Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi
8 oktyabr 2024
# 10:30

Kulis.az məşhur gürcü yazıçı Qoderzi Çoxelinin "Mərzin iki tərəfində yaşayanlar" hekayəsini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

Günəş dönümü

Çoxların icması Qudamağari vadisində məskən salan vaxtlar orda bir kənd belə yox idi, ətrafda yalnız uca dağlar, keçilməz meşələr vardı.

İcma ağsaqqalının seçdiyi yer ən yaxşı torpağıydı, orda yaxşı yaşamaq da, yaxşı əkib-səpmək də olardı, çünki Günəş səhər çıxandan axşam batanacan öz şüalarının işığını da, hərarətini də ora səxavətlə verirdi.

Ozano meşəsindən arabayla palıd tiri gətirib ikimərtəbəli, payızda xırman kimi istifadə olunan yastıdam evlər tikdilər.

Ağsaqqal Şuğlai hər gün Günəşin hərəkətini izləyirdi, sezdi ki, qışda kəndləriylə düz üzbəüzdəki uca dağın zirvəsində olur. Şuğlai həm də Günəşin yayda elə ordan, ən uca yerdən peyda olduğunu yəqinləşdirdi. O, zirvəyə qalxdı, qayanı Günəşin batdığı yerdə çapdı. Həmin vaxtdan çoxililər o dağı Çapıq dağ adlandırırlar.

Sonra Şuğlai icmani Korapi dağının yamacına yığıb dedi:

- Amiran dağın qayasının ona görə çapıb ki, Günəş orda qışlasın, yayda həmin yerdən çıxsın. Qışda daldalanacağı yerə doğru hərəkət elədiyi müddətdə də gündüzlər qısa, gecələr uzun olacaq. Çapıq dağda üç gün dayanacaq, həmin müddətdəsə nə gecə, nə də gündüz görəcəyik. Günəş yayı gətirəndəsə günlər uzanmağa başlayacaq. Çapıq dağın sağ tərəfindəki dağa çatanda gün o qədər uzanacaq ki, həmin vaxt təmiz undan sobada çörək bişəcək. Günəş Ozano qayasının arxasına enən vaxtdan günlər qışa doğru getməyə başlayacaq. Çapıq dağın başını duman bürüsə, yağış yağacaq. Hündürdən əsən külək aydın havada aşağıdan əssə, soyuqlar düşəcək. Bundan sonra hər biriniz Günəşin hərəkətinə göz qoysanız, bu, icmanın xeyrinə olacaq. Kim havanı əvvəlcədən düzgün xəbər versə, günün uzunluğunu müəyyənləşdirsə, icma ona qaşqa day bağışlayacaq.

Həmin vaxtdan da çoxelilər Günəşin hərəkətinə göz qoymağa başladılar.

Birinci day Zitandara qismət oldu. O, ilin gecə və gündüzün bərabər olduğu yeganə günü Günəşin hansı qaya arxasında batdığını müəyyənləşdirdi. Çoxelilər həmin qayanı Orta qaya adlandırdılar.

Mərz

Şuğlainin icmanın yığıncaq yeri kimi, Korapi dağının yamacını seçdiyi vaxtdan bir il ötdü. Sonrakı ilin may ayında icmanı yenidən əvvəlki yerində yığdı. Şuqlai danışmağa başlayanda camaat susdu:

- Qulaq asın, ey Çoxi Müqəddəs Georgi ikonasının xidmətçiləri! – Ağsaqqalın səsi adamların diqqətini cəlb elədi. – Dünən Sisarebi dağında ov eləyəndə fıstıq meşəsindəki talada marala rast gəldim. Otluqda uzanıb gövşəyirdi. Yayı dartdım, amma elə bil, əlimi nagəhan bir qüvvə tutub oxu buraxmağa qoymadı. Marala nəzər salanda buynuzlarında şam yandığını gördüm. Üzümə baxır, sanki nəsə demək istəyirdi, sonra qalxdı, başını bulayıb, elə bil, məni arxasınca çağırdı, dağın zirvəsinə doğru getdi. Mən də arxasınca getdim. Maral dağın zirvəsində qəfildən gözdən itdi. Ox-yayı bir tərəfə atdım, dayanıb ətrafdakı qayalara, kolluqlara göz gəzdirdim. Bir göyərçin uçub gəldi, çiynimə qondu. Göyərçin ilahi varlığıydı, İlahi göndərmişdi. Quş çiynimdə quruldamağa başladı, qəfildən də meşə parçalandı, ağaclar yıxılmağa başladılar. Bir nəhəng div mənə sarı gəldi. Fikirləşdim ki, məhv oldum, əlindən hara qaça bilərəm; göyərçinsə elə hey quruldayırdı, qəfildən də gördüm ki, maral qarşımda peyda oldu, diz çökdü, belinə minməyi işarə elədi; mən də göyərçini qoynuma qoydum, maralın belinə sıçradım, irəli şığıdıq. Kəndin yaxınlığında div, az qala, bizi haqlayacaqdı, amma qocaman bir fıstıq ağacı yıxılıb yolunu kəsdi. Div ağacın üstündən keçəndə biz artıq kəndə girməyə macal tapdıq. Göyərçinim yenə quruldadı, azadlığa çaxmaq istədi. Quşu buraxdım. O kəndin kənarındakı təpədə bitmiş ağacın budağına qondu. Sonra uçdu, kəndimizin yaxınlığındakı təpənin üzərində üç dəfə dövrə vurdu, himayədarımız Müqəddəs Georginin ikonası olan ibadətxananın harda tikilməli olduğunu göstərdi. Bundan sonra o təpə hər birimiz üçün məhrəm, həm də müqəddəsdi. Amma o təpə yalnız kəndə sarı olan tərəfiylə məhrəmdi. Təpənin digər hissəsinisə nəhəng div zəbt eləyib. O zirvəyə iri qaya çıxarıb, onu öz mülküylə bizim torpağımız arasında mərz qoyub. Həmin daş bu gün də ordadı. Arxamca gəlin, mərzi sizə göstərim...

Camaat ağsaqqalın arxasınca getdi.

- Allahın iradəsiylə qayanın o biri tərəfində nəhs qüvvə, bu tərəfində bizim Müqəddəs Georgimiz məskən salıb. Məhrəm yamac – icmanın öz işlərini məsləhətləşmək, xeyrini-şərini götür-qoy eləmək, öz əməllərimizi nəzərdən keçirmək üçün yığışdığı yerdi. Kim xeyrə xidmət eləyirsə, o, çoxilərin ikonasına candan-könüldən sadiqdi, buna görə də təpənin bu tərəfində, Müqəddəs Georginin mülkündə yaşayacaq, öləndən sonrasa əbədiyyətə qovuşub elə burdaca dəfn ediləcək.

Şər işlə məşğul olan – adam öldürən, öz nəfsinin quluna çevrilən, yaxud icma əleyhinə müəyyən bir əməl törətmiş – kəslər Allahın müqəddəsləşdirdiyi torpaqda yaşaya bilməzlər. Həmin şəxs icma tərəfindən rədd edilməli, təpənin o biri tərəfinə, natəmiz ruhlar mülkünə sürgün olunmalı, ömrünün axırınacan orda qalmalıdı.

Xeyrə xidmət eləmək üçün bütün qüvvənizi sərf eləyin, icmamızın müəyyənləşdirdiyi qanunlarla yaşayın.

Qoy himayədarımız Müqəddəs Georgi bizə bundan ötrü xeyir-dua versin! Amin.

- Amin! – Camaat onun səsinə səs verdi.

- Qoy Müqəddəs Georgi sizi hifz eləsin!

- Amin!

Şuğlai yanan şamları qayaya yapışdırdı. Sonra öküz gətirib kotanla qayadan aşağı, düz Araqvinin sahilinəcən mərz çəkdilər.

İns-cins olmayan yerdə sükut hökm sürürdü. Camaat gecələr həmin yerin yaxınlığından ötməyə qorxur, yaman ruhlardan çəkinirdi.

Bu tərəfdəsə həyat qaynayır, kəndin evləri get-gedə artırdı. Camaat əkib-səpir, öz müqəddəslərinə dua eləyir, məbəddə bayramlar keçirir, pivə çəkir, yeni doğulan körpələri öz ruhlarına, həm də adətlərinə görə xaç suyuna çəkirdilər. Şuqlai körpəni xüsusi olaraq bu mərasim üçün seçilmiş alçaq təpədən üç dəfə yamacaşağı dığırlayırdı, yalnız belə bir ayindən sonra ona Müqəddəs Georginin mərhəməti enir, çoxlar nəslinin bir fərdinə çevrilirdi. Bu mərasim çoxlar arasında ikonaya tabe olma, Müqəddəs Georginin xidmətinə girmə adlandırılırdı.

Ovçular vurduqları maralların buynuzlarını gətirir, niyyət ağacından asırdılar. Çoxların icması, böyüyür, möhkəmlənirdi.

İlk köçkün

Maşvniani dar küçəylə yığnağa gedirdi.

Hələ yazın erkən çağıdı, çoxelilər hələ əkinə çıxmayıblar. Yığnaqda oturub Günəş barədə fikirlərini söyləyir, müşahidələrini bölüşürlər.

- Bax, Günəş axşama yaxın Çapıq qayanın üstündə qızarmağa başlasa, səhəri gün havanın aydın olacağını gözləmək lazımdı, dan yeri ağaranda qızarsa, gün batanda mütləq yağış yağacaq, - Şuğlai deyir.

Kişilər ağsaqqala maraqla qulaq asır, razı halda başlarını tərpədirlər. Maşvniaisə arabir bığını burur, elə bil, onu gözə soxmağa çalışır. Sifəti qəsdən Günəşə sarıdı ki, yağlı dodaqları da, bığı da bərq vurub göz qamaşdırsın.

Hər il camaatın ehtiyatı yaza yaxın tükənir. Qarın yağı, ümumiyyətlə, hər hansı yağlı yemək barədə danışmaqdan söhbət belə gedə bilməz, çoxililər quru yarma, düyü kökəsiylə keçinirlər.

Maşvniai qürurlu adamdı, başını hamıdan dik saxlamağı sevir, özünü göstərməyə fürsət axtarır.

Ola bilsin, yaydan bəri qarın yağından istifadə eləməyib, evdə arvad-uşağı doyunca yemək yemir, amma təkəbbüründən əl çəkmək fikrində deyil. Xüsusi olaraq, bir tikə quyruq yağı saxlayır, hər dəfə yığnağa gedəndə dodaqlarını da, bığını da yağlayır, guya, elə bayaq qarın yağıyla bişirilmiş yemək yeyib.

Bayıra çıxır, günün qabağında əyləşir, quyruq yağıyla yağlanmış bığı bərq vurur.

Camaatsa haqlı olaraq fikirləşir ki, Maşvniainin evində qarın yağı yoxdu.

Bu dəfə Maşvniai yığnaqda ancaq adamların danışdıqlarına qulaq asır. Günəşin harda, nə vaxt batacağı onun üçün o qədər də maraqlı deyil. Günəş Maşvniaiyə yalnız ondan ötrü lazımdı ki, bığını daha da parıldatsın, adamlar ondan gözlərini çəkə bilməsinlər.

Camaatsa onun bərq vuran bığını görüb qəsdən nəzərlərini yayındırır ki, qarın yağı barədə fikirləşməsin.

Maşvniai bu dəfə özünü doyunca göstərməyə macal tapmamışdı ki, balaca oğlu qaça-qaça gəldi, titrək səslə dilləndi:

- Ata bığ yağını pişik apardı.

Maşvniainin sifəti ağappaq ağardı. İndi artıq camaat dördgöz olub ona baxırdı. Maşvniai ağsaqqalın baxışlarına tab gətirməyib qalxdı, beş yaşlı oğlunun əlindən yapışıb evinə apardı.

- Onu yox, yaxşısı budu, məni öldür! – Arvadı Maşvniainin ayaqlarına yıxıldı.

Maşvniai əlində xəncər qaşqabaqlı halda oğluna baxırdı. Taxtın üstündə uzanmış uşaq gözlərini qorxu, həm də təəccüblə atasının əlinə dikmişdi.

Maşvniai ürəkparçalayan hayqırtıyla özünü bayıra atdı...

İcma uşağı dəfn elədi, hamılıqla dağın yamacında məsləhətə yığışdı. Şuğlai hökm çıxardı:

-Bundan sonra Maşvniai bu tərəfdə yaşaya bilməz. O, şərə xidmət eləyir, yeri mərzin o tərəfindədi.

Maşvniai mərzə sarı getdiyi müddətdə camaat onu lənətləyir, arxasınca çirkab atırdı.

Maşvniai şırımın üstündən adladı, üzü üstə yerə yıxılıb hava qaralanacan eləcə qaldı.

Səhəri gün camaat Maşvniaini yenə mərzin bu tərəfində gördü. O, oğlunun qəbri yanında daş kimi donub qalmışdı.

Camaat həyəcana gəldi, səs-küy qaldırdı, onu geri qovmağı tələb elədi, amma kişinin gözlərinin içinə baxanda ürəkləri əsdi.

İcma üzvləri günahkara qarşı qəlblərində baş qaldırmış mərhəmət hissini boğub Maşvniaini oğlunun qəbri yanından qovmadı. O, gecə-gündüz, ac-susuz halda yerə basdırılmış kimi dayanmışdı, get-gedə ölürdü. Yerində uzun müddət hərəkətsiz dayanmaqdan torpağa elə yapışdı ki, hətta ruhu bədənindən çıxanda belə yıxılmadı.

İcma öz qanunlarının sarsılmazlığı naminə meyiti mərzin o tərəfinə keçirib yad ərazidə dəfn elədi.

İkinci köçkün

Zitandar dəyirmanda gecələməyi qərara aldı. Doğum vaxtı yetişmişdi, evdə qalmaq istəmirdi. Artıq beş qızını və üç oğlunu yedirməyə macal tapmış, uşaqlara qulluq eləməkdən təngə gəlmişdi.

Səhəri gün axşama yaxın Çoxi kişiləri toydan evə qayıdırdılar. Araqvinin daşlı sahilini ötüb atları dağa, kəndə sarı qovmaq istəyirdilər ki, qəfildən çayın sahilində ləngimiş yoldaşları cəld atını geri çevirib dağlara sarı sürdü. O, atı suya salıb yəhərdən əyildi, çayın apardığı körpəni tutdu. Boğulmuş uşağı görəndə üç atlı atını çay yuxarı çapdı. Onlardan biri Zitandarın əriiydi.

Zahı arvad dəyirmanda dərin yuxuya getmişdi.

- Bura bax, oyan görüm! – Əri soyuq səslə səslədi.

Qadın yatırdı.

- Kar olmusan! – Əri onu təpiklədi.

Zitandar qorxmuş halda yerindən sıçradı.

- Uşağı neynədin? – Ərinin səsi daha da soyuq çıxdı.

- Ölü doğuldu, - arvadı dillənin hıçqırdı.

Qürub vaxtı icma dağın yamacında yığışdı. Şuğlainin tapşırığıyla bir neçə kişi günahkar qadına daxma tikmək üçün mərzin o tərəfinə keçdi.

İcma sükut içində Zitandarı mərzin o tayına yola saldı. Yalnız uşaqlar acı-acı ağlayırdılar.

Şalvai Tamniauri

Çoxi və Antoxi kəndləri Araqvinin ayırdığı iki dağın yamacında üz-üzə yerləşib.

Antoxidə çevik, şıdırğı rəqs eləyən vaxt asanlıqla alçaq evin damından hündür evin damına atılmağı bacaran Şalvai Tamniauri adlı bir kişi yaşayır.

- Mixo-o! Mamuka-a-a! – Şalvai Tamniauri öz evinin damından üzbəüaz kənddə yaşayan bacısı uşaqlarını səsləyir.

- Nədi-i-i! – Onlar cavab verirlər.

- Necəsiniz, əzizlərim!

- Yaxşı, yaxşı-ı!

- Malları gətirmisiniz?

- Gətirmişik.

- İndi də gedin yatın.

Şalvainin bacısı uşaqları dərhal çırağı söndürür, amma yatmırlar. Uşaqlar yetim böyüyürlər. Ata-analarını ötən il qar uçqunu uddu, uşaqlarsa Şalvainin – dayılarının himayəsində qaldılar.

Şalvai hər gün uşaqlara baş çəkir, malları rahatlamağa kömək eləyir, bəzən də yanlarında yatır. Narahat vaxtlarıydı. Xevsuretinin Pirikit kəndində yaşayan kistlər və xevsurlar xırda quldurluqla məşğul olurdular. Kənddə hansı evin sahibsiz qaldığını əvvəlcədən müəyyənləşdirir, gecələr mal-qoyunlarını oğurlayırdılar.

Omaraninin evi yetimlərin evindən yuxarıda yerləşir. Omarani qardaşlarının xevsurlarla gizli əlaqələri var, onlara qudamağarililər barədə lazımi məlumatlar verirlər.

Xevsurlar yetimlərin mallarını oğurlamaq qərarına gəldilər.

- Şaivai bu gün onların yanında olsa, heç nə eləyə bilməyəcəyik, - Batilai xəbərdarlıq elədi.

- Bunu necə öyrənək?

- Bacadan baxın, söhbətə qulaq asın, kişi səsi eşitsəniz, deməli, Şalvai onların yanındadı.

Xevsurlar bacadan baxdılar, yetimlərin söhbətlərinə qulaq asdılar, amma onların tək, yoxsa Şalvaiylə birgə olduqlarını ayırd eləyə bilmədilər.

Xevsurlar geri, Batilainin evinə qalxdılar.

- Özüm gedib öyrənərəm, - Batilai dilləndi, qonşunun evinə endi, bacadan uşaqları səslədi. – Necəsiniz, uşaqlar.

- Yaxşıyıq, - onlar cavab verdilər.

- Şalvai bu gün gələcək?

- Yox, artıq bu gün gəlməyəcək.

- Yatın, heç nədən də qorxmayın.

- Nədən qorxmalıyıq axı? – Uşaqlar hətta incidilər.

Batilai evinə qalxıb xevsurlara Şalvainin bacısı oğullarının mallarını oğurlamağı tapşırdı. Xevsurlar malları səssizcə pəyədən çıxarıb dağlara qovdular.

Şalvai çayın o tayından inək böyürtüsünə oxşar səs eşitdi. Narahat oldu. Xəncərini-tüfəngini götürdü, qaranlıqda Araqvini keçib Çoxiyə çatdı. Kəndə girəndə əvvəlcə pəyəyə baş çəkdi, sonra bacısı oğullarının yanına gedib onları qıdıqlamağa, məzələnməyə başladı. Hələ də filirləşirdi ki, bəlkə, uşaqlar malları örüşdən gətirməyiblər.

- Malları gətirdiniz, əzizlərim?

- Əlbəttə.

- Lap yaxşı, siz yatın, mən evə gedəcəyəm, heç nədən qorxmayın.

- Nədən qorxmalıyıq axı? – Uşaqlar hiddətləndilər.

- Əlbəttə, heç nədən, gecəniz xeyrə qalsın, - Şalvai qapını örtüb düşmənləri axtarmağa getdi.

Xevsuretiyə iki yol uzanır, Şalvai oğruların hansı yolla getdiklərini bilmir. Qərara gəldi ki, Kidaqi yolunda onları haqlaya bilər, amma Ay çıxanda gördü ki, xevsurlar burdan keçməyiblər, yenə də geri qayıtmadı, addımlarını yeyinlətdi, Kidaqini aşdı, artıq hava işıqlaşanda Bakurxevi yaxınlığındakı xırda meşəlikdəydi. Xevsurlar hansı yolla gəlsələr, burdan keçməli idilər.

Hava işıqlaşırdı. Bakurxevi dağlarının zirvəsində Şalvainin bacısı uşaqlarının mallarını yedəkləyib gətirən üç atlı xevsur göründü. Xevsurlar xırda meşəliyə çatan kimi, atəş açıldı, şahə qalxan at ölmüş atlını yəhərdən kənara atdı. Şalvainin tüfəngindən çıxan ikinci güllə də hədəfdən yayınmadı, yalnız üçüncü xevsur qaça bildi. Şaivai malları geri, Çoxiyə, düz bacısının yetim qalmış oğullarının həyətinə gətirdi.

Həmin gündən hamı bilir ki, xevsurlar Şalvaini öldürməlidilər, amma Şalvai Tamniaurinin öldürmək o qədər də asan deyil.

- Onun öhdəsindən gələ bilməzsiniz, - Batilai xevsurlara xəbərdarlıq elədi.

- Nə məsləhət görürsən?

- Kefli halda yaxalasanız, bəlkə, bəxtiniz gətirdi: o, içəndə arvadı yanından heç əl çəkmir, sizi də tanıyır, - Batilai dilləndi.

- Bəs neyləyək?

- Bu həftə Antoxidə toydu, cəhd eləyin, bəlkə, baş tutdu.

...Şad xəbərlə irəli göndərilmiş muştuluqçu atını çapa-çapa havaya atəş açırdı, o, cavanların gəlişini bəyin ata-anasına xəbər verib özü əlində bir bardaq çaxır dəstəni qarşılamağa getdi.

Yemək-içmək başlandı, toy adamları meyvə arağından içib qızışdılar. Meyvə arağı əvvəlki gecə gəlin evində kef eləmiş atanı da, dostlarını da əməlli-başlı tutdu.

Arvadı Şalvaini evə aparırdı ki, yatsın.

Tamniaurilərin evinə gedən yolun üstündəki qamışlıqda üç xevsur pusquya yatıb. Şalvai səndələyə-səndələyə onların yanından ötüb keçir, xevsurlar atış açmağa cəsarət eləmir, münasib məqam gözləyirlər.

Tamniauri mallarla bir yerdə yaşayır. Evə çatanda arvadı sobanı qaladı, Şalvai taxtın üstünə uzandı, qəfildən gördü ki, mallar olan yerdə bir neçə qaraltı (əvvəl biri, sonra digəri) bu küncdən o küncə atıldı.

- Bura bax! – O, arvadını səslədi.

- Nə istəyirsən?

- Malların yanında nəsə qımıldadı.

- Gözünə elə görünüb, ya da inək quyquğunu yelləyib, - arvadı dilləndi, sonra mallara yaxınlaşdı, amma axurlarda gizlənmiş xevsurları sezmədi.

- Deyəsən, adam idi.

- Ehtiyatlandığına görə, az qala, hər yerdə adam axtarırsan, - arvadı Şalvainin şübhələrini dağıtdı, ocağın üstünə kül tökdü ki, soyumasın, qapının rəzəsini salıb yatağa girdi.

Evə sükut çökdü. Keflənmiş Şalvai dərin yuxuya getdi. Arvadı da bərk yatmışdı.

Xevsurlar Şalvai Tamniaurini elə yatağındaca doğradılar, arxa qapıdan bayıra cumub özlərini çaya vurdular, Çoxi kəndinə keçdilər.

- Məsələ bitdi? – Batilai onları qarşıladı.

- Öldürdük, amma Xevsuretidə rüsvayçılıqdan qurtarmaq olmaz.

- Nə rusvayçılıqdı?

- Bura qaçanda niqablı başlığımızı itirdik, onsuz evə gedə bilmərik.

- Yaxşı, siz evimdə gizlənin, mən başlığı tapıb gətirərəm.

Batilai Araqvini keçib əvvəlcə Tamniaurinin həyətinə gedib camaatla birgə Şalvaini ağladı.

O, Antoxidən arxa yolla, Xevsurların iziylə çıxdı, başlığı tapıb Çoxiyə qayıtdı.

Antoxili gəlin Batilainin başlığı necə tapıb çayı keçdiyini gördü. Dağın yamacında çoxları yığıncağı son qərarı verdi – Batilai mərzin o tayında yaşamalı və ölməlidi.

Mərzin hər iki tərəfində

Dar küçələrlə axan tutqun və bulanıq çeşmələr qışın sona çatdığını bildirirdi.

Bahar Çoxiyə öz çiçəkləriylə gəldi.

Kənd camaatı naxırını və sürüsünü Busarçili yay örüşünə ötürüb uşaqlara tapşırdı.

Bir axşamüstü bir neçə uşaq qaça-qaça gəldilər ki, kistlər sürünü, üstəlik də çobanları aparıblar.

Çoxililər onların arxasınca düşüb kəndə əliboş qayıtdılar - kistlər öz dağlarına gedə bilmişdilər. İcma yasa batdı.

Həmin vaxtdan çoxili Berai kistlərin qəvi düşməninə çevrildi. Düz beş il onları amansızcasına qırdı, özüsə möcüzə nəticəsində sağ qaldı. İcma onu qəhrəman sayırdı.

Kistlər narahat olub Beraiyə təklif elədilər:

- Sən elə olsun, bizi məhv eləmə, - dedilər, - hər il müqəddəs qurbangahınıza altmış qoyun, bir də iki gənc – bir oğlan, bir qız – gətirərik.

Berai Çoxiyə qayıdıb kistlərlə danışıq barədə Şuğlaiyə xəbər verdi. Kistlər qurbanlarını gətirən gün icma dağın yamacında yığışdı.

Berai ocağın yanında əyləşib mumdan şam düzəldirdi. Qəfildən Günəşin şəfəqləriylə birgə bacadan bir ox şığıyıb onun sinəsinə sancıldı, düz kürəyindən çıxdı. Bürainin nəzərləri bir anlığa bacadan düşən işığın qabağını kəsmiş qardaşı Qulbaatın sifətinə sataşdı. Berai qardaşını paxıllığın yeyib-bitirdiyini bilirdi, buna görə də onun ox atmasına təəccüblənmədi. Ocağın yanında üzüqoylu yıxıldı.

Qulbaat kistlərin yanına qaçıb Berainin öldüyünü xəbər verdi. Kistlər Qulbaata altmış qoyun verib özləriylə apardılar, çünki geri qayıda bilməzdi.

Berai ocağın yanında uzanıb icma qarşısında tövbə eləyirdi.

- Məni mərzi o tayında basdırın, Şuğlai.

- Niyə o tayında?

- Günahkaram.

Neçə kist öldürmüsən.

- Yüz qırx.

- Düşməni öldürmək günah deyil.

- Bilirəm.

- Hansı günah barədə danışırsan?

- Vicdanımda üç günahsız qurban var.

- Hansılardı?

- Kistlərdə toy idi. Onlar yeyib-içdikləri müddətdə gizlicə toy olan aula girdim, bacadan baxdım, ordasa bəylə gəlin göz qabağında əyləşmişdilər. Oxla əvvəlcə gəlini, sonra da bəyi vurdum, qüllədən atılıb təqibdən qurtuldum.

- Bəs, üçüncü günah hansıdı?

- Üçüncü günah o ikisindən də ağırdı.

- Neylədin?!

- Dumanlı gecədə kistlərin auluna girdim. Eşitdim ki, bir evdə uşaq ağlayır. Lap yaxınlaşdım, düz divarın dibində dayandım. Gördüm, ana balasını evin kandarında yırğalayır, arabir onun başını açıq qapıdan bayıra çıxarır, sonra içəri çəkib deyir: “İndicə Berai gələcək! İndicə Berai gələcək!”

- Səni gördü?

- Yox, ağlayan uşağı qorxudurdu ki, yatsın.

- Bəs, sən neylədin?

- Uşağı başı bir də qapıdan çıxanda xəncəri çəkdim, anası yalnız bədənini içəri apardı. Bayıra cumdu, məni görüb lənətlədi:

- Düşməninin əli sənə dəyməsin, doğma qardaşının əliylə öləsən!..

İcma dağın yamacında yığışdı. Gün batanacan Berainin son məqamının harda olacağını hamılıqla götür-qoy elədilər. Axırda qərara gəldilər: düz mərzin üstündə basdırsınlar, qəbri elə qazsınlar ki, mərhumu içinə qoyanda bir tərəfi mərzin bu tayına, digər tərəfi o tayına düşsün.

- Beraini belə dəfn eləmək nəyə gərəyiydi? – Köçkünlər Zitandardan soruşdular.

- Ona görə ki, həm cənnətdə, həm də cəhənnəmdə olsun.

- Eyni ruh iki yerdə necə ola bilər?

- Bütün bunları onlar fikirləşiblər, - Zitandar icma və Şuğlaiyə sarı işarə elədi.

Sonra o, hamını yığıncağa çağırmağı tapşırdı ki, kistlərlə qaçmış Qulbaat barədə hökm çıxarsınlar.

- Basdıracağıq, - Zitandar dedi.

- Kimi?

- Qulbaatı.

- Necə basdıracağıq, heç indi harda olduğunu bilmirik?

- Buna baxmayaraq, basdırmalıyıq ki, bizdən həyatda da ölümdə də qaça bilməsin.

Qəbir qazdılar.

- Tikanlı məftil gətirin! – Zitandar göstəriş verdi.

Köçkünlər tikanlı məftil gətirib yumruladılar. Zitandar məftil topasının qəbirə qoydu.

- Qoy həyatın məhv olsun! – O, dillənib qəbrə bir ovuc torpaq atdı.

Başqaları da onun kimi elədilər.

Köçkünlər

Mərzin o tayında Zitandar öz qanunlarını qoydu. Əkib-biçir, mal-qoyun saxlayırdılar. Əvvəlki kimi, siçanların, quşların, canavarların, ayıların, Günəşin, ağacların bayramını keçirirdilər. Aya nifrət bəsləyirdilər.

Şər işlə məşğul olanları aşağı, dağın ətəyinə, Araqvinin üstündəki kiçik talaya göndərirdilər. Bu – dağın ətəyinə sürgün olunmaq - ən dəhşətli cəzaydı, dağın yamacındakı mərzin o tayında yayında yaşayanlar günaha batmaqdan qaçırdılar.

Amma dağın ətəyindəki talada salınmış kənd ildən-ilə böyüyürdü. Yeni gələnlər arasında Qulbaat da vardı, bir qədər sonra icmanın başçısı da seçilmişdi. Orda...

# 2020 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #