Öz taleyinin yazarı - Nəriman Əbdülrəhmanlı

Öz taleyinin yazarı - Nəriman Əbdülrəhmanlı
20 oktyabr 2024
# 15:00

Kulis.az Nəriman Əbdülrəhmanlının "Oqtay Əhmədov: Öz taleyinin yazarı" yazısını təqdim edir.

Onun barəsində söz açanda çox dəbdə olan “istedadlı”, “tanınmış”, “məşhur” ibarələrindən istifadə eləmirəm...

Çünki haqqında yazıçı kimi söz açıramsa, deməli, istedadlı olduğuna, əsərlərinin oxunduğuna, öz oxucuları arasında tanındığına əminəm...

Həm də, az qala, 45 il yaradıcı ömrü yaşasa, neçə-neçə hekayə, povest, roman, pyes müəllifi olsa da, onun bir dəfə belə, “mən yazıçıyam” deyib özünü çəkdiyini, yaxa cırdığını görməmiş, əksinə, həmişə bu kəlmənin məsuliyyətini bütün miqyasıyla başa düşdüyünü sezmişəm...

Yazmaq ondan ötrü həyati tələbatdı – bunu yaxından tanıdığım, ünsiyyətdə olduğum uzun illər ərzində dərk eləmişəm. O, çoxlarından fərqli olaraq, yazıçılığıyla, ortaya çıxardığı əsərləriylə kimsənin boynuna minnət də qoymağa can atmır...

Üstəlik, əsərlərində öz düşüncələrini zorla oxucuya sırımaq cəhdindən də əsər-əlamət yoxdu - yalnız düşüncələrini, duyumlarını qələmə alır. Bəlkə, bu səbəbdəndi ki, yazılarında böyük səmimiyyət duyulur...

Poeziyadan nəsrə

Oqtay Əhmədov yaradıcılığa 70-ci ilərin axırı, 80-ci illərin əvvəllərində, həm də poeziya axınında gəlib. O vaxtlar “Oqtay Azər” imzası çoxlarına tanışıydı. Oxucular onun şeirlərindəki poetik tapıntıları, ifadəliliyi, duyumları qiymətləndirir, gənc qələm adamının ədəbi gələcəyinə ümidlə baxırdılar. Amma görünür, Oqtayın poetik axtarışları nəsrinə doğru gedən yolda zəruri mərhələymiş, onu nəsrin təhkiyə imkanları, özünümüdafiə yönümündə verdiyi miqyas və sərbəstlik daha çox cəlb eləyirmiş. Çünki sonrakı yaradıcılığında bu, özünü açıq-aşkar göstərdi.

Bəlkə də, labüd keçidin bir səbəbi də Oqtay Əhmədovun şəxsi həyatında yaşadığı sarsıntılar idi. Həyatın sərt sınaqlarıyla üz-üzə gələn adam üçün yaşam poeziyadan prozaya çevrilir. Bu mənada, cavan yaşında böyük sarsıntılar yaşayan Oqtayın nəsr əsərləri qələmə almaması daha təəccüblü olardı...

Oqtay Əhmədovun şeirlərinə mətbuatda ara-sıra rast gəlsəm də, nəsr yaradıcılığıyla 90-cı illərin əvvəllərində tanış oldum. İlk rastıma çıxan “Qalxın, məhkəmə gəlir” povesti təkcə mövzusu yox, həm də təhkiyəsi sarıdan diqqətimi çəkmişdi. Erməni qızının böhtanıyla taleyi alt-üst olan, ləyaqəti zədələnən, həyata və insanlara münasibəti dəyişən cavan oğlanın keçirdiyi yaşantıların oxuculara gündəlik şəklində təqdim olunması təkcə müəlliflə oxucu yox, həm də oxucuyla qəhrəman arasında birbaşa təmas yaradırdı.

Povest həyatın çılpaq həqiqətlərinin sözaltı mənalarla deyil, bəzəksiz-düzəksiz və pafossuz şəkildə təsviri cəhətdən mənim üçün çox maraqlıydı...

“Cəhənnəm yolu”nun ədəbi yolu

Oqtay Əhmədovun “Cəhənnəm yolu” adlı ilk kitabı 1996-cı ildə işıq üzü gördü. Həmin kitaba onun eyniadlı povesti və “Volqadon əsirləri” romanı daxil edilib. Bu əsərlər o dövrdə Çingiz Ələkbərzadənin “Zindan”, Zakir Fəxrinin “Dustaqxanadan-dustaqxanaya”, Qənimət Əlisaoğlunun “Lənət qapısı” sənədli və bədii romanlarıyla birgə sovet rejiminin və məhkəmə-həbsxana sisteminin eybəcərliklərini üzə çıxardı.

“Cəhənnəm yolu” və “Volqadon əsirləri” əsərlərindəki hadisələr ötən əsrin 80-ci illərinin əvvəllərində baş verir. Həyat yoluna yenicə qədəm qoyan gəncin öz yaşıdlarına xas arzularla yaşaması təbiidi: evlənməli, özünə minimum şərait yaratmalı, bundan ötrüsə ilk növbədə, ən azı, evi olmalıdı. “Lazımlı adamları görmək üçün imkan” tapmadığına görə, onun böyük ailələrin yaşadığı xüsusi həyətdə bir göz otaq tikmək cəhdi fəlakətlə nəticələnir: “asayişin keşiyində ayıq-sayıq dayanan” milis əməkdaşları arxasız-köməksiz oğlanı “qanun keşikçilərinə müqavimət göstərdiyinə görə” qondarma ittihamla həbsə atırlar. Beləcə, ülvi insani arzularla yaşayan gənc kriminal aləmin ağuşuna düşür. Bayıl təcridxanasında və Duvannı (Qobustan) koloniyasında təbiətinə yad, qorxunc, iyrənc, məşəqqətli günlər yaşayan oğlan, əslində, islah olunmaqdan çox, öz insanlığını, şərəfini və ləyaqətini qorumaq qayğısına qalır.

“Volqadon əsirləri” xronologiya və hadisələrin inkişafı baxımından “Cəhənnəm yolu”nun davamı olsa da, müəllif təhkiyəsi cəhətdən seçilir. Yazıçı əsərdə hadisələrin daha çox tragik-fantasmaqorik qatlarını açmağa üstünlük verib. Azadlıqdan şərti azad olunmuş bir dəstə adamın keçmiş SSRİ-nin ən qorxunc həbs düşərgələrindən birinin yerləşdiyi Volqadon şəhərindəki ağlagəlməz macəraları müəllifin sovet islah-əmək koloniya sisteminin anatomiyasına bələdliyi baxımından da diqqəti çəkir.

“Taleyim elə gətirib ki, həmin adamlarla şəxsən tanış olmuşam, - yazıçı sonralar müsahibələrinin birində deyəcəkdi. – Məsələ onlara müsbət və ya mənfi münasibət bəsləməyimdə deyil, sadəcə, hər şeyi gerçəkliyə uyğun təsvir eləməyə çalışmışam. Fikrimcə, hər bir insanda, hətta ən qatı cinayətkarda belə, işıq tapmaq mümkündü, mən də yazıçı kimi həmin işığı görməyə çalışmışam. Çox zaman insan həbsxanaya o işığı qorumaq üçün düşür”.

Bu povest və romanlarında təsvir elədiyi mühit – məşhur Sovetski məhəlləsi – Oqtay Əhmədova yaxşı tanışdı, uşaqlığı və yeniyetməliyi həmin məhəllədə keçib. O mühit təkcə görkəmli şəxsiyyətləriylə yox, həm də kriminal aləmdə ad çıxarmış simalarıyla məşhurdu. “O povest və romanlarımda baş verən hadisələr öz yaşantılarımdan qaynaqlanır. Hiss eləyirdim ki, özgə həyat yaşayan bədbəxt adamlar haqqında yazmalıyam. Nəhayət, istəyimi gerçəkləşdirəndə isə qəlbimdə yüngülük duydum. Xoşbəxtliyim – yazıb-oxumağı sevməyimdi, bu da məni xilas elədi”, - yazıçının səmimi etirafı belədi.

“Literaturnıy Azerbaydjan” jurnalında rusdilli oxuculara təqdim edilən “Volqadon əsirləri” romanı xüsusilə yaxşı qarşılandı. Tanınmış rus tənqidçi Lyudmila Lavrova əsərin orijinal tərzdə, maraqlı mövzuda, zəngin dillə yazıldığını qeyd eləyib. Amma öz tənqidimizsə susmağa üstünlük verdi, həmin əsər, ümumiyyətlə, Oqtay Əhmədovun yaradıcılığı haqqında gözlənən diqqəti göstərmədi.


Oqtay Əhmədov

Zaman və məkan dəyiikliyi

Kəmiyyət baxımından yanaşanda Oqtay Əhmədov o qədər də məhsuldar deyil. Xatırlatdığımız povest-romanından başqa “Adsız” və “Aşağı məhəllənin uşaqları” kitablarında toplanmış hekayələri, “Aşağı məhəllənin uşaqları”, “Beş yüz dollarlıq qəbir”, “Xrebtovı küçəsində aşura”, “Pəncərəsiz ev”, “Tunelin sonundakı işıq”, “Aerokassanın üstündəki ikiotaqlı ev”, “Təqib”, “Yazıçılar qəbirstanlığı”, İtirilmiş şəhər” povestləri, “İsgəndərin buynuzu” və “Kitab şakafı” pyesləri fərqli mövzulara həsr olunub. Həmin əsərlərin qəhrəmanları daim dəyişən dünyanın dolanbaclarında karıxan, boğulan, itən adamlardılar. Amma yazıçı o adamlara – öz qəhrəmanlarına - münasibətdə ayrıseçkilik salmır, hamısının daxilindəki işığı görə bilir ki, bu da qələm adamı kimi onun yaxşı məziyyətlərindən biridi.

Biz o şəhəri itirir, bu şəhəri tikib – qururuq; biz o şəhəri daş-daş, ev-ev, küçə-küçə, məhəllə-məhəllə qeyb edir, bu şəhəri möhtəşəm göydələnlərlə, ofis binalarıyla, mehmanxanalarla, şadlıq evləriylə... bəzəyirik...

Oqtay Əhmədovun “İtirilmiş şəhər” povestini əlyazmada oxuduğum məqamda ilk yadıma düşənlər bu oldu. Sonra gözlərimin qabağına İçərişəhərdə gördüklərim, o məkanın Azneft tərəfdən, “yırtılmış böyrü” gəldi, yeni tikinti üçün yer hazırlayan vaxt üzə çıxan tarixi abidənin səssiz-sovsuz gömülməsi yadıma düşdü. Bütün bunlar Oqtay Əhmədovun da, bizim də itirdiyimiz şəhərin fraqmentləridi.

Oqtay Əhmədov köklü bakılıdı. O bu şəhəri tin-tin, küçə-küçə, məhəllə-məhəllə tanıyır, yaddaşının qatlarında həmin yerlərlə bağlı nostalji dolu xatirələr gəzdirir. Oqtay bu şəhərisə tanımır, ucalan göydələnlər ondan ötrü adi heyrətdən başqa bir hiss doğurmur. O bu şəhərdə özünü narahat hiss eləyir, karıxır, elə bil hava çatışmazlığından əziyyət çəkir.

Yazıçının ustalıqla istifadə elədiyi fantastik elementlər əsərin koloritini daha da artırır. Üstəlik, povestdə şəhərin timsalında mənəvi və mədəni cəhətdən itirdiklərimizlə bağlı vətəndaş narahatlığı var. O da Bakının böyüməsini, gözəlləşməsini istəyir, amma bütün bunların mədəni irsimizə xələl gətirməsini qəbul eləmir, tarixi-mədəni dəyərləri olanları qoruyub saxlamağı, gələcək nəsillərə çatdırmağı arzulayır.

Yazmaq istədiyi roman

Mistik düşüncə və mistik zaman Oqtay Əhmədovun son dövr yaradıcılığında diqqəti xüsusilə cəlb eləyir. “İstefa”, “Yazıçılar qəbirstanlığı”, İtirilmiş şəhər” povestlərinin, “İsgəndərin buynuzu” pyesinin qəhrəmanları zaman və məkan dəyişikliyinə məruz qalır, bu zamanda özlərini, üstəlik, bir çox insani xüsusiyyətlərini itirirlər...

Yazıçı Oqtay Əhmədovsa gerçəkliklə yaşayır: gündəlik qayğılarıyla məşğul olur, hər addımda təhlükəylə üzləşən haqqını qorumağa cəhd göstərir, yaradıcılığına dəyər verən oxucuları, qələm dostlarıyla görüşür, yeni hekayə və povestlərini süjetini qurur...

Dönüb geri baxanda da keşməkeşli ömrünün mərhələlərinə nəzər salır. O bu günə öz taleyini yaza-yaza, kağıza köçürməyə bilmədiyi hadisələri, xarakterləri qələmə ala-ala, həm də dözümlə, tərif, mükafat gözləmədən gəlib çatıb. Bircə istəyi olub – yazdıqları oxucuya çatsın. Ən xoşbəxt anları da əsərləri haqqında sanballı oxucu fikri eşitdiyi anlardı...

Amma həmişə də “bir roman” yazmaq istəyir...

Bəlkə də, elə o romanı yazıb – indiyəcən qələmə aldıqları həmin romanın ayrı-ayrı fəsilləridi...

Hər halda, bunu yazıçı Oqtay Əhmədovun özü daha yaxşı bilər...

2024, okttyabr

# 1539 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #