Kaş - Nəzrin Axirova Mobil

Nəzrin Axirova Mobil

Nəzrin Axirova Mobil

9 dekabr 2021
# 13:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nəzrin Axirova Mobilin “Kaş” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Gözlərimi yumdum, dəli kimi gülmək gəlirdi içimdən. İlk dəfə bu hissi dayandırmadım. Ona icazə verdim ki, bədənimi, ruhumu, bütün varlığımı ələ keçirsin. Özümü pis hiss edəcəyimi fikirləşirdim, amma elə olmadı, həyatımda ilk dəfə özümü, hisslərimi idarə etməkdən imtina elədim. “Elə də pis hiss deyilmiş”- deyə düşündüm içimdən. Qəhqəhə çəkib gülməyə başladım, nəyə güldüyümü belə bilmədən. “Elə də çətin deyilmiş” - dedim içimdən. Səsim bütün ətrafı bürümüşdü, gülürdüm, amma səsim qulağıma xoş gəlmirdi. Gülürdüm, amma özümü daha da yaxşı hiss eləmirdim. Külək üzümə-üzümə vururdu, sanki acıqlıcasına yaşadıqlarımın əslində həqiqətən də yuxu olmadığını xatırladırdı mənə. Birdən yanağıma bir damla toxundu, “yağışmı yağır” - deyə düşündüm, gülüşümü dayandırmadan. Ağladığımın fərqinə belə varmamışdım. Susuzluqdan ölən insana göz yaşı belə kömək eləməzmiş. Gözümdən süzülən damla yanağımdan qopub yerə düşəndə içimdə nəyinsə qırıldığını hiss elədim. Səsi çox incinmiş gəldi, elə bil daha orda qalmaq istəmirdi. Sanki nə isə hər vəchlə azadlığa çıxmaq istəyirdi, sanki artıq gözləməkdən çox, amma çox yorulmuşdu. Yorğun idi, səssiz idi, ancaq çox inadkar idi. Ağrının dözülməzliyindən artıq gülürdümmü, ağlayırdımmı, hayqırırdımmı bilmirəm. Əlimi ağrıyan yerə apardım, nə təsadüf ki əlim qəlbimin üstündə məkan saldı. Sanki incidən qəlbim imiş kimi ovalayıb sakitləşdirməyə çalışdım onu, “eləmə, axı çox ağrıyır” - demək istədim, həmin an eşidib-eşitməməyi, qulaq asıb-asmayacağı vecimə belə deyildi. Sadəcə artıq rahatlaşsın, nə özünə, nə də mənə əziyyət versin istəyirdim. Onsuz da oturmuş olmasaydım, yəqin ki ayaqlarım artıq çoxdan məni saxlamaqdan imtina etmişdi belə.

Üzümdə göz yaşı dəyməyən yer qalmamışdı, nə vaxtsa, kimsə mənə bu anı yaşayacaqsan desə, hər halda belə qəhqəhə ilə gülərdim ona, bu dəfə göz yaşımı qonaq çağırmazım, əlbəttə. Hərçənd düşünəndə, indi də göz yaşı çağırılmamış qonaq kimi gəlmişdi. “Gəlmə, burda istənmirsən” - deyə səsim olan qədər qışqırmaq istədim, bəlkə bir ümid heç olmaya göz yaşım məni dinləyər deyə. Həmin an ifadə eləyə bilmədiyim fırtına qopdu içimdə, nəfəsim kəsilirmişcəsinə boğulmağa başladım. Oturduğum yerdən yıxılıb, diz çökdüm, bir nəfəslik hava üçün balıq misalı ağzımı açıb-yummağa başladım. Bəlkə də nəfəs ala bilərdim, onda da öskürək imkan vermədi. Əlimi boğazıma apardım, sanki məni boğan, heç cür nəfəs almağa imkan verməyən o əli çəkmək istədim. Qəhqəhədən öskürəyə, ordan təzədən qəhqəhəyə keçidimi artıq qavraya bilmirdim. “Nədir axı belə ağrıdan?”- deyə düşündüm: “Heçmi buraxmayacaq məni öz əsirindən?”.

Gözlərimi açdım, başımı qaldırıb tərtəmiz göy üzünə, parlayan ulduzlara baxdım, amma tərtəmiz görə bilmədim, gözüm yaşdan bulanıq görürdü. Ağrını göz ardı eliyib, var gücümü toplayıb gülümsədim. “Görə bilsəydim, çox bəyənərdim”- deyə fikirləşdim. “Görə bilsəydim, gülümsərdim, görə bilsəydim xəyallar qurardım, bəlkə də elə görə bilsəydim o boş xəyalları qurmazdım. Görə bilsəydim inanmazdım, görə bilsəydim bu qədər güvənməzdim. Görə bilsəydim incinməzdim, görə bilsəydim bəlkə də bu qədər ağrıtmazdı qəlbim. Görə bilsəydim qırılmazdım, ifadə belə eliyə bilmədiyim qədər, işgəncə çəkirmişcəsinə əzab çəkməzdim. Görə bilsəydim bəlkə də indi burda bu ulduzları bulanıq yox da tərtəmiz görərdim. Görə bilsəydim... Kaş görə bilsəydim...”

# 1896 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #