Tapşırıqlara əməl etmək, yoxsa vicdanın səsinə qulaq asmaq? - Məhəmmədin müqəddəs toxumu

Tapşırıqlara əməl etmək, yoxsa vicdanın səsinə qulaq asmaq? - Məhəmmədin müqəddəs toxumu
7 noyabr 2024
# 17:00

Kulis.az Məhəmməd Rəsulofun 2024-cü ildə ekranlaşdırdığı "Müqəddəs əncirin toxumu" filmi haqqında Mirmehdi Ağaoğlunun "Əncir toxumunun gücü" adlı resenziyasını təqdim edir.

İnqilab məhkəməsinə yenicə istintaq hakimi təyin olunan İman – sevinclidir. Maaşı ilə yanaşı hörmət və izzəti də artacaq, üstəlik, ailəsi dövlət işçiləri üçün nəzərdə tutulan mikrorayonda daha geniş mənzilə sahib olacaq, qızları ayrıca otaqlarda qalacaqlar. Bu təyinat İmanın vəzifə olimpinə yüksəlməsi üçün böyük şansdır, iyirmi ildən çox hüquq təcrübəsi olan İman axır ki, əziyyətinin bəhrəsini görəcək…

Lakin hər bir vəzifənin gətirdiyi imtiyazlarla yanaşı, istintaq hakimi vəzifəsinin çətinlikləri də az deyil: Birincisi, təhlükəsizlik məqsədilə İman belində tapança gəzdirməlidir, düşmənləri törəyəcək. İkincisi, ailəsi bundan sonra hər addımına diqqət yetirməlidir, xüsusilə, 21 yaşlı Rizvan və ondan kiçik Səna küçədə-bayırda çadrasız gəzməməli, oturub-durduqları adamları seçməli, sosial şəbəkədən kənar dayanmalıdırlar. Xüsusilə atalarının vəzifəsi haqqında kimsəyə bir kəlmə də…


İranda həbsə məhkum olduğu üçün ölkədən gizli yollarla qaçan və Kann Festivalında Münsiflərin Xüsusi Mükafatını qazanan rejissor Məhəmməd Rəsulofun 2024-cü ildə ekranlaşdırdığı “Müqəddəs əncirin toxumu” filmi belə başlayır.

Rəsulof ekran işində İran hakimiyyətini tənqid atəşinə tutur, xüsusilə 2022-ci ildə gənc Məhsa Amininin ölümü ilə müşayiət olunan nümayişləri və bu dövrdə İranın güc strukturlarının aksiyaları yatırmaq üçün törətdikləri qəddarlıqları göstərir. Bunun üçün rejissor real kadrlardan da faydalanır. Üstəlik, qadınları evin içində başıaçıq çəkir ki, bu da İran filmi üçün görünməmiş hadisədir.

Tərslikdən İmanın təyinatı aksiyaların qaynar dövrünə təsadüf edir. İran dövləti xüsusi qəddarlıq nümayiş etdirərək ağına-bozuna baxmadan baş qaldıranların başını edam kəndirinə keçirir. Elə ilk gündə İmanın qarşısına qalın cinayət işi qoyulur və dərhal imza atması tələb olunur: İyirmi bir yaşlı gəncin edam hökmü. İman işi oxumaq üçün vaxt lazım olduğunu söyləyəndə ona incə şəkildə izah edilir ki, bunu prokuror imzalamağı əmr edib. İman yerinə təyin olunduğu sələfi də imza atmaqdan imtina etdiyi üçün vəzifəsindən kənarlaşdırılıbmış. O seçim etməlidir, ya qabağına qoyulan cinayət işlərini oxumadan imza atmalı, dolayısı ilə nümayişlərdə aktivlik göstərən, qızları yaşında olan gəncləri edam kəndirinə göndərməli, ya da vəzifəsi, yüksək maaşı, geniş mənzili ilə vidalaşmalıdır. Mümkündür ki, daha onu heç yerdə işə götürməsinlər.

Çətin sınaq qarşısında qalan İman böyük tərəddüd içindədir, vicdanı ona dinclik vermir. İşdə tapşırılanlara qeyd-şərtsiz əməl etsin, yoxsa vicdanının səsinə qulaq assın?

Çox keçmir, çətinliklə də olsa İman Şər qarşısında təslim olur və onun bir parçasına çevrilərək, gəncləri edama göndərir…


Hər axşam evə gəlib suyun altına girməsi ilə elə bilir vicdanı təmizlənəcək. Vicdanını satanların ilk sadəlövhlüyü. Halbuki su vicdan çirkini yumur. Qəlbdə toplanan kir, pislik böyüdükcə, qalın lil təbəqəsinə çevrilib bütün nəcib hisslərin üzərini örtür, zəbt etdiyi qəlbi qəddarlaşdırır. İman, uşaqlarına daha əvvəlki kimi vaxt ayıra bilmir, gərgindir, səhər sübhdən evdən çıxır, bir də gecəyarı qayıdır, gün ərzində yüzlərlə nümayişçinin edama göndərilməsi ilə bağlı hökm imzalayır. Bu gərginlik ailədəki mehribanlığa da sirayət edir.

İran filmindən danışırıqsa, bu məqamda bir Şərq pritçasını xatırlamaq yerinə düşər: Bir gün başdan-ayağa ağ geyinmiş bir zahid küçə ilə gedirmiş. Qabağına bizim yağışdan sonrakı Bakı küçələri kimi palçıqlı yol çıxır. Zahid əbasının ətəyini qaldırıb yolun kənarındakı daşların üstü ilə ehtiyatla yeriməyə başlayır. Birdən ayağı büdrəyir, palçığa yıxılır, ayaqqabısı, paltarı bulaşır. Zahid ayağa durub yolun ortası ilə qaçmağa başlayır. Ondan niyə belə etdiyini soruşanda cavab verir ki, pisliyin-palçığın azı-çoxu olmur. Bir dəfə batdınsa, artıq çirklisən.
İman da bir dəfə Şərə boyun əydikdən sonra daha bu yoldan dönə bilmir, əksinə, Şər onun qəlbinin dərinliklərinə nüfuz edir, onu öz vəzifəsindən möhkəm yapışmağa vadar edir. Hətta arvadı ilə söhbətdə özü üçün bəhanə də uydurur: Əgər edama göndərdiyi gənclər təqsirsizdirlərsə, bunun günahı prokurorun boynunadır, çünki əmri verən odur.

Tərslikdən İmanın arvadı Nejmeh nə qədər qorumağa çalışsa da, qızları artıq gənclərin yoluxduqları azadlıq, “çadraya yox!” epidemiyasına tutulmaqdadırlar. Xüsusilə Rizvanın universitet yoldaşı Səda özünün azad rəftarı ilə bacıları yoldan çıxarır. Baxmayaraq ki, Nejmeh Sədanın onlarda qalmağına izin vermir.

Bacılar artıq nəinki hökumətin rəsmi epikrizində yazıldığı kimi, Məhsanın ürəktutmasından öldüyünə inanmırlar, üstəlik, telefondan, evin açıq pəncərəsindən eşitdikləri “rədd olsun diktatura”, “rədd olsun teokratiya” kimi şüarları coşqu ilə qarşılayırlar. Hələ analarına da cavab qaytarırlar, televiziya kanallarının yalan yaydığını deyib evin içində atanın da təmsil etdiyi rəsmi ideologiyaya etiraz edirlər.


İman hesab edir ki, o, Allahın əmrlərini icra edir, aksiya törədənlər isə Allahın qanunlarına qarşı çıxdıqları üçün cəzalanmalıdırlar. Qızlar isə atalarına etiraz edirlər: İnsan azad olmalıdır; dövlət nümayişçilərə qarşı qəddarlıq nümayiş etdirir, günahsız insanları öldürür.

Belə günahsız insanlardan biri də Rizvanın gözü qarşısında üzündən ağır yaralanan Sədadır. Nejmeh bilə-bilə ki, qız həkimə gedəcəyi təqdirdə həbs ediləcək, yenə də onu evində saxlamaqdan imtina edir.

Ölkədaxili və evdaxili gərginliyin yüksəldiyi şəraitdə qəfildən İmanın tapançası da yoxa çıxır. Əgər silah tapılmazsa, onu vəzifəsinin əldən çıxması və üç ilə qədər həbs cəzası gözləyir. Evdəkilər tapançanı götürmədiklərini söyləyirlər. Baş verənlər İmanı paranoya vəziyyətinə salır. O, arvadı və qızlarını istintaq idarəsinin şefi olan dostu Əlirzanın yanına apararaq dindirməsini istəyir.

Bədbəxtlik İmanın üstünə sel kimi gəlir. Silahının itməsi ilə paralel, nümayişçilərin edam edilməsində əlləri olan şəxslərin adları və ünvanları internetdə yayılır. Artıq İman və ailəsi təhlükədədirlər, bir müddət şəhərdən qaçıb gizlənməlidirlər.

İman tərk edilmiş əyalətdəki evlərinə gəlir. Bura dağ döşü boyu üst-üstə tikilmiş torpaq evlərdən ibarət tərk edilmiş qəsəbədir. Qəsəbədə yalnız hansısa bir türbədən işıq gəlir, qalan bütün evlərin işığı sönüb. İman burada ailəsinə istintaq quraraq silahı kimin götürdüyünü öyrənmək niyyətindədir…

“Müqəddəs əncirin toxumu”nun əvvəlində belə bir epiqraf verilir: Əncir ağacının toxumu quşlar vasitəsilə başqa ağacların gövdəsinə düşərək onun içində kök salır, böyüyür, nəhayət həmin ağacı məhv edir. İynə ucu boyda toxum qocaman bir ağacın ölümünə – fəlakətinə çevrilir.

Filmdə əncir toxumu azadlığın, zülmdən xilasın simvolu kimi verilir. İmanın ailəsinə düşən əncir toxumu boyda azadlıq havası sonda onun despotizminə son qoyduğu kimi, qadınların çadra əleyhinə aksiyaları da İranın nicatı kimi göstərilir.


Lakin “əncir toxumu” simvolu başqa bir yozuma da açıqdır: İmanın işdə Şərin xeyrinə atdığı balaca bir imza onun evinə də sirayət edir, filmin əvvəlində göstərilən ailə səadəti məhv olur. İmanın başqa gənclərə qarşı zalımlığı onun qızlarının taleyini dəyişir.

“Müqəddəs əncirin toxumu”nda ata İran hakimiyyətinin rəmzidir. Adının İman seçilməsi də təsadüfi deyil. O hələ gənc ikən İmam Rza kompleksində yoldaşları ilə birlikdə Allahın qanunlarının yayılmasına xidmət edəcəyinə and içib. Buna görə də İman mühakimə etmir, əmrə müntəzirdir. Yeri gəlmişkən, böyük qızın adı da təsadüfi seçilməyib. Rizvan Cənnətin qapılarında dayanan mələyin adıdır, Cənnətə layiq olmayanları içəri buraxmır. Rizvan isə onların ailəsindəki çatları başladacaq rəfiqəsini – azadlıq sədasını gətirən Sədanı – evə çağırır, bir növ, öz cənnətlərinə daxil edir.

İman başa düşür ki, onu vəzifəyə hüquq bacarıqlarına görə deyil, verilən əmrləri yerinə yetirməsi üçün qoyublar. Şərə xidməti seçən İman başqa gənclərin taleyini yarıda qoymaqla, dolayısı evində böyütdüyü qızlarının da rifahını pozur, onun özünün ailəsi dağılır. Gəldikləri qəsəbədə İmanın qəddarlığı daha da artır. Nejmeh və Rizvanı tutub dama salır və atasının silahını oğurlayan Sənanı axtarır. Sonda Səna anası və bacısını xilas edir. Onlar tərk edilmiş palçıqdan tikilmə evlərin arasında qaçıb gizlənməyə çalışırlar, İman onları axtarır.

Tərk edilmiş qəsəbənin evləri arasındakı dar cığırları etiraz dalğası bürüyür, azadlığın, üsyanın rəmzi olan ana və qızları qaçır, despotizmin rəmzi olan ata isə onları qovur. Ailənin bütün fərdlərinin üz-üzə gəldikləri yekun səhnədə Sənanın açdığı atəşlə dam uçur və İman bir neçə mərtəbə aşağı düşərək torpağın altında qalır, təkcə üzüklü əli görünür. Burada üzüklü əl – hakimiyyətin simvoludur. Rejissorun sanki qəsdən bir neçə dəfə kişilərin sağ əllərindəki üzüyə fokuslanması, hakim ideologiya və onların gücünə işarədir. Təsadüfi deyil ki, Səna da dindirilmə zamanı gözünə bağlanan parçanın altından yalnız Əlirzanın barmağındakı üzüyü görür. Yeri gəlmişkən, filmin əvvəlində İnqilab məhkəməsinin binasında ümumi planda maketi göstərilən Qasım Süleymaninin meyiti də yalnız əlindəki üzüklə müəyyənləşmişdi.


Tərk edilmiş qəsəbə isə sanksiyaların və rejimin qəddarlığı altında boğulan İranın rəmzidir. Rejissor despot İmanı məhz burada öldürməklə ölkəsinin gələcəyi ilə bağlı ümidverici mesajlar verir.

Lakin zənnimcə, sonluq plakat xarakterli alınıb, bu qədər açıq mesaj vermək yerinə, daha maraqlı sonluq tapmaq olardı.

Şiddətdolu realistik kadrları özündə ehtiva edən “Müqəddəs əncirin toxumu” ümidli ovqatla bitir. İmanın ailəsinə düşən əncir toxumu boyda azadlıq qızların ata istibdadından xilas olmasına gətirib çıxarır. Rizvan və Səna evin içində Şərə qalib gəlirlər, qalır çöl.

Peyğəmbər adını daşıyan rejissorun qeybdən xəbərvermə bacarığının olub-olmamasını isə gələcək göstərəcək. Yaşayarıq, görərik.

/Kinoyazar/

# 1043 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #