Ötən gün dostumuz Ömər Xəyyam sosial şəbəkədə Azərbaycan dili haqqında maraqlı bir status yazmışdı. Statusu olduğu kimi paylaşıram:
“Şair deyir ki, bəs Azərbaycan dili ədəbi şedevr yaratmağa imkan vermir. Yalan sözdü. Ola bilər, siz dili yaxşı bilmirsiz, sözün enerjisini hiss etmirsiz, sözün istifadə qaydalarını, sözlə rəftarı bilmirsiz , amma haman bu dildə, eyni sözlərlə Muğannanın, İsmayıl Şıxlının, İsi Məlikzadənin, Əli Vəliyevin, Ənvər Məmmədxanlının, Əkrəm Əylislinin, Sabir Əhmədlinin, Bayram Bayramovun, Məmməd Orucun, Anarın, Elçinin, Kamal Abdullanın, Rəhim Dünyamalının, Fəxri Uğurlunun, Saday Budaqlının, Zahid Sarıtorpaqın, Pərviz Cəbrayılın, Şərif Ağayarın, Mübariz Örənin (və bir xeyli adlarını unutduqlarım) şedevrləri var. Bu naşı, diletant mövqedən əl götürün, bacarıqsızlığınızı, söz duymazlığınızı dil üstə atmayın, günahdı. Bu enerjini duymaq üçün, sözü hiss etməkdən ötrü fəhm lazımdı, fəhm.”
Dostumuzun müzakirəyə səbəb olan bu statusu bir neçə il əvvəl “Azadlıq” radiosunda getmiş oxşar mövzunu yadıma saldı. Həmən müzakirə də xeyli əks-səda doğurmuş, səhv etmirəmsə Pərviz Cəbrayılın səsləndirdiyi “Naqis dil yoxdur, hər kim ki, öz dilinə naqis deyir, onun dilindən xəbəri yoxdur” fikri uzun müddət radioda anons kimi səsləndirilmişdi.
Bəli, naqis dil yoxdur. O dildə yaza bilməyənlər, o dilin potensialından istifadə edə bilməyənlər var.
Necə olur ki, Yunis Əmrə... Qaracaoğlan... Nəsimi... Füzuli... Seyid Əzim... Mirzə Cəlil... İsa Muğanna... Əkrəm Əylisli şedevrlər yaradanda dil naqis olmur? Əgər bu dil həqiqətən naqisdirsə, bu dildə müasir əsər yazmaq mümkün deyilsə, dil işlək deyilsə o zaman bu əsərlər hardan ortaya çıxdı? Məgər bu əsərlər Azərbaycan dilinin gözəlliyini, potensialını ifadə etmir?
Hər bir dil külçə qızıl kimidir. Kimi o qızıldan üçdüymə, beşdüymə sırğa düzəldir, kiminin də gücü ancaq qızıl diş hazırlamağa çatır. Ona görə də gəlin günahı dildə görməyək.
Ancaq orası da var ki, biz tərcümə zamanı bəzi çətinliklərlə də qarşılaşırıq. Bu məsələyə şair Salvan Sarvan sözü gedən müzakirədə toxunmuşdu:
“Bəzən dil düşüncənin sərhədlərini bəri başdan cızır, yəni sən, ixtiyarsız olaraq, yalnız bu dilin imkanları çərçivəsində düşünməyə başlayırsan və bu düşüncəni həmin dildə ifadə etməkdə təbii ki, problem olmur.
...Ən yaxşı tərcüməçilərimiz də etiraf ediblər ki, məsələn, ingilis yazıçılarının əsərlərində elə düşüncə qatları var ki, onu tərcümə eləməkçün, sadəcə, həmin kontekstə uyğun dil qatımız yoxdur. Hərdən mən özüm də redaktə prosesində belə ziddiyyətlərlə qarşılaşıram.”
Doğrudur, hərdən belə də olur. Başqa bir dildə olan sözün Azərbaycan dilində qarşılığını tapa bilmirsən, hətta ona yaxın sözü belə tapmağa çətinlik çəkirsən. Çünki dilin inkişafına, dilin lüğət tərkibinin çoxluğuna insanların yaşadığı ərazi, həyat tərzi, iqlim, sosial durum və sair təsir edir.
Misal üçün, Türkiyə türkcəsində gəminin, qayığın onlarla adı var. Yelkənlərinin, dorlarının, avarlarının sayından, ölçüsündən asılı olaraq növləri də dəyişir. Ancaq bizim dilimizdə bu növlərə aid sözlər yoxdur, hamısına ucdantutma gəmi deməyə məcbursan. Səbəb, çox sadədir, biz dənizçi xalq deyilik. Bizdə dənizçilik balıq tutmaq səviyyəsindən o yana keçməyib, ancaq Osmanlıda gəmiçilik inkişaf etmiş sahə olub. Və ya eskimosların dilində qarın onlarla adı var, ərəblərdə dəvənin. Bu nümunələrdən belə çıxmasın ki, bizdə sinonim, oxşar sözlər yoxdur, var, biz tarixən əkinçi-köçəri xalq olduğumuzdan əkin sahəsinin müxtəlif adları var. Taxıl ilkin əkiləndə bir cür adlanır, azca boy verəndə başqa cür, sünbül yetişəndə başqa cür, taxıl biçiləndən tamam ayrı cür. Eləcə də qoyun-quzunun yaş və vəziyyətlərinə uyğun müxtəlif adları var.
Bunlar hamısı xalqların həyat tərzindən irəli gəlir. İndi məsələni aqrarlıqdan çıxaraq və tamam başqa müstəviyə aparaq.
XIX əsrdə buxar maşınının kəşfi ilə Qərbdə sənayeləşmə sürətləndi. Qərb dünyası yeni mərhələyə qədəm qoydu və bu inkişaf təkcə sənayedə deyil, elmdə, fəlsəfədə, incəsənətdə də özünü göstərməyə başladı. Sənayeləşmə dilin inkişafına zəmin yaratdı, onun ərazilərini genişləndirdi. Yeni inkişaf tempi özü ilə yeni dil imkanları gətirdi.
Gəlin unutmayaq ki, Qərbdə belə bir prosesin getdiyi bir dövrdə bizdə nəsr hələ yeni-yeni addım atırdı. Ceyms Coys ingilis dilinin müxtəlif qatlarından yararlananda, yeri gələndə özü yeni sözlər yaradaraq “Uliss” kimi dünyanın ən mürəkkəb romanını yazanda bizdə ilk roman təzə yazılmışdı, heç 20 il olmazdı.
Bu yalnızca Ceyms Coysun uğuru idimi? Xeyr. Bu hər şeydən əvvəl sənayeləşmənin, inkişafın uğuru idi. İnkişaf özü ilə fəlsəfənin, incəsənətin və elm sahələrinin də böyüməsinə şərait yaratmışdı. Nəticədə elmin, fəlsəfənin, incəsənətin dili böyüyüb-genişləndi və yazıçıların bundan faydalanmağına imkan yaratdı.
Dəfələrlə eşitdiyim bir məsələni deyim: Fəlsəfə kitablarını tərcümə edənlər yüzlərlə sözün dilimizdə qarşılığını tapa bilmirlər. Niyə? Çünki o söz bizdə yoxdur. Bu dilimizin naqisliyidirmi? Əlbəttə, yox. Sadəcə bizdə fəlsəfə sahəsi inkişaf etməyib, zamanında dünyada yaranan əsərlər dilimizə çevrilməyib və həmin fəlsəfi terminlərin qarşılığı dilimizdə tapılıb yerinə qoyulmayıb. İndi siz deyin, Kantın, Hegelin böyük fəlsəfi əsərlər yaratdığı dildə roman yazmaq daha asandır, yoxsa fəlsəfi terminlərdən kasadlıq çəkən Azərbaycan dilində?
Yeri gəlmişkən, bir məqamı da qeyd edək. Dilimizin lüğət tərkibi ilə bağlı dilçilərin apardığı müzakirələr zaman-zaman mətbuatda da əks olunur. Bir çox hallarda bu müzakirələrin nə qədər primitiv, vaxtıkeçmiş olduğunu görürük. Dilçilərin məsuliyyətsiz çıxışlarını, sovetdənqalma fikirlərini görəndə az qalırsan ağlayasan. Məncə bu yerdə bir nümunə də gətirsəm mənzərənin nə qədər faciəvi olduğu daha aydın görünər. “Selfi” sözü artıq neçə ildir danışıq dilimizdə geniş istifadə olunur, körpələrimiz dil açanda “ana, ata” yerinə “selfi” deyirlər, ancaq dilçilərimiz hələ indi-indi o sözü lüğətə salmaq haqqında düşünürlər. Nə bilmək olar, bəlkə heç salmayacaqlar da, baxır keflərinə.
Dil statik yox, dinamikdir, dəyişkəndir, inkişaf edəndir. Süni sürətdə onun inkişafının qarşısını almaq istəsən də, “kənar təsirlər”dən qorumağa çalışsan da bir şey alınmayacaq. Xarici dillərdən keçsə belə lazımlı sözlər gəlib dilimizdəki boşluqları dolduracaq. Bunun qarşısını nə dilçilər, nə də Nəsimi zamanında qalmış Nəsimi adına Dilçilik İnstitutu ala biləcək.
Buna görə də dili qəliblərə salmaqdansa, onun inkişafına şərait yaratmaq, eksperimentlərə açıq olmaq lazımdır.
Yenə də təkrar edirəm, təəssüf ki, bizdə tarix boyu bu proses çox ləng, mühafizəkar şəkildə aparılıb. Buna görə də nə fəlsəfə dilimiz, nə texnika dilimiz, nə inşaat dilimiz inkişaf edib.
Sovet dövründə inşaatda “şpaklyovka” sözü işlədilirdi, müstəqillik illərində türk inşaat şirkətlərinin ölkəyə axını gücləndi, türklərin təsiri ilə ustalar “şpaklyovka” yerinə “alçı” işlətməyə başladılar. Yəni dilçilərin nə etməyindən asılı olmayaraq dilimizə yeni termin keçdi. Onlarla, yüzlərlə belə nümunə göstərmək olar, ancaq mənə görə, buna ən yaxşı nümunə “vkluçatel” sözüdür. Lüğətdə “elektrik açarı” kimi yazılıb. İnandırım sizi, bu sözü lüğətə daxil edən dilçi ömür boyu onu məişətdə işlətməyib. İndi bir yazıçı götürüb “Akif elektrik açarını söndürdü” yazsa, onu yeddi köydən qovarlar, hoydu-hoyduya götürərlər.
Təəssüf ki, dilimizin elmi, akademik inkişafı baş tutmayıb. Ola bilsin kimlərsə statistika üçün nələrsə hazırlasın, sübut etməyə çalışsın ki, dilimiz dəyişir, müasirləşir, inkişaf edir, yeni qatları yaranır, ancaq biz təcrübədə belə olmadığını görürük.
Çox zaman deyirlər ki, dili yaradan yazıçılardır. Mənə görə bu banal fikirdir. Dilin məsuliyyətini yazıçıların, şairlərin üstünə atmaqdansa qoy, dilçilər, filoloqlar bir zəhmət, boyunlarına düşən yükü daşısınlar.
Yazıçı-şairlər də lazım olanda dilə öz töhfələrini verəcəklər.
Zatən dilimiz son yüz ildə nə inkişaf edibsə yazıçıların, şairlərin hesabına inkişaf edib.
Yenə Allah onlara versin, başqa heç nə.