“Heyvanların söhbəti” - LAYİHƏ
Zuzu ilə Dudunun vevgisi
İt, əlində dolu torba ərzaq mağazasından çıxan balaca qızın arxasınca düşdü. Sonra qızcığazın yanı ilə yürüyüb, “Hey!” deyə bir səs çıxardı. İtin bu səsindən diksinən qızcığaz qorxub kənara tullandı. Onun qorxduğunu hiss edən it:
- Qorxma, dostum, mən danışa bilirəm,- dedi və əlavə elədi: - Adətən, mən səni mağazaya yox, məktəbə gedəndə çox görürəm. Mənimlə dost olarsan?
- Dost? Hə, olaram, heç heyvan dostum yoxdu, - qızcığaz dilləndi,- düz deyirsən, biz məktəbə həmişə bu yolla gedirik. Qardaşım futbol oynayırdı, ona görə mağazaya anam məni göndərdi.
- İyindən bildim ki, torbanda kolbasa da var, - deyib, it üst dodağını yaladı.
- Kolbasa, pendir, süd, çörək almışam, - qızcığaz yanı ilə tullana-tullana gedən itin dediyini təsdiqlədi.
- Heey, mənə bir dilim kolbasa-çörək verərsən? – it yalvarıcı bir səslə soruşdu.
- Əlbəttə verərəm! – qızcığaz torbanı açıb bir az çörək, bir neçə dilim kolbasanı onun qarşısına qoydu və dayanıb gözlədi. İt kolbasa-çörəyi cəld yedikdən sonra oturub arxa ayağı ilə qulağının dibini qaşıdı.
- Sənə nə olub, niyə qaşınırsan? - qızcığaz soruşdu.
- Bilirsəəən? - it utanaraq cavabını bir az ləngitdi, - axmaq birələrdi, bədənimizə düşüb bizi yeyir, dəhşət qaşınır, qaşınır, qaşınır.
- Bəs onun dərmanı yoxdu?
- Hoho! Niyə yoxdu? Bunun dərmanı insanlardadı. Bit-birəyə qarşı şampunlar var, gərək insanlar həmin şampunlarla bizi çimizdirsin. Yazıq pişikləri də bu birələr məhv eləyir. Əşi, nə isə, bu söhbəti buraxaq, sən mənə bir az da kolbasa verə bilərsən?
- Əlbəttə, - deyib qızcığaz onu yenə kolbasa-çörəyə qonaq elədi. İt onun bu hədiyyəsini də yeyəndən sonra ağız-burnunu yalayıb soruşdu:
- Sən çox yaxşı qızsan, adın nədi?
- Adım Zuzudu. Əsl adım belə deyil, ancaq hamı mənə Zuzu deyir.
- Oy, nə yaxşı addı! – İt tullanıb-düşdü, - mənim də adım Dududu. Bu adı mənə dostlarım qoyub. Bilirsən niyə? Küçədə siqnal verən maşınları görəndə əsəbiləşib dəli oluram, ona görə.
- Hə, yersiz siqnal verən maşınlara mən də əsəbiləşirəm. Lazım oldu-olmadı siqnallayırlar, ətrafdakıların əsəbini veclərinə almırlar. Halbuki maşında siqnal ən ekstremal vəziyyətlər üçün quraşdırılıb.
- Bizim dərdimiz təkcə siqnal olsa nə vardı? Bir də görürsən, yekə-yekə kişilər əlinə daş alıb bizi qovur. Uşaqlar da onlardan öyrənib, bizi harda gördülər daşlayırlar. Hərdən olur, gedib uzaqdan qorxa-qorxa ət kəsən kişilərin əllərini güdürük ki, bəlkə bizə də bir tikə atdılar. Atmırlar! Dəhşət zalımdırlar! Fikirləşmirlər ki, bizim həyatımız onların insafından asılıdır. Həmin kişilərin çayxanalarda oturub zalımdan-zülumdən danışmaqlarını çox eşitmişəm, ancaq öz zalımlıqlarından xəbərləri yoxdu.
- Aaa, gör ee, bu şeylərə heç mən də fikir verməmişdim! Dudu, indən belə anam məktəb üçün qoyduğu buterbrodların hamısını hər gün sənə verəcəm, yaxşı?
- Yoox, belə eləməyək, Zuzu! Onda sən ac qalarsan. Bilirsən, necə eləmək lazımdı? Sən anana de ki, buterbrodu bir az çox qoysun, onda yarısını mənə verə bilərsən.
- Hə-hə, bu, əla fikirdi!
- Bilirsən? Gəl sənə bir əhvalat danışım, gör insanlar bizə qarşı necə amansızdı. Bunu mənə anam danışıb. Ona da öz anası danışıbmış. Deyir, qədimlərdə Tanrı hər cür yemək-içməyi bol yaradıbmış. İnsanlar biri-biri ilə çox mehriban dolanırmış. İtlər həmişə insanların yanında olurmuş. O qədər bolluq imiş ki, sünbüllərin gövdəsində buğda lap aşağıdan yuxarıyacan düzülürmüş. Başa düşürsənmi? Yəni sünbülün üstü tamam buğda ilə örtülü olurmuş.
Bir gün insanlar Tanrıya asi düşərək müharibələrə başlayaraq, biri-birini əsir götürüb işgəncələr altında qul kimi işlədirlər. Tanrı insanların bu qudurğanlığına qəzəblənib buğdanı göyə çəkməyə qərar verir. Buğda sünbüllərin aşağısından yavaş-yavaş yuxarıya doğru yoxa çıxmağa başlayır. Başları biri-birini didişdirməyə qarışan insanların bundan heç xəbəri olmur.
Lakin itlər görür ki, çörək tamam yoxa çıxacaq, yığışıb ulaşaraq Tanrıya yalvarırlar. Tanrının itlərə yazığı gəlir və sünbülün ucunda bizlərə buğda saxlayır. İnsanların hələ də xəbəri yoxdu ki, onlar bizim payımızı yeyirlər. Qoy yesinlər, ancaq bizə də verməlidirlər axı!
- Ay aman, gör bizlər sizlərə qarşı nə qədər haqsızlıq eləyirik! - Zuzu ağlamsındı.
- Ağlama, Zuzu, sənin gözəl qəlbin var, - deyə, Dudu ona təskinlik verdi. - Ümumiyyətlə, uşaqların qəlbi gözəl olur, lakin böyüdükcə onlar da zalımlaşırlar. Bu yerdə qeyd etməliyəm ki, onları da böyüklər zalımlaşdırır.
- Mən də böyüyəndə zalımlaşacam, Dudu? – Zuzu təlaş içində soruşdu.
- Qulaq as! Baax, böyüklər həmişə yaşayışı çətinləşdirməklə məşğul olublar. Həyatda nələrəsə nail olmaq istəyən gənc də getdikcə zalımlaşır və nəticədə zalımlardan ibarət kişi sürüsü meydana gəlir. Zalım kişilərdən də zalım bir cəmiyyət yaranır. Onu da deyim ki, qadınlar həyat çarpışmalarında nisbətən passiv olduqlarına görə, kişilərlə müqayisədə o qədər də zalımlaşmırlar.
Yəni, sən böyüyəndə çox da zalım olmayacaqsan, Zuzu! Ancaq insanın özündən də çox şey asılıdı. Mən fikir vermişəm, ən zalım insan, əsasən, savadsızlardan, bilgisizlərdən əmələ gəlir. Belələri elə bilir həyatda yalnız onlar yaşamalıdı, qətiyyən başqalarına yardım eləmirlər. Onlar öz insanlarına belə baxırsa, gör, bizlər haqda nələr düşünürlər. Elələrinə qalsa bizim nəslimizi güllələyib yer üzündən silərlər.
- Çox sağ ol, Dudu, ağrılı olsa da sən mənə çox şeyi başa saldın. Mən artıq evə çatdım.
- Hə, başa düşürəm, mən küçə itiyəm, səninlə evinizə getmərəm, indi geri qayıdıram.
- Dudu, bəs bu hekayəni yazan kimdi?
- Bu hekayənin müəllifi? Hə, o da mənim kimi küçə şairidi!
- Anladım, hələlik, Dudu! Sabahdan hər səhər məni məktəb yolunun üstündə gözləyərsən, buterbrodunu gətirəcəm.
- Oldu, mütləq gözləyəcəm, hələlik! Heeey, kolbasasını çox eləyərsən!!!