Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Leyli Xəlilovanın “Girdab” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Bu yazı intihar edən və narkomaniyadan əziyyət çəkən şəxslərin ailələrinə həsr olunur.
Bir saatdan çoxdu ki,yaşadığı binanın blokunda dayanmışdı. Bədəni qaşınırdı. Bu vaxt ərzində sinəsini və tez-tez deşilməkdən qançır olmuş qollarını növbəylə qaşıyırdı. Düşünə bilmirdi. Bu bəlaya ürcah olandan əvvəlcə işini, sonra nüfuzunu, daha sonra düşünmə qabiliyyətini itirmişdi. O, yalnız bu günlə yaşayırdı. Ne keçmiş, nə gələcək barədə düşünə bilmirdi. Heç bir arzusu yoxdu. Hətta körpə qızının qara muncuq kimi, gülümsər gözləri, Onu görərkən toppuş, hələ təzə-təzə yer tutan ayaqları ile üstünə qaçması, körpələrə məxsus şirin, pəltək dillə ata deməsi belə,onda heç bir həyəcan, arzu doğurmurdu. Onun bu həyatda istədiyi yalnız bir şey vardı. Lazımi anda pul tapmaq, tezbazar özü kimi bədbəxt, geriyəqayıtmaz pis yola düşmüş tanışlarından narkotik alıb damarına yeritmək, bu yolla əvvəlcə bədənini bu dəhşətli ağrılardan xilas etmək, sonra yavaş-yavaş beynini keyitmək, sakitləşmək istəyirdi.
Blokda dayanmaqdan bezib, bir az aralaşdı. Hava soyuqdu, amma evə getmək istəmirdi. Evdə onu bütün günü ağlayan anası,son illərdə saçı dərddən tamam ağarmış, qaşqabaqlı atası gözləyirdi. İki həftəydi ki, arvadı körpə qızını da götürüb, acıq edərək ata evinə getmişdi. Getdikdən üç gün sonra anasından eşitdi ki, arvadı artıq məhkəməyə müraciət edib, heç nə tələb etmədən boşanmaq istəyir. Buna nə kədərləndi, nə sevindi. Onun üçün fərqi yoxdu. Əksinə, bəlkə də belə daha yaxşı idi. Evdə ağlayan, ona acıqla, nifrətlə, bəzən də yalvarışla baxan bir cüt göz azalacaqdı. Düzdür, bunlara artıq öyrəşmişdi, amma arvadı hərdən lap zilə çıxırdı. Onu tanıdığı, bəzən heç tanımadığı qadınların əriylə müqayisə edir, sonda ağlayaraq bəxtinə lənət oxuyur, onun müqayisə etdiyi kişilərin heç ayaqqabı tozu olmadığını da qeyd etməyi unutmurdu. Onu artıq nəinki kişi, insan hesab etmədiyini vurğulayırdı. Əslinə baxanda haqsız da deyildi. Bunu özü də anlayırdı.
Keçən ay körpə qızı qəfil xəstələnmiş, qızdırması qalxmışdı. Uşağın bayıldığını görən ana ağlayaraq fəryad etmişdi. (Evdə pul yox idi, çünki atasının pul kartını gizlətdiyi yerdən tapmış, pulu bütünlüklə götürmüş, hamısını borca qaytarmış, yenidən də narkotik almışdı). Anası ağlayaraq qonşuya qaçmış, qonşunun lovğa, hamının özündən razı,eqoist bir oğlan kimi tanıdığı oğlu da canfəşanlıqla irəli durmuş, öz maşınıyla onları yaxınlıqdakı özəl xəstəxanaya aparmışdı. Həkimin pulunu ödəmiş, lazım olan dərmanları almışdı.
Ertəsi gün yenə damarlarını bu zəhərlə doldurub axşam evə gəldikdə böyük bir torbada meyvə, şirniyyat, şirə ve bir paket uşaq bezi görmüşdü. Hər şeydən çox ona təsir edən də bu uşaq bezi oldu. Çünki səhər gedəndə yoldaşı əsəbi, bezgin səslə uşaq bezinin artıq neçə gündür bitdiyini, bu gün necə olsa gələndə uşaq bezi almağı tapşırmışdı. (Təbii ki, almamışdı, çünki fikirləri kimi cibləri də boş idi). Ən qəribəsi də o oldu ki, həmin qonşu oğlan reseptdən arvadının nömrəsini götürmüş, uşağın səhhətini soruşmaq bəhanəsilə iki dəfə arvadına zəng vurmuşdu. Halbuki, onun dərdi həqiqətən körpənin səhhəti olsaydı evə zəng vurub evdəki başqa ailə üzvlərindən də soruşa bilərdi. Əmindi ki, bu sırtıq oğlan bunu qəsdən edir. Onun qüruruyla oynamaqdan, onu bir heç hesab etməkdən həzz alır. Yadındadı ki, əvvəllər, yəni bu bəlaya düşmədən öncə ondan çəkinər, üz-üzə gəldikdə ikiəlli əlini sıxardı. Heç vaxt onun arvadına başqa gözlə baxmağa cürət etməzdi. Çünki məhəllə içində,tay-tusları arasında böyük nüfuzu vardı. İndisə yaxşı bilirdi ki, evdə bir kişi kimi nüfuzu olmayan kişinin arvadına zəng etmək elə də qorxulu qəbahət sayılmazdı. Çox keçmədi ki, bu bez söhbətini arvadı ona acıqla xatırlatdı. Yol pulu üçün atasına ağız açsa da atası cavab verməyib üzünü çevirdi.Arvadı onun pul tapmayıb otaqdan-otağa vurnuxduğunu görüb:-Nə çox vurnuxursan, qızının pampersini alan kişiyə deyəydin sənə də pul təşkil edəydi. Görünür, təkcə ona yer eləməmişdi bu bez məsələsi. Arvadı da yaman pərt olmuşdu. Bu sözün cavabında bir an tutuldu,amma bu yalnız bir an çəkdi. Cəhənnəmə ki, nə deyir desin. Bircə bu günə pul tapa bilsəydi...
Həftələr keçdi, günü-gündən pul tapmaq məsələsi qəlizləşirdi.
Fikirli-fikirli binadan aralandı. Beynindəki planı çoxdandı ki, düşünür, götür-qoy edirdi. Axır ki, qəti qərara gəldi.Pul ona mütləq lazımdı.Pulsuz heç yerdə dərman tapa bilməyəcəkdi.Pul isə çoxdan tükənmişdi.Ağlına gələn və gəlməyən hər kəsdən pul almış,yeri gəldikdə oğurlamışdı.Sonuncu pul mənbəyi kimi şəhər kənarında yaşayan nənəsini onun ağlına öz narkoman yoldaşı salmışdı.Həmin vaxt dostuna ağızucu cavab vermiş,səksən yaşlarında qoca arvaddır,onda nə pul olacaq demişdi.Bu gün qərarını qətiləşdirdi.Dostuyla görüşüb hər şeyi qərarlaşdırdılar.Axşamı gözləyib,gecə düşəndə tək yaşayan nənəsinin evinə girəcək,pula gedən nə varsa götürüb çıxacaqdılar.Hər şey plan üzrə gedirdi.Üzləri qara maskayla evə daxil oldular.Evin qapısını gətirdikləri açarla açmaq heç bir çətinlik törətmədi.Evdə elə də bahalı əşyalar olmasa da,gözədəyən elektrik əşyalarını ve qab-qacağı yığışdırdılar.Bir neçə dəqiqədən sonra burdan uzaqlaşacaqdılar.Birdən qoca qarının qəfil ve tükürpədən xırıltılı qışqırtısına diksindilər.Qarı gecə paltarında,qışqıraraq qapıya doğru irəliləyirdi.Bu zaman dostu qarını saxlamağa çalışsa da,qarı ara vermədən çığırır,qapıya doğru can atırdı.Qarı qapıdan çıxarsa,həyətdə səs eşidən qonşular çox tezliklə gəlib onları küçədə yaxalaya bilərdilər.Çünki,qarının tək yaşadığını bildiklərindən daim onu nəzarətdə saxlayır,tez-tez baş çəkir,bir sözü olarsa həyətdən çağırmaqla özlərini yetirərdilər.Gecənin səssizliyində bu sakit kənddə hər hansı bir qışqırıq səsi çox yaxın tikilən bu evlərdə bomba effekti yarada bilərdi.Sonradan düşünəndə heç cür xatırlaya bilmirdi ki,dostunun həyəcanlı səsindən yoxsa nənəsinin qorxu dolu qara-qışqırığından cana gəldi,ya nə baş verdi ki,əlindəki ütünü onlar tərəfə atdı.Ütü qarının yan tərəfdən başına dəydi.Bundan sonrasını xatırlamırdı.Dostu götürə bildiyi əşyaları və onu dartaraq evdən çıxardı.Maşında oturanda da nə baş verdiyini tam anlaya bilmirdi.Dostu evində gətirdikləri əşyalara baxarkən nimdaş,rəngi getmiş bir kaşeloku (pulqabını) ona uzatdı.Evə girərkən köhnə çantadan əvvəlcə bu pulqabını götürdüyünü bildirdi.Pulqabında 38 manat puldan ve bir neçə kommunal qəbzdən başqa,içəridə balaca cibdə saralmış,əzik bir resept kağızı vardı.Açıb baxdı.Reseptdə bir neçə dərman adı vardı.Həkimin ad və soyadını oxuyan kimi onu tər basdı.Çünki uşaq vaxtı anası dəfələrlə onun dünyaya necə gəlməsi haqda danışar,həmişə də həmin həkimin adını çəkər,ona qiyabi minnətdarlıq edərdi.
O,dünyaya gec gəlmişdi.Ata-anası çox yerlər gəzmiş,çox həkimlərdən müalicə almışdılar.Anası danışardı ki,nənə neçə ziyarətgahlar gəzmiş,neçə qurban demişdi.Nəhayət, sonuncu həkimin etdiyi müalicədən sonra hamilə qalan anası bu şad xəbəri öz anasına bildirmiş,o da sevincindən nəzir-niyaz paylamışdı.Anası bir dəfə söhbət əsnasında dedi ki,hamiləlik vaxtı həkim onları qorxutmuş,təcili müalicə almazsa körpənin tələf ola biləcəyini demişdi.Əli gecə-gündüz Uca Yaradana açılan nənə sübh tezdən resepti götürüb aptekləri gəzmiş,lazım olan dərmanları almışdı.Bu dərmanlar da effekt göstərmiş,körpə sağ-salamat dünyaya gəlmişdi. Görünür,nənəsi şirin xatirə kimi bu resepti illərlə saxlamış,nəvəsinin dünyaya gəlişində kömək olmuş bu dərman adlarının yazıldığı kağızı atmağa qıymamışdı.Çünki,nəvəsi gəlişilə ona bir dünya sevinc gətirmişdi.Yeganə qızının tək övladı...
Köhnə,əzik,saralmış kağızın üzərinə iki damla isti göz yaşı düşdü.Dostunun çağırışlarına cavab verməyib evdən uzaqlaşdı.Səhəri gün xəbər saytlarında paytaxtın iki müxtəlif ərazisində iki müxtəlif ölüm hadisəsi haqda xəbərlər yer almışdı.Qətl və intihar xəbərləri.Dünən gecə saatlarında şəhər ətrafında yaşayan yaşlı qadın yaşadığı evdə tamah məqsədilə küt alətlə başından zərbə almaqla qətlə yetirilmişdir... Ötən gecə səhərə yaxın paytaxtın mərkəzi ərazisində otuz yaşlarında kişi çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar etmişdir...
Bakı, 2021-ci il.