İclasdaydıq. Multikulturalizm məsələləri şərh olunurdu. Maraqlı mövzudur həqiqətən də, ancaq sadəcə təhlil etmək və çox dərinə getməmək şərti ilə. Hörmət edək Qərbə də, Şərqə də ancaq nəyisə qəbul etmək lazımdırsa, bunu ancaq Azərbaycançılıq məfkurəsi nöqteyi-nəzərindən qəbul edək.
Maraqlı bir payız səhəri idi. Günəş zorla gülümsəyirdi narazı təbiətə. Pəncərədən payız rənginə boyanmış küçələrdə şütüyən insanlara ilişirdi gözlərim. Bir anda hər şey bomboz oldu. Qulağıma dəyib qayıdan, güman ki, “Azərbaycan” dilində ifadə edilən qırıq-salxaq sözlər yığınını beynim qavrayıb, təhlil edə bilmədi. Baxışlarımı dartıb zorla aldım payızdan. Gözlərimi qıyıb ətrafa boylandım. Nə baş verirdi, mən harda idim. Zaman məkan qarmaqarışıqlığı yaşanırdı beynimdə. Amansız his yağmuru rəqs edirdi düşüncələrimdə. Yanımda oturan iş yoldaşım başını aşağı salıb uğunmuşdu gülməkdən. Nə baş verdiyini anlamırdım. Bir iki qulaq da ordan-burdan borc alıb düşüncələrimi kürsüdə məruzə edən insanın üzərinə zəncirlədim. “Cinlər də də belədir”.
Necə yəni cinlərdə də belədir? Mən tam anlaya bilmirdim şahid olduğum hadisəni. Bu qadın “cinlər” haqqında nə bilirdi ki? Necə yəni cinlərdə də belədir. Diqqətlə qulaq asmağa başladım. Elmi mühitə uyğun gəlməyən ekstra-fantastik mövzu mənim diqqətimi özünə məhkum etdi. “Cin dövləti son dövrlərdə bu mövzuda bir “çoq” elmi olar rusca deyim ? yəni bir çox…Demək istədiyim budur ki, sistem etsək əgər, “classification” yəni. Biz aydın başa düşmək ki, bu “Cinlərdə” də, Azerbaydjanda da belədir. Özümü bir anda “Qərib Cinlər aləmində” hiss etdim. Nəhayət ki, “cinlərin” sirri agah olmuşdu. Sözümə baxmayan gülüşüm xanımın hazırladığı slayda dəyib, salonun divarlarına tərəf şütüdü. Ucadan güldüyümü dumanlı da olsa dərk etdim. Ancaq heç nəyi geri qaytarmaq olmazdı… Olan olmuşdu. Məruzəçi xanım acıqla məndən soruşdu: Xanım çox komikdir? Gülməlidi “cox”?
Bilmədim nə deyim, gözlərimi salona cəmlədim. Mənə gözlərini döyə-döyə baxan insanlara necə cavab verməliydim. Daxilimdəki səs bağırırdı… Allah sənə rəhmət eləsin Mirzə Cəlil-dedim yavaşca. Multikultural bir mühit məndən aşırı tolerant olmağımı gözləyirdi deyəsən. Şeyx Nəsrullahı daşlayan babalarımıza haqsızlıq edə bilməzdim…
- Sizinləyən “otvet” vermədiniz?
Kürsüdəki xanımın ikrah oyadan cümləsi əsəblərimi tarıma çəksə də, bozumtul gülüş yayılırdı çöhrəmə.
Dilim sürüşüb özünü dişlərimə çırpdı: “Öz ana dilini bilməyən alim çox gülməlidir xanım”-dedi dilim. Vallah, mən demədim nə dedisə dilim dedi. Xanım az qaldı ki. Özündən getsin. Elə mən də az qaldım özümdən gedim. Yadıma düşdü ki, bu iclası sonradan xəbər şəklində yazmalıyam. Ancaq mən Azərbaycan dilinə yamaq vuran bu insanların məruzələrini dərk edəcək qədər intellektual və dilmanc olmadığım üçün əməlli başlı əziyyət çəkirdim. Deyəsən əməlli-başlı geridə qalmışdım. Bu cür insanların inkişaf adı qoyduqları bu oyunbazlıq mənim lap zəhləmi aparırdı.
Öz-özümə danışa-danışa iclasdan azad etdim özümü…
Mənim anam kimdir?
Öz-özümə cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi
- Dilim nə dilidir?
- Azərbaycan dilidir.
- Yəni vətənim haradır?
- Azərbaycan vilayətidir.
Allah sənə rəhmət eləsin Mirzə Cəlil…