırlar, başa düşmürəm. Amma demədi. Tamam başqa söz dedi.
- Biz də bağ evi almaq istəyirik, amma çox bahalıqdı… Bəyəndiyimiz cibimizə uyğun deyil, uyğun olanı bəyənmirik. Bu işi gərək on il əvvəl görəydik. Bir-iki elana baxdım…
- Sənə bir məsləhət verim, indi yox, bağı payızda, üzü qışa gedəndə alarlar.
- Biz…
- Qiymətlərdə fərq eliyir. Qardaşım bağ evində yaşayır, Coratda, sənə danışmışam.
Ayna, artıq əməkli olan zabit qardaşı, məktəbdə hərbi təlim müəllimi işləməsi, onun bağ evi, əncir ağacları, kökü kəsilməkdə olan şanı meynələri, iki bir-birindən fərli-fərasətli oğlu, bağda saxladığı toyuq-cücə, hər dəfə ona kənd toyuğu bişirməsi, hələ kəsib pay da qoyması, kənd yumurtası verməsi, bu qardaşın bacılarından min dəfə qanacaqlı olması, amma evinin yola yaxın olmaması, hər dəfə taksilərin başqa səmtə aparması haqda iyirmi min dəfə danışdığı uzun bir hekayəni yenidən başladı. Leylanın çox dərin mətləblərə aparacaq bağ evi söhbəti başlamamış bitdi.
Ayna, qardaşı ilə son görüşündən başladığı söhbəti bitirər-bitirməz Leyla dedi.
- Ayna, anam öləndə bacımla mən başının üstündə idik.
Ayna, yeməkdən başını qaldırıb Leylaya baxdı.
- O günü unuda bilmirəm. Bacım telefon əlində qonşulara qaçırdı. Təcili yardım çağırır, qardaşımı axtarırdı. Qonşular axışıb gəlmişdilər. Mən də anamın saçını sığallayırdım, üzündən öpürdüm, gözərindən süzülən yaşı silirdim. Anamın üzü işıq saçırdı… Heç unuda bilmirəm o anı… Gözləri yaşla dolmuşdu, amma elə məmnun baxırdı üzümə… Yanaqlarından öpə-öpə fatihə, ixlas oxuyurdum.
- Allah rəhmət eləsin. Çox gözəl insan idi…
- Başımı qaldıranda gördüm, hər kəs bizdədi, axşam saat on idi, amma eşidən-bilən tökülüb gəlmişdi, evdə addım atmağa yer yox idi. Həyət-baca adamla dolu. Bütün işləri qonşular, qohumlar yola verdi. Səhərisi də elə, üçü də elə. Qoymadılar əlimizi ağdan qaraya vuraq.
- O köhnə Bakı idi. İndi çox dəyişib. Avropada isə belə şeylər heç mümkün deyil. Saat doqquzdan sonra qonşu qapını açmaz, dost belə telefonu açmaz.
- Anam az ağrı, asan ölüm, deyərdi. Allah səsini eşitdi, elə bircə saatın içində uçub getdi. Çox gözəl sonluq oldu, anam xoşbəxt insan imiş. Öz evində, öz vətənində, övladları yanında. İşə bax, Ayna, mən belə Bakıda idim.
Leyla, Aynanın “durduğun yerdə sən bu söhbəti niyə açdın” deməsini gözlədi, amma demədi. Bu mövzu da başlamadan bitdi. Leyla demək istəyirdi ki, mənim qızlarımla aramda, heç buranı demirəm, Amerikadakı evimlə aramızda azı üç saatlıq uçaq məsafəsi var. Hər ikisi başqa-başqa şəhərlərdə yaşayır. Bəs görəsən bu işlərin axırı necə olacaq, Ayna? Bunu da demədi.
Yeməyi yeyib bitirmişdilər.
- Xoşuna gəldi? - deyə Leyla soruşdu.
- Belə də… Əvvəlki pitilərin dadı yoxdu. İndi hamısı fırıldaqdı… Bakısı da, Şəkisi də, bu ölkədə yuxarıdan aşağıya hamı bir-birinin başına corab hörür. Bunlar da bizə belə corab hördülər, - deyib, ucadan güldü.
- Eybi yox. Bu da bir arzu idi. Bakıda piti yeməyi çox arzulamışdıq.
- Bakının əti dünyanın heç yerində yoxdu, Leyla. Amma əsl olsa. Avropa ilə Azərbaycanın ən böyük fərqi bilirsən nədi, Avropada kaliteni qoruyub saxlamağı bacarırlar, müştərini itirmək istəmirlər. Ona görə hər addımda yüz illik restoranlar, iki yüz illik çörəkçilər var. Bakıda hər işin əvvəli yaxşı başlayar, axırı zay olar. Fırıldaq, rüşvət bu camaatın evini yıxıb. Yoxsa bizim torpağın əti kimi ət yoxdu. Keçən həftə rəfiqəmin bacısıgildə idim. Dolma bişirmişdi, təzə yarpaqdan. Onlar ağdamlıdılar, iki bacı, ikisinin də əlinin duzu var, yeməkləri ləzzətli olur. Böyük rəhmətə getdi, demişəm sənə, bu kiçik od parçasıdı, novostroykası, maşını, dünyanın pulunu qazanır. Necə? Bilmirəm! Ömründə belə suallar vermərəm. Mənə çox kömək edir, əli hər yerə girir. Maklerlərlə problemim olanda verirəm onu qabağa, gözlərini tökür, kimi desən neprav çıxarar, deyir, sən danışma, əfəlsən, məni çağır. Çətinə düşəndə çağırıram gəlir, həyasızdı, kişiləri yerin dibinə soxur. Çox yaxşı qızdı, həm dost kimi, insan kimi… Yeməkləri də aləm. Onun kimi dolma bişirən yoxdu. Mən kişi olsaydım, elə dolmasına görə vurulardım ona.
Ayna yenə qəhqəhə çəkdi.
Leyla, Aynanın bu dostunu – bacılığının bacısını heç vaxt görməmişdi, amma haqqında hər şeyi bilirdi. İyirmi min dəfə eşitmişdi ki, bacısı ilə dost imiş, sonra o qadın xərçəng olur, ölür. O da yaxşı insan imiş, amma o murdar xəstəliyə tutulandan sonra xasiyyəti dəyişibmiş, Aynanı bacısına qısqanırmış. O da pullu imiş, evi, maşını, bağı, əlini ondan çəkməyən keçmiş zəngin əri, Avropada oxuyan oğlu vardı. Leyla, hər şeyi, Aynanın dostlarının gün-güzəranı, macəraları ilə bağlı hər şeyi əzbər bilirdi. Buna baxmayaraq, Bakıdakı Şəki pitisinin fırıldaq olmasından başlayan söhbət artıq iyirmi dəqiqə idi uzanırdı, təkrar-təkrar… Düz iyirmi mininci dəfə… və iyirmi dəqiqə…
Çay gəldi.
- Uşaqlar yaxşıdı? Bu diş həkimi başımı elə qatıb ki, səndən heç nə xəbər ala bilmirəm. Necədilər, neyniyirlər?
- Neyniyəcəklər? Qaç-qov. Ailə, iş, uşaq, məktəb… Gözlərini açmağa…
- İndi cavanların işi çətindi. Düzdü, bizimkilərin işi-gücü var, evləri var… Amma böyüyün həyatı zaydı, birinci dəfə bir belorusu aldı, qoltuğuna iki uşaq verib boşadı. Holland qanunlarına görə boşandısa, ölkədən çıxmalıdı. O da mənim gic oğluma əvvəlcədən ev aldırmışdı Belorusda. İşini bilirmiş. Sonra qoşuldu Hollandiyanın müsəlman icmalarına, o icmalarınkı çoxunun quyruğu Vatikanın, Avropanın, Amerikanın gizli idarələrinin əlindədi, deyirlər. Məni kimi avamlar əvvəlcə sevinir ki, nə yaxşı narkotikaya qurşanmayıb, dinə gəlib. Sonrasından Allah saxlasın. Bu yöndə yaman dedi-qodu var. Bilənlər uşağını qorumağa çalışır, mən qoruya bilmədim. Çox dedim, eşitmədi, atasının balasıdı, özünü hamıdan ağıllı bilir. Bakıda din-filan bilməzdi, bilirsən, rus məktəbində oxuyublar, Ağakişi rus dillidi, uşaqlar Rusetdə doğulub. Bəxtəvər başıma, gəldik Avropada müsəlman olduq. Avropa sovetlərdən gələn cavanları elə bil qəsdən dinə yönəldir, dini təşkilatları dövlət maliyyələşdirir, ofis verir. Böyüyüm qoşuldu onlara, namaza başladı. Dedi, bu dəfə başıbağlı alacam. Bakıdan birini tapdıq, rəfiqəmin tələbəsi olmuşdu, çox təriflədi, dedi, yaxşı qızdı, başıaşağıdı, qaçqındı, apararsız Avropaya, ağ günə çıxararsız, sizə də savabı çatar. O qaçqın da birini doğdu, oldu əzrayıl, düşdü uşağın canına… Elə mənimki də bir zibil döyül, qırx yaşı oldu, adam olmadı. Qaçqın qız da ilandı. Sənin kiçik qız necə keçinir əri ilə?
- Yaxşı. Çox yaxşı…
- Əri ingilis idi də deyəsən…
- Yox. Onun da ailəsi əlli-altmış il əvvəl Amerikaya köçüb, irlanddılar. Yaxşı adamlardı. Böyüyün əri ingilisdi. Amma…
Ayna Leylanın “amma”sını eşitmədi. Deyəcəkdi ki, amerikalı kürəkənlərin ikisi də yaxşı adamlardı. Çox hörmətcil, nəzakətli, yüksək səviyyəli, əsilli-nəsilli, amma mənim qızlarım evdə də, işdə də, övladları ilə də, az qala mənimlə də bir-iki kəlmə “gəl-get”dən başqa ingiliscə danışırlar. Mənim sevdiyim yeməkləri yemirlər, mənim dinlədiyim musiqini dinləmirlər, Bakını özləmirlər, onlar artıq o torpağın məhsuludur. Mənim Azərbaycanım onlarda bitdi. Bunu görmək çox ağırdı. Cavan olanda fərqində deyildim, işin o səmtə gedəcəyini görmürdüm, indi ürəyim sıxılır, Ayna.
Sənin qızların elə uşaqlıqdan ağıllı idilər… Ona görə o yerlərə gedib çıxdılar. Mənim başım batsın, bu qaçqını uşağa necə caladım. Vaxtında uşaqları tanış eləmədik.
Leyla bu vaqeənin də bütün fəsilləri ilə elə iyirmi min dəfə eşitmişdi. Qaçqın qızı Aynaya kim calamış, tanışlıq, elçilik, nişan, araya düşən pandemi, yolların bağlanması. Qaçqın qızın toy gözləmədən ilk uçağa oturub nişanlısının yanına Hollandiyaya gəlməyi, uşağın doğulması, bitməyən qovğalar… Hər şeyi, ər-arvad arasında olan, deyiləsi, deyilməyəsi hər şeyi bilirdi. Bu söhbət çərçivəsində bir çaydan qaynar çayı buz kimi vişnə mürəbbəsi ilə içib bitirdilər.
- Bu çay da, bu mürəbbə də heç yerdə yoxdu, Ayna.
Hər il bir əncir, bir də vişnə mürəbbəsi aparırdım, oğlanlar çox sevir. Bu dəfə olmayacaq, baqajım yoxdu.
- Səninkilərin Bakı ilə bağları qopmadı, mürəbbəsini belə istəyirlər. Mənimkilər bir az çox qaynayıb-qarışdılar o tərəfə. Əvvəl illərdə çox sevinirdik, uşaqların yaxşı təhsili, karyerası, uğurlu izdivacları, sağlam övladları. Əlbəttə, yenə çox şükür. Amma vaxt keçdikcə görürsən ki, coğrafiya sənin köklərini, millətini, kimliyini, dilini, hətta uğrunda ömrünü verdiyin, müsibətlər yaşadığın ideyalarını elə udub həzm edir… Heç xəbərin olmur…
- Bizim qaçqın çətin adaptasiya ola, elə çuşkadı ki çuşka… Başını bağlayıb özünü oğluma sırıdı… Fikir vermişəm, namaz zad da qılmır, hamısı hoqqa imiş…
Leyla ürəyinə çökmüş dumandan danışmaq istəyirdi. Yaş keçdikcə üstünə yürüyən, gözündə böyüyən qəribçilikdən söz açmaq istəyirdi. Bağ evi söhbətini də ona görə açmışdı. Demək istəyirdi ki, biz ər-arvad artıq əməkliyik, vətənə qayıtmaq istəyirik, bizim əməkli maaşı ilə Bakıda yaxşı keçinmək olar. Biz anladıq ki, uşaqlarımız bir daha buralara dönməyəcək. Biz də oralarda qərib ölmək istəmirik. Deyirik, gələk burada şəhərə yaxın bir bağ evi alaq, əncir ağacı, tut ağacı olsun, meynə olsun, həyətdə zəfəran əkərəm. Ülfət it saxlamaq istəyir, deyir, təməlli gəlsəm, coonhaund küçüyü gətirəcəm. Ömrümüzün axırını vətəndə keçirək, qohumlarla görüşək, qonşularla söhbət edək, kişilər nərd atsın. Bir də heç kimə zəhmət düşməsin, indidən kənd qəbiristanlığında özümüzə yer götürək, səksən, doxsan, bir gün yoxsan, hər şeyi özümüz həll edək, sözsüz ki, qızlar dəfnə çatmayacaq, on iki saat uçaq yolu… Amma qohum-əqrəba burdadı. Ülfətin də, mənim də qardaş oğlanlarımız Bakıdadılar, onlar bizi tək qoymazlar.
Leyla, Aynanın axirət işləri ilə bağlı fikirlərini bilmək istəyirdi. Görəsən onun da övladları ilə, nəvələri ilə uçurumu varmı və ya olacaqmı? O da övladları ilə yolayrıcına gəlmişmi? Lakin fürsət olmadı, Ayna imkan vermədi, çox gərgin idi, qaçqın gəlinin kiçik gəlinlə aranı vurmasından, birləşib qiybətini qırmaqlarından, ad günlərində bir-birinə göz-qaş eləmələrindən danışırdı.
Leyla hesabı istədi. Ayna da əlini çantasına atdı.
- Dur, mən ödəyəcəm.
- Yox. yox. Olmaz.
- Olar. Sənin gözlənilməz xərclərin çıxıb.
- O zaman hesabı bölək. Başqa cür izin vermərəm.
- Tamam.
Qalxdılar. Leyla nə danışa bildi, nə soruşa bildi. Ayna hər dəfə sözünü kəsdi, ağzını açmağa qoymadı. İyirmi min dəfə dediklərini təkrar etdi. Ürəyini boşaltmağa imkan vermədi. Çox yaxşı oldu! Arkadaşın çoxdanışan olmasına bəzən minnətdar olmalıyıq, onlar bizi artıq danışmaqdan sığortalayır, deyə düşündü. Həm də… hələ də gəlinlərlə qovğadadırsa, oğlanlar Bakıdan evlənibsə, hələ də vişnə mürəbbəsini sevirlərsə, demək, hələlik heç kim heç kimdən qopmayıb. Demək, Ayna öz kökü üstündə möhkəm durur, qol-qanadı da cağbacağ yerində. Məsafə də az iş görmür axı, Hollandiya ilə Azərbaycanın arası nədir ki.
- Çıxaq. Hava xoşdu, bir az gəzək… Elə mən danışıram, sən də bir az danış görüm, təzə nə xəbər var… Nəvələrin böyüyür?
- Böyüyürlər, məktəbə gedirlər, çox sevimlidirlər, amma çox hızlı danışırlar, mən onların ingiliscəsini başa düşmürəm.
- Bizimkini də bu Ağdam qaçqını hollandca danışdırır. Özü hır-zır qanmır e, deyirəm, özün öyrən, onsuz da uşaq kreşə, məktəbə gedəcək, biləcək də… Bir azdan o sənə dil öyrədəcək.
- Elədi, uşaqlar tez götürür…
- Yorğunsan elə bil…
- Yoox…
- Fikirli görünürsən… Yordum səni yəqin…
- Yoox…
- Sabah xınaya çağırıblar məni, səncə, nə alım? Tort? Yox! İstidi. Çokolata yaxşıdı?
- Heç biri. Bu ölkədə çox şirin yeyirlər, bütün xəstəliklərin qaynağı şəkər, un… hər addımda şirni dükanları, tortlar, keklər… Bir də apteklər sıralanıb… Elə bil bir əl idarə edir, şirin yeyin, dərman alın. Ən yaxşısı güldü.
- Yox, ay qız, nə gül? Dərdə dəyən bir şey olsun. Oldu, öpdüm səni, yorğun görünürsən, get evə, mən gedim indidən bir şey alım, sabah taksi çağırıb birbaşa gedərəm. Atası xəstə olan rəfiqəmi də dəniz qırağına balıq yeməyə aparmalıyam bir gün, gəzməyi çox sevir, istəyirəm bir az kefini açım. Daha on gün buradayam, diş həkimi məni avara qoyub, pulumu geri ala bilmirəm, bu gün gəl, sabah gəl, vaxt tapsam bir dəfə də görüşərik. Kim bilir, bir də nə vaxt belə bir fürsət olacaq?
Ayna Leylanı bağrına basdı. Kövrəldi.
- Səninlə söhbət etməyə ehtiyacım var, Leyla. Rahatlanıram. Yüngülləşirəm. Səni çox istəyirəm. Görüşə bilməsək də, canın sağ olsun, telefon var, internet var…
- Əlbəttə…
Leyla Aynadan ayrılıb boya-boy çinarlıq küçə ilə dayanacağa sarı yürüyürdü. Lakin avtobusa minməyəcəkdi. Üç saatlıq bu görüşdə iki saat əlli dəqiqə dinləmiş, bacılığının da gördüyü kimi, yorulmuşdu. Təkrar-təkrar dinləməkdən yorulmuşdu. Bakının bu gözəl may axşamında taqətdən düşənə kimi yürümək, ürəyindəki yükü atmaq istəyirdi. Aynaya danışa bilmədiyi və danışa bilmədiyi üçün axırda məmnun qaldığı parlaq görüntülü mühacir nisgillərini Bakı çinarları ilə bölüşmək istəyirdi. Başqa kimə desin? Bu şəhərdə onu dinləyəcək kim var? Hər kəsin Amerikaya, Avropaya can atdığı, qaçıb qurtarmaq istədiyi bu ölkədə kimə desin ki, oturun oturduğunuz yerdə, gedənlər itir, bitir, yox olur. Hətta bütün bağları, evlilikləri, dedi-qoduları, əncir, vişnə sevdası ilə vətənə bağlı olan mühacirin belə bir nəsil sonra kökü laxlayır, ikinci nəsildə qopur, üçüncü nəsildə var-yoxdan olur. Coğafiya yavaş-yavaş, əfi ilan kimi səssiz udur səni, çabalaya bilmirsən. Coğrafiya az zamanda bütün özəlliklərini bitirir, səni həzin-həzin həzm edib özündə yox edir.
Lakin Leyla bu acı gerçəyi görə bilən, qəbul edən birini tanımırdı bu şəhərdə.