Sevinc Çılğının kitabı mənim üçün 13 yox, 12 hekayədən ibarət idi. Çünki “Yumurta” hekayəsini əvvəldən oxumuşdum. Sevinc bu hekayəni mənə göndərəndə heç kitab söhbəti yox idi.
Açığını deyim, hekayə çox xoşuma gəlmişdi. Bəyənmişdim. Bilmirəm, təsadüfən belə alınmışdı, yoxsa qəsdən kitabın ən yaxşı hekayəsini göndərmişdi. Çünki kitabı oxuyandan sonra əmin oldum ki, “Yumurta” Sevincin kitabının ən yaxşı hekayəsidir.
Hekayə çox gözəl qurulub. Əsərin mesajı da aydındır. Süjet, struktur da öz yerində. Hekayədə razılaşmadığım bir məqam var. Sevinc qəhrəman üçün müəyyənləşdirdiyi simvolu oxucuya da qəbul etdirmək istəyir. Bu isə müasir nəsrdə qəbul olunan deyil. Yəni müəllifsən, öz fikrin özündə qalsın. Oxucuya imkan ver qoy özü seçimin etsin.
“Yumurta”nın qəhrəmanı Mədinə toyuğun yumurtlamasını xeyrə yozur. Ona elə gəlir ki, xoruz nəslinin artacağına sevindiyinə görə banlayır. Neçə ildir Mədinənin uşağı olmur deyə o, bu məsələlərdə çox həssasdır. Mədinə şüuraltı olaraq yumurtaya öz nəslinin də davamı kimi baxır. Amma iş elə gətirir ki, yumurtanı əri sındırıb içir.
Gün keçib il dolanır, Mədinənin uşağı olur. Amma ölü. Xəbəri öyrənən nakam ata şənlik üçün hazırlatdığı süfrəni vurub aşırır. Bu vaxt xoruz ortaya çıxıb banlamağa başlayır. Qeyri-ixtiyari oxucuda belə bir fikir yaranır ki, Mədinənin ailəsini xoruzun ahı tutub. Sevinc bunu Mədinənin düşüncəsi kimi verə bilərdi, amma vermir. Mədinənin uşağının olmamasında xoruzun nə “barmağı”? Təsadüfdür də belə alınıb. Həm də çarəsiz insan hər şeydə bir məna axtarar, Mədinə də bu mənanı yumurtada axtarıb. O halda əsəri mistika ilə, batil inancla yükləmək nəyə gərək? Adətən müəlliflər bu cür başa düşülməmək üçün bütün məsuliyyəti qəhrəmanın üzərinə atırlar. Sevinc isə buna getmir. Qəhrəmanın məsuliyyətini də öz üzərinə götürür.
Necə ki, bütün hekayələrdə sanki qəhrəmanların altından bir Sevinc obrazı da yatır. Hiss edirsən ki, yaşantıları Sevinc öz həyatında təcrübədən keçirib, duyub; bax bu odur, o Bakı ləhcəsi ilə danışan qız da, o şıltaq qəhrəman da Sevinc özüdür.
“Boş ev”, “Mələfə” və başqa hekayələr o qədər güclü deyil. Tutalım “Boş ev” hekayəsi hansısa əsərdə qəhrəmanın monoloqu kimi yararlı ola bilərdi. “Mələfə” hekayəsini isə hadisəni üstdən, özünü nəql etməklə yox, hadisənin içinə girib ordan nəql etməklə yazmaq olardı. Hekayələrin həcmindən də görünür ki, Sevinc buna getməyib. Bir ayağını qaçaraq qoyub ki, tez-bazar bitirsin. Elə onların yazılma tarixləri də göstərir ki, müəllif bu hekayələrə bir daha qayıtmayıb. 7-8 il əvvəl necə yazıbsa indi də o cür götürüb çap edib.
Bəzi hekayələrdə qabarıq dil xətaları gözə dəyir. Fikir şifahi nitqdə necə təqdim olunursa, elə də yazıya köçürülüb. Bu xətaları işləyib aradan qaldırmaq olardı.
Sevinc qadın hisslərini olduqca gözəl təsvir edib. Kişi yazarlar bu detalları dəqiq bilmədikləri üçün tutalım bir qadının doğuş səhnəsini üzdən yazırlar. Dərinə gedəndə də süni olduqları hiss olunur. Amma Sevinc qadının doğuş hisslərini məharətlə canlandıra bilir.
Və ya əsərlərdə sevişmə səhnələrinin kişi partnyorlar gözü ilə təsvir olunmasına öyrəşmişik. Sevincin hekayələrində isə biz əksini görürük. Özü də bunlar olduqca dəqiq və dolğun şəkildə təsvir olunur.
Bir məsələni xüsusilə qeyd edim ki, bu hissləri yazmaq bacarıqla yanaşı cəsarət də tələb edir. Sevinc isə bu iki xüsusiyyəti öz qələmində cəmləşdirməyi bacarıb.