Dağa çıxan qurd - Xalidə Ədib Adıvar

Dağa çıxan qurd - Xalidə Ədib Adıvar
30 avqust 2024
# 16:30

Bu gün Türkiyə Zəfər Bayramının qeyd edir.

Kulis.az bu münasibətlə Xalidə Ədib Adıvarın "Dağa çıxan qurd" hekayəsini Nəriman Əbdürrəhmanlının tərcüməsində təqdim edir.

Bir türk şairi bir gün mənə bilmirəm hansı fransız sənətçisininsə qurd haqqında hekayətini danışmışdı. O hekayətin türkcə dərc edilməsini gözlədim. Çıxmadı. Başa düşdüm ki, şair mənim kimi, danışdığı mövzuları tamamilə unudur, onlardan bir daha gözəllik yarada bilmir. Amma həmin meşələri, ovçuları, Ay işığını, ağacları, qurdları, ov şeypurlarını o qədər canlı təsvir eləmişdi ki, sanki qurdu tanıyır, sevirdim. Axırda beynimdə boşluq, qəlbimdə hüdudsuz sıxıntı yarananda, dəniz qızılı işıqla dolu olduğu bir məqamda qurdla bağlı xəyallara daldım.

Birdən-birə istədim ki, Karacaahmet məzarlığıyla üzbəüzdə yerləşən yarıuçuq, balaca evin kiçik uşağı olum. Sərvlər inildəyəndə, daşlar qaranlıqda tərpənəndə, gözətçi uzaqlarda dəyənəyini taqqataqla döyəcləyəndə, bir beşik başında tənha qadın səsi eşidiləndə, o qadın tərk edilmiş, unudulmuş kimsəsizliklə laylasını təkrar eləyəndə, heydən düşmüş ixtiyar bir sima yüzillik yorğunluqla məzarlıqdakılara Yasin oxuyanda anam qurd haqqında nağıl danışsın, mən də sehrlənmiş kimi, qorxu içində yuxuya gedim.

Üsküdarda, Paşakapısının bir qədər o tərəfində, məzarlıqla üzbəüzdə, təpəlik ərazidəki tək, uçuq-sökük taxta evdə yaşayırıq. Qapının ağzında çöməlmişəm, tutqun sərvlərin arxasındakı axşam kölgələri arasında canlanan daşlara baxa-baxa anamı gözləyirəm. Acam, əlim-ayağım sanki donub! Anamın camaşır yumaqdan qayıdanda cırıq çarşabı altında gətirəcəyi çörəyi xəyalımda canlandırmağa çalışanda, elə bil, sinəsini parçalayan, gözlərinin ətrafını gömgöy göyərdən öskürəyini eşidirəm. Amma köhnə bir məzar daşı şiddətlə hücuma keçən küləyin təsirindən yıxılıb, qəribə səs çıxarır. Göydə qara torpaq buludları uçuşur, uzaqlarda çaxan şimşək tutqun sərv divarı üzərindəki göyün sinəsini açıb-örtür. Şiddətli it hürüşü eşidilir. Gecə gəlir, anamsa gəlmir. Üsküdarın, məzarlığın və dünyanın üzərində elə tənhalıq, elə kimsəsizlik hakim olub ki, anam belə vaxtlarda ağ saqqallı, qara cübbəli ölülərin, qara saçlı, ağ kəfənli gənc qadınların əllərini yelləyə-yelləyə “Kömək eləyin, kömək eləyin” qışqırdıqlarını söyləyərdi. Bu da it hürüşü, xırıltı, uzaqda silah səsi! Şimşək göyü və məzarlığı işıqlandırır, sonra hər şey zülmətə bürünür.

Anam, axır ki, çəkələklərini sürüyə-sürüyə gəlir. Başa düşürəm ki, qoltuğunun altında çörək yoxdu. Artıq itirdiyimiz əsgər atam barədə düşünür, olub-keçəni anlamaq istəyirəm. Anam rəfdən götürdüyü üç gün əvvəlin boyat, qara çörək parçasını mənə verib yatağa yıxır, kirli yorğanı başıma çəkir, sonra oturub ağı deməyə başlayır. Mən boğazımdakının çörək, yoxsa onun səsi olduğunu ayırd eləyə bilmirəm.

Anam başına döyüb inildəyir:

“Yuvalarınız dağıldı, balalarınız pərən-pərən düşdü, yurdunuzda yas və zəncir var, ovçu yuvalarınızı qomarğaladı. Nə dişi, nə bala, nə iş, nə çörək, nə də od qaldı. Övladların yuvasına köpəklər basqın eləmiş qurd balaları dağılışdılar”.

Bu qəribə fəryadın arxasındakı səs sanki atamı haraylayan hayqırtıdı; içim dəyişir, əllərim pəncəyə çevrilir, çənəm uzanır, gözlərim parıldayır, cəhənglərimin arasından çıxan qeyri-insani fəryad məzarlığa doğru axır. Yanımda anamdan da qorxunc, tutqun bir topa mənimlə birgə çırpınır, içimizdən həddən artıq vəhşi, qəribə kədərlə ulartı çıxır...

Gecə yatağımda bir cüt sarı atəşə oxşayan göz sifətimi yandırdı. Oyandım. Külək kəsmişdi. Ay sınıq pəncərədən sopsoyuq ziyasını otağa axıdırdı. Məzarlıqdakı sərvlərin qapqara ucları bir-birinin dalınca düzülmüşdü. Ürəyim boğazımda döyünə-döyünə gözlərimi gen açdım. Anam böyrümdə yarı taxtanın, yarı cırıq yorğanın üstündə büzüşmüşdü. Yatağımda ağır, amma yumşaq bir şey qımıldadı. Qıçlarım o ağırlığın altında qalmışdı. Başımı qaldırdım. Həmin ağır, iri məxluq bir də qımıldadı. Pəncərədən düşən nurun ortasında bərq vurdu. Qəlbimə qorxu çökdü, nəfəsim kəsildi. Amma nəzərlərim bir cüt od kimi yanan gözlərə pərçim olub qaldı.

İri, yaralı bir boz qurd çömbəlib oturmuşdu, qorxunc, uzun başındakı od kimi yanan gözləri gözlərimin içinə dikilmişdi. Çiynindən boz tüklərinin üstünə axan qan sarı Ayın sarı işığında qəribə, solğun ləkələrlə dalğalanırdı. Əvvəlcə uzun-uzadı titrədim, dilim tutuldu. Başı o qədər uzun, iri, gözləri o qədər dərin, odlu, gövdəsi bütün qurdların əcdadı kimi, o qədər nəhəng, qorxunc idi ki, mənə elə gəlirdi, loğma sayaq ağzından keçib mədəsinə düşəcəyəm. Amma o iri qurdun gözləri, çənəsinin üstündən axan qan böyük, çox böyük savaşdan çıxdığını göstərirdi. Baxa-baxa qəlbimdə, həqiqətən, qəribə və tanış bir hissin əlamətləri oyandı, sanki o qurdun içinə girib-çıxmışdım. Həmin izlərin nə olduğunu bilmirəm. Amma yüzlərlə sualın dolanbaclı, unudulmuş əfsanələrinə doğru uzanıb gedirdi. Belə bir soyuq qorxu və sıxıntı içində dırnaqlarım pəncələrə çevrilir, gözlərim parıldayır, çənəm get-gedə uzanır, vücudum isti, yumşaq tüklə örtülür, ürəyimdə qəribə atəş peyda olurdu. O izlərin sonundakı sirli yola vücudumla birgə yetişmişdim; iri, yaralı və hiddətli boz qurdu dərk eləmiş, onunla çulğaşmışdım. Bilmirəm nə vaxtdan bəri o qurdu harayladığımı xatırlayıram. Başımı Aya sarı uzatdım. Gözlərimdən yayılan qığılcımların hərarətini duyurdum; boğazımdan içimdəki yeni duyğumu təbiətin ilk səsiylə eyniləşdirən səs çıxarmağa çalışırdım. İri qurd başı da mənim balaca başıma doğru gəldi, başlarımız birləşdi, bir-birimizi tanıdıq, nəzərlərimizi Ayın sarımtıl işığına tərəf çevirib yuxarı qaldırdıq. Səssizcə, ürəkdən, amma minillərdən bəri davam eləyən kədər və üsyanla uzun-uzadı, dərindən və boğuq səslə uladıq.

Görəsən, nə vaxt idi? Başına döyən qadınla birgə eyni səslə “Ata, ata!” – deyib ulamışdıq. Bax, indi bu soyuq gecələrdə tutqun sərvlərdən, sarımtıl Aydan əvəzini özü gətirmişdi. Qanı hələ isti olan o güclü, yaralı vücuda girib hər zərrəsində ayrı fəlakət, ayrı kədərlə Aya baxır, qurd soyunun məhv edilməsinə qarşı and içirdik. Atam, harayladığım atam ölməmişdi. Yanımda, içimdə ta torpaqdan, dağdan, meşədən, qayadan, çöldən, göydən, ulduzdan gələn təbiət səsiylə qurd soyunun andını, qurd soyunun fəlakət nağılını söyləyirdi. İri cəhəngini ayırdı. Məzarlığa yayılan səslərlə də yaralı, yanıq, tükü yolunmuş dərisi altında çöldən gələn həyat gücü qabarır, dalğalanır, bütün keçmiş, gələcək dastanlarını mənim vücuduma, damarlarıma, ətimə, qanıma söyləyirdi:

“Bir gün cəngəllikdə döyüş havası çalındı, - o uladı. – Fillər xortumlarını dimdik qaldır-qaldıra, ilanlar yuvalarından oxtək şıyrıla-şıyrıla, şirlər nərildəyə-nərildəyə, qaplanlar gözlərində parıltı atılmağa hazırlaşa-hazırlaşa, ayılar çox hiddətlə donquldana-donquldana, çaqqallar ulayıb aranı qarışdıra-qarışdıra cəngəlliyi bürüdülər. Qurdlar yuvalarından bayıra sıçrayıb iri sürülərlə çarpışmaya girdilər. Yüzillik qartallar caynaqları və dimdikləriylə böyük meşənin parçaladıqları quşlarının qanını və qanad parçalarını yağdırdılar. Qapan, parçalayan, qoparan, gəmirən, pəncələyən, vuran heyvanlar nəriltiləri, xorultuları, fışıltıları, ulartılarıyla yeri-göyü titrətdilər, cəngəllikdə qan irmaqlarıyla heyvan leşləri və parçaları axdı. Nə salamat yuva, sakit çeşmə, əzilməmiş kol, nə də köklərindən çıxmamış, yarpaqları tökülməmiş, budaqları sınmamış sərv ağacı qaldı.

Qırx uzun gün və gecədən sonra meşənin ağsaqqalı olan fil barış şeypuru çaldırdı. Bütün heyvanlar tutqun meşədəki keyik çeşməsinin yanına yığışdılar. Xortumları qopmuş, dişləri sınmış, qıçları şikəst olmuş fillər, pəncələri yaralanmış, dəriləri parça-parça olmuş aslan və qaplanlar, xurd-xəşil olmuş iri ayılar, şax-şəvəllər iri cüssələrindəki yaralara toxunduqca şiddətlə fışıldayan ilanlar sürünə-sürünə, qıvrıla-qıvrıla, axsaya-axsaya, səndələyə-səndələyə yığışdılar. Cəngəllik başdan-başa tar-mar edilmiş, nə dişi, nə də bala qalmışdı. Fil uzun-uzadı nitq söylədi: artıq heyvanat aləmi savaşdan, hiylədən, hamı bir-birini ovlamaqdan əl çəkəcəkdi; hər sürü, hər cins öz bölgəsində, öz mühitində dinc və sakit yaşayacaqdı. Güclü heyvanlar nə kiçik və zəiflərin üzərinə xərac qoyacaq, nə də onları qida mənbəyinə çevirəcəkdi. Fil özü də başda olmaqla bütün cəngəlliyin nəhəng və qüdrətli heyvanları buna söz verirdilər. O elə ürəkdən, elə təsirli tərzdə bağırdı ki, Qanq çayındakı timsahların ürəkləri titrədi, gözlərindən yaş şoralandı.

Qaplan və ilan gözlərini yumub xəyallarında körpə ceyranları canlandırdılar. Ot yeyən heyvanlar çəhrayı arzulara daldılar, ət yeyənlərsə dərin düşüncələrə cumdular. Hər böyük heyvanın arxasında bir sürü kiçik heyvan, çaqqal, köstəbək sürüləri vardı. Həm onları, həm də keçmişdəki ov günlərini yada salıb qorxunc sükuta daldılar. Lap axırda bircə işarəylə böyük heyvanların və kolların arxasındakı köpəklər qəfildən qiyama qalxdılar. Bu dinclik və səssizlik ancaq bircə heyvanı hamıya yem və ov kimi qurban verməklə təmin edilə bilərdi. Düşündülər, daşındılar, axırda hamısının birdən cəngəllikdə yoxolma qorxusu gözləri qarşısından xəyal kimi ötdü, səs-səsə verib hayqırdılar:

“Qurd! Qurd”

Yanımdakı uzun, isti baş uladı: “Cəngəllikdə mənə və soyuma hökm kəsdilər. Hökmdən sonra ordakı o heyvanlar qurdların diyarına hücum elədilər. Yuvalarımızı dağıtdılar, balalarımızı oğurladılar, dişilərimizi parçaladılar, erkəklərimizi parçaladılar; qaplanlar, şirlər, ayılar, ilanlar, arxalarınca da çaqqallar, köstəbəklər bağıra-bağıra ətimizi yağma, yuvalarımızı yerlə-yeksan elədilər. Hamısı hiylə, dırnaq, pəncəylə və hər şeylə qurd soyumuza hücum elədilər. Bu misli görünməmiş tar-mar və dağıntı müqabilində yuvalarından, cəngəlliyin ov və tələ yerlərindən yaralı qurtulan biçarə qurdlar soyun öc andını ulamaq üçün dağa çıxdılar”.

İndi sarımtıl Ay, sarı od gözlərimizə girir; tutqun sərv divarı arxasından, boş üfüqlərdən qorxunc və şiddətli ulartı, bütün dünya qurdlarının ulartısı sanki bizə cavab verirdi.

Hər ikimizin uzun cəhəngimizdən şiddətli, acı fəryad çıxıb Aya getdi və qurd soyuna kəsilmiş xaincəsinə hökm ləğv edilənədək, dağda qalmağa and içdik.

Dünyada yalnız qurd, bir də qurd soyunun kədəri vardı.

***

Fazlıpaşada gözlərimi açanda dənizin üzərinə sarımtıl Ay ziyası əvəzinə dan yerinin aydın işığı yayılırdı.

Qanımda, canımda yaşadığım məzarlıqlı, qurdlu gözəl əfsanə yoxa çıxmış, yerində soyuq və boşluq qalmışdı. Mənə elə gəldi ki, bu nağılı uzun illərdən bəri yaşamışam. Bu, müəyyən qədər təbiiydi. Çünki qurd nağılı uzun olur.

19 oktyabr 1919

# 1303 dəfə oxunub

Müəllifin son yazıları

# # #