Proloq
Xüsusən indi, Nobel mükafatının dünyada öz imicini daha da möhkəmləndirdiyi bir dövrdə elə bir yazıçı çox çətin tapılar ki, həm Nobelə əl çatan məsafədə olsun, həm də ondan imtina eləsin. Əlbəttə, Nobel mükafatının alınması yeganə ədəbi göstərici deyil: Nobelli yazıçılar siyahısında elə yazıçılar var ki, onları dünya yalnız mükafat aldıqları gün tanıyıb, sonra da xəyal kimi yox olublar. Elələri də var ki, Nobel mükafatı almasalar belə ədəbiyyat tarixində həmişə yaşayacaqlar. Özü də təkcə böyük yazıçı olduqları üçün deyil, həm də böyük insan olduqları üçün...
Rusiya üçün Nobel
1933-cü ildə İvan Buninin Nobel mükafatını almasını nəzərə almasaq Rusiyadan, demək olar ki, heç kəs ədəbiyyat üzrə bu hörmətli mükafata sahib deyildi. Bunin isə rus ədəbiyyatını təmsil etsə də SSRİ-nin maraqlarına xidmət etmirdi, mühacirətdə olan qələm adamı idi. Üstəlik Avropada da belə bir fikri dolaşırdı; Nobel komitəsi irticaçı qüvvələrin maraqlarına xidmət edir, mükafatın verilməsində rus ədəbiyyatının nailiyyətlərini nəzərə almır.
Belə olan şəraitdə Komitə öz səhvini düzəltməli idi. Buna görə də İsveç Akademiyası münasib namizəd axtarırdı. Hətta bunun üçün SSRİ Elmlər Akademiyasının üzvü yazıçı Sergeyev-Senskiyə məktub yollayaraq rusların namizədlərini öyrənmək istəyirdilər. Əlbəttə, SSRİ-nin namizədi hazır idi: “Sakit Don” əsərinin müəllifi Mixail Şoloxov.
Ruslar gözləməkdə olsun, görək dünyada nələr baş verdi.
1957-ci ildə Boris Pasternakın “Doktor Jivaqo” əsəri italyan dilində nəşr olunur. Bundan sonra əsər dərhal Avropada şöhrətlənir. Sanki kiminsə gizli əli Pasternakı Nobel kürsüsünə aparırdı. Gözlənilən oldu, 1958-ci ildə mükafat Pasternaka “müasir lirik şeirdə və rus epik nəsrinin ənənələrinin davamında əldə etdiyi nailiyyətlərə görə” verilir. Bu, əlbəttə SSRİ-nin planları ilə heç üst-üstə düşmürdü.
Nobel Komitəsi barışıq yerinə açıq-açığına SSRİ-yə “savaş” elan etmişdi. Çünki komitənin seçdiyi namizəd SSRİ-də hakim dairənin bəyənmədiyi adam idi və komitə onu seçməklə yuxarıları qəzəbləndirmişdi.
Bu mübarizə ya davam etdiriləcəkdi, ya da Nobel komitəsi bu dəfə SSRİ-nin namizədini seçməli idi-Şoloxov.
Amma ruslardan bir namizəd də var idi ki, Avropada onu sevirdilər, qəbul edirdilər. Bu yazıçı Konstantin Paustovski idi. Əsərləri dünyanın bir çox dillərinə çevrilmişdi, tez-tez xarici səfərlərdə olurdu. Üstəlik adı Nobel mükafatı namizədləri arasında tez-tez hallanırdı.
Komitə onun adının üzərində dayana bilərdi, amma bir problem vardı. Pasternak kimi Paustovskini də SSRİ-də yuxarı dairələr sevmirdi. Əvvəla ona görə ki, Pasternak Nobel mükafatı alıb SSRİ-də təqib olunanda və ən savadsız adamlar belə onu oxumaya-oxumaya bəyənmədiklərini car çəkdikləri halda Paustovski “Doktor Jivaqo”nun müəllifini müdafiə etmişdi. Buna görə hətta tədbirlərin birində Pasternaka qarşı çıxan bir yazıçının əlini sıxmaqdan imtina etmişdi.
SSRİ-nin hakim dairələri bəlkə də Paustovskinin bu asiliyini bağışlayardı, əgər Paustovski ikinci dəfə yuxarıları hiddətləndirməsəydi.
1965-ci ilin sentyabrında Moskvada ədəbiyyatçılar Andrey Sinyavski və Yuliy Daniyel həbs olunur. SSRİ-də nəşr oluna bilməyən yazıçılar əsərlərini gizli yolla ötürüb başqa adla Qərbdə çap edilirdilər. DTK bunu müəyyənləşdirərək yazıçıları həbs edir. Bu hadisə Qərb mətbuatının gündəmindən düşmür, SSRİ-ni yazıçıları azad etməyə çağırır.
Yeri gəlmişkən yazıçıların adlarını DTK-yə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin ötürdüyü söylənilir. Vyetnamla müharibəyə görə Amerikanın dünya mətbuatında korlanan imicini xilas etmək və bir az da qəzet manşetlərindən uzaqlaşmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin işçiləri Qərbdə gizli çap olunan yazıçıların adlarını DTK-yə açıqlayır, üstəlik Qərb mütbatında gündəmdə qalmaları üçün əlində olan vasitələrlə diqqəti ona yönəldir.
Qayıdaq mövzumuza. Vicdanlı yazıçı bu dəfə də susa bilmir, Sinyavski və Daniyelin həbsinə münasibət bildirərək, dövlətin bu əməlini pisləyir.
Bəlkə də o ərəfələrdə, adı Nobel mükafatı namizədləri sırasında hallanan Paustovski susub etiraz etməsəydi mükafatı alardı. Amma o, susmur, açıq-açığına həbs olunan yazıçıları dəstəkləyir. Beləcə o, Nobelə gedən yolunu kürsüyə deyil, dalana aparır.
Artıq SSRİ hakim dairələrinin qara siyahısına düşən yazıçıya Nobel verilməsi imkansız idi. Çünki Nobel komitəsi SSRİ ilə münasibətləri düzəltmək istəyirdisə o zaman mükafat Şoloxova verilməli idi. Üstəlik Komitənin başqa maraqları da vardı. O, Andrey Sinyavski və Yuliy Daniyelin azad olunmasına çalışırdı. Belə deyirlər ki, Nobel Komitəsi həbs olunan yazıçıların azad olunmasının əvəzində mükafatı SSRİ-nin məşhur yazıçısı, Sovet ideologiyasının alovlu tərənnümçüsü Mixail Şoloxova veriləcəkdi, gizli danışıqların nəticəsi belə idi.
O cür də oldu. 1965-ci ildə Nobel üzrə Ədəbiyyat mükafatı Mixail Şoloxova verildi.
Epiloq
Beləliklə Konstantin Paustovski Nobelə layiq olduğu halda o mükafatı ala bilməyən yüzlərlə yazıçıdan birinə çevrildi. Bəs görəsən fransız dilinə tərcüməçisi Lidiya Delektorskaya “Lidiya Nikolayevna, yadda saxlayın, qocalar (Nobel komitəsinin münsiflərini nəzərdə tutur) mənə mükafat verməzlər, mükafatı ikinci dəfə “sadiq olmayan” yazıçıya verib SSRİ ilə münasibətləri daha da korlamaq istəməzlər” deyən yazıçı istəsəydi mükafatı almaq üçün lazımı yerlərdə susmazdımı? Bircə dəfə susa bilsəydi, bəlkə SSRİ ilə də münasibətləri düzələr, Nobeli də ala bilərdi. O, isə buna getmək istəmədi və beləliklə Nobelli yazıçılar siyahısına qatılmadı. Vicdanını bütün mükafatlardan, madiyyatdan üstün tutdu. Lakin Nobelin Şoloxova verildiyi tarixdən bir il əvvəl məşhur müğənni Marlen Ditrixin timsalında Paustovskiyə elə bir xoşbəxtlik nəsib olmuşdu ki, belə xoşbəxtlik də dünyada hər yazıçıya nəsib olmur. Amma... Qoy bu əhvalat da başqa bir yazının mövzusu olsun!