Kulis.az “Hekayə günü” layihəsindən Alpay Azərin “Cırtdan dövlətin kaprizləri” hekayəsini təqdim edir.
“Siyasi-psixoloji tipajlar” silsiləsindən
- İndi biz neyniyək? Nauruya iki dənə Kalibr raketi ataq? - yaşıl gözlərini bərəldən Rusiya prezidentindən isterik bir gülüş çıxdı. - Özün də yaxşı bilirsən, ikicə dənəsini atsaq...
Xarici işlər naziri Yuri Petroviç Vralov bu cür zarafatlara öyrəşsə də, yaşıl abajurlu lampanın gur işığında prezidentin “gülümsəyən” qəzəbli sifətindən vahimələndi...
Haşiyə: Əvvəlcə, Sakit okeanda yerləşən dünyanın ən çıqqılı ada dövləti Nauru haqda sizə danışım: ərazisi iyirmi bir kvadrat kilometrdən, əhalisi isə on mindən bir az çoxdur. 1968-ci ildə ingilislərdən azad olub dövlət yaradan naurulular keçən əsrin yetmişlərində fosfatın dünya bazarına çıxarılması hesabına o dərəcədə varlanıbmışlar ki, yeddi nəfərlik ailəyə beş maşın düşürmüş, camaat bal-kürü içərisində yaşayırmış, işləri-gücləri dünyanı gəzib kef eləmək imiş. Hətta o zaman Dünya Bankının hesabatlarında yazırdılar ki, adambaşına düşən gəlirə, bir də, adamların kökəlmə faizinə görə bu cırtdan ölkənin vətəndaşları az qala amerikalıları keçibmiş.
Səksənlərin sonlarında fosfat qurtaranda, camaatın pis günləri başlayır: şirkətlər, banklar bir-birinin dalınca bağlanır, sürətlə işsizləşən, kasıblaşan naurulular balıq tutmaqla dolanmağa başlayırlar. Vəziyyət bir az da pisləşəndə, hökumətin tez-tələsik yaratdığı banklara dünyanın məşhur, qeyri-məşhur mafiyaları, şirkətləri milyardlarla dollar köçürüb, onları nağdlaşdırırlar, iqtisadi dillə desək, çirkli pulları yuyurlar, buna görə ölkə büdcəsinə haqq ödəyirlər. Həmin illərdə Rusiya Mərkəzi Bankının sədr müavini işləmiş Melnikovun dediyinə görə, bir ay ərzində ölkəsindən bu adadakı banklarına yetmiş milyard dollar köçürülübmüş...
Rusiya xarici işlər nazirliyinin 2-ci Asiya departamentinin müdiri İvan Dmitriyeviç Prinujdenko nazirə Naurunun Abxaziyayla Cənubi Osetiyanın müstəqilliyini tanımasıyla bağlı, cırtdan dövlətə etibar etmək olmaz deyəndə, ardınca Çinin və Tayvanın başına açdıqları oyunlardan danışmağa başlayanda, Vralov onun sözünü kəsdi:
- Dmitriç, bir dəyqə, o şeylərdən mənim də xəbərim var. Bu dəfə hər şey konkret öhdəliklər əsasında olacaq. Hər halda bilmiş olarsan, Nauru bir neçə ay əvvəl Kosovonun müstəqilliyini tanıyıb. Çox güman, amerikalılar buna görə yaxşıca pul xərcləyiblər. Bu dəfə də biz amerikalıların acığına Nauruya Cənubi Osetiyayla, Abxaziyanı tanıtdırarıq. Məsələ tək acıq verməkdə deyil. Bir də, iş tək Nauruyla bitmir axı, başqa ölkələrin də bu yerləri tanıyacağını gözləyirik, - deyən nazir qəfil səbirsizləndi: - Qısası, bu gün əmr yazacam, gələn həftə üçgünlük ora uçursan, onların xarici işlər naziriylə görüşürsən.
- Üzr istəyirəm, sizcə nazirin departament müdirini qəbul etməyi protokol baxımından...
- Mümkündür, narahat olma. Onların naziri bizim şöbə müdirini də qəbul edər, hələ lazım olsa sektor müdirini də, - Vralov özündən razı halda kresloya yayxandı. - Özün də bilirsən, Avstraliyadakı səfirimiz Baxtin onların xarici işlər naziriylə artıq görüşüb tanınmayla bağlı ilkin razılıqlarını alıb, əvəzində bizdən humanitar yardım istəyirlər. Başa düşdün də, konkret rəqəmi daha yüksək ranqlı adamla müzakirə etmək istəyirlər, - göz vurdu. - Qrafikim çox sıxdı, heç müavinlərimdən birinin belə ora getməyi mümkün deyil. Ona görə səni ora göndərmək lazım oldu. Ən əsası, onlardan Abxaziya və Cənubi Osetiyanı tanıyandan sonra, beş il ərzində qərarlarına heç bir prinsipial dəyişiklik etməyəcəkləri haqda yazılı qarantiya almaq lazımdır. Üç günə sənin departamentin qarantiyanın forması və şərtləri barədə mənə analitik qeydlərini hazırlayıb versin...
Gürcüstan 2-ci Asiya departamentinin kurasiyasında olmasa da, Prinujdenko əvvəlcədən Rusiyanın Cənubi Osetiya və Abxaziyanı dövlət kimi tanımasının əleyhinəydi, sirrlərini bölüşdüyü dostlarına da deyirdi ki, bu, gələcəkdə ölkənin milli maraqlarına cavab vermir. Ona elə gəlirdi, Rusiya zəifləsə, 1991-ci ildəki kimi parçalanma vəziyyətinə gəlib çıxsa, başqa ölkələr məhz bu kartdan istifadə edib, öz müstəqilliyini elan etmiş əyalətləri, tutaq ki, Tatarstanı dövlət kimi tanıya bilər.
Dörd gün sonra həmin departamentin nazirçün hazırladığı analitik sənəddə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması haqda Nauru prezidentinin qəbul edəcəyi qərara beş il heç bir dəyişiklik edilməyəcəyi, parlamentdə onun ratifikasiyası, bundan sonra qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq pulun yarısının (formal olaraq humanitar yardım şəklində) və nəhayət, tanınmadan üç il sonra pulun qalan hissəsinin Naurunun dövlət büdcəsinə köçürüləcəyi əsas şərtlər kimi öz əksini tapmışdı...
- Dmitriç, analitik qeydlərlə tanış oldum, yaxşıdı, amma məncə, perspektivlər hədsiz optimist görünür. Məsələn, risklər barədə heç nə yoxdu bu sənəddə, - nazir alnını ovuşdurdu.
- Yuri Petroviç, mən axı o gün sizə məhz elə böyük riskə getdiyimizi dedim, Naurunun Çin və Tayvanın başına açdıqları oyunlardan...
- Hə, xatırladım, - nazir gözünü sənədə zillədi, əliylə arxasında divardan asılmış portreti göstərərək, bir az da könülsüz dedi: - Amma tapşırıq artıq verilib.
- Başa düşdüm, Yuri Petroviç.
Növbəti vacib haşiyə: Məsələ burasındadır ki, 2002-ci ildə Nauru prezidenti Honkonqda Çinlə diplomatik münasibətlərin qurulması haqda birgə kommünike imzalamışdı. Həmin sənəddə Nauru hökuməti bildirirdi ki, dünyada yeganə bir Çin dövləti var ki, onun da legitim təmsilçisi paytaxtı Pekin olan Çin Xalq Respublikasıdır, Tayvan isə Çinin ayrılmaz hissəsidir. Üstəlik, bir ay ərzində Tayvanda öz səfirliyini bağlamağı öz üzərinə öhdəlik kimi götürmüşdü. Sonda məlum olmuşdu ki, Nauru buna görə Çindən 130 milyon dollar rüşvət alıbmış. Əsl həngamə isə sonra baş vermişdi, kommünikenin imzalandığı günün səhərisi Çin bu çıqqılı ölkədən yumşaq şəkildə tələb eləmişdi ki, iyirmi dörd saatın içində Tayvandakı səfirliyini bağlasın, əks halda, diplomatik münasibətləri kəsməklə “hədələmişdi” Naurunu. Daha doğrusu, əvvəlcədən hər ikisi “hədələmə” barədə öz aralarında gizli razılığa gəlmişdi. Məlumatsa dünya mətbuatına sızdırılmışdı, - Çinin məqsədi Tayvana bir növ, öz yerini göstərmək idi, yəni, gördüz də, 1980-ci ildən sizi Çin dövləti kimi tanıyan BMT üzvü olan ölkə bircə günün içində mənim tərəfimə keçdi. Üstündən üç il keçəndən sonra Naurunun təzə seçilmiş prezidenti öz ölkəsinin Pekindəki səfirliyini bağlayıb, yenə rüşvət hesabına Tayvanla diplomatik münasibətləri bərpa eləmişdi və yeni naurulu deputatlar öz keçmiş prezidentlərini özbaşına rəsmi Pekinlə münasibətlər qurduğuna görə parlamentdə bir xeyli danlamışdı.
...Naurunun xarici işlər nazirinin qəbul otağında oturub pəncərədən çölə baxan İvan Prinujdenko dərindən köks ötürdü: Moskvada, XİN-in binasında oturduğu yeddinci mərtəbədən hər gün darıxdırıcı meqapolisi görürdü. Burda isə taxta materialdan tikilmiş nazirliyin ikimərtəbəli sadə binasının pəncərəsindən görünən dalğalı okean, sahil boyunca tənbəl-tənbəl gəzişən adamlar ona sakitlik gətirirdi. Mürgüləyə-mürgüləyə, on il burda işləsəydim, çox güman, mən də okeandan bezərdim fikirləşən Prinujdenkonu mobil telefonuna gələn zəng diksindirdi.
- Dmitriç, hardasan? - Vralov qalın səsiylə birbaşa suala keçdi.
- Nazir Kelman indilərdə məni qəbul edəcək, Yuri Petroviç.
- Təcili bir məsələ ortaya çıxıb, mənə diqqətlə qulaq as. Kağız, qələm götür, qeydlər et ki, yadından çıxmasın.
Prinujdenkonu həyəcan bürüdü, qalstukunu boşaldıb dərindən nəfəs aldı.
- Yadımda qalar, Yuri Petroviç, siz deyin.
- Yox, yadında qalmayacaq, mütləq qeyd elə dediklərimi.
Prinujdenko tələsik portfelini açıb ordan qələm, bloknot götürüb “Eşidirəm sizi, Yuri Petroviç,” - dedi.
- Deməli, 2020-ci ildə Eksponun, yəni, dünya sərgisinin keçirilməsi üzrə şəhər seçilməlidi. Türkiyə İzmirin, Birləşmiş Ərəb Əmirlikləri Dubayın, Braziliya San-Paulunun, bizsə Yekaterinburqun namizədliyini irəli sürmüşük. Bu ilin noyabrında Parisdə Beynəlxalq Sərgilər Bürosunun iclasında o şəhərlərdən biri seçiləcək. Sən nazirlə əsas məsələni müzakirə edəndən sonra Ekspo məsələsini ona danışıb xahiş edərsən ki, Beynəlxalq Sərgi Bürosunun noyabrda Parisdə keçiriləcək həmin iclasında Nauru bizim xeyrimizə, Yekaterinburqun namizədliyinə səs versin, sonda əlavə edirsən ki, bu məsələyə görə də sizin ölkəyə dövlətimiz tərəfindən müvafiq yardım olunacaq.
- Nə qədər? Yəni, özləri bizdən konkret məbləğ eşitmək istəsələr, nə deyim? - qəfil pıçıltılı-xırıltılı əcaib bir səsə keçdi.
- Sənə nə oldu? Yanında rus dilini bilən adam var ki?
- Yox, Yuriy Petroviç, sadəcə bizi telefonda dinləyə bilərlər.
- Axx Dmitriç, sən məni uşaq hesab edirsən? Narahat olma, xüsusi rabitə xəttiylə danışıram. Nəysə, qaldı ki, Ekspoyla bağlı konkret rəqəmə, qoy onu nazir özü desin. Amma görsən, yüz min dolları keçir, onda deyərsən ki, bizim bundan artığına büdcəmiz imkan vermir. Hə, bir də, A4 kağızına böyük çap hərfləriylə ingilicsə YEKATERINBURG EKSPO-2020 yazıb verərsən onlara. Qeydlər elədin?
- Elədim, Yuriy Petroviç, - bloknot açılmamış portfelin üstündəydi, qələmisə bayaqdan sol əlində saxlamışdı.
Naurunun xarici işlər naziri Ceyms Kelman qarayanız, kvadratsifət, qıyıqgöz, ilk baxışdan şən görünən ortayaşlı kişiydi. Prinujdenko hələ Moskvada olanda, google-da axtarış verib saytlardan oxumuşdu ki, bu adam iki universitet qurtarıb, - həm həkim-cərrah idi, həm də sosial elmlər üzrə bakalavr dərəcəsi varıydı. Səhərdən günortaya qədər xəstəxanada cərrahiyə əməliyyatları edirdi, günün ikinci yarısı isə nazirliyin işlərini aparırdı. Yerli saytlardan birinə verdiyi intervüsündə fəxrlə demişdi ki, xalq mənim nazirlikdən istefa verib həkim olmağımı tələb edir.
Salamlaşmadan sonra bir-birilərinə vizit kartı verdilər, əvvəlcə Kelman on iki saatlıq uçuşun necə keçdiyini soruşdu. Kokos şirəsindən bir qurtum alan Prinujdenko cavab verdi ki, uzunməsafəli səfərlərə çoxdan öyrəşib və adətən, belə səfərlərdə təyyarədə yuxuya gedə bilmir deyə, məmnuniyyətlə tarixi şəxsiyyətlərin memuarlarını oxuyur. Sonra naurulu nazir bic-bic gülümsəyib Rusiyada gələn seçkilərdə prezidentliyə kimlərin öz namizədliyini verəcəyini soruşdu, çatdırmaq istədi ki, sizin ölkədə gedən siyasi proseslərdən xəbərim var. Yəqin mən gələnə qədər son iki-üç gündə google-da eşələnmisən düşünən rus məmur qısaca cavab verdi ki, hər şey hakim partiya “Vahid Rusiya”nın verəcəyi qərardan asılıdır. İqtisadi məsələlərə keçdilər, - əzbər bildikləri statistik məlumatlardan istifadə edə-edə öz ölkələrinin ümumdaxili məhsulunun artmasından, investisiya axınından, qeyri-fosfat və qeyri-neft sektorunun inkişafından danışdı.
Prinujdenko on beş il içində diplomat kimi müxtəlif Asiya ölkələrində birinci attaşedən tutmuş səfir vəzifəsinə qədər gedib çıxmışdı, danışıqlar aparmağı bacarırdı, səbirliydi, amma indi özünə də qəribə gəlirdi ki, qarşısında oturduğu “çıqqılı” dövlətin naziriylə söhbətdə birbaşa mətləbə keçmək məsələsində çətinlik çəkir.
Nəhayət, naurulu nazir Gürcüstanın 2008-in avqustunda Cənubi Osetiyaya hücum etməsinin səbəbini soruşanda, Prinujdenko rahat oldu, bildi ki, Kelman əsas məsələyə keçməkçün bir növ körpü atır. Cavab verdi ki, Gürcüstan bu əraziləri özününkü hesab etdiyindən, ora hücum etmişdi, tez də əlavə etdi ki, abxazlar və cənubi osetiyalılar referendumda müstəqillik aktına səs veriblər və Rusiyanın suveren ölkə olan Gürcüstana hücum etməsi haqda bir kəlmə demədən, birbaşa mətləbə keçdi:
- Cənab Kelman, yəqin xəbəriniz var, Rusiya Federasiyası xalqların öz müqəddəratını təyinetmə prinsipindən çıxış edərək, bu yaxınlarda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımış və bu ölkələrin təhlükəsizliyinə təminat vermişdir. Hazırda bizim xarici işlər nazirliyi həmin dövlətlərin dünyada tanınması üçün aktiv işlər aparır. Nəzərinizə çatdırmaq istərdim ki, biz Nauru Respublikasının Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından böyük şərəf duyardıq.
Sonralar Prinujdenko öz-özünə fikirləşirdi ki, görən, diplomatların leksikonunda adamı bezdirən “Böyük şərəf duyardıq” kimi mənasız cümlə varmı?
- Cənab Prijdenko, - naurulu nazir sona qədər rusun soyadını düzgün tələffüz edəmmədi, - bildiyiniz kimi, öz müstəqilliklərini elan etmiş dövlətlərin tanınması elə də asan məsələ deyil. Coğrafi durumumuzu, ABŞ-la olan münasibətlərimizi nəzərə almaq lazımdı. Bunu sizin Avstraliyadakı səfirinizə də demişdim. İstənilən halda biz bu məsələdə Rusiyanın maraqlarını nəzərə almağa çalışarıq.
Prinujdenkoya bir yüngüllük gəldi, tezcə sevincək dedi:
- Biz də öz tərəfimizdən ölkənizə humanitar yardım göstərməyə hazırıq, elə səfərimin də məqsədi bunu sizinlə müzakirə etməkdir.
Kelman bir neçə saniyəlik fasilə verib pul məsələsinə keçdi:
- Bizim altmış milyon dollara ehtiyacımız var, - Prinujdenkonun sifətinə sakit, məhrəm bir ifadəylə baxdı, baxışlarda tələsik cavab verməyə ehtiyac yoxdur, özün dediyin kimi, elə buna görə ölkəmizə gəlmisən, hələ iki gün də burdasan, öz nazirinə zəng edib məbləği ona deyə bilərsən yazılmışdı.
“Nə?! Altmış milyon nədi?! Başın xarab olub?!” ürəyində nazirə sual verən Prinujdenko əsəbiləşsə də, çalışdı soyuqqanlı görünsün.
- Oldu, cənab Kelman, mən bu barədə sizə sabah konkret bir söz deyərəm. İcazənizlə bir məsələni də sizinlə müzakirə etmək istərdim.
- Buyurun.
Eşitdiyi rəqəmdən əsəbiləşib sağ dirsəyini qaşısa da, bir təhər özünü toparlayıb öz nazirinin Yekaterinburq tapşırığını detallarıyla çatdıran Prinujdenko növbəti “dəhşətli məbləğ”i eşitməyə hazır idi. “Yəqin bu dəfə ən azı beş milyon dollar istəyəcək”.
- Etiraz eləmirsizsə, pəncərəni açardım, - Kelman donuq nəzərlərlə rusa baxdı.
- Əlbəttə, buyurun.
Prinujdenkoya elə gəldi ki, nazir pəncərəni açana qədər pulun miqdarını fikirləşib tapmaq istəyir. Kelman ayağa durub üç-dörd addım atmışdı ki, iş telefonuna zəng gəldi, “pardon” deyib öz yerinə qayıtdı.
- Bəli, cənab prezident, - naurulu nazirin öz prezidentiylə telefonda ingiliscə danışmağa başlaması Prinujdenkonu təəccübləndirsə də, o dəqiqə yadına düşdü ki, bu ölkənin ikinci rəsmi dili ingilis dilidir. - Bəli, mən Avstraliyanın xarici işlər naziriylə danışdım bu barədə. Söz verdi ki, ikinci qaçqın düşərgəsinin tikilməsiylə bağlı üç milyon dollar ayıracaqlar... Yox, dedilər dörd milyon çoxdur... İndi mən neyləməliyəm?...
Prinujdenkonun heyrətdən az qala ağzı açılacaqdı. “Belə şeyləri necə mənim yanımda açıqca danışır?”
- Cənab prezident, indi yanımda Rusiya xarici işlər nazirinin müavini oturub.
“Off, müavin nədi? Vizit kartımı oxudun axı... Bəlkə, mənə kompliment atır”.
- ...Bəli, cənab prezident, həmin məsələni müzakirə etdik... Altmış milyon dollar... Humanitar yardım, təbii.... Məncə normaldı... Nə qədər?... Okey... Okey...
Prinujdenko az qaldı hər ikisinin yerinə utansın. “Belə də axmaqlıq olar? Bu, necə ölkədir?” Prezidentlə danışığını bitirən nazir dəstəyi yerə qoyub geniş təbəssümlə rusa baxdı:
- Cənab Prijdenko, mən indi prezidentimizlə danışdım. O, humanitar yardımı beş yüz min dollar artırmanızı xahiş etdi. Yəni altmış milyon beş yüz min dollar.
Prinujdenkonun əlacı olsaydı, deyərdi ki, bu qədər də görməmişlik etmək olmaz axı. Belə bir şeyi heç gözləmirdi deyə, bilmirdi neynəsin. Özünü toparlayıb soruşdu:
- Cənab Kelman, zəhmət olmasa, deyərdiz, beş yüz min dollar hardan çıxdı?
- Biz Nauruda qaçqınlar üçün yeni düşərgə tikməyi planlaşdırırıq. Buna görə əlavə xərclərimiz meydana çıxdı.
“İlahi, bu qədər həyasızlıq olar? İndicə telefonda ikinci qaçqın düşərgəsinin tikilməsindən danışırdı. İki dəyqə keçməyib üstündən, utanmaz-utanmaz üçüncüdən danışır. Off, bu adam məni infarkt edəcək”. Nazir onu necə şok-nokaut vəziyyətinə saldısa, bilmədi, bu adama mədəni şəkildə ağzına gələni desin, yoxsa durub sakitcə kabineti tərk etsin.
- Hə, cənab Prijdenko, qaldı ki, dünya sərgisi məsələsinə, mən prezidentimizlə axşam görüşəcəm, nəticələri və təklifimizi sabah sizinlə geniş müzakirə edərik. Zəhmət olmasa, Ekspo üçün namizədliyini verdiyiniz o şəhərin adını yazardınız, - deyib rusa A4 formatlı kağız uzatdı...
Otelə qayıdan Prinujdenko duş qəbul etməzdən öncə mobil telefonuyla öz nazirinə zəng edib görüş barədə ətraflı danışdı. Nauru prezidentinin beş yüz min dollar da əlavə eləməsini eşidən Vralov özündən çıxdı:
- Bu qədər də görməmişlik olar?!
- İnanın mənə, Yuri Petroviç, bunların belə acgöz olduğu ağlıma gəlməzdi.
- Debillər, blya. Otuz milyon dollar bəsləridi, Dmitriç. Elə də deyərsən.
- Yuri Petroviç, məncə bu, çox azdır. Razılaşmayacaqlar.
- Razılaşarlar.
- Yəqin bilirsiz, Çin bunlara Tayvanla diplomatik münasibətlərin kəsilməsi üçün yüz otuz milyon dollar vermişdi. Belə götürəndə...
- Otuz milyon az deyil, Dmitriç, ayıq ol, başa düş, öncədən yuxarı qiymət oxumaq bunların taktikasıdır. İnandırım səni, iyirmi milyon da versək, sevinərlər. Bilirəm, sən söhbəti hara gətirmək istiyirsən. Əgər nazir sabah Çin, Tayvan məsələsini sənə desə, çəkinmədən nəzərinə çatdırarsan ki, Çin iqtisadi baxımdan bizdən xeyli qabaqdadı. O, bəlkə də komplimentə keçəcək ki, bəs Rusiya bir vaxtlar dünyanın ən qüdrətli ölkəsi olan SSRİ-nin varisidir, son illər neft gəlirləriniz yüksək səviyyədə olub, hazır ol belə şeylərə. Gördün ki, inadkarlıq edir, eybi yox, on milyon artırarsan. Amma qırxdan yuxarısı yoxdu. Yaxşı, Yekaterinburq məsələsi nə oldu?
- Onu da dedim, Yuriy Petroviç. Məbləği sabah deyəcəklər.
- Sabah heç nə deməyə imkan vermə, bu dəfə təşəbbüs bizdə olmalıdı. Bayaq vaxt olmadı deyə, tələsik yüz min dollar dedim, o rəqəmi unut ümumiyyətlə. Qələm, kağız götür... De ki, xeyrimizə səs versəz, biz sizin və prezidentinizin bu il ərzində Avropaya üç rəsmi səfərini tam ödəməyə hazırıq, amma bir səfər üç günü keçməmək şərtiylə. Bura gediş və gəliş təyyarə bileti, beşulduzlu oteldə üç gün qalma və hər günə min dollar xərclik daxildi, deyərsən ki, bundan artığına gücümüz çatmır. Mən bilən, Nauruyla qonşu olan Tuvalu Yekaterinburq məsələsinə görə bizdən polisləri üçün min dənə elektroşoker, ratsiya, stomatoloqlar üçün bir dənə bor aparatı istəyib. Yəni, Nauruya olan təklifimiz elə də pis deyil.
Qısası, Prinujdenkonun ertəsi gün Kelmanla, arada öz şefiylə növbəti telefon danışıqlarından sonra kompromis kimi əlli milyon dolların üstündə dayandılar, əvəzində Nauru beş yox, yeddi il Cənubi Osetiya və Abxaziyanı tanıması haqda qərara dəyişiklik etməyəcəyinə boyun oldu və kabinetdəcə müqavilə imzaladılar. Yekaterinburq məsələsində isə Kelmanın tərsliyi tutdu, xərcləri tam ödəniləcək rəsmi səfərlərin sayını üçdən ona qaldırmağı təklif edib dedi ki, bir səfər belə güzəştə getməyəcək. Prinujdenkonu tər basdı, dəhlizə çıxıb yenidən öz nazirinə zəng etməyə məcbur oldu. Vralov əvvəlcə əsəbiləşdi: “Nə danışırsan? Bunlar özlərini nə hesab edirlər?!” desə də, bir neçə saniyənin içində nə fikirləşdisə, “Cəhənnəmə, razı ol,” - təklifə razılıq verdi...
İyirmi milyon dollar hesaba oturan kimi, Nauru hər iki separatçı respublikanın müstəqilliyini tanıdı. (Altı il sonra isə ruslar otuz milyon dollar verəcəkdi.) İki ayın içində diplomatik münasibətlər quruldu, səfirliklər açıldı, Rusiyanın puluyla Naurudan Abxaziyaya, Cənubi Osetiyaya, həmin yerlərdən də Nauruya nümayəndə heyətləri səfər elədi. Nitqlər söyləndi: bir-birimizə yatırım qoyacağıq, ticarət münasibətləri haqda müqavilələr imzalandı, sonda hər iki tərəf gözəl anladı ki, qəşəng səslənən vədlərə baxmayaraq, aralarında minlərlə kilometr olan bu çıqqılı qurumlar arasında nə iqtisadi münasibətlər qurulacaq, nə də vizasız rejim qarşılıqlı turist axınına səbəb olacaq.
***
Üç il sonra Rusiyanın təşəbbüsüylə Nauru və Abxaziya arasında diplomatik əlaqələrin qurulması münasibətiylə xarici işlər naziri Ceyms Kelman, müavini və köməkçisi “paytaxt” Suxumiyə təntənəli mərasimə təşrif buyurdular...
Naurulu nazir Abxaziya “prezidentinin” verdiyi rəsmi nahar ziyafətində iyirmi illik qırmızı çaxırdan o qədər vurmuşdu ki, başı tez-tez sinəsinə düşürdü, iki dəfə çönüb yanındakı müavinindən gəldiyi yerin adını soruşmuşdu. Üçüncü dəfə çönüb müavinindən ingilis dilində “Bu zibil ölkənin adı nədi?” sualını verəndə, üzbəüz oturan abxaz “naziri” Beslan Bqajbanın sağ lokator qulağı adamların və çəngəl-bıçaqların səs-küyünə baxmayaraq sözləri tutdu. Hirsindən qıpqırmızı qızaran abxaz başını yelləyib sol əlində tutduğu salfet kağızını gücü gəldikcə sıxıb-əzib masaya tulladı. Eyni zamanda qonağın sifətinə baxmaqdan çəkindi, bildi ki, baxsa, əsəblərini cilovlayammayacaq, kobud bir söz çıxacaq ağzından. O biri tərəfdənsə, bir az hirsi soyutmaqçün Kelmana nifrətlə baxıb onu utandırmaq istəyirdi.
- Cənab Bqajba! Mən sizin ölkənizi sevirəm. Çox gözəl ölkəniz var, - gözləri süzülən Kelman ağ elədiyini anlamışdı, yumşaltmaq istəyirdi “həmkarını”.
Abxaz “nazir” eləcə soyuq nəzərlə ona baxdı, yəni, yaltaqlanmağının yeri yoxdu. Və qəfil naurulu nazir ayağa durub bağırdı:
- İvan Prijdenko! Mən istəyirəm bu dəyqə o, burda olsun!!!
Məclisə çaxnaşma düşdü, hamı çaşqınlıqla, vahiməylə onlara tərəf baxdı. Hirsindən zəncir gəmirən Bqajba onsuz da cırtdan dövlətin nazirindən yanıqlıydı, oturanları bağırtısıyla təşvişə salması isə onu lap özündən çıxarmışdı. Başını sağa çevirəndə, öz “prezidentinin” əsəbi-əsəbi barmaq işarəsiylə onu yanına çağırmasını gördü, cəld ayağa durub ona tərəf getdi.
- Beslan, nə baş verib? O, nə istəyir? - “prezident” soruşdu.
- İçib açarını itirb, cənab prezident. Ağzına gələni danışır. Mən az qala... - yanına saldığı sağ əlini yumruq halına gətirdi, güclə “onu vuracaqdım” deməkdən özünü saxladı, bildi ki, bunu desə, dalınca səbəbini də söyləməli olacaq, qabaqdakı axşam çıxışlarını, konserti, nazirliyin şam ziyafətini fikirləşirdi.
- Az qala neyniyəcəkdin? Döyəcəkdin onu? Beslan, əslində, onun çox içməsinin günahı səndədi. Masaya ev sahibi kimi sən nəzarət etməliydin, görəndə ki, bu adam açarını itirməyə başlayır, ofisiantlara göz-qaşla başa salmalıydın ki, çaxır şüşələrini masadan yığışdırsınlar! İndi isə get sakitləşdir onu, gör nə istəyir, ofisianta de, sizin qabağınızda bir dənə də araq, çaxır, konyak olmasın, hamısını yığışdırsın.
Naurulu nazir hələ də qışqır-bağırla tələb edirdi ki, “Prijdenkonu” xüsusi çarter reysiylə Moskvadan bura, onun yanına gətirsinlər, əks halda, axşamkı mərasimdə təbrik nitqi söyləməyəcəyi ilə qorxudurdu hamını. Nəhayət, Bqajba qonağın qolundan tutub guya ərklə, əslində, sonsuz nifrət və hiddətlə qırağa çəkib soruşdu:
- Qulaq as, Prijdenko kimdi?
- Rusiyanın xarici işlər naziri. Mənim dostum.
- Rusiyanın elə adda xarici işlər naziri yoxdu! Neyniyirsən onu?
- Mən istiyirəm Prijdenko... - hıçqırdı, - bu dəyqələrdə bizim ziyafətdə olsun.
- Qulaq as, mən onu axşam ziyafətinə gətirəcəm, - qonağı sakitləşdirməkçün bunu uydurdu.
- Mən... indi... istiyirəm.
- Axşam! Bu, ancaq axşam mümkündür, başa düşdün?! - Bqajbanın gözlərindən artıq alov çıxırdı. - Əgər özünü yaxşı aparmasan, bu dəqiqə nazirliyə gedib, etdiyiniz bu hoqqalar haqqında ölkənizə nota göndərəcəm.
Kelmanın sifətinə elə bil bir vedrə soyuq su çırpdılar, dərhal özünə gəldi:
- Nəə? Nota?! Niyə?! Axı mən axşam təbrik nitqi söyləməliyəm, - səsini yavaşıtdı.
- Afərin. Bu, başqa məsələ, - bayaqdan sifətindən zəhər tökülən abxaz yumşaldı.
- Mən duş qəbul etməliyəm, icazənizlə otelə gedim, - Kelman bunu elə tərzdə dedi, sanki aləmi qatan o deyildi.
- Əla, - abxaz qaliblər kimi baş barmağını qaldırdı, sonra qol saatına baxdı, - Gəl belə edək, səni otelə yola salaq, duş qəbul et, dincəl, yat, iki saatdan sonra səni oteldən götürüb çıxış etməyə gətirərlər...
Abxaziyalı “nazir” Kelmanı və onun köməkçisini Mersedesə oturdub, özündən razı halda öz “prezidentinə” tərəf addımladı...
Otelə qayıdan naurulu nazir Allaha yalvarıb bircə nota göndərməsinlər duası edə-edə hamamda duşdan gələn suyu ilıq etmək istəyirdi ki, mobil telefonuna zəng gəldi. Elə tursik-maykada otağına qaçdı, telefonunun ekranında öz prezidentinin köməkçisinin adını görəndə, canına vəlvələ düşdü: “Bqajba deyəsən, nota göndərib. Biabır oldum”.
- Eşidirəm, Qadabu.
- Hardasan, Kelman?
- Oteldəyəm, duş qəbul etmək istəyirdim.
- Qulaq as, çıxışın saat neçədədir?
- Hardasa iki saat sonra.
- Okey, duş qəbulunu təxirə sal və mənə diqqətlə qulaq as, daha doğrusu qələm götür, qeyd elə dediklərimi. Nəzərə al ki, bu, tapşırıqdır, - istəmədi ölkə prezidentinin adını çəksin.
Stula oturan nazir əlləri əsə-əsə qələm götürdü, qeyd dəftərçəsini açıb dedi:
- Eşidirəm sizi.
- Birincisi, çıxışda ölkə adlarını silirsən, dəxli yoxdu, Abxaziya, ya Nauru Respublikası, onları tərəflər sözləriylə əvəz edirsən...
- Okey.
- İkincisi, çıxışda “diplomatik tanıma” sözlərini sadəcə “tanıma” sözüylə əvəz edirsən.
- Nə danışırsız? Bu, heç cürə mümkün deyil, - nazir qeyri-ixtiyari səsini qaldırdı, - axı bizim səfərin məqsədi...
- Dedim axı, bu, tapşırıqdı. Oteldən çıxmırsan, həmin dəyişikləri edib çap edirsən çıxışı. Hardasa mərasimə yarım saat qalmış abxaz rəsmilərinə zəng edib deyirsən ki, özümü çox pis hiss edirəm, heç cürə çıxış etmək halında deyiləm. Həmin vaxt onların çox güman, həkim göndərməyə də vaxtları olmayacaq. Lap göndərsələr də, həkimə deyirsən ki, ayaqlarım tutulub, gəzə bilmirəm. Dərman təklif eləsələr, adını soruşursan, hansı dərman adı söyləsələr, deyirsən ki, alergiyam var. Abxaz rəsmiləri, otelə gəlib səni dilə tutsalar da, eyni şeyi deyirsən, ayaqüstə durmağa taqətim yoxdu, qətiyyətlə deyirsən ki, mənim əvəzimdən müavinim təbrik nitqini oxuyacaq. Sonra zəng edirsən müavininə, çıxışı gəlib səndən götürür və tədbirdə oxuyur. Kelman, hər şey aydındı?
- Aydındı, Qadabu.
Mobil telefonunu masanın üstünə qoyan nazir başını iki əlinin arasına alıb, ingiliscə öz prezidentini, onun köməkçisini söydü. “İlahi, bu axmaq təkliflər hardan çıxdı?” Ayağa durub minibara yaxınlaşdı, qapısını açdı, hirsini soyutmaqçün ordan götürdüyü konyakın qapağını açıb şüşəni başına çəkdi. Dörd-beş qurtumdan sonra əlində şüşə masaya yaxınlaşıb, noutbukun düyməsini basdı. Ekran açılana qədər abxaz “nazirin” nahar vaxtı ona yönələn qəzəbli sifəti yadına düşdü. “Nota cəhənnəm, yüz faiz bu dəfə o, məni söyəcək, təhqir edəcək”, bu fikirdən üşənən kimi oldu. Konyak şüşəsini masaının üstünə qoydu, tələm-tələsik dumanlanan başıyla çıxışa düzəlişlər etdi, “Congratulation speech.doc” (Təbrik nitqi) faylını fləşkarta atıb çap etməkçün risepşnə düşdü...
Təbii ki, cırtdan dövlətin xarici işlər nazirinin müavininin təntənəli mərasimdə oxuduğu çıxışın tam mətnini burda verib, sizi bezdirməyəcəm. Amma bəzi cümlələri yazmasam olmaz.
“Bu gün həm tərəflər, həm də tərəflər ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etməsində xüsusilə maraqlıdırlar”. “Mən tərəflər Respublikası adından tərəfləri təbrik edərək, bildirmək istəyirəm ki...” Nəhayət, başqa bir gülməli cümlə. “Biz əminik ki, tərəflərin müstəqilliyi dünyanın başqa dövlətləri tərəfindən də tezliklə tanınacaq və həmin ölkələrin burda nümayəndəlikləri yaranacaqdır”.
Xarici işlər nazirinin müavini hər dəfə bu cümlələri oxuyanda, pencəyinin yan cibindən əl dəsmalını çıxarıb alnının tərini silir, Kelmanı ürəyində söyürdü. Ön cərgədə oturan Abxaziya “prezidenti”nin qulaqlıqla rus dilində eşitdiyi “Mən tərəflər adından tərəfləri təbrik edirəm”lə başlanan cümlədən gözləri kəlləsinə çıxmışdı, çönüb Bqajbadan soruşmuşdu ki, bu, nə tərcümədir? İngilis dilini bilən “nazir”sə cavab vermişdi ki, tərcümə normaldı, çıxışın özü provokasiyadır, nə isə etmək lazımdır. ”İcazə verin tapşırım, mikrofonu söndürsünlər” təklifinə “prezident” başıyla lazım deyil işarəsini vermişdi. Arada hər ikisi çönüb sualedici nəzərlərlə həmin cərgədə oturan Rusiya xarici işlər nazirinin müavininə baxmışdı. Müavinsə diplomatlara xas təmkinlə onlara tərəf gözünün ucuyla baxmadan, sifətindəki protokol ifadəsiylə çıxışa qulaq asmağa davam etmişdi.
İngilis dilini bilməyən qulaqlıq taxmayan yerli məmurlar və QHT-çilər son cümləni oxuyandan sonra yerində oturmağa tələsən naurulu naziri gurultuyla alqışlamışdı. “Prezident” çönüb onlara öz doğma dillərində çəmkirmışdi: “Nə əl çalırsız?! Heç qulaq asdız nə dedi bu adam?!”
Abxaz “rəsmilərindən” heç kim nə axşam ziyafətində, nə də konsertdən sonra rəsmi qonağa bir dəfə də olsun yaxınlaşıb təşəkkür etmişdi. Pərt olmuş qonaq axşam ziyafətində etiket xatirinə bir-iki tikə kabab yemiş, bir dəfə də badə qaldırıb çaxırdan iki-üç qurtum içəndən sonra aradan əkilmişdi.
Oteldə isə öz naziri Kelmanla əməlli-başlı qovğaya çıxmışdı, demişdi ki, qayıdan kimi biabırçı çıxışla bizi Abxazyanın, ən əsası, Rusiyanın yanında pis vəziyyətdə qoyduğunuzu prezidentə çatdıracağam. Nazirsə prezidenti satmamışdı, demişdi ki, çox içdiyindən heç özü də bilməyib necə olubsa, son anda çıxışa belə dəyişikliklər edib və buna görə rəhbərlikdən üzr istəməyə hazırdır.
Səhərisi abxazlar Mersedeslə qarşıladıqları, şəhərdə ora-bura apardıqları naurulu naziri köhnə, yaşıl rəngli Sovet maşını Qaz-31-lə, müavini və köməkçisini isə mikroavtobusla aeroporta yola saldılar. Onları oteldən götürüb yola salansa Qudaut şəhərinin meriydi, gecəylə onu təcili Suxumiyə çağırıb, bu tapşırığı vermişdilər.
Yolboyu mikroavtobusdakılar öz aralarında bir kəlmə belə kəsmədilər, eləcə pəncərədən dağlara baxdılar. Kelman Qudaut merindən ingiliscə, həm də jestlərlə mindikləri maşının markasını soruşdu. Mer yarırus, yarıingiliscə cavab verdi: “Qaz tridsat odin. Made in Eseseser. Very good avtomobil, (Qaz otuz bir. SSRİ-də istehsal olunub. Çox yaxşı maşındı.)” - baş barmağını qaldırdı. Axırda ironik təbəssümlə rusca “Pover v moi slova, doroqoy,” (Mənə inan, əzizim) - əlavə elədi. Heç nə anlamayan Kelman günahkar-yazıq təbəssümlə “Yes, yes” dedi. Aeroporta bir kilometr qalmış sürücü əyləci basıb dedi ki, maşina has problem (Maşında problem var). Həyəcandan ürəyi guppuldayan nazir qol saatına baxıb merdən soruşdu ki, biz aeroporta gecikmirik? Mer eləcə çiyinlərini çəkdi, sürücü isə maşının kapotunu açıb beş dəqiqə orda yalandan qurdalandı. Az sonra Qaz-31 partapart səslər çıxara-çıxara yerindən tərpəndi. Bu, abxazların naurulu nazirdən son heyifalma fəndiydi.
***
ABŞ-ın dövlət katibi kabinetində maliyyə naziriylə qəhvə içə-içə son uğuru müzakirə elədilər. Dövlət katibi gülə-gülə dedi ki, abxazlar Kelmanı Qaz-31-lə aeroporta yola salmaqda düz etməyiblər. Danışmağa o qədər də həvəsi olmayan maliyyə naziri isə dilləndi ki, KQB metodundan istifadə edən abxazlara haqq qazandırmasam da, hardasa onları başa düşürəm. Dövlət katibi ona göz vurub dedi ki, sizdən bu məsələylə bağlı istədiyimiz əlavə xərcləri könülsüz versəz də, əsas odu ki, xərclər özünü doğrultdu...
Abxaziya və Cənubi Osetiyanı dövlət kimi tanıyandan altı il sonra Naurunun yeni prezidenti ABŞ-ın dördüncü qaçqın düşərgəsi adıyla humanitar yardım şəklində ayırdığı otuz milyon dollar sayəsində əvvəlki qərarı ləğv edib təzəsini qəbul etdi: həmin yerləri Gürcüstanın ərazisi hesab etdi və hər iki qondarma respublikayla bütün əlaqələrə son qoydu. Üstəlik, üç ay sonra Tiflisdə keçirilən tədbirdə bundan sonra tərəflər arasında münasibətlərin inkişaf edəcəyindən danışan Naurunun yeni xarici işlər naziri axşam ziyafətində buynuzdan çaxır içəndən sonra gürcü həmkarıyla qol-boyun olub məşhur “Lalabi” mahnısını oxuyanlara qoşuldu, arada ritmə uyğun rəqs də elədi.
Prinujdenko üzdə bildirməsə də, öz ölkəsinin məğlubiyyətinə sevinirdi: “Yaxşı oldu. Deyirdim axı cırtdan dövlətə inanmaq olmaz”. Vralovunsa başı İranın nüvə məsələsinə, ərəb baharına qarışmışdı deyə, Nauruyla bağlı skandalları artıq unutmuşdu. Prezident diplomatik uğursuzluğu görə Vralova nə şiddətli, nə də şiddətsiz töhmət vermişdi, bir az danlayıb, əsəb qarışıq zarafat tonunda demişdi ki, neyniyək indi, ora iki dənə Kalibr raketi ataq. Cavab gözləmədən Abxaziyanı, Cənubi Osetiyanı tanıyacaq potensial dövlətlərlə effektiv diplomatik iş aparmağı tapşırmışdı.
P.S. Yekaterinburq məsələsinə qalanda nə Naurunun, nə də o biri ada dövlətləri olan Vanuatu və Tuvalunun Rusiyanın xeyrinə səs vermələri işə yaramışdı. Beynəlxalq Sərgi Bürosunun Parisdəki iclasında Dubay səs çoxluğuyla 2020-ci ildə dünya sərgisini keçirəcək şəhər seçilmişdi.
7 iyul- 2017 - 27 iyun, 2018
Ankara-Bakı