“Aqil Abbas məni təbrik eləmədi, 100 manat verdi”-MÜSAHİBƏ

“Aqil Abbas məni təbrik eləmədi, 100 manat verdi”-MÜSAHİBƏ
6 mart 2015
# 21:55

"Kulis" tənqidçi, filologiya elmləri doktoru Tehran Əlişanoğlu ilə müsahibəni təqdim edir.

- Tehran müəllim, 55 yaşınız tamam oldu və bu münasibətlə “Müstəqillik körpüsünü keçənlər” adlı kitabınız çap olunub. Sizin yaradıcılığınızda müxtəlif nəsillər haqqında yazılar var. Amma nədənsə kitabda 1960-70-ci illərdən yaradıcılıqla məşğul olanlar haqqında yazılar yer tapıb. Ümumiyyətlə bu ad nəyi ifadə edir?

-Doğru müşahidədir. Vurğu məhz buna vurulub. Azərbaycan ədəbiyyatında müstəqillik dövründən əvvəl də olub, müstəqillik illərində fəaliyyətini davam etdirən ədiblərin yaradıcılığına. 60-cılar, 70-cilər, 80-cilər nəslindən olan yazarlar haqqında yazılar. Amma diqqət etmisizsə, kitabın sonuna doğru sovetin çökməsi ilə ədəbiyyata gələnlər, məsələn, Salam Sarvan, Məqsəd Nur, Nərmin Kamal barədə yazılara da yer verilib. Məqsəd alt qatda həm də prosesi fiksə etməkdir: müstəqillik illəri Azərbaycan ədəbiyyatında və Azərbaycan ədəbiyyatından necə görünür.

-Bu kitabda təkcə yazıçılar, şairlər deyil, tənqidçilər, ədəbiyyatşünaslarla bağlı yazılar da var, Bəkir Nəbiyev, Nərgiz Paşayeva, Səlahəddin Xəlilov, Şirindil Alışanlı və başqaları. Siz ədəbi prosesi üzvi bir sistem kimi görürsünüz. Ona görə də yazıçılar və ədəbiyyatşünaslar bir kitabdadır?

-Tamamilə doğrudur. Ümumən ədəbi-tənqidi fəaliyyətimdə də ədəbiyyatı heç zaman onun rezonansı-resepsiyasından ayrı bilməmiş, ayırmamışam. Bunu mən vahid bir sistem kimi qavramışam. Ədəbiyyat dəyişirsə, ədəbiyyatı öyrənən elm də dəyişir; hər halda dəyişməlidir! Ədəbiyyatşünaslıq ədəbiyyatdan ayrı deyil.

-Sovet dövründə hər bir ədəbi nəslin yazıçısı da, tənqidçisi də vardı. Bu barədə ən yaxşı nümunə 60-cılardır, onların Yaşar Qarayev, Tofiq Hacıyev kimi ədəbiyyatşünası, tənqidçisi vardı. Siz özünüzü hansı nəslə aid edirsiniz?

-Mənim ilk mətbu yazılarım 1980-ci illərə təsadüf edir. Amma özümü bir tənqidçi, ədəbiyyatşünas kimi, müstəqillik illərində təsdiq edə bilmişəm. 80-cilərin taleyi sovet dönəminin qürubuna düşdüyündən özlərini kifayət qədər göstərə bilmədilər. Bu illərdə dərc olunmuş yazılarım çox azdır. Nəsil bölgüsü ədəbiyyatçının özünü nə zaman ədəbiyyatda hiss etməsi, tanıması və mövqeyini təsdiq etməsindən başlayır. Bu mənada ədəbi tənqiddə klassik 80-cilərdən Nizami Cəfərovu misal göstərə bilərəm. Bu kitabda da haqqında yazı var. Mənim ədəbi prosesə girməyim bir qədər ləngimiş, müstəqillik illərinə təsadüf edir. Aktiv fəaliyyətimi 1995-1997-illərdə, “Press-fakt” qəzetində həftəlik çap etdirdiyim yüz ədəbiyyat söhbətindən hesablayıram. Yeri gəlmişkən, üstündən 20 il ötür, sponsor tapsam, həmin yüz “Ədəbiyyat söhbəti”ni kitab şəklində çap etdirəcəm. Bu elə bir dövr idi ki, ədəbiyyatda da, ədəbi prosesdə də durğunluq yaşanırdı və ədəbiyyat söhbətləri də məhz o nöqtədən başlanırdı. “Müstəqillik körpüsünü keçənlər” kitabında ondan sonrakı ədəbi-tənqidi fəaliyyətimdən seçmələr toplanıb. Burdakı ilk yazı 1992-ci ilə, son yazı 2014-cü ilə aiddir...

-Tehran müəllim, tənqidin missiyasını aydınlaşdırmaq üçün bir sual verəcəm. Kitabda 20-30 adam haqqında yazılar var. O adamların yaradıcılığını oxuyan və oxumayanlar üçün bu yazılar nə ifadə edir? Məsələn, kitabda Aqil Abbas haqqında yazı var. Aqil Abbas;n kitabını oxuyanlar üçün bu yazı nə ifadə edir, oxumayanlar üçün nə ifadə edir?

-Xəbəri olmayanlar üçün kitab müstəqillik illəri ədəbiyyatına dair informasiya və maraq mənbəyi ola bilər. Dövr ədəbiyyatına, yazıçıların yaradıcılığına maraq oyada bilər. Ümumən, yazıların forması belədir ki, çalışmışam bəhs açdığım hər bir qəhrəmanımın ədəbiyyata gəlişi, yeri, fəaliyyəti barədə dürüst informasiya və öz dəyərləndirməmi verim. Bələd oxucular üçün bu həm də predmet və qəhrəman haqqında təsəvvürləri, düşüncələrini zənginləşdirmək deməkdir. Oxucu yazarın bugün ədəbiyyatda kim olması və yığcam şəkildə keçdiyi yolu, hardan-hara gəldiyini görə bilər. Təbii ki, mənim rakursum, təqdimatımda. Mövlud Süleymanlı haqqında yazını götürək. “Erməni adındakı hərflər” romanına dair bu yazı, bilirsiz ki, “Oxuzali.az”ın keçirdiyi roman müzakirələri gedişində yaranmışdır. Amma bircə yazı ilə həm də bütövlükdə Süleymanlı yaradıcılığına münasibətimi, sovet dönəmindən fərqli olaraq müstəqilliyin kontekstində necə görünməsini açmaq istəmişəm. Eləcə də digər qəhrəmanlarıma yanaşmada. Axı başlıca niyyətim heç də bu və ya digər məşhur imza sahibini təkrarən oxucuya tanıtmaq deyil, əksinə, məşhurların köməyi ilə müstəqilliyin portretini cızmaq olub.

-Kitab Anarla başlayır...

- Anar nə qədər əsər yazıbsa, az qala Tehran Əlişanoğlu da o qədər haqqında yazıb. “Otel otağı”ndan da yazmışam, “Ağ qoç, qara qoç”dan da, hətta “Min beş yüz ilin oğuz şeiri”ndən də. Sponsor olsa, Anar haqqında yazılardan ayrıca bir kitab çap etdirə bilərəm. Barəsində çox yazmağım, mənim istəyimdən çox, təbii ki, Anarın ədəbiyyatımızda mərkəzi mövqeyi ilə bağlıdır. O cümlədən “Unudulmaz görüşlər” kitabını mən Anar yaradıcılığında mərhələvi əsər hesab edirəm. Burda həm 60-cılar ədəbiyyatının necə və hardan başlandığı, həm də hara gəlib çıxdığı, müstəqillik illərindən necə göründüyü əksini tapıb. Bu, bütövlükdə ictimai-siyasi həyatda Heydər Əliyev epoxası deyilən dövrə sığır. Odur ki, “Müstəqillik körpüsündən keçənlər” kitabımı da konseptual olaraq həmin əsər haqqında yazımdan başlayıram.

-Siz mərhələvi əsər dediniz, bu yaxınlarda Anarın “Göz muncuğu” adlı yeni povesti çıxdı və böyük əks-səda yaratdı. Amma T.Əlişanoğlunun rəyini görmədim.

-Müxtəlif reaksiyalar oldu və razılaşıb-razılaşmadığım məqamları başqalarının yazılarında görüb, təkrarlamaq istəmədim. Ən çox Mirmehdi Ağaoğlunun o fikri ilə razıyam ki, müəyyən təzə çalarları ilə birgə povest Anarın yaradıcılığında sıradan bir əsərdir. Doğrudur, başlanğıcda qəhrəmanın məzar həyatının təsviri yeni, gözlənilməz rakurslar, dərinliklər vəd edir oxucuya və deyim ki, həyat-ölüm sərhədində gəzişən yazıçı qələminin gücü, enerjisi heyranedicidir. Təklif olunan mistik, irreal, təsəvvür edə bilmədiyimiz süjetlərdən biri, ya da hər birinin çulğaşıqda, çoxsəsli davamını gözlədiyimiz halda, yazıçı bəlli varianta üstünlük verir, qayıdıb qəhrəmanın dünya həyatını izləyir. Əhlimanın dünyəvi həyatı isə mənimçün elə də maraqlı deyil artıq, hətta xeyir-şər metamorfozları ilə birgə də mən onu Anarın digər qəhrəmanlarının alt-qatından, altşüurundan çoxdan bilir, tanıyıram. Təzə deyil mənimçün.

-Sual meydana çıxır. Tənqidçi ölkədə çap olunan bütün ədəbi materiallar haqqında yazmalıdırmı? Onun belə bir borcu varmı?

-Kitabın titul səhifəsinə yəqin diqqət etmisiz. Mən burda “tamamlanmamış nəşr” məqamını məxsusi qabartmışam. Hamı haqqında yazmaq bir müəllifin gücündə olan məsələ deyil. Tənqidçinin hamı haqqında yazmaq iqtidarı olmasa da, ədəbiyyatda hamıdan xəbərli olmalıdır. Gücüm nəyə çatıbsa, ehtiva etmişəm. Kitabın mündəricatında 43 ad, ədəbi imza sadalanır, amma onların sayı daha çox ola bilərdi. Tənqiçinin yazdığı, yazmaq istədiyindən həmişə azdır.

-Tehran müəllim, maraqlıdır, nə qədər oxuyursunuz? Oxu yükünüz nədən ibarətdir?

-Ədəbiyyatda olanların hamısını oxumağa cəhd edirəm. Özümü borclu bilirəm ki, oxuyum. Guya tənqidçi olaraq yox. Elə ədəbiyyatşünas kimi də, ədəbiyyatçı kimi, daim tələbələr qarşısında duran professor kimi də. Sənə qəfil sual verə bilərlər, hazır olmalısan. Hamını oxumağa cəhd edirəm. Təzə ədəbi imzalar varsa, əsərlərini tapıb oxuyuram. Heç tanınmayan imzaları kitab prosesini izləməklə bilməyə çalışıram. Ədəbiyyatda təkcə imzalar deyil, cəhdlər də maraqlıdır...

-Ən son ədəbiyyatda, Sizin müşahidənizə görə, ədəbi imzaya çevrilən adam kimdir? Gənclər arasında.

-Ən son deyirsizsə: lirikada Hədiyyə Şəfaqət, yaşca gec gəlsə də ədəbiyyatda debütü uğurlu və yetkindir. Əvvəlcə bir neçə hekayəsi ilə diqqətimi çəkmişdi. “Azərbaycan” jurnalının bu ilki birinci sayında getmiş şeirlərini daha çox bəyəndim, sevdim. Hekayəçilikdə Mübariz Örən, yaşca o da sanki gecikmişsə də, amma görünür, ədəbiyyata hər kəs vaxtında gəlir. Sonrası burda duruş gətirmək məsələsidir. Mübarizdən çox yazırlar, mənim yazmaq fürsətim olmayıb. Amma özlüyümdə düşünürəm ki, günümüzün ən aktual prozalarından birini – rusiyalı azərbaycanlı insanını Etimaddan sonra məhz Mübariz yaza biləcək. Hərçənd Etimad onu axıracan yazmadı... Çoxlu da gənc imzalar var ki, qəti qərar vermək olmur. Çünki ilkin görünməklə işini bitmiş sayır, sonrakı davamını görmürük. Deyək, poeziyada son imzalardan Aqşin Evrənin adı çəkilirdi və əslində, yenə də çəkilir. “Azərbaycan” jurnalında maraqlı şeirlərindən sonra düşünürəm ki, gənc şairin məcazları SSRİ-nin dağıldığı və paralel olaraq uşaqlığı-gəncliyinin dağıldığı ömrün bir kəsimində ilişib qalıb. Bəzən bugünün ironik münasibətini gözlədiyimiz yerlərdə də ya nostalji, ya da soyuq ağrı ilə üzləşirik. Halbuki bir yerdə durmaq olmaz, durdun-dayandınmı, zamandan qazandığını da itirəcəksən. Rəbiqə var, esse və düşündürücü yazıları ilə daim diqqət çəkir. Halbuki yaxşı lirik olmağı vəd edirdi. “Epizodik sevgilər” adlı şeir toplusunu oxudum. Başdan-başa intizar şeirləridir və bu təsvirin içindən heç cür çıxa bilmir. Kitabda beş-altı şeir var ki, Rəbiqə cürətlənib uzun sürən intizar dəmini dəf edir, zolağın o yanına boylanır və biz həqiqi liriki görürük. Yaxud lap təzə imzalardan Günel Eyvazlı var, “Yuxumu xeyrə yozun” kitabında şeirlərinin altından əməlli-başlı “yük” görünür, amma bu “yük”ü çəkə bilən öz şeirini görmədim, görə bilmədim. “Ədəbiyyat qəzeti”ndə dünya estetik-nəzəri fikrindən tərcümələrini oxuyanda sevindim, demək, istedadlı gənc ədəbiyyatda daim axtarır, yerini-yurdunu axtarır. Əsəd Qaraqaplan var, uğursuz proza məşqlərindən sonra “Sevgidən sonra qadınlar” kitabında poeziyaya dönüşünü bəyəndim. “Xilasroman”dan bu yana ikinci uğurlu kitabıdır, mənə görə. Xanəmirdən sonra konseptual şeir axtarışlarını tamam başqa yöndə qurur, gəlişdirir. Hekayəçilərdən, şeirlərinə rəğmən, Sevinc Çılğının hekayələrini həmişə təqdir etmişəm, həyat nəfəsi və nəsrində Bakı qatı, prozasına görə. Amma, məsələn, Sevinc Elsevər ciddi romançılığa adlaya bilmədi, dünənli aqressiyası mane oldu, məncə. “Falçı”nı nəzərdə tuturam. Həyatın dibi ilə gedib, təsvirini vermək azdır, romançısansa materialı həzm edib oxucuya əlavə nəsə demək lazımdır. Təəssüf ki, son şeirlərindən xəbərim yoxdur...

-Bəs Ramil Əhməd?

-Təəssüf ki, təzəcə çıxmış kitabını yox. Təəssüf ona edirəm ki, görürsünüz, cavaba hazır deyiləm. İmza ədəbi prosesdə maraq doğurub və mənim üçün qüsurdur ki, oxumamışam. Saytlarda bir-iki şeirinə baxmışam və gözləmə mövqeyi tutmuşam. Oxumağa söz verirəm. Söhbət ondan gedir ki, nəzərimdə olub qəti fikrə gəlmədiyim gənclər çoxdur...

-Şəhriyar del Gerani haqqında nə deyə bilərsiniz?

-Şəhriyar haqqında Milli Kitab Mükafatında ekspert qismində mövqeyimi bildirmişəm. Gənclik nominasiyasında qalib olub. Amma məncə, ədəbi eksperimentlərə, özündə-ədəbiyyata çox gedir. Halbuki yaşadığı həyat materialı artıq ciddi yazıçı işində özünü göstərməliydi. “İntihar hörükləri”ndən sonra nəyi var, bəlkə mən bilmirəm? Fərid Hüseynin “Həbsxana gündəliyi”ni birnəfəsə oxudum, dürüst, xronikaldır. Amma bilirsiz, nəyə təəccüb etdim? Çox hazırlıqlı yazılıb, yaşamdan çox yazıçılığa meydan var burda. Ümumən düşünürəm ki, Fəridin ədəbi səriştəsi yazıçı hədəfi, konkretikasını çox qabaqlayıb. Əsl sözünü hansı nöqtədə deyəcək, hələ bilinmir. Belə geniş istedad sahiblərindən biri də Qismətdir. Ədəbiyyata gəlişində bir çoxları kimi mən də onu Aqşin Yeniseydən sonra növbəti parlaq lirik mövqeyində qavramışdım. Çoxları yazdı, amma mən yenə də fürsət tapmadım, bir də gördüm gözlədiyimiz üfüqləri aşıb-keçib. Qismət və Səlim Babullaoğlu haqqında Kamal Abdulla son essesində gözəl yazmışdı. Nədən Brodski ola bilməmək məqamını dürüst göstərmişdi. Qismət intellektual olaraq son dövrümüzün yetirdiyi ən yaxşı ədibdir deyərdim. Hansı təzə kitaba, jurnala, sayta, əsərə baxırsan, Qismətin izini, sözünü, təfsirini görürsən. Əsil sözünü harda deyəcəyi isə hələ aydın deyil.

-Sizcə əsas sözünü harada deyəcək?

-Məncə, romanda deyəcək. Lirikadan keçdi. İntellektual şeirin müəyyən predmeti və sərhədləri var. Bu əsasən şəhərdir. Gərək nə qədər güclü lirik olasan ki, axıracan orda dayanasan. Qismətin ən yaxşı lirikası, məncə, şəhərlə təmasdan yaranıb. Amma şəhərin içinə girə bilmədi. Uğurlu hekayəçilərdən Natiq Məmmədli vardı, Cavid Zeynallı vardı. Romançı kimi özlərini təsdiq edə bilmədilər, publisist problematikaya aludə oldular. Cavidin Kulis.Az-dakı son hekayəsi məni lap məyus etdi. Sadəcə acı həqiqətlərdən yaxşı portret-hekayə olmur; həmin mövzuda Əjdər Olun məşhur “Qrafoman” hekayəsi var... Amma biz nədənsə söhbətimizdə ədəbi gəncliyə ilişib-qaldıq... Halbuki ədəbi prosesdə başqa ciddi hadisələr də var. Məsələn, son hadisələrdən saydığım Aydın Talıbzadənin “Əbuhübb” romanını oxumağı tövsiyyə edərdim. Həm mündəricəsi ilə, həm də poetexnologiyasına görə romançılığımızda təzə sözdür...

-Gəlin, ədəbi tənqid mövzusuna qayıdaq. Son vaxtlar tənqidçilər arasında polemikalar artır. Hətta ANS kanalında da bu müzakirə olundu.

-Eşitdim. Hətta deyirlər, mənim adımı da çəkiblər...

-Bu polemikalara girməyən Tehran Əlişanoğluna necə təsir edir bu söhbətlər?

-Görünür, bu da bir özünü-ifadə formasıdır. Kimə lazımdırsa, janrdan istifadə edir. Polemika janrını sevirəm, amma ədəbiyyat polemikalarını. Ədəbiyyat-ətrafı söhbətlər ki, kim kimin haqqında nə dedi, niyə dedi – məni çox da məşğul etmir. Bu, ictimai rəyə hesablanmış çıxışlardır ki, sakit, normal yanaşıram. Çünki bu halda da bəzən ədəbi nöqteyi-nəzərdən dürüst fikirlərə rast gəlmək olur...

-Məsələn?

-Məsələn, mənim haqqımda ən dürüst sözü hər zaman Əsəd Cahangir deyib. Guya tənqidi planda deyir, amma tərifi də düz olur. Son yadımda qalanlardan. Məsələn, məni ədəbiyyatın Məcnununa bənzədir. Çox sağ olsun. Yeri gəlmişkən, bu məcazı mənim özüm sevimli müəllimim Yaşar Qarayev haqqında işlətmişəm. “Yaşar Qarayev tənqidinin dərsləri” məqaləsində, kitabda da var, baxa bilərsiz. Dərhal da qeyd edir ki, Tehran Əlişanoğlu məhz buna görə ədəbiyyatı başqalarına qısqanır. Bu artıq onun yanaşmasıdır. Fərqinə varmır ki, eşqin məcnunluq mərtəbəsində qısqanclıq olmur. “Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim!”. Ədəbiyyatda bölüşəsi nəyimiz var? Hər birimiz onu sevdiyimiz qədər varıq...

-Ans-də belə bir fikir də səsləndi ki, Siz tənqidin 1970-1980-ci illər mərhələsində qalmısız.

-Bu sözdə də həqiqət var. Nəyi pisdir ki. Ədəbiyyat zamandan zamansızlığı qoparmaq sənətidir. Hər birimiz ədəbiyyata girdiyimiz zamanın zamansız dəyərlərini kəşf edir, onu ömür boyu zamanda daşıyırıq. Mən zaman etibarilə istəsəm də, siz cavanların vaxtına girə bilmərəm, amma ruh etibarilə öz ədəbiyyatımı sizin ədəbiyyatla yanaşı qoya, qarşılaşdıra, çulğaşdıra bilərəm. Ruhlar bir-birini daha tez tanıyır, zamansızlığın,əbədiyyətin sirri bundadır. Əsəd Cahangir özü məgər ədəbiyyata qədəm qoyduğu 1990-cı illərin qarışıq, stixiyalı, inqilabi, “yaxşı nədir- pis nədir?” sualları üzərində düşünən zamanlarının ruhunu daşımırmı bugünkü ədəbi prosesə?! Qoy çağdaş ədəbi prosesin özü bəhrələnsin kimdən nə qədər istəyirsə. Bunun üçün qayğılanmağa dəyərmi...

-Kitabda Akif Hüseynov haqqında bir yazınız var. O deyir ki, heç xoş söz eşitmədim tənqidlə bağlı. Siz heç xoş söz eşitmisinizmi? Mən sizin haqqınızda çox xoş söz eşitmişəm.

-Mənim 55 yaşımla bağlı yazılar yazıldı. Elnarə Akimova yazdı, Vaqif Yusifli yazdı. Yığıncaqlarda, elmi məclislərdə fəaliyyətimlə bağlı xoş sözlər, təqdirlər eşitdim. Hamıya minnətdaram. Ən çox isə əməllərim bəhrə verəndə sevinir, rahat oluram. Mən hesab etmirəm ki, bugünkü fəaliyyətim klassik mənada tənqidçilikdən ibarətdir. Buna meydan yoxdur. Kamal Abdulla son essesində biz tənqidçiləri meydanı boş qoymaqda qınayır. Bundan təqribən 7-8 il öncə Elçin də buna yaxın bir fikir səsləndirmişdi. Amma məncə, bugün tənqidin funksional olmaması tənqidçilərin günahı deyil, meydanın olmamasıdır. Tənqidin ardıcıl bir mexanizm kimi işləməsini təmin edən ədəbi orqan, təsisat varmı ki, tənqidçini cəlb etsin, yaşatsın, ədəbiyyata xidmətini stimullaşdırsın. 2006-da bütün bunları düşünüb, guya bir Tənqid.net jurnalı təsis etdim. Bugünə qədər də maliyyəsini axtarmaqdayam. Yaxud həmin örnək göstərilən sovet dönəmində tənqidçi çap olunan məqalələrindən, kitabından alınan qonorara həyatını təmin edə bilərdi. İndi əksinə, biz özümüz maliyyə tapmalıyıq ki, kitabımız çıxsın. Biz heç, biz başqa sahələrdə çalışmaqla fəaliyyətimizi stimullaşdırmağa çalışırıq. Amma bəs gənclik, bu şərtlərlə hansı istedadlı insan taleyini ədəbiyyata xidmətə bağlayar?

-Kitabınızın titul səhifəsində qeyd olunub ki: 55 yaşınız münasibətilə dostların Sizə hədiyyəsidir.

- Bəli, söhbət nəşriyyat xərclərindən gedir. Əvvəla, kitabı münasib qiymətə çap etmiş, “Elm və təhsil” nəşriyyatının müdiri professor Nadir Məmmədliyə minnətdaram. Və bir də ədəbi qəhrəmanlarım Vahid Məmmədliyə, Səyyad Arana, Nizami Cəfərova, Aqil Abbasa... Doğrusu, 55 yaş münasibətilə ilk tənqid kitabımı buraxmağa qərar verəndə, ədəbiyyat dostlarımın tənqidə daha böyük dəyər verəcəyini zənn edirdim. Düzdür, dəyərləndirməni hər hansı ianə ilə ölçmək olmaz, amma nəzərə alın ki, maliyyəsiz bu kitab da hasilə gəlməzdi. Sizə bir kuryez danışım. Günlərin bir günü Oxuzalı.az-da “Dolu” romanının müzakirəsindən sonra Aqil Abbas mənə telefon açıb, yazımı da, yazıdakı tənqidlərimi də bəyəndiyini söylədi və sonra mənə 50 manat pul göndərdi. Diqqətdən razı qalsam da, təbii ki, mən o pulu götürmədim, mümkün olarsa, Tənqid.netə yardım etməsini istədim. 60 yaşının ərəfəsində Aqil Abbas yenə zəng edib, doğum gününü mənə xəbər verdi; təbrik edib məmnuniyyətlə yazacağımı bildirdim. Aqil Abbasa çox minnətdaram, “Dünyanın ən xoşbəxt adamı” yazısı belə yarandı. Və mən də 55 yaşımın ərəfəsində telefon açıb, ərklə Aqil müəllimə indi də mənim yuvarlaq yaşım olduğunu, kitabın nəşrində yardıma möhtac olduğumu bildirdim. Təbrik etmədən sabah yaxınlaşmağımı dedi, bir həftə sonra getdim, 100 manat ianə etmişdi. Anladım ki, özündənrazılığa hacət yoxmuş, bugün bizdə tənqidin maddi ölçüsü 50-100 manat arasıymış. Zarafat öz yerində, kitabın nəşrində yardımçı olmuş bütün dostlarıma minnətdram.

-Bütün bunlara baxmayaraq, xeyli sayda gənc tənqidçilər yetişir. Siz Ədəbiyyat İnstitutunda işləyirsiniz. Prosesi müşahidə edə bilirsinizmi?

-Qeyd etdiyim kimi, mən bir tənqid jurnalının təsisçisiyəm. Tənqidə yeni gələnlərin xeyli hissəsini Tənqid.netdə çap etmişəm. Gənclər xüsusi məktəb keçməyiblər, ədəbi tənqidin stixiyalı gəlişməsi dövrünə düşüblər. Günün tənqidçisi də bu prosesin içindən yetişəcək.

-Kimlərin adını qeyd edə bilərsiniz?

-Həmişəki kimi, Elnarə Akimovanı, Mətanət Vahidi, ədəbiyyat nəzəriyyəsində Maral Yaqubovanı qeyd edərdim. Ədəbi tənqidə bir janr kimi müraciət edənlər çoxdur, amma tənqidi təfəkkürə malik, ardıcıl olaraq ədəbi prosesə müdaxilə edə bilənlər çox azdır...

-Nərmin Kamalın yazılarına münasibətiniz?

- Nərmin Kamalı ədəbi publisist kimi qiymətləndirirəm. Bir də romançı kimi. “Aç mənəm”dən sonrakı romanını gözləyirəm. Ədəbi publisistin hədəfi cəmiyyətdir, ədəbiyyatdan da onu cəmiyyətə təqdim etmək, çıxarmaq üçün yazır. Tənqidçi isə hesabatını ədəbiyyata verir. Onun cəmiyyətə təsiri dolayısı ilə, ədəbiyyatın gəlişdirilməsi ilədir...

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

# # #