“Corabsatana qızmı verərlər?”

“Corabsatana qızmı verərlər?”
29 aprel 2013
# 09:58

“Sadə insanlar” proyektimin növbəsi yetişəndə düşürəm küçələrə ki, kimi isə söylədib yazı düzəldim. Onları mətbuat üçün söylətdiyimi biləndə, nədənsə, bəhanə ilə ünsiyyətdən yayınmağa çalışırlar. Küçə alverçisi küçədə hamıya görünməyi özünə rəva bilir, ancaq mətbuatda şəklinin dərc olunmasına razılıq vermək istəmir. Ona görə yurdumuzun bu insanları ilə söhbətim, adətən oğrun, ya da atüstü olur. Belələri ilə yanaşı şəkil çəkdirmək də müşkülə dönür. Odur ki, şəkil işini də “qəhrəman”dan xəbərsiz görməyə məcbur olursan.

Üzündən məsumluq yağan, hələlik utancaqlığını saxlaya bilən bir yeniyetmə oğlanın küçədə corab satdığını gördüm. Adətən, bazarlarda alver eləyən belə yeniyetmələr çox sırtıq, “gözüaçıq” görünürlər. Yəqin, bizim qəhrəman bu işə təzə başlayıb, küçə alveri onun abrını hələ almayıb. Corabın üç cütünü bir manata satır. Yaxınlaşıb onunla söhbətləşməyə can atıram.

- Qaqam, bu hara corabıdı, adamın ayağını tərlətmir ki?

- Yox, əmi, bunlar təmiz pambıqdı, əla corablardı, alsanız peşman olmazsınız, təmiz Türkiyə malıdı.

- Hardan gətirirsən bunları?

- Cəlilabad bazarından alıram.

- Ayə, Cəlilabad bazarında Türkiyə malı nə gəzir? Bunlar yəqin İran malıdı.

- Nə bilim, ay əmi, orda topdan satanlar deyir, Türkiyə malıdı.

- Sən özün hardansan?

- Mən Cəlilabaddanam.

- Cəlilabadın hansı kəndindənsən? (Fikirləşdim, bəlkə təsadüfən şair dostumuz Aqşinin kəndçisidi. Özüm də Şötüklü kəndində olmuşam.)

- Rayonun özündənəm.

- (Onunla ünsiyyəti bir az da uzatmaq üçün söhbətin mövzusunu genişləndirmək istəyirəm.) Bəs rayonunuzun şairlərini tanıyırsanmı?

- Hansı şairləri?

- Məsələn, Salamı, Sadayı, Aqşini?

- Hə, bəlkə də adlarını eşitmişəm. Aqşinin adı tanış gəlir.

- Yalnız adlarını eşitmisən? Yəqin yazdıqlarından heç xəbərin olmaz.

- Nə yazırlar ki?

- Şair nə yazmalıdı? Şeir yazırlar.

- (Utancaq bir tərzdə etiraf edir.) Yox, əmi, oxumamışam.

- Baxıram ki, şagird yaşındasan, neçənci sinfə gedirsən?

- Bir vaxtlar oxuyurdum, indi oxumuram, səkkizinci sinifdən çıxmışam, əmi.

- Niyə çıxmısan?

- Gördüm, oxumaq mənlik deyil, onsuz da heç yerə girə bilməyəcəm, bəribaşdan çıxdım.

- Bəs qız sevirsən?

- Əmi, neynirsən bunları soruşub? (Gözlənilməz sualım onu utandırır.)

- Elə-belə soruşuram, deyirəm, görüm, bu yaşda özgə hansı problemin var.

- Bir qızı sevirəm, əmi. Ancaq kim idi onu mənə verən? Corabsatana qızmı verərlər?

- Niyə vermirlər? Qız səni sevsə hər şey düzələr.

- Əmi, onu sevdiyimi qız bilmir. Məktəbdə bir sinif məndən aşağıda oxuyurdu, ancaq deyəsən hiss eləyirdi...

- Nəyi hiss eləyirdi?

- Onu sevdiyimi.

- Necə bilirsən, o da sevirdimi səni?

- Nə bilim. Ancaq mənə hörmətlə yanaşırdı, həmişə salamlaşırdıq. Bəlkə də onu sevdiyimi desəydim, məni söyərdi. Qorxumdan bunu ona demirdim.

- Nahaq yerə qorxmusan. Bəzən qızlar qarşıdakından cəsarət gözləyir. Qadınlar bizdən həssas olurlar, o qız sənin sevdiyini duymamış olmazdı. Bax, sənə bir şey deyim, rayona qayıdan kimi o qızı tapıb sevdiyini ona mütləq de!

- Bilmirəm, əmi, bilmirəm, deyə bilərəmmi. Ancaq düz deyirsiniz, gərək bu sözü ona deyəm. İnanırsınızmı, demədikcə günü-gündən fikir məni götürür, narahat oluram.

- Heç nədən çəkinmə, qayıdanda bu işlə məşğul ol. Özü də bu sözü telefonda-zadda demə, birbaşa qızın özünə söylə.

- Çox sağ olun, əmi, məni ürəkləndirdiniz. Özü də əliniz yüngüldü, görürsünüz, xeyli alver elədim.

- Bəs Bakıda harda qalırsan?

- Biz beş nəfər tay-tuşuq, əmi, rayondan gəlib burada həyət evinin bir otağını kirayələmişik. Beşimiz də o balaca otaqda qalırıq.

- Bəs o biri dostların nə işlə məşğuldu?

- Onların üçü tikintidə işləyir. Bəzi adamların belə işçilərdən ibarət briqadası var, onlar da o briqadalara qoşulub işləyirlər. Suvaq işidi, daş işidi, istənilən ağır işdi, olanda gedib işləyirlər. İş olmayanda da oturub qazandıqlarını xərcləməyə məcbur olurlar. İş çox düşəndə evlərinə də pul göndərirlər. Biri də mənim kimi suvaq işi bacarmadığına görə 8-ci kilometrin bazarında meyvə-tərəvəz alverinə başlayıb.

- Yəqin, onlar da məktəbə getmirlər.

- Yox, əmi, biz elə yazıb-oxumağı öyrənmişik, bundan o tərəfə keçməmişik. Ailədə 6 uşağıq, atam bizi məktəbə göndərməyi çatdıra bilmir. Məcburuq özümüz qazanaq.

- Narahat olma, yəqin yavaş-yavaş həyatı öyrənəcəksən, başqa işlərə girişəcəksən.

- Çox sağ olun, əmi, mənimlə belə söhbət elədiniz.

- Sən də sağ ol! Bax, sevgi məsələni qayıdan kimi qaydasına salarsan, ha! Yaxşımı?


Gülə-gülə:

- Oldu, əmi, çox sağ olun!

- Hər işdə cəsarətli ol! Hələlik!

# 3972 dəfə oxunub

Müəllifin son yazıları

# # #