Salyanlıların nəşə “qrev”i

Salyanlıların nəşə “qrev”i
11 aprel 2013
# 10:37

“Başıma gələnlər”

3-cü yazı

2009-cu ilin payızı idi. Şair dostumuz Saday Şəkərlini qızışdırdıq ki, sən böyük şairsən, 50 yaşını mütləq yubiley kimi qeyd eləməlisən, bu yaş sənə zarafat gəlməsin, Səməd Vurğun kimi düha bu yaşa gücnən çatıb. Sadayın da Rusiyadan gələn vaxtları idi, babat pulu vardı. “Natəvan” klubunda qeyd olunan bədii hissədən sonra restoranların birində təxminən əlli nəfərlik yubiley məclisi düzənlədi. Yazıçılar Birliyinə getmək istəmədiyimə görə rəsmi hissədə iştirak eləmədim, ancaq Saday təkidlə məni yubileyin “badə hissəsinə” dəvət etdi.

Məclisdə yaşlı ədəbi nəslin nümayəndələrindən Vaqif Nəsib, Oqtay Rza, Abbas Abdulla, Vaqif Yusifli, Fikrət Sadıq da iştirak edirdi. Məclisdəkilər, əldə badə tutaraq, Saday Şəkərli yaradıcılığından yağlı-yağlı danışdıqdan sonra, nəhayət, mənə də söz verdilər.

Bayağı tostçuluğu pozmaq məqsədilə ayağa qalxıb Saday Şəkərlinin həyat və yaradıcılığına dair belə bir nitq söylədim: “Saday Şəkərli dünyaya Azərbaycanımızın dilbər guşəsi olan Cəlilabad şəhərində göz açmışdır. O, ilk təhsilini kənddəki mollaxanada almış, yaradıcılığına da elə mollaxanada oxuyarkən başlamışdır. Bir dəfə orucluq vaxtı, balaca Sadayın dərsdə xəlvətcə şeir yazdığını görən molla qəzəblənərək onun ayaqlarını falaqqaya salıb möhkəm döyür. Balaca Saday ağlaya-ağlaya evə qayıdır və lələk-kağızı əlinə götürüb belə bir şeir qaralayır:

“Tutdum orucu irəmazanda, qaldı iki gözüm qazanda, molla da döyür şeir yazanda...”

Gələcəyin istedadlı şairi daha sonra öz təhsilini rayon mərkəzində fəaliyyət göstərən mədrəsədə davam etdirir. Mədrəsədə oxuyarkən onun fitri istedadını duyan rayonun axundu, Sadayı elmin sirlərinə daha dərindən yiyələnmək və ali ruhani dərəcəsi almaq üçün Qum şəhərinə göndərir. Şair Qum şəhərinin ali ruhani məktəbində elmi biliklərə çox həvəslə yiyələnməyə başlayır. Lakin az keçmir, bu iti zəka öz vacib təhsilini dayandırıb vətənə qayıtmalı olur. Tarixi mənbələr yazır ki, payız ayları Qum şəhərində tez-tez əsən güclü külək qumu şairin gözlərinə sovuraraq onu kitab oxumağa qoymurmuş. Dini elmlərə yarımçıq vaqif olan Saday Şəkərli öz təhsilini yarımçıq qoyaraq doğma Cəlilabada, oradan da Bakıya qayıdır. Paytaxta gələn şair ciddi-cəhdlə bədii yaradıcılığa girişərək xalqımız üçün xeyirli-uğurlu olan çoxlu sayda şeir və qəzəl yazır. Mən bu badəni Saday Şəkərli kimi böyük şairimizin sağlığına qaldırıram! Qoy, onun ömrü uzun, cibi daim pullu olsun!!!”

Bu sağlığa ən birinci Oqtay Rza “ura!”- deyərək içdi. Nə isə, dostumuzun yubiley məclisini deyə-gülə başa vurandan sonra bayıra çıxdıq. Hava çoxdan qaralmışdı. Yazar dostlarımız bir-biri ilə görüşüb dağılışırdılar. Lakin, başda yubilyar olmaqla, biz-bir neçə nəfər şən ovqatımızı pivə məclisində davam elətdirmək istəyirdik. Yaşlılardan yalnız Oqtay Rza bizə qoşulmaq niyyətində idi.

Biz-pivəyə getmək istəyənlər, restoranın qarşısında dayanıb dostları yola salırdıq. Oqtay müəllim qoltuğunda iri bir qovluq yanımda dayanmışdı. Xeyli yaş fərqimiz olsa da aramızda incə bir zarafat icazəsi var. Birdən üzümü ona tutub zarafatla dedim: “Oqtay məllim, universitetdə dərs deyirsən, yəqin rüşvət alıb gəlmisən, bir az pul ver, xərcləyək!” Oqtay müəllim gülüb: “Köhnəqala, nə rüşvət, məndə pul nə gəzir? Pulu yalnız maaş alandan-alana görürəm!” – dedi. Bekarçılıqdan zarafatı davam etdirmək üçün: “Yoox, inanmıram, ciblərini yoxlamalıyam!” - dedim. Oqtay müəllim şalvarının ciblərini çölə çıxarıb: “Bax-bax, bir qəpiyim də yoxdu!” – deyə sanki günahkarcasına dilləndi.

Mən: “Elə şey yoxdu, pencəyinin də ciblərini yoxlayacam!” – dedim. O, sinəsini irəli verib: “Yooxla!”- dedi.

Mən onun pencəyinin ciblərini eşələdim, doğrudan da pul deyilən şey yox idi. Ciblərinin “təmizliyindən” arxayın olan Oqtay müəllim mənə məhəl qoymadan ətrafdakıları tələsdirirdi: “Bir az tez olun, metro bağlanmamış gedək pivəmizi içək!”

Mən son ümid kimi iki barmağımı onun pencəyinin döş cibinə soxdum. Barmaqlarım şairin cibinə yad olan bir şeylərə toxundu. Bu, yarpaq qurusuna bənzər ot idi. Maraq üçün cibindəki qırıntıdan yavaşca çıxarıb qaranlıqda iylədim. Nə olsa yaxşıdı? Nəşə! Cəld içəri keçib içəridən bir salfet kağızı götürdüm və Oqtay müəllimin cibindəki nəşənin hamısını çıxarıb kağıza yığdım. Mən onun cibini təmizlədikcə Oqtay müəllim: “Köhnəqala, bu nədi, neynirsən orda?”- deyə soruşurdu.

Mən gülə-gülə: “Oqtay məllim, narahat olma, təmizlik işləri aparıram!” - dedim...

Səhər əlimi cibimə salanda bükülü əlimə dəydi. Dünənki əhvalat yadıma düşdü. Hərdən “otla” hallanmağı sevən solçu-inqilabçı şair dostuma (ola bilsin, adının çəkilməsini istəməz) zəng elədim ki, yaxşı “şey” var, gəl çəkək. Dostum dedi, yaxşısı budur, sən gəl bizə, məndə də “karandaş” (papirosu belə adlandırırlar) var, bizdə oturaq.

Biz qarşımızda tündə çay və xurma, əyləşib Oqtay müəllimin bu gizli hədiyyəsini ləzzətlə sümürdük. Çəkib qurtardıqdan sonra dostum hallı vəziyyətdə: “Ancaq zor “şey”di haa, bunu haradan almışdın?” - deyə soruşdu. Onun bu sualından yadıma Oqtay müəllimin duruşu, qoltuğundakı qovluğu, danışığı, xoş sifəti, cibindən xəbərsizliyi düşdü və məni qəfil gülmək apardı.

Gülməkdən özümü güclə yığa-yığa, nəhayət əhvalatı ona qırıq-qırıq danışıb başa çatdırdım. Dostum gülməkdən qarnını tutub divana çökdü. O, divanda dombalaq aşıb, qəşş elədikdən sonra döşəməyə yıxıldı. Gülməkdən mənim də gözlərim yaşarmış, ağzım qupquru qurumuşdu...

Bu əhvalatdan xeyli keçmiş Oqtay müəllimi nəşriyyatın kafesində gördüm və araq məclisindəki olayı ona söylədim. Oqtay müəllim gülərək: “Köhnəqala, doğru deyirsən?” - deyə təəccüblə soruşdu. And-aman elədim ki, belə məzəli bir hadisə gerçəkdən olub. Oqtay müəllim heyrətlə: “Hə, cibimi yoxlamağın dumanlı şəkildə yadıma gəlir, yaxşı, bəs o nəşə mənim cibimə haradan düşə bilərdi?” – deyə soruşdu. Mən də gülərək öz versiyamı söylədim: “Oqtay məllim, sən məşhur adamsan, yəqin, getmisən rayona, Salyan cayıllarıyla oturduğun məclislərin birində şeir-zad demisən. Cayıllar da fikirləşib ki, şair uymasa yaza bilməz. Ona görə də “bir baş şeyi” basıblar pencəyinin döş cibinə, “qrev” eləyiblər. Yəni, şair, dayanma, uy, yaz-yarat!”

Sözlərimə xeyli uğunduqdan sonra Oqtay müəllim: “Köhnəqala, xahiş edirəm, bunu mütləq yazarsan!” – deyə möhkəm-möhkəm mənə tapşırdı...

# 4356 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #