Kulis.az "Hekayə günü" layihəsindən Orxan Həsəninin "Füzulinin dişi" hekayəsini təqdim edir.
Arxamca, oxucum.
M. Bulqakov, "Master və Marqarita”
İnsan taleyinin əsrlər əvvəl yazılmış bir qəzəldən asılı olmağı; hə, gör həyat nə qərinədir!
Ma
Bu mənim hekayəmdir. Nağılvari bir başlanğıc və sərt, qan donduran, baş gicəllədən sonluq. Yazı maşınının önünə keçəndə bədənimi anadangəlmə soyundum ki, hekayə ilə ruhum üzbəüz qalsın. Məni görüb çəkinməsinlər, təntiməsinlər, xırda məsələni öz aralarında çözələsinlər. Ağıllı addımdır, hə? Sonda qalib kim olsa, yenə də hesab mənim xeyrimə yazılacaq. Yaxşı, gəlin zarafatı qoyaq bir kənara. Adım Orxandır. Mənə bu adın qoyulmağı tam təsadüf nəticəsində baş verib. Dünyaya gəldiyim gün ölkənin müstəqillik günü olduğu üçün hər tərəf bayraqlarla əhatə olunubmuş. Zərli, ucları sarı ilməli, möhkəm dirəklərlə bərkidilmiş onlarla bayraq. Valideynlərim xəstəxanadan çıxıb taksiyə minirlər. İstiqamət: ev. Marş... Ata və sürücü arasında səmimi söhbət... Bütün bədbəxt hadisələr kimi bu da qəfil baş verib. Taksi şəhər mərkəzində keçirilən böyük mitinqə bayraq daşıyan, sürətlə şütüyən kamaza çırpılıb. Bomm. Bədbəxt bir hadisə... Bayraqlardan birinin dəmir dirəyi maşının şüşəsini yırtıb və düz sürücünün alnına girib. Bayraq onun alnında elə dayanıbmış ki, sanasan, fəth olunmuş torpağa sancılıb. Və bilirsiz, Bakı küləyi... İndi isə mənzərəni təsəvvürünüzdə canlandırın, əzəmətlə dalğalanan bayraq və ucunda ağzı ayrıla qalmış, alnında yupyumru bir deşiklə adam. Qəza yüngül imiş. Sürücüdən başqa hamı sağ-salamat qurtarıb. Bax belə... Mənə də həmin sürücünün adını qoyublar; Orxan.
Danışacağım hekayə Çinli dostum Ma və mənim ağrıyan dişim haqqındadır. Hə, birdə Füzuli haqqında. Ma Azərbaycan dilində sınıq-salxaq danışır, ancaq başa düşməyi pis deyil. O, həmişə gülümsəyir, toppuş yanaqları qalxıq olur; siqaret çəkəndə, küçədə yeriyəndə, qızlarla mırt vuranda, dərs danışanda və sairə. Bəli, Ma mənim tələbə yoldaşımdır.
***
Biz sinifdə idik. Müəllim diqqətlə Manın sifətinə zilləndi və dedi.
– Birdə deməyəcəm. Əgər Füzulidən qəzəl əzbərləməsən, sənə qiymət yaza bilmərəm. Yaxşı?
– "Yaxşı”.
O, tədirgin surətdə dedi və "yaxşı” sözü bəzi tələbələr arasında "yaxşo” kimi eşidildi. Nədənsə heç kim bundan narahat olmadı. Heç çevrilib onun üzünə də baxmadılar. Çin kimi böyük bir məmləkətdən gələsən, gəlib burda Azərbaycan Filologiyası oxuyasan, dib-dəhnədən dil öyrənəsən, təbii ki, bunları bilən kəs səndən " yaxşo” un hesabını soruşmaz. İndi də Füzulidən qəzəl əzbərləməlidir. Axx. Bax burda işi korlanırdı. Necə deyərlər, başına girmirdi ki, girmirdi. Müəllim özü də bilmədən onun yaralı yerinə, elə bil, duz basmışdı. Ağrısı çırtıldayıb közərmişdi. Amma iş orasında idi ki, etiraz da edə bilməmişdi. Bəlkə də, razılaşmağı da, çar-naçar olduğundan "yaxşı” sözü, dilindən "yaxşo” kimi çıxmışdı və bunu bilən tələbələr yoldaşlarının səhvini düzəltməmişdilər.
Nə gözəl! Elə indi zəng vuruldu. Hazır dayanan çantalar ani hərəkətlə çiyinlərinə keçdi, hamı eyni anda skamyalardan dikəlib qalxdı. Elə mənim də ayaqlarım qanad kimi gərildi, onların açılan qırışını hiss elədim. Həyətə düşürəm. Bax, odey, hamıdan cəld tərpənib başı alovlu sinifdən çıxan çinli dostum məndən on addım irəlidədir. Arxasından əl edib çağırdım. Məni eşitmədi. Addımlarımı yeyinlətdim. Ona çatdım. Çiyninə toxundum. O da diksinib qıyıq gözlərini, toppuş sifətini üzümə zillədi. Gülümsədi və qulağıma pıçıldadı.
– Çəkirsən?
Biz siqaret çəkə-çəkə yaş asfalt yolu addımlayırıq. O, anlaşılmaz bir qüssə ilə şüşə kimi işığı özündə əks etdirən sifətini mənə çəkib nəsə dedi. Mən onun a-ların və o-ların yerini dəyişdiyi dilindən heç nə anlamadım. Bu dəfə daha ucadan dedi və elə hiss elədim ki, səsindəki kövrəklik artıb. O, bu sözü üçüncü dəfə desə əminəm ki, ağlayacaqdı.
– Mənə Füzulinin ən asan qəzəlini de. Yalvarıram!
Onu anladım. Düzünə qalsa, heç mən özüm də Füzulidən əməllicə bir qəzəl bilmirdim. Ancaq, beytlər, misralar... O isə çarəsizcə bu dəfə də kursda qalsa universitetdən qovulacağını dedi.
– İnsanın taleyinin əsrlər əvvəl yazılmış bir qəzəldən asılı olmağı, hə, gör nə qəribədir!
Biz məhəlləsinin girişində sağollaşdıq. O, əlimi sıxdı və bir daha toppuş sifəti gərilib qeyri-adi bir formaya düşdü; bu onun gülüşü idi.
Mən Manın qaranlıqda it-bata düşən kölgəsini gördüm və həmin kölgənin arxasınca ucadan qışqırdım:
- Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim.
Sayə tək sevdayi zülfün payimal eylər məni.
O, qaranlığın arasından Çin dilində ucadan nəsə qışqırdı və mən paketdəki sonuncu siqareti siqaret yandırdım.
***
Mən evdəyəm. Kresloya yayxanıb idman xəbərlərinə baxıram. "National Hockey League” in oyunları; Montreal Canadiens və Toronto Maple Leafs”. Buzun üzərində sürətlə şütüyən adamlara baxdıqca canıma vicvicə düşür, sanki üşüyürəm. Qəfil köhnə sevgilimi xatırlayıram, çiyinlərimi çəkib gərnəşirəm, yerimi rahatlayıram. Biz eyni çarpayıda uzanmışıq. Hmm. Mən yazı masamdan bir az olar qalxmışam. Yeni hekayəmin son cümləsini elə indi yazdım və dərindən nəfəs aldım. Həyat gözəldi. O, bumbuz əllərini sifətimdə gəzdirir. Baş barmağına keçirdiyi mavi qaşlı qızıl üzüyü naxışından öpürəm. Üzük onun əlindən daha soyuqdur. Görəsən Xokkey oynayanlar da belə üşüyür? Biz Ceyms Coys oxumağa başlayırıq. Xəyalın şirin mehi bizi büsbütün alır. Nobel medalı həmişəki yerində- qapıdan asılı. Onu gözlərimlə özümə çəkirəm, lap burnumun ucunda dayanır. Mən düşünürəm ki, Nobel almamışdan əvvəl həyat necə də adi idi. Amma indi... Mən sevgilimlə öpüşməyə başlayıram...
Elə bu an dişimdə fövqəladə bir ağrı peyda olur. Bu şiddətli ağrı məni xəyaldan oyadır. Elə bil, məni bir neçə dəfə qaldırıb tavandan yerə buraxırlar. Belə olsaydı, yəqin ki, canımın ağrısı indikiylə ölçülməzdi, çünki tavanla döşəmə arasında bir o qədər məsafə yoxdu. Heç vaxt belə bir şey yaşamamışdım. Dişlərimlə aram pis deyildi. İndi isə kabus kimi ağzımın içinə yığılıb ruhumu, vücudumu şiddətli ağrıya bürüyür.
Səbrim dişimdə getdikcə böyüyən ağrıya qoşulur, sovrulub bədənimdən çıxdı. Başıalovlu, bədənnüma güzgünün qarşısına keçdim. Bir dəri bir sümük qalmış, qabırğaları dərini cırıb çölə çıxmaq istəyən miskin bədənimi gördüm və hiss elədim ki, ürəyim bulanır. Özümü düzəltdim. Güzgünün önündə adsız barmağımı dişlərimə aparıb əl havasına ağrının yerini tapmağa çalışdım. Çarəsizcə gümüş kimi işığı özündə əks etdirən və heç bir çürük yeri görünməyən dişlərimi xeyli müddət yoxladım və yalnız bundan sonra anladım ki, ağrıyan dişin hansı olduğunu müəyyənləşdirə bilmirəm. Bir anlıq ağrının bədənimə ötürülən virus olduğunu düşündüm və qorxudan üzərimdə hər nə varsa soyundum. Əllərimi astaca bədənimdə gəzdirdim, paltomu, şalvarımı, jaketimi ilmə-ilmə axtardım, hər cibinə, hər dərmə-deşiyinə baxdım( Təbii ki, gözlərim bərəlmişdi). Gözümə heç bir alət dəymədi. Birbaşa polisə zəng elədim. Bir saat sonra qapının ağzında iki polis göründü. Bir kök və qısaboy idi, digəri nisbətən arıq və hündür. Qızarmış gözləri narahat idi. Hiss olunurdu ki, onlar yuxudan elə indicə oyanıb. Hadisəni təmkinlə başdan-başa danışdım. Onlara dişimin ağrıdığını dedim və timsah kimi ağzımı açıb dişlərimi onlara göstərdim. Polislərin sifətində təəccübə bənzər, qorxulu bir ifadə yarandı və onlardan biri əlindəki səsyazanla birlikdə qollarını iki açıb dedi:
– Dişiniz ağrıyır? Heç narahat olmayın, biz cinayətkarı tapmaq üçün əlimizdən gələni edəcəyik.
Mən ona ağrıdan keyimiş ağzımdan qopan bir neçə cümlə ilə izah elədim ki, bu virus ola bilər. Polis bir daha dişlərimi göstərməyi xahiş etdi və bu dəfə ağzımın içini gecə fənərinin işığı ilə nəzərdən keçirdi. O, bu fənərlə, sanasan, cinayətkarı ağzımın içində gəzirdi. Səs yazanı açdı və məndən hadisəni bir daha bütün xırdalıqlarınacan danışmağı istədi.
***
Biz polis şöbəsinə gedirik. Mən arxa oturacaqda əyləşib səhərin alatoranında işə tələsən, əli çantalı, ayaqqabısı laklı adamları sayıram. Arıq polis məndən nəsə soruşur. Fikrim tələsən adamlara qarışdığı üçün polisin sualına cavab vermirəm O, ikinci dəfə təkrar edir və maşındakı aynadan düz gözlərimin içinə zillənir. Mən sualı eşitmədən, "bilmirəm”, deyirəm. -"Ancaq hər şey ola bilər”. Polis sözümü kəsir:
– "Hər şey ola bilər”. Bu ifadəni ancaq biz deyə bilərik. Ona görə sözlərinə fikir ver.
Mən ağrıdan sərsəmləmiş başımı təsdiq halında qaldırıb yendirirəm. On dəqiqə sonra polis bölməsindəyik. Onlar hər şeydən şübhələndiklərini bildirmək üçün dişimə bir daha baxırlar. Kök polisin əlindəki xırda fənər az qala əlindən sürüşüb ağzıma girəcək. Onlardan rütbədə böyük polis içəri girir, (Mayordur) heykəl kimi düz qarşımda dayanır və müdrik bir ifadə alıb deyir.
– Hər şey ola bilər.
Daha sonra soruşur.
– Ağrı nəyə bənzəyir? Biz onun əlamətlərini bilməliyik ki, qarşısını almaq üçün çalışaq.
Mən dedim:
– Elə bil otağın ortasında nəhəng bir lampa var və ürək döyüntülərinin ritmi ilə həmin lampa dayanmadan yanıb sönür.
Məni izahat yazmaq üçün başqa bir otağa aparırlar. İçəridə yuxusuzluqdan gözləri qıpqırmızı olmuş, yay kimi açılıb bağlanan daha bir polis qarşılayır. Mən danışır o isə, kompüterdə yazırdı. Onun əlləri elə incə və zərif idi ki, bu əllərlə ancaq şeir yazmaq olardı. Üst geyimini çıxardı, qalstukunu boşaltdı, köynəyinin qol düymələrini açdı və saatını çıxarıb qutunun içinə qoydu. Kresloda elə səliqəli oturdu ki, sanki, bir azdan zərli yastığın üzərində əzəmətlə dayanan tacı otağa gətirib ehmalca onun başına taxacaqlar. Ancaq onun diriliyi iki cümləyə kifayət elədi, birdən arxaya söykənib yuxuladı və yavaş-yavaş çənəsi düşməyə və ağzının kənarından selik axmağa başladı. Mən yerimdə qurcalandım ki, o oyansın. Əksinə daha da yayxandı. Onun mağaraya bənzəyən ağzının içinə fənərlə baxmaq istədim və bunu ona görə istədim ki, özümünkü ilə müqayisə edim. İçimdə şiddətli bir maraq peyda olmuşdu. Masanın üzərindəki fənəri götürdüm və qalxıb baş ucuna keçdim. Həkim dəqiqliyi ilə fənəri ağzına tutdum. O, körpə kimi yuxulayırdı. Aramızda bircə fərq vardı, ağrı. Yerimə keçib astaca öskürdüm ki, oyansın və izahatı yazıb bitirək. Məni eşitmədi və bu dəfə xoruldamağa başladı. Toxunmaq üçün ona doğru əyildim, açıq ağzından əngində muncuq kimi sırayla düzülən dişlərini bir daha gördüm. Bu dəfə həmin dişlərə toxunmaq istədim. Ona əlimi vurmaqla diksinib oyandı və işarə barmağını qaldırıb yarıyuxulu dedi:
– Hər şey ola bilər.
Və yenidən yuxuladı.
Mən nədənsə alnına bayraq sancılan sürücünü xatırladım. Xəyalım bulanıqlaşdı, fikirlərim əriyib bir-birinə qarışdı. O, capcanlı düz qarşımda, xor-xor xoruldayam polisin solunda idi və elə bil bayrağı onun alnına kleylə yapışdırmışdılar, aşağı sallaşa qalmışdı. O, kabusdan çox, pis qrim olunmuş klouna bənzəyirdi. Dişlərini bərk-bərk sıxıb qarşımda zarıyırdı. Qəfil başında sarğı peyda oldu və həmin sarğı ilan kimi burulub bütün bədənini tutdu. O, başdan-başa sarğıya büründü və onu bürüyən sarğının içində yoxa çıxdı. Yerində bir nəfəslik hava qaldı. Yerə düşən ağappaq parçanın içində sarı, oyuncaq taksi çıxdı və mənə doğru istiqamət aldı. Oyuncaq taksi ayaqqabımın şiş ucuna dəyib dayandı. Taksinin içindən himn oxunurdu.
Polis yuxuda idi. Mən dabanqırma bölmədən çıxıb özümü dekabr soyuğunun cənginə verdim. Taksi sürücüsünü ağlımdan çəkib atmağa çalışdım. Yazacağım hekayələr haqqında düşündüm, sevdiyim qadını qucaqladığımı, bizim eyni çarpayıda uzanıb Ceyms Coys oxuduğumuzu xəyal elədim. Biz öpüşürük. Hə! Hə! Onun əlləri buz kimidi... Yataq otağının qapısından Nobel medalı asılıb. Nobel almamışdan əvvəl həyat necə də adi idi... Amma indi... Medala diqqətlə baxıram, sanki gözlərimlə onu özümə çəkirəm. Gəlib düz burnumun ucunda dayanır. Axx. Yox o. Yenə o. Medalın üzərindəki şəklin alnına bayraq sancılıb?!
***
Mən əlim ağzımda məktəbə götürüldüm. Hava işıqlıydı. Qapını döyüb içəri boylandım və kürsüdə əllərini elə hey yelləyə-yelləyə Füzulidən qəzəl deyən əbləh qızı gördüm. Hamı qızın sifətinə elə diqqətlə zillənmişdi ki, mənim içəri boylanmağımı heç kim görmədi. Qapını içəridən bir daha döydüm. Dərhal sükut yarandı və hamı birdən-birə səsin çıxdığı yerə zilləndi. Kürsüdəki əbləh qız oxumağı kəssə də, əlləri öz işindəydi. O, sanki Füzulinin şeirini bu dəfə barmaqları ilə oxuyurdu və tələbələr bu hərəkətləri daha aydın başa düşürdülər. Müəllimə izah elədim ki, dişim ağrıyırdı və buna görə dörd saatdır polis bölməsində gözləyirəm. İzahat götürən polis yuxulayırdı və mən onun oyanmağını gözləyirdim. Hamı gülüşdü. Müəllim müdrikcə sifətimə baxıb dedi:
– Nə vaxtacan avara olacaqsan?
Təbii ki, onu inandıra bilməyəcəkdim. Buna görə dərsdən qovuldum. Əbləh qız qəzələ davam elədi. Və mənim dişimdəki ağrı daha da şiddətləndi.
İndi isə tualetdəyəm. İri aynanın qarşısına keçib üzümə su çırpıram. Hərarətdən qıpqırmızı olan sifətim ağrıdan kağız kimi əzik-üzük olub, formasını dəyişib. Sifətimin sağ tərəfində dərin qırışlar peyda olub. Çarəsizcə ağzımı açıb güzgünün əksində ağrıyan dişimi axtarıram. Axx, ona elə məhəbbətlə baxıram ki, sanki içimdəki ağrının çarəsizlikdən sevgiyə çevrildiyini bilir. Ancaq dayanmır. Çəkic zərbəsi kimi damağıma çırpılır. İlıq bir axınla gəlir, ancaq dəhşətli ağrı ilə sovrulur.
Arxa otaqdan qəhqəhəyə bənzər eybəcər bir səs gəlir. Mən arxaya keçirəm və səs gələn qapının qarşısında dayanıram. Səs daha ucadan eşidilir, ancaq bu dəfə sözlər də...
– Mehr solmozson mana, rahm eyləmazsan...
Soyə tak ...zulfun poyimol eylar...
Tualetin qapısını açıram. Ma unitazın üzərində çömbəlib başını əllərinin arasında sıxıb qəribə səs çıxarırdı. Bu səs uzun "i” hərfinə bənzəyirdi. O, şiddətlə gülürdü, ancaq göz yaşı içində idi. Bunu qıpqırmızı olmuş sifətini görəndən sonra hiss elədim. Mən bu göz yaşlarının ağlamaqdan, yoxsa gülməkdən olduğunu heç vaxt anlamayacaqdım. O ağlasaydı göz yaşları ilə Yapon cizgi filmlərindəki gözlərindən sel axan obrazları xatırladardı. Əgər gülsəydi qıpqırmızı yanaqlı, gözləri alma kimi böyük və işıqlı obrazları. Biz birlikdə güzgünün qarşısına keçirik. Mən ona təsəlli verirəm. Hər şeyin yaxşı olacağını deyirəm. O isə Azərbaycan dilində sərrast söyüşlər söyür. Üzünə su çırpıb sakitləşir Mən hiss elədirəm ki, indi bu toppuş üzlü, qıyıq gözlü oğlanın dünyada bircə düşməni var, Füzuli.
***
Mənim dişim ağrıyır. O, qəzəli öyrənə bilmədi. İkimiz də, güzgünün önündə ümidsizcə, qolları sallaq halda və başımız aşağı dayanmışıq.
Birdən onun ağlamaqdan alma kimi qızarmış sifətinə baxıb dedim:
– Səncə, Füzulinin dişi ağrıyıb?
O, məni başa düşmədi və biz qəfil havalanmağa başladıq. Ayağımız yerdən kəsilən kimi tualetin pəncərəsindən çıxdıq və geniş səmanın içində yox olduq.