Özünü Alisiya hiss etmək

Özünü Alisiya hiss etmək
12 noyabr 2014
# 13:54

Bizim ölkədə kitab oxunmur...

Cəmi beş yüz oxucumuz var...

Özümüz yazıb, özümüz oxuyuruq...

İndi yazıçı yoxdur...

Oxucularımı birbəbir tanıyıram...

Kitablarımız çap olunandan sonra özümüz aparıb mağazalara paylayırıq...

Ölkədə iki-üç nəşriyyat var...

Kitab təqdimatlarına ancaq dost-tanış gəlir...

Bu xalq kitab oxumur...

...

Bu kimi fikirlərin at oynatdığı ölkədə yaşayasan və İstanbulun məftunedici təsirindən qurtulmamış birdən-birə bu fikirlərə daban-dabana zidd olan sehrli bir aləmə düşəsən.

Luis Kerolun “Alisiya möcüzələr diyarında” əsərinin qəhrəmanı kimi.

33-cü İstanbul Beynəlxalq Kitab Fuarının keçirildiyi TÜYAP mərkəzini həqiqətən möcüzələr ölkəsi hesab etmək olar.

Ömrümdə bu qədər kitabı, kitaba bağlı olan bu qədər insanı bir arada görməmişdim.

Bir-birinə toxuna-toxuna, bir-birinin ardınca dabanqırma addımlayan insan izdihamı ilə bizdə ancaq Vosmoy bazarında rastlaşmaq olar.

Stendlər arasında rahat gəzişmək mümkün deyil. Mütləq kimdənsə xahiş etməlisən ki, sənə yol versin.

Kitab almaq üçün növbəyə durmalısan.

Bütün günü sərginin ərazisində izdiham yaşanır.

Fuara gələn ziyarətçilər arasında kimlər yoxdur: Əli uşaqlı analar, nəvəsinin qolundan tutub gəzdirdiyi əsalı qoca kişilər, hamilə qadınlar, uşaq arabasından boylanan ağzı soskalı uşaqlar, əlil arabasında stendləri dolaşan adamlar...

Qırx yaşında belə nə vaxtsa məktəb dərsliyində keçdiyi şairlərin, yazarların kitablarını deyil də ən son çıxan əsərləri, dünyaca məşhur yazarların kitablarını soruşan Yaşar kimi müğənnilər...

İmza mərasimində uzanan növbələr...

Şəkil çəkdirmək üçün üstünə hücum çəkən oxucularından sıyrılmağa can atan Ahmet Ümid, Küçük İsgəndərlər və bir də stendinə yaxınlaşan laqeyd ziyarətçilərə “bu kitabı mən yazdım, almaq istəməzsiz ki” deyən, yaşlı, dövranı getmiş, heç olmaya bircə oxucunun avtoqraf alacağına ümid edən miskin şairlər, yazıçılar...

Stendlərinin hər biri Bakının kitab mağazalarından azı üç dəfə böyük olan nəşriyyatlar...

Bir-birindən maraqlı tərtibatları, üz qabıqları, mövzuları, fərqli ideologiyaları ilə seçilən kitablar, jurnallar...

Kitab çapı üzrə müxtəlif parametrlərdə-ancaq solçuları, ancaq dindarları, ancaq anarxistləri, ancaq qadınları, ancaq gəncləri, ancaq klassikləri çap edən ixtisaslaşmış nəşriyyatlar...

TÜYAPIN ərazisindəki kafelərdə, restoranlarda azacıq nəfəsini dərib, fri kartof atışdıra-atışdıra, qəhvə içə-içə aldıqları kitablara göz atıb sonra təzədən yenilərini almağa tələsən oxucular...

Kitab axtarışı üçün qoyulmuş elektron tablonun qarşısında əksik olmayan adamlar...

Kitab naminə uzaqlığı, nəqliyyatda keçən vaxt itkisini göz alıb İstanbulun mərkəzindən azı iki saatlıq məsafədə yerləşən bir məkana gələn insanlar...

Və bütün bunları görəndən sonra özünü Alisiya kimi hiss etməmək...

Siz deyin, mümkünmü?

# 1934 dəfə oxunub

Müəllifin son yazıları

# # #