Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən ikinci hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.
- Zərifə hardadır?
Hamımız bir-birimizə baxdıq. Bibilərim başlarını aşağı saldılar. Nənəm hamıya nəsə gizlin bir işarə verdi, ya bəlkə də mənə belə gəldi... Hamı tək-tək otaqdan çıxdı. Nənəm yatağından qalxdı, yalın ayaqlarını döşəmənin üstünə basıb çarpayısının yanındakı çəliyi götürdü və atamın əlindən tutub dedi:
- Ardımca gəl, Cəmil, ardımca gəl!
Atam hələ heç nə anlamırdı. Amma hiss edirdi ki, həyat onun üçün nə isə pis bir oyun qurub. Mən özümdən asılı olmadan atamın əlindən möhkəmcə yapışdım. O, əlimdən tutub nənəmin ardınca getdi. Nənəm anamın yataq otağının qapısını açıb bizi içəri apardı. Anamın çarpayısı boş idi. Divardan başında kəlağayı olan iri şəkli asılmışdı.
Atam sanki yuxudaydı. Nə baş verdiyin anlasa da, ayıla bilmirdi. O, titrəyərək anamın şəklinə yaxınlaşıb nənəmə baxdı. Əlləri ilə üzünü tutub anamın səliqə ilə yığışdırılmış çarpayısına yıxıldı. Onun hönkürtüsü indi də qulaqlarımdan çəkilmir. Atama yaxınlaşdım, arxadan onu qucaqlayıb: “Ağlama, ağlama” – deyirdim. O, geri çevrilib məni qucağına aldı və üz-gözümdən öpməyə başladı.
Onun nəhəng, dəmir kimi möhkəm qolları arasında öz xoşbəxtliyimi yaşayırdım. Uşaq canımla hiss edirdim ki, məni qucağına alan insan, mənə dünyada ən yaxın insandır. Lakin, bu xoşbəxtliyim uzun çəkmədi. O, məni qucağından yerə qoyub uzaqlaşdı.
Sonralar atam başqa qadınla ailə qurdu, mənimlə isə münasibəti getdikcə soyuqlaşdı. Bir də heç vaxt məni həmənki kimi qucaqlamadı. Böyüdükcə özüm və başqaları ilə bağlı baş verən bütün xoşagəlməz hadisələrdə mən günahkar çıxdım.
Aradan illər keçdi, yaxşı-pis böyüdüm. Nənəm və bibilərim məni həmişə əzizlədilər. Atamın ikinci ailəsindən iki qızı, bir oğlu oldu.
Orta məktəbi bitirib atam kimi müəllim oldum. 25 yaşım yenicə tamam olmuşdu. Nənəm rəhmətə getmiş, bibilərim başqa kəndlərə gəlin köçmüşdülər. Atam xeyli qocalmışdı. Məndən böyük bacı və qardaşlarım da ailə qurub evdən ayrılmışdılar. Göz açdığım kənddəki evimizdə analığım, atam, iki ögey bacım qalmışdı. Ögey qardaşım isə Bakıya oxumağa getmişdi.
Ali məktəbi bitirəndən sonra təyinatla qonşu kəndə müəllim göndərildim. Məktəb hündür bir təpənin başında tikilmişdi. Yanında iki balaca otağı və bir dəhlizi olan tibb məntəqəsi vardı. Tibb məntəqəsində bir həkim, bir tibb bacısı, bir xadimə işləyirdi. Bir dəfə məntəqənin yanından keçib dərsə gedəndə, ortaboylu, sarıbəniz, alagöz bir qızla rastlaşdım. Möhkəm qar yağırdı. O, mənə qəfil nəzər salsa da, tezcə ötüb məntəqəyə getdi.
O gündən sonra hər dəfə məntəqənin yaxınlığından keçəndə ətrafa boylanıb sarıbəniz qızı axtarırdım. Lakin onu bir də isti yay günlərinin birində gördüm; əynində narıncı, gen ətəkli yay paltarı vardı. Məntəqədə işləyən həkimlə birgə məktəbə uşaqların təmizliyini yoxlamağa gəlmişdi. Bir-birimizi tanıdıq.
Sərvinaz məndən iki yaş balaca idi. Rayondakı peşə məktəbini bitirmişdi. Tanışlığımızın üçüncü ayı onu qaçırdım. Atam həyətimizdə mənə yüngülvarı toy edib evin kəllayi otaqlarından ən genişini bizə verdi. Biz həmin evdə cəmi altı ay yaşadıq.
Rayonda Maksim Qorkinin adını daşıyan böyük məktəb açılmışdı. Ora rus dilini bilən cavan müəllimlər dəvət edirdilər. Yaxşı maaş və ev vəd olunurdu. Atamla məsləhətləşib rayon mərkəzinə köçməli olduq. Sərvinaz da işsiz qalmadı: rayondakı xəstəxanada işə düzəldi. Bizə mərkəzdə yeni tikilmiş beşmərtəbəli binadan ikiotaqlı mənzil verdilər.
Həyatımız sadə və rahat keçirdi. Axşamlar Sərvinaz ilə tez-tez küçələrdə dolaşırdıq. İki dəfə Bakıya da getmişdik. Bakıda Sərvinazın özündən böyük bir qardaşı yaşayırdı.
Evimizdə çatışmayan təkcə uşaq səsi idi. Evlənməyimizdən bir il keçsə də uşağımız olmurdu.
Noyabr yenicə girmişdi. Ara-sıra sulu qar yağmağa başlayırdı. Bir sabah Sərvinaz özünü pis hiss etdiyini deyib işə getmədi. Mən işdən gələndə o hələ də yatağında idi. Bir az qızdırması qalxmışdı. Həm də ürəkbulanması, halsızlığı vardı. Mən zəng vurub qayınanamı çağırdım. Elə bildim Sərvinaz soyuqlayıb. Qaynanam qapıdan içəri girən kimi dedi, uşağa qalıb. Qayınanamın dediyi düz çıxdı: Sərvinaz doğurdan da hamilə idi. Hamiləliyini çox rahat keçirdi. Avqust ayının ilk həftəsində oğlumuz oldu. Qohumlarımız, bibilərim bir həftə bizə get-gəl etdilər. Bircə atam gəlmədi. Atam mənə qarşı soyuqluğunu oğlum olanda daha çox büruzə verməyə başladı. Övladımın doğulması sanki mənim dünyaya gəldiyim o məşum gecəni xatırlatmışdı ona. Atamın ilk övladımı görməyə gəlməməyi mənə çox pis təsir edirdi. Sərvinaz bunu duydu və könlümü aldı: “Yaşlı adamdı, çox da fikir vermə!” Qərara gəldik ki, uşağın qırxı çıxandan sonra atamgilə gedək. Lakin uşaq cəmi on dörd gün yaşadı... Bir gecə qəfil qızdırması qalxdı. Xəstəxanaya gətirəndə can verirdi... Dərisi pul-pul olmuşdu. Həkimlər dedi ki, uşağın qanında ana bətnindən keçmə mikrob varmış... Gərək hamiləlikdən əvvəl qadın müalicə olunaydı.
Qayınanam bir neçə gün gəlib bizdə qaldı. Çox qəmgin və kədərli idik. Sonrakı aylarda Sərvinaz Bakıda yaşayan qardaşıgilə gedib iki həftə müalicə olundu. Bakıdan gələndə xeyli toxtamışdı. Üç ay keçməmiş yenidən hamilə qaldı. Növbəti ilin qışında ikinci oğlumuz doğuldu. Atam əvvəlki incikliyimə və uşağın ölümün görə bu dəfə nəvəsini yoluxmağa gəldi.
İkinci oğlum çox qıynaqlı uşaq idi. Gecələri çox nadir hallarda ağlayır, bizə yuxu sarıdan korluq vermirdi. Sərvinaz də, mən də çətinlikləri unutmuşduq. İstirahət günləri kəndə gedirdik. Sərvinazın atasıgilin böyük qoz-fındıq bağları vardı. Hər dəfə yaxınlığından keçəndə oğlumuzun böyüyüb həmin bağda qaçacağını xəyal edirdim. Lakin, tale elə gətirdi ki, biz ikinci övladımızı da itirdik. Bu itki mənim həyatımı həmişəlik məhv etdi.
Otuz il keçsə də, o illərin dağı sinəmdən getməyib. O vaxtlar hirsli başla oğlumun ölümünə Sərvinazın bais olduğunu düşünürdüm. Hətta buna görə onu bir dəfə döydüm də! Amma indi tam əminliklə deyə bilərəm ki, bu taleyin qisməti, alnımızın yazısı idi.
Oğlumuzun xəstələnməsi ilə ölümü üç gün çəkdi. Bir gün işdən gələndə Sərvinazın onu çimizdirdiyini, başına yağ çəkib daradığını gördüm. Bir-iki günə uşağın başının ortasında balaca sızanaq əmələ gəldi, suluqlayıb qızdırma verməyə başladı. Sonra qanlı yaraya çevrildi. Biz onu həkimə aparanda qızdırmadan yanır, dayanmadan qusurdu. Həkim deyəndə ki, uşağın əmgəyi zədələnib, zəhərlənmə qanına keçib, Sərvinaz qiyyə çəkib xəstəxananın dəhlizinə yıxıldı. Atasıgil bizi xəstəxanadan birbaşa kəndə apardılar. Uşağı kənddə dəfn etdik. Mən evə qayıtdım. Sərvinaz isə məzuniyyət götürüb bir müddət anasıgildə qaldı.
Mən evə gəlib çatanda şər qarışmışdı. Neçə gün olmadığımdan evin tanış qoxusu məni rahatlaşdırdı. Getdikcə həmin tanış qoxunun içərisindən daha zərif, daha incə bir rayihə qəlbimin dərinliklərinə işlədi.
Mətbəxə keçib əllərimi yudum, çaydanı doldurub qazın üstünə qoydum. Yataq otağına getməyə sanki hansısa qüvvə mənə icazə vermirdi. Beləcə bir müddət mətbəxdə oturdum. Artıq hava qaralmışdı. Özümə bir nəfərlik çay dəmləyib içdim. Yorulmuşdum. İstəməsəm də ayaqlarımı sürüyüb yataq otağına keçdim. Qapıdan girən kimi bayaqkı zərif qoxu məni bütünlüklə öz ağuşuna aldı. Bu, oğlumun divarlara, otaqdakı əşyalara, havaya hopmuş qoxusu idi. Özümü pal-paltarlı üzüqoylu çarpayıya atdım.
...Səhərə qədər körpəni yuxuda gördüm. Onun gah gülən, gah ağlayan səsini eşitdim...
Düz bir həftə həmin evdə bir-birindən sarsıntılı, ağrılı günlər keçirdim. Növbəti həftə Sərvinaz gəldi. O, xeyli arıqlamış, gözləri quyunun dibinə düşmüşdü. Həmişə qıpqırmızı olan yanaqları saralmış, qaşlarının ortasında iri düyün əmələ gəlmişdi.
Biz evdə küsülü kimi dolaşırdıq. Hiss edirdik ki, danışmağa sözümüz yoxdur. İndi torpağın qoynunda uyuyan oğlumuzun gedişi aramızda dərin uçurum yaratmışdı.
Arada yuxum tamam çəkilmişdi. Yatanda da gecənin ortasında tez-tez qışqırıb qalxırdım. Bəzən sayıqlayır, öz səsimə, özüm oyanırdım. Oğlumu cürbəcür qorxulu vəziyyətlərdə görürdüm.
Gecələr baş verən bu hal gündüzlər də özünü büruzə verirdi. Əsəblərim sıradan çıxmışdı. Gecələr yata bilmədiyimdən, gündüzlər harada gəldi mürgü vururdum. Tez-tez diksinir, öz-özümə danışırdım.
Evdə ruh kimi gəzib-dolaşan Sərvinaz gözümə ən dəhşətli məxluq kimi görünürdü. Onu bir qatil kimi görür, oğlumun ölümündə günahkar bilirdim. Bu səbəbdən bir dəfə onu möhkəmcə döydüm. “İki uşaqdan birini saxlaya bilməyən qatil!” – dedim ona. Məktəbdən neçə dəfə sifariş gəlsə də işə getmirdim. Bir aydan çox idi, evdə, küçədə veyl-veyl gəzirdim. Sərvinazın hər gün ütüləyib stulun üstünə qoyduğu təmiz paltarları geyinmir, həftələrlə bir köynək, bir şalvarda gəzirdim. Qaradinməz, bəzən isə çox əsəbi olurdum. Hiss edirdim ki, qonşular və yaxın ətrafım məndən sürətlə uzaqlaşır. Əslində, özüm belə edirdim ki, daha çox tək qala bilim. Tək qalıb özümə qapılanda daha rahat olurdum. Bəzən saatlarla bir nöqtəyə baxır, oturduğum yerdəcə yuxulayırdım. Gecələr çox dəhşətli yuxular görməyə başlamışdım. Bir dəfə Sərvinazın uşağın başındakı yaranı iri sancaqla deşik-deşik etdiyini gördüm. Qaranlıqda yuxulu-yuxulu əl atıb Sərvinazın boğazından yapışdım... Əlindəki sancağı alıb oğlumu ondan xilas etmək istəyirdim. Sən demə həqiqətən yanımda yatan arvadı boğurammış. Nə qədər çalışsam da ayıla bilmirdim. Qulağıma xırıltı səsi gəlirdi. Gözlərimi açanda Sərvinazın rənginin qapqara olduğunu gördüm. Lakin yenə də onu buraxmaq istəmirdim. Necə oldusa əlimdən çıxıb qapıya tərəf götürüldü. Mən ayağa qalxıb onun ardınca getmək istəsəm də bacarmadım. Əllərim qıc olmağa başladı. Qıcolma bütün bədənimə yayıldı və üzüqoylu yerə sərildim.
Həmin gecədən daha heç nə xatırlamıram. Sonralar bildiyimə görə, Sərvinaz canını qurtarıb qaçan kimi qışqırıb qonşuları köməyə çağırıbmış. Qonşular gələndə ağzı köpüklənmiş halda yerdə çapalayırmışam.
Aradan nə qədər vaxt keçdi, bilmədim. Qardaşlarımın, böyük bacımın səsini eşitdim. Onlar mənim ətrafımda fırlanır, bacım əlləri ilə özünü döyüb öldürürdü. Mən ətrafda baş verən hadisələri görsəm də, heç bir reaksiya verə bilmirdim. Barmağımın ucunu da tərpədə bilmirdim. Bütün bədənim hərəkətsiz ət yığınına dönmüşdü. Sonra başımın üstündə ağ xalatlı həkimlər gördüm. Mənə elə gəldi ki, Sərvinaz əynində ağ xalat mənə yaxınlaşdı, qollarımı rezinlə sıxıb şprisdəki mayeni damarıma yeritmək istəyəndə qışqırmağa başladım.
Gözümü açanda özümü hündür tavanlı otaqdakı dəmir çarpayıya bağlanmış gördüm. Bura nə vaxt gətirildiyimi, buranın hara olduğunu bilmirdim. Keçmişə və baş verənlərə aid heç nə yadıma düşmürdü. Saatlarla gözlərimi tavana zilləyib qaldım.
Bir neçə günə ayağa qalxıb yeriməyə, hərəkət eləməyə başladım. Gətirildiyim yer Ağdamdakı ruhi-əsəb dispanseri idi. Sonralar bildim ki, həmin gecə məni iki gün öz rayonumuzun xəstəxanasında saxlasalar da, vəziyyətim daha da pisləşib. Bu səbəbdən qardaşlarım məni gətirib bura qoymuşdular. Dispanser iki mərtəbədən ibarət idi. Birincidə nisbətən yüngül, ikincidə sağalmağa ümid yeri olmayan ağır xəstələr yatırdı. Mən yatan palatada başqa iki nəfər yaşlı xəstə də vardı. Yaşlı kişilərdən biri həmişə çarpayıda uzanıqlı olurdu. Onun həyatla olan bütün əlaqələri itmişdi. Bildiyim qədər, onun bura düşməsinə səbəb ailə faciəsi idi. Gözünün ağı-qarası bir oğlu evində yatdığı yerdə yanıb ev qarışıq kül olmuşdu. Altı ilə yaxın idi ki, burda yatırdı, amma səhhətində heç bir irəliləyiş yox idi.
O biri yaşlı kişi isə daima pəncərənin qarşısında dayanıb uzaqlara baxırdı. Onu pəncərədən yalnız yemək vaxtı ayırmaq mümkün idi. O, bir vaxtlar onu atıb təzə sevgilisi ilə uzaqlara gedən qadınının geri qayıdacağını gözləyirdi. Amma arvadı heç vaxt geri qayıtmayacaqdı. Çünki, o, arvadını və onun gənc sevgilisini tapıb öldürdükdən sonra havalanmışdı.
Dispanserdə olduğum müddətdə ilk gecələr heç bir səbəb olmadan yuxudan ayılırdım. Bir müddət səssiz uzananda elə bil mənə güc gəlirdi. Gücüm çatdıqca qışqırmaq istəyirdim. Qışqırırdım da! Həkimlər gəlib mənə sakitləşdirici vurduqdan sonra ölü kimi yatırdım.
Vaxt ötdükcə tamam sakitləşməyə başladım. Yeganə məqsədim insanların məni dəli yox, ağıllı hesab etməsiydi. Qardaşlarım tez-tez yanıma gəlirdi. Xəstəxananın baş həkimi həftədə bir dəfə xəstələrlə təkbətək görüşürdü. Bu görüşlərin sağalmağıma böyük təsiri oldu.
Təxminən bir il keçdi, nəhayət, məni evə yazdılar. Vəziyyətim xeyli yaxşılaşsa da, əvvəlki həyat eşqim yoxa çıxmışdı. Qaraqabaq, özünə qapanıq adam olmuşdum. Dispanserdən gələndə qardaşıma dedim ki, əvvəlcə evimə getmək istəyirəm. Razı olmadılar. Onlara izah etdim ki, bu, ora sonuncu gedişimdir. Bir də heç vaxt getməyəcəm.
Evimin qapısına çatanda ürəyim şiddətlə döyünməyə başladı. Özümü ələ almaq üçün bütün gücümü, iradəmi topladım. Baş həkim məni yola salmazdan əvvəl demişdi: “Qarşındakı ən böyük çətinlik keçmişlə bağlı bir məsələni həll etmək olacaq. Əgər evinə gedib bütün pis xatirələrinlə vidalaşmağı bacarsan, bir də heç vaxt bura qayıtmayacaqsan. Çalış bu çətinliyin öhdəsindən gələsən. Sən güclüsən!”
Qapını açıb otağa girəndə bir ilin ardında qalmış tanış qoxu xatirələrimi qurcaladı. Qohumlar Sərvinaza və ölən övladıma aid nə vardısa hamısını yığışdırmışdılar. Sərvinazın cehizlik əşyaları da yox idi. Yataq otağında bir çarpayı, paltar dolabı və kitab şkafı qalmışdı. Bir neçə dəqiqə otaqda gəzişəndən sonra evi tərk etdim. Keçmişə və ona aid nə vardısa, hamısını bu evdə dəfn edib ordan həmişəlik uzaqlaşdım. Sonra isə böyük qardaşımın köməyi ilə bu evi satıb rayonun stadion yerləşən hissəsində salınan “Dəyirman dərəsi” məhəlləsində torpaq aldıq, üçgözlü ev tikdirdik. Köhnə evdən ora nəsə gətirilməsini istəmədim. Kitablarımdan başqa... Kitablardan köhnə evin qoxusu gəlsə də, cavanlıqdan oxumağa olan həvəsim üstün gəldi. Mehrimi kitablara salmağı asanlıqla bacardım. Ən çətin və darıxdırıcı anlarda kitablara sarıldım. Kitablar nə qədər bədbəxt olduğumun fərqində idilər elə bil. Onlar məni öz arxasınca çəkib aparırdı.
Sərvinazı unutmuşdum, desəm, yalan olar. Ömrün elə məqamları və bu məqamlarda rastlaşdığın elə insanlar var ki, heç vaxt unuda bilmirsən. Üstəlik bu insanlar sənə ağrı-acı, nisgil, göz yaşı qismət edibsə, onların xatirəsini ürəyində sağalmaz yara kimi gəzdirməyi özünə borc bilirsənsə.
Həyatın böyük zərbələrini yemiş bədbəxt insanlar qəlbindəki yaraların ağırlığı ilə təsəlli tapdıqları üçün həmin yaraları ciddi-cəhdlə qorumağa çalışırlar. Çünki, çəkilən hər bir əzab insanın canı-qanı bahasına başa gəlir. Mən də Sərvinazın xatirəsini ağır bir yük kimi içimdə daşımağa hazır idim. Dünyalarca sevdiyim bu qadın mənim canımdan qopan ağrı-acı və əzab idi.
Biz ayrılanda Sərvinaz Bakıdakı qardaşının yanında yaşadı. Bir müddət sonra ailə qurub həmişəlik şəhərdə qaldı.
Sən demə mənim təzə evim Sərvinazın kiçik qardaşı Əşrəfin evinin qonşuluğunda imiş. Əşrəf kənd məktəblərinin birində müəllim işləyirdi. Onun arvadının anamla uzaqdan qohumluğu vardı.
Əşrəf tez-tez uşaqlarından mənə şirniyyat, mer-meyvə yollayardı. Əvəzində onlara rəngbərəng qələmlər, balaca nağıl kitabları bağışlayardım. Əşrəfin 5-ci sinifdə oxuyan böyük qızı Arzu kitablarla dolu otağıma girəndə heyranlığını gizlədə bilmirdi. Hər dəfə Bakıdan kitab sifariş verəndə ona da nağıl kitabları gətizdirirdim. O, ilk dəfə gördüyü rəngli şəkillərlə dolu nağıl kitablarını alıb sevinə-sevinə evinə gedirdi.