Qatil Lent.az-da

Qatil Lent.az-da
2 iyul 2011
# 11:10
Bu qızmar yay günlərində “Ən yeni ədəbiyyat” seriyasından daha bir kitab çıxdı.

Şərif Ağayarın “Harami”si.

Əsərin adının öldürücü isti, ilan mələşən çölllərlə assosasiya olmasına baxmayaraq, oxucunu sərinlədir.

Kitabı aldığım gün gecə başladım oxumağa. Üçcə saata da bitirdim.

Şərif romanını çox gec yazdı.

Onun yaşıdları çoxdan heç olmaya birini yazmışdı. Bu neçə ili isə Şərif müasir romançılıqdan, onun xarakter və xüsusiyyətlərindən, semiotikadan, klassik ədəbiyyatdan danışırdı.

Sən demə, Şərif bütün bunları “Harami”də cəmləyəcəkmiş.
Roman birinci şəxsin dilindən yazılıb. Qaçqın düşmüş, hələ üstəlik iki min dollar borcu olan talesiz Rüstəmin dilindən. Amma o özündən danışmır. Gördüyü, tanıdığı qoçaq, qəhrəman bir adamdan danışır. Səməndərdən.

Əsər Səməndərin ölüm səhnəsi ilə başlayır. Bundan sonra bu “bədheybət”in uşaqlığı, gəncliyi ilə tanış oluruq.

Səməndər bildiyimiz, tanıdığımız adi oğrudur. Cəmiyyətin sıradan qanunları ilə yaşamayan birisidir. Buna görə də yaşamaq üçün özünə uyğun bir yer seçib – Harami düzünü. Bu düz cəmiyyətlə təbiət qanunlarının sərhədlərinin ayrıldığı yerdir. Belə adamların yeri ya türmə olmalıdır, ya da, ya da elə Harami.

Şərif “Harami”də roman haqqındakı bütün bilik və bacarıqlarından maksimum yararlanıb. Əsərin vahid süjeti yoxdur, üstəlik əsərdə üç sərbəst mətn var. Bölmələr isə çox qısa, yığcam yazılıb. Bu da oxucunu yormur. Kitabı bir nəfəsə oxumağa imkan yaradır.

Əsərdəki əhvalatlar bizi indiki zamandan ayırır, Səməndərin uşaqlığı, keçmişi ilə bağlayır. Bu əhvlatlar həm də əsərin balansını qorumağa hesablanıb, Səməndəri oxucunun gözündən düşməyə qoymur.

“Gündəliklər” isə xarici görkəmcə bir az Səməndərə bənzəyən Rəcəb İvediklə başlayıb, onun qatilinin axtarılması ilə yekunlaşır və nəhayət, müəllifin təhkiyəsi ilə qovuşur.

Səməndəri kim öldürdü? Rüstəmi də, onun dostu, çatda söhbətləşdikləri Şərif Ağayarı da bu sual düşündürür. Onların çat söhbəti bu qətlin tarxiçəsini qədim yunan mifologiyasına kimi aparıb çıxarır.

Türmədə yatan Xalidə də əsərin sonunda uşaqlarına məktubunda Səməndəri onun öldürmədiyini yazır. Ancaq qatili tapmaq üçün qədim dastanlara baş vurmaq gərək deyil. Qatil “Xosrov və Şirin” əsərində gizlənib.

Pəncərədən girdi bir divsifətli,
Məhəbbət düşməni çirkin xislətli.
Qəzəbdən qəssab tək bulaşmış qana,
Nəffat tək od səpdi kini hər yana.


Səməndərin oğlunun adı da təsadüfən Şiruyə seçilməyib. Əsərlərində təkcə sözlərlə deyil, əşyalarla, hadisələr, obrazların adları il də oxucuya informasiya ötürməyə çalışan Şərif məhz buna görə Səməndərin oğluna Şiruyə adını verib.

Şiruyə Səməndərin imam nikahlı arvadı, həmyaşdı Fatmaya vurulmuşdu.

Səməndərin qatili Xalidə türmədə Lent.az-ın “məhbusələr” rubrikasına müsahibə verir.

Xəbər portallarında tez-tez ərin arvadını, arvadın ərini öldürməsi ilə bağlı cinayət hadisələrinə rastlaşsaq da, çox vaxt xəbəri tam oxumadan üstündən keçirik. Amma heç düşünmürük ki, qılımızı belə dəbərdmədən üstündən keçdiyimiz bu ailə qətllərinin arxasında necə faciəvi həyat hekayələri gizlənir.

Bu hekayətlərdən biri ilə məhz “Harami”də tanış ola bilərsiz.

Təbii ki, əgər oxusanız.
# 3368 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #