Yazının birinci hissəsini burdan oxuya bilərsiz.
Mirmehdi Ağaoğlu
Hər cür fəaliyyətimizin bir başı mütləq gedib qarına dayanır. Məsələn, bizdə “Bığ” restoranı var ki, inanmıram dünyanın başqa bir yerində bu adda restoran olsun. Amma başqalarında bığ haqqında, lap istəsən saqqal haqqında nəsə başqa bir şey taparsan. Məsələn; “Bığın tarixi”, “Saqqalın tarixi” kimi kitablar.
Ayıbdır söyləməsi, bir az araşdırsan “Fallosun tarixi”, “Orqazmın tarixi” kimi kitablara da rast gələrsən. Baxır kim nə axtarır.
Zarafat eləmirəm.
Fuarda nə kitablar yoxdu ki? Dünya ədəbiyyatından ən son tərcümələr deyirsən, öz yerində, nobelli, nobelsiz dünya şöhrətli yazarların bütün kitablarının yer aldığı setlər öz yerində, tarix, biologiya, psixologiya, kino, rəssamlıq, musiqi, əyləncə və sair sahələrə aid kitablar da nə qədər istəsən.
Adam çaşıb qalır, bilmirsən hansı kitabı alasan. Bəlkə dünyada elə bir mövzu yoxdur ki, fuarda ona aid kitab tapmayasan. Yetər ki, ürəyində təpər olsun, dizini at yerə, Elşən kimi oxu bu kitablardan nə qədər istəyirsən.
Bəlkə fuarın bu arxayınlığından idi deyə bir nəfər cavan oğlan bizim stendə yaxınlaşdı. Fuarı ələk-vələk eləməkdən yorulmuşuq. Qismət Etimad bəylə fuar təəssüratlarını bölüşür, mən də kompüterdə material hazırlayıram. Görünüşündən sadə adama oxşayırdı. Gülümsəyərək soruşdu: “Sizdə talışca kitab var?” Etimad müəllim “yox” cavabını verdi. Amma oğlan getmədi. Sanki Etimad müəllimə inanmırmış kimi, özü də bəraehtiyat masanın üstünə düzülmüş kitablara göz gəzdirdi. Sonra yenə dedi: “Bəs aranızda talışca bilən var?”
Başımı qaldırdım. Dedim mən bilirəm, amma söyüşdü, deyim? Oğlan sevincək “hə” cavabını verdi. Mən talışca bildiyim yeganə söyüşü dedim. Daha burda yazmıram, ayıbdı. Bilənlər bilir. Oğlanın üzü elə bil çiçək açdı, çox sağ ol, deyib uzaqlaşdı.
Amma mənim yadıma Mixail Şoloxovun “İnsanın taleyi” əsərindəki rus əsir Andrey Sokolov düşdü. Rusca səlis danışan alman zabit Müller hər gün rus əsirləri düzüb onlara ana dilində olmazın söyüşlər söyərək təhqir edir. Xəbəri yoxdur ki, əsirlər öz dillərində söyüş eşitməyə belə şaddırlar: “...ana söyüşlərini nahaq yerə bizim üstümüzə yağdırardı, amma biz bundan bir yüngüllük duyardıq: axı bu sözlər bizim sözlərdi, bu sözləri eşidəndə elə bil ki, ana yurdundan balaca bir meh əsirdi... O Müller deyilən bilsəydi ki, onun söyüşü bizə ancaq ləzzət verir-bizi rus dilində söyməzdi, öz ana dilində söyərdi. Mənim bir moskvalı dostum vardı, ancaq onun Müllerə bərk acığı tutardı. O deyərdi ki: “Müller bizi söyəndə gözlərimi yumuram, mənə elə gəlir ki, Moskvada, Zatsepdəyəm, pivəxanada oturub pivə içirəm: könlümə elə pivə düşür ki, lap başım gicəllənir”.
Bax belə... Mən o oğlanın taleyini bilmədim. Talış dilində kitabı nə üçün axtarırdı, onu da bilmədim. Bildiyim o oldu ki, qəriblikdə söyüş də adama ana laylası kimi şirin olurmuş.
Şeir yazmağa birbaşa türk dilində başlayan heyvansevər müğənnimiz Elza Seyidcahan bir verilişdə demişdi ki, bəli mən oxuyuram, Mikayıl Müşfiqi oxuyuram, Cavidi oxuyuram... Amma nə illah eləmişdisə Səməd Vurğundan bu tərəfə keçə bilməmişdi. Belə çıxdı ki, “Kokuyorum” deyən müğənninin oxuduğu kitablar, tanıdığı şairlər də elə məktəbdə öyrəndikləridir. Belə bilik “kokuyar də”.
Şeir, şair haqqında bilikləri, mütaliəsi orta məktəbi bitirmiş istənilən azərbaycanlının səviyyəsindən o yana keçə bilməyən bir müğənninin mahnılarını necə dinləyəsən? Vallah, bəzən müğənninin oxuduğu mahnıdan, səs tembrindən onun hansı savadın yiyəsi olduğu dərhal hiss olunur.
Fuarda türk müğənnisi Yaşarla rastlaşdıq. Özü də maraqlı adlı bir nəşriyyatın stendi önündə: “Aylak adam”. Yaşar nəşriyyat nümayəndələri ilə xeyli söhbət edib son çıxan kitablarla maraqlandı, bir neçəsini götürüb vərəqlədi, annotasiyalarını oxudu, Bu məndə var, bu yoxdu dedi. Sonra bir neçə kitab aldı. Onun söhbətindən iki yaşlı bir uşağının olduğunu öyrəndim.
Yaşarı bir də üç-dörd saat sonra gördük. Əlində böyük bir sellofan paket uşaq kitabları satılan stendin qarşısında dayanmışdı.
Hə, bir də Haluk Leventlə rastlaşdıq. Amma imanımı yandıra bilmərəm, onu kitab alan görmədim.
Fuarda Türkiyə sol hərəkatının təmsilçiləri də yetəri qədər iştirak edirlər. Hətta solçu, anarxist kitablar buraxan “Kaos” kimi nəşriyyat belə vardı. Bəzi stendlərdə Çe Qevaraya həsr olunmuş kitablar, bəzilərində Deniz Gezmiş, Hüseyn İnan, Yusuf Aslan və başqa inqilabçılara həsr olunmuş kitablar yer alırdı.
Fuarda ən çox gözə dəyən kitablardan biri isə yazıçı-jurnalist Can Dündarın “Abim Deniz” adlı yeni çıxan kitabı idi. Kitabda Deniz Gezmişin qardaşı Hamdi Denizin xatirələri yer alır. “Abim Deniz”in posterlərini İstanbulun müxtəlif yerlərində də görmək olardı. Jurnalist Cüneyt Özdemirin “Doğan” nəşriyyatında çap olunan “Eğlencesini yitiren ülke” adlı son kitabı isə artıq satılıb qurtarmışdı. Biz kitabı soruşduqda yenilərinin bir neçə saat sonra gələcəyini söylədilər.
Can Dündar, Cüneyt Özdemir, Sunay Akın və başqa məşhur yazar-şairlərlə görüş, imza günləri fuarın son günlərində olacaqdı. Xarici nəşriyyatların iştirakı 12 noyabrda bitdiyindən biz fuarın son gününə qala bilməyəcəkdik.
Elə bircə Türkiyə ordusunun sabiq baş qərargah rəisi, ordu generalı İlkər Başbuğun “20. Yüzyılın En Büyük Lideri Mustafa Kemal” kitabının imza günündə yaranmış “quyruq”u görmək bəs edərdi ki, Sunay Akının və başqa məşhur yazarların imza günündə yaranacaq növbəni təsəvvürümüzdə canlandıraq.
Amma gəlin mən sizə ordu-ordu kitab imzalatdıranları olan Sunay Akınlardan, Can Dündarlaran, Ahmet Ümitlərdən yox, daha kədərli şeylərdən danışım- saatlarla stendin qarşısında oturub heç olmaya bircə kitabınısa imzalatmaq istəyən oxucunu gözləyən şairlərdən. Aqşin demiş, çox miskin mənzərədir. Baxırsan yaşlı adamdır, gur saçları, çənəsinə çatan uzun, qalın bakenbardları, başında yan qoyulmuş şapkası, top saqqalı var. Ədası, duruşu, görkəmi də öz yerində-şairanədir. Qarşısına da onlarla kitabı düzülüb. Di gəl ki, bircə nəfər də kitab imzalatmaq istəyəni yoxdur. Və həmin şair stendə yaxınlaşan adama sanki başqaları eşidər deyə utandığından pıçıltıyla deyir: “Benim kitaplarım, ben yazdım”. Bunu eşidəndə adam istəyir cibini çevirsin, o yazarın-şairin masadakı bütün kitablarını alıb imzalatsın. Bu fuardan, bu kitab bayramından qoy o yazara da bir az pay düşsün...
Eh, gidi dünya! Oturmuşuq Bakıda, ağzımız isti yerdə, balaca bir cızmaqaramız çap olunan kimi təşəxxüslə deyirik: “Nobel Mo Yana verilməməliydi. Modianonun adını ilk dəfə eşidirəm. Nobel filankəsin haqqıdır”. Hələ müsahibələrdə belə sual verən jurnalistlər də olur: “Sizcə bizim əsərlərə niyə Nobel verilmir?”, “Nobeli Azərbaycana kim gətirəcək?”
Başını quma salmış dəvəquşuna bənzəyirik. Dünyadakı ədəbi proseslərdən xəbərsizik. Qürur, əda da yeri-göyü dağıdır. Utanmaz-utanmaz da ürəyimizdə nə vaxtsa Nobel almaq, dünyada tanınmaq haqqında düşünürük. Xəbərimiz yoxdur ki, dünyada ədəbiyyat naminə saç ağartmış, neçə-neçə kitablar yazmış nə qədər şair, yazar var ki, fuarlarda, kitab sərgilərində öz satılmayan kitablarını qabaqlarına düzüb utana-utana deyirlər: “Bu kitapları ben yazdım”.
Ax kim deyər ki, onlar da cavanlıqda Nobel almaq haqqında düşünməyib?!