Kitabı necə oxuyaq: çap məhsulu kimi, yoxsa bukriderlə?

Kitabı necə oxuyaq: çap məhsulu kimi, yoxsa bukriderlə?
16 sentyabr 2014
# 16:17

Yeni texnologiyalar həyatımızın hər sahəsinə nüfuz edib. Artıq telefon kimi əlaqə vasitələrini skype, whatsapp və başqa proqramlar, televiziyanı youtube əvəz edib. Texnoloji yeniliklər sürətlə həyatımıza girir, öz yenilikləri ilə bizi təəccübləndirir. Bunlardan biri də elektron kitablardır.

İngilislərdə “digital book”, ruslarda “читалка” darixtisaslı planşet kompüterlərinin ümumi adıdır, elektron formada olan mətn informasiyalarını oxumaq üçündür. Onların kompüter, planşet və subnotbuklardan əsas fərqli məhdud funksiyaya sahib olması və avtonom şəkildə daha çox işləyə bilməsidir.

Bukriderlərin displeyləri “elektron kağız” xüsusiyyətinə malikdir. Bu texnologiya nəticəsində bukriderlər sadəcə boz rəngin bir neçə çalarını əks etdirir. Bukriderlərin displeyi işıq saçmır, bu da həm batareyaya qənaət etməyə, həm də kitabı rahat oxumağa imkan yaradır.

Yazar Zamin Hacı beş ildən çoxdur ki, bukrider işlədir. Onun fikrincə bukriderlərin bir sıra üstünlükləri var: evdə yer tutmur, özünlə bir kitabxananı hər yerə daşıya bilərsən, hansısa kitabı almaq üçün mağazaları gəzməyə ehtiyac qalmır, dərhal internetdən endirə bilirsən. Zamin Hacı elektron kitabxanasında minlərlə kitabın olduğunu deyir: “Hardasa 4-5 geqabaytlıq kitablardır. Onları kağız formasında evə yerləşdirmək olmazdı.”

Zamin Hacı Azərbaycanda bukriderlərin geniş yayılmadığından şikayət edir: “Mən rideri Amerikadan aldırmışam. O vaxt Bakıda yox idi. Əslində mən sizə deyim ki, indinin özündə də Bakıda rider çox azdı. Bunun özü də bir şəhərin, yaxud ölkənin kitab sevgisinin ölçmək üçün çox yaxşı meyardır. Azərbaycanlılar kitab oxumur. Amma maraqlansaq görərik ki, rider xarici ölkələrdə çox populyar qurğudu. Çünki kağız kitab öz yerini elektron kitaba verib.”

O, əsasən rus dilində kitablar oxuyur. İnternetdə rusca elektron kitablar geniş yayıldığından demək olar ki, pulla almır: “Elektron variant kitabın kağız formasından dəfələrlə ucuz olur. Bir kağız kitabın yerinə bir neçə elektron kitab almaq olur”.

Ən çox yayılmış bukrider növlərindən biri də Amazon.com saytının “Amazon kindle” adlı cihazlarıdır. Amazon.com saytı kindllər istehsal etməklə yanaşı bu qurğulara tətbiq olunan elektron kitablar hazırlayır. Artıq ingilisdilli ölkələrdə yeni çap olunan kitabların bir çoxunun paralel olaraq Amazonda da elektron versiyaları peyda olur.

Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz müxtəlif saytlarda elektron kitabların yayılmasını təqdirəlayiq hal hesab etsə də bukriderlərin istifadəsinin o qədər geniş yayılmadığını bildirir: “Bir müddət əvvəl Amazon.com saytının kindli, Ukraynanın bukrideri populyarlaşmışdı. Amma deməzdim ki, kütləvi yayıla bildi. Azərbaycanda bu qurğularla kitabların oxunması elə də güclü inkişaf etməyib. Bu qurğulardan kitabların oxunması üçün kitabın özü elektron formaya çevrilir. Bundan sonra oxucular ondan rahat şəkildə istifadə edirlər”.

Ölkəmizdə bukriderlərin populyar olmamağının səbəbini Osman Gündüz oxucuların elektron kitabların oxunmasına uyğunlaşmamağında, mentalitetdə, vərdişlərdə görür.

Zamin Hacı da bukriderlərin gözə heç bir ziyanının olmadığını deyir. Amma bukrider almaq istəyənlərə məsləhət görür ki, internetə giriş imkanı olan qurğular almasınlar: “Bu cür riderlər oxucunu yayındırır. Bəzilərində də musiqi dinləmək olur. Belələrini məsləhət görmürəm”.

Yazar kitabın yerini bukriderlərin vermədiyini deyənlərə də özünəməxsus cavab verib: “Riderin kağız kitabdan heç bir fərqi yoxdur. Rider də bir mərhələdi. Qabaqlar mixi əlifba ilə daşda yazırdılar. Sonra Misirdə papirus, Çində kağız kəşf olundu. Daha sonra dana dərisi üzərində yazdılar, perqamentlər peyda oldu. Quttenberq çap maşının kəşf elədi. İndi də bu texnologiyaların dövrüdür. Buna etiraz eləmək olmaz. Bizdə məsələni pis qoyurlar, kağız kitab ya rider? Hər ikisi. Sənə hansı sərf edir, onu oxu. Ay iyləyəcəm, ay burnumu sürtəcəm, bunlar hamısı bəhanədir.”

Son illər genişekranlı mobil telefonların, smartfonların istehsalı bukriderlərin “bazar”ına xeyli təsir edib. Bu telefonlarda olan kitab oxuma funksiyaları sayəsində “playmarket”lərdə, “appstore”larda, “googlemarket”lərdə olan pulsuz və pullu kitabları yükləyib oxumaq olar.

Osman Gündüzün fikrincə müasir smartfonlarda oxumaq imkanı populyarlaşandan sonra kindl və bukriderlərin istifadəsi zəifləyib: “Genişekranlı telefonlarda müxtəlif tətbiqetmə proqramları vasitəsilə kitabları oxumaq olur. Bu smartfonların müxtəlif əplikeyşnları var, onları əldə edib rahat şəkildə kitab oxumaq olur.”

Jurnalist-tərcüməçi Samir Abdulla son bir neçə ildə kitabları yalnız telefonla oxuyur: “Mənə bu cür oxumaq çox rahat gəlir. “PlayMarket”dən telefonuma “Cool Reader” adlı proqram yükləmişəm. Analoji proqramlar da çoxdu, sadəcə mən buna öyrəşmişəm, səhifənin rəngini, işıqlılığını, şriftləri və s. dəyişmək olur. Öz optimumunu tutandan sonra yorğunluq nədir bilmirsən.”

Samir Abdulla kitabları pulsuz yükləmə saytlarından əldə edir. Onun dediyinə görə belə saytlar olduqca çoxdur. Sadəcə azərbaycanca tətbiqlərin olmadığından şikayət edir, buna görə də oxuduğu kitabların hamısı rus dilindədir.

Virtual marketlərdə Azərbaycan dilində kitabların tətbiqləri yox dərəcəsindədir. Bizdən fərqli olaraq qonşu Rusiyanın internet məkanında, telefonlar üçün inteqrasiya edilmiş kitab-tətbiqlər tapmaq mümkündür. Bu kitabların arasında Puşkin, Lev Tolstoydan tutmuş ən müasir rus yazarlarının, dünya yazarlarının, bestseller müəlliflərin əsərləri yer alır. Türkiyə də bu məsələdə bizdən xeyli irəlidədir.

Bəs virtual marketlərdə Azərbaycan dilində kitablar niyə yoxdur?

Osman Gündüzün fikrincə kitabları mobil əplikeynşə çevirmək çoxlu maliyyə tələb edir: “Onlar gərək mobil əplikeyşnə inteqrasiya olunsun və tətbiq hazırlansın. Bu da kommersiya baxımından əlverişli olmadığına görə gərək buna dövlət dəstəyi olsun, qrant ayrılsın.”

# 4075 dəfə oxunub

Müəllifin son yazıları

# # #