Onların kitab çıxarmağından, təqdimatını keçirməyindən xəbərim olsa da etiraf edim ki, laqeyd yanaşmışdım. Bizim zəmanədə nə çox kitab buraxan! Oxucunu da əlimizin içi kimi tanıyırıq. Oxumurlar. Bunun fonunda artıq şikayətlər də mənasız görünür. Onsuz düzələn deyil. Odur ki, bu uşaqların şikayətini diqqətə almamışdım.
Ta ki o şəkli görənə qədər. Bir neçə cavan oğlan kitab mağazasının qarşısında dayanıb. Əllərində də kitab dolu zənbillər. Biri hətta başını önünə əyərək dayanıb, elə bil məğlub ordunun sərkərdəsidir. Şəklin altında da izah: “Getdiyimiz 7 mağazanın heç birində kitablarımızı götürmədilər”.
Bu dəfə həqiqətən məyus oldum. Qərara gəldim ki, onları redaksiyamıza dəvət edim. Qoy problemlərini, dərdlərini danışsınlar. Biz də tanıyaq, görək kimdirlər, nəçidirlər.
Kulis “Yumruq” ədəbi birliyinin üzvləri ilə müsahibəni təqdim edir.
M.A.: “Yumruq” adlı təşkilat yaratmaqda məqsədiniz nədir?
Gənclərdən biri: Ədəbiyyatın bütün orqanları var idi; başı, qulağı, burnu. Bircə yumruğu çatmırdı. Biz də düşündük ki, “Yumruq” adlı bir təşkilat quraq. Orda birlik olsun. Bir qrup uşaqlar yığışdıq, artıq aprel ayında birliyi formalaşdırdıq. Qarşımıza məqsəd qoyduq. Yayın əvvəlində isə kitab çıxarmaq qərarına gəldik.
M.A.: Təşkilatdan başladıq, tanışlıq yaddan çıxdı...
Gənclərdən biri (Əliylə göstərir) : Bu Nicat Həşəmizdə.
M.A.: Nicatı tanıyıram. “Kulis+” da yazırdı.
Gənclərdən biri: Mən - İlkin Tomar. Hələ ki, birliyin rəhbəriyəm. Əgər devrilməsəm (gülür). İsmayıl Rizvanoğlu. Əsas ixtisası rejissordu, amma həm yazıçılığı, həm də şairliyi var. Xan Abdulla, yazardı, iki kitabı çıxıb. Elçin Quluzadə üç gənc üzvümüzdən biridir. Əsas üzvlərimizin sayı 13 nəfər olsa da sonradan bizə dəstək olanlar da var.
M.A.: Üzvləriniz arasında qadın yoxdu?
İ.T.: Cəmi bir qadın üzvümüz var.
M.A.: Niyə belə? Bəlkə Nicatın yazılarına görə xanımlar sizin birliyə qoşulmur?
İ.T.: Təbii, o da olur. Neçəsi Nicatın yazılarına görə birlikdən gedib. Əslində xanımlar bizə müraciət ediblər. Sadəcə kitab çıxan ərəfədə bəzi maneələr oldu deyə xanım müəllifləri kitaba sala bilmədik.
M.A.: Kitabın adı maraqlıdı: “30+1”. Məncə burda “31”-in türkcədəki mənasına (Türk dilində onanizm deməkdir - red.) da bir işarə var.
İ.T.: Uşaqlara deyəndə ki, kitabın adı “31” olacaq, gülüşdülər. Əlbəttə ağıllarına başqa şey gəldi. Oxucular da bu cür düşünməsin deyə, adını “30+1” qoyduq. Konsepsiya da belə oldu: 30 yazı bizim, bir yazı isə oxucunun. Qoy oxucu kitabı oxuyandan sonra öz hekayəsini yazıb bizə göndərsin. Bax biz həmin bu 31-ci hekayələri toplayıb kitab edəcəyik. Kitabın üz qabığına fikir verirsizsə 30 rəqəminin içi hərflərlə doludur, 1 rəqəminin içi isə boşdur. Bu o deməkdir ki, 30 hekayəni, şeiri biz yazdıq, birini də sən yaz, əziz oxucu.
İ.R.: Həm də fikirləşdik ki, kitabın adı piar məqsədi ilə “31” olsun: Üz qabığına da qeyd qoymuşuq: “Hörmətli oxucu, kitabın adını yox, içini oxu.”
M.A.: Mən bilən seks sahəsi Nicatlıqdı. Sizə deyim ki, Nicatın bir çox yazısını “Kulis+”da vermişik. Olduqca radikal fikirləri olurdu. İndi nə yazırsan, Nicat?
N.H.: Fəlsəfi yazılar da, psixoloji yazılar da olur. Ümumiyyətlə, səmimi danışıram, ağlıma gələni yazıram.
M.A.: Qadınlar barədə niyə belə yazırsan?
N.H.: Mənə elə gəlir ki, Azərbaycan qadını istedad yetişdirə bilmir, əksinə istedadı məhv edir. Məsələn, iki ana söhbət edir. Biri deyir, oğlum Avropa çempionu oldu, o biri deyir, qızım musiqi yarışmasında birinci yer tutdu. Hansı ana fəxrlə deyir ki, mənim oğlumun kitabı nəşr olundu? Şəxsən bizdə belə olmayıb. Qohum-əqrəba içində bir nəfər də olsun məni oxuyan yoxdur. Məni dostluqdan atırlar.
M.A.: Yazdıqlarını bəyənmirlər?
N.H.: Ümumiyyətlə, fikirlərimi bəyənmirlər.
M.A.: Çox açıq-saçıq yazırsan, bəlkə ona görədir?
N.H.: Dünya ədəbiyyatında açıq-saçıq yazan o qədər insan var. Sovet ədəbiyyatına, 60-cıların yaradıcılığına baxırıq da. On-on beş ildən sonra iki sevgili görüşəndə uzaqdan-uzağa bir-birlərinə əl edir, sonra ayrılıb gedirlər. Bu saxtakarlıq ədəbiyyatıdır.
M.A.: Sən “Gürcü familiyası”nı deyirsən?
N.H.: “Gürcü familiyası"da ən azı bir sevişmə səhnəsi olmalı idi ki, inandırıcı olsun. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ində erotik səhnə olsa da inandırıcı deyil.
M.A.: “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni sən yazsaydın oranı necə işləyərdin?
N.H.: Düşünürəm ki, mən daha açıq-saçıq yazardım.
M.A.: İlham, kitab necə reaksiya doğurdu?
İ.T.: Onu deyim ki, Facebookda xeyli nəticə gördük. Hardasa 400 nəfər kitabın şəklini profil rəsmi elədi. Kitabın qiymətini də münasib qoymuşuq: 5 manat. Sizə onu deyim ki, bizim oxucular yerli müəllifləri oxumaq istəmirlər, ən çox kitabın üz qabığına görə onu alırlar. Oxucu kitaba baxıb deyir ki, bunu istəmirəm, bunun üzü yaxşı deyil.
M.A.: Kitabın adını çox cəsarətli qoymusuz. Masturbasiyanı xatırladır, beyin masturbasiyasını.
İ.T.: Bir şey deyim. Bu kitabın şəklini profilinə qoymaq istəyənlər mənə yazırdılar ki, utanırıq, 31 başqa məna verir. Mən də bayaq sizə dediyim kimi onlara “30+1”-in mənasını izah edirdim.
N.H.: Soruşurlar ki, “31” nə deməkdir? A balam, bu “30+1” deməkdir, “31” yox. Hətta biz istəyirik növbəti kitabın adını “68+1” qoyaq.
M.A.: Maşallah, rəqəmlərlə yaxşı oynayırsız.
İ.T.: Mən özüm “Alokitab”da işləyirəm. Müşahidələrimi deyim ki, bizim oxucular yerli müəllifləri oxumurlar. Bu çox pisdir.
N.H.: Sizə bir şey deyim, bizdə kitabları da sifarişlə alırlar. 14 mağazaya kitab apardıq, onlardan 7-si bizə “Yox” cavabı verdi. Yalandan deyirlər ki, guya dərslik satırıq. Amma baxırsan ki, sifarişli bədii əsərlər də satırlar.
M.A.: Kimləri nəzərdə tutursan?
N.H.: Deyim də. Zəlimxan Yaqubun, Aqil Abbasın, Fikrət Qocanın, Çingiz Abdullayevin, Anarın və bu kimi başqa yazarların kitabını nəzərdə tuturam. Əgər yazıçı böyük mənsəb sahibidirsə, kitablarını satırlar. Min dənə kitabı olsa da vitrinə qoyacaqlar. Həm də qorxurlar axı. Onlara da inam yoxdur ki, gənc yazarların da kitabı satıla bilər.
M.A.: Bax mənə de görək səni niyə oxumalıdırlar, nə ilə oxucunu təəccübləndirirsən?
N.H.: Hər halda mənə elə gəlir ki, indiyə kimi 50-60 nəfərə kitab oxutdura bilmişəm. Heç öz yazılarımı demirəm. Təbiətən məndə qeyri-adilik olur. Heç kəsin bəyənmədiyini mən yumorla, bəzəyib təqdim edirəm. Mentaliteti qara yumorla ələ salıram.
İ.T.: Bizim o kitabdakı yazıların hamısı səmimidir. Kitabda 18+ yazılar da var. Əslində kitabın üstünə 18+ vursaydıq piara köməyi olardı. Sadəcə ona görə vura bilmədik ki, bizim yazarların bəziləri 16-17 yaşlarındadır. Ona görə alınmırdı. Bayaq bir şeyi deməyi unutdum. “Yumruq”u quranda mən dedim ki, bizi birləşdirən yalnız bir dəyər olmalıdır - ədəbiyyat. Ona görə də aramızda dindar, ateist, deist, xristian, aqnostik, solçu, millətçi hamısı var. Bunların hamısını ədəbiyyat birləşdirir. Bir-birimizə hörmətlə yanaşırıq. Biz birliyi yaradanda Xan Rəsuloğlunun çox köməyi dəymişdi. Onun özü də müxtəlif fikirli insanların bir yerə yığılacağına inanmırdı.
M.A.: Kitabda ən çox hansı mövzulara toxunulub?
X.A.: Bizim birlikdə heç kimə xüsusi tapşırıq verilmir ki, sən belə, sən elə yaz. Hər kəs istədiyi mövzuda yaza bilir, məhdudiyyət yoxdu. Mən tamam ayrı mövzuda yazıram.
M.A.: Kitaba baxdım, deyəsən daha çox dini və cinsi mövzulara üstünlük verilib.
İ.T.: İkisinin bir arada olması normaldır. Kitaba intihardan, seksə, dindən ateizmə qədər bütün mövzular daxildir. Kitabda 17 nəfərin beyin məhsulu yer alır. Mənim kitabda xatirələrim də yer alır. Nicatın bir hekayəsi də var, onun davamını İsmayıl yazıb. Dünya ədəbiyyatında bilmirəm, amma Azərbaycanda belə təcrübə yoxdur ki, birinin yazdığı hekayənin davamını başqa yazıçı yazsın.
M.A.: Kitabın çapında problem yaşamadınız ki?
İ.T.: Kitabın təqdimatından bir gün əvvəl “Tərəqqi” mətbəəsindən onları götürməyə getmişdik. Kitabları bizə vermədilər. Dedilər ki, bu kitabda dini və seksual yazılar var. Bunu sizə versək problem yaşayarıq. Ona görə də kitablarımızı doğradılar. Bizə dedilər, İslama aid bir yazı var onu çıxarın və bir də İsmayılın seks haqqında yazılarına düzəliş edib gətirin ondan sonra kitabı çapa verək. Kitabı ikinci dəfə başqa mətbəədə çap elədik.
N.H.: Biz əsasən real hadisələrdən yazmaq istəmişik. Mən 60-70-ci illərdə yazılmış əsərlərin əksəriyyətini AzTV-yə bənzədirəm. Məsələn, xarici filmdə ingilis deyir ki, sənin ananı belə-belə edim. Bizimkilər tərcümə edirlər: “Cek, sənin anan düzgün hərəkət eləmir”. Ona görə saxta görünürlər. Bir insan o birinin anasını öldürür, o da gəlib deyir ki, sən niyə belə elədin? Axı dünya belə gözəl imiş, səma belə, ay-ulduz elə. Yəni, reallıqdan uzaqdırlar, saxtakardırlar. Biz reallığı saxlamaq istəmişik. Xan Abdullanın hekayəsində hərislik, vəzifə tənqid olunur. Yəni insanlar niyə pulu bu qədər sevirlər, niyə vəzifə sevdası ilə yaşayırlar? 30-40 il oturur bir kresloda, qalxan kimi dərddən ölür. Bu kimi şeyləri biz tənqid eləməliyik. Bu olmasa gənclik inkişaf etməyəcək.
İ.R.: Kitabın çapında mənim hekayəmlə bağlı da problem yaşandı. Düzdür istəməzdik belə olsun.
M.A.: Sizdə mövzu nə idi?
İ.R.: Mentalitetin əksinə olan bir yazı idi: “Gözümüzə pərdə olan...” adlı yazı idi. Əslində üç nöqtə yerində “vagina” sözü olmalı idi. Mən orda bir çox mətləblərə toxunmuşam. Yazıda heç kəsi təhqir etməmişəm, sadəcə tənqid eləmişəm. Amma mənə irad tuturlar ki, yazında niyə söyüş işlətmisən? Mən onlara başa sala bilmirəm ki, hansısa mətndə əgər söyüşün yeri gəldisə gərək onu işlədəsən. Mətn tələb edirsə gərək işlədəsən, o söyüşü başqa bir sözlə ifadə etdikdə mətn bəsit alınır.
M.A.: Nicat bir şəkil paylaşmışdı. Əlinizdə kitab dolu sellofanlar mağazanın qabağında məyus halda dayanmısız. Elçin başını yerə əyib, az qalır ağlaya. Yazmışdın ki, mağazalar kitablarımızı götürmür. Bayaq da hansınızsa dediniz ki, Elman dayı da kitabımızı götürməyib. Başqalarını başa düşdüm, o niyə götürməyib. Axı, Elman dayı elə eləməz!
N.H.: Bizi ən çox yandıran elə Elman dayı oldu. Bizim uşaqlar ordan həmişə kitab alıb. Bir neçə gün əvvəl bizim uşaqlar ora kitab aparıblar, o isə götürməyib.
M.A.: Bircəciyini də götürmədi?
N.H.: Yox. Heç bir dənəsini də götürmədi. Pul da istəmirdik. Heç kitabı açıb baxmadı da. Dedi ki, mən gənc yazarları satmıram, yerim yoxdu. Əslində bir kitaba yer tapmaq bəhanədir. Elman dayı da bu hərəkəti edirsə başqasından nə gözləyək?
Bilirsiz mən nə fikirləşirəm? Bu kitab mağazası açan adamlar yazıçı olmağa arzulayıb, amma ola bilməyən adamlardır. Necə ki, tənqidçilər uğursuz yazıçılardır, bunlar da elə. Özləri heç nə yaza bilmir, hirs qalıb axı içində. Mağaza sahibləri də elədir. Özləri yaza bilmirlər. Ona görə də kitab mağazası açmaqla təsəlli tapırlar. Ancaq dünya ədəbiyyatı satırlar, bizim yazarlar isə paxıllıqdan satmırlar.
İ.R.: Bu doğrudan belədir. Tam səmimi deyirəm. Qısqanclığı, paxıllığı Azərbaycanın müasir gənc yazarlarında da gördüm. Hamımız gəncik də. Heç yerdə tanınmırıq. Aramızda bircə Nicatla, Xan idi və başqaları. Bununla belə onlar bizə paxıllıq edirlər. Təqdimatda müasir yazarlardan heç kəsi görmədik, halbuki istəyərdik. Biz də Azərbaycanın gəncləriyik. Onlar da həmyaşıdlarımızdır. Biz də onların dəstəyini görmək istəyərdik. Bəlkə paxıllıq var, qısqanclıq var.
N.H. Bilirsiz nə yadıma düşür? Orxan Pamukun “Atımın bavulu” – Nobel nitqi var. Pamukun atası da yazar olub axı. O, çamadanı açmağa qorxur ki, birdən məndən yaxşı yazmış olar, oxuyub pərt olaram. Əslində yaradıcılıq eqo məhsuludur. Amma gərək bunu sivil şəkildə edəsən.
M.A.: Sən Anarın kitabından da yazmışdın.
N.H.: Yazmağa məcbur oldum. Çünki otuz səhifəlik kitabdır, yarıdan çoxu da epiqraf. Hamı da tərifləyir. Elə bil ata oğlun, ana ərə gedən qızını tərifləyir.
M.A.: Bəs Anarı bəyənmirsən kimi bəyənirsən?
N.H.: İsi Məlikzadəni, Əkrəm Əylislini, Bayram Bayramovu bəyənirəm. Bayram Bayramovun dili gözəldir. Amma Anarın dili də qurudur. Düzdür, bəlkə də vaxtilə nəsə yazıb, amma indi ortada heç nə yoxdur. Anarın Orxan Pamuk və Patrik Züskind haqqında yazdığı yazıya da baxdım, onlar haqqında elə danışır ki, elə bil yazıçı deyillər.
İ.T. Kitabımıza və birliyimə qarşı laqeyd olanlarla yanaşı bizə dəstək olanlar da olub: İlham Tumas, Zahir Əzəmət, Rasim Qaraca, İlqar Kamil, Kənan Hacı və başqaları.
M.A.: Nicat sən AYO üzvü idin axı.
N.H. İndi də həm AYO üzvü, həm də “Yumruq”un üzvüyəm.
M.A.: Axtarsaq sən AYB üzvü də olarsan, amma gizli saxlayırsan.
N.H.: (Gülür) Yox, heç vaxt AYB üzvü olmaram. AYB-dəkilər Sovetdən qalma insanlardır.
M.A.: Hamınız danışdınız. Elçindən başqa. Deyəsən, ən kiçik üzvlərinizdəndir. Özü də mütaliəli oğlana oxşayır. Facəbookda dostuq, müşahidə eləmişəm. Axırıncı dəfə nə oxumusan, Elçin?
E.Q.: Axırıncı dəfə Pərvizin “Yad dildə” əsərini oxumuşam. Ondan əvvəl də Con Fantenin “Tozdan soruş” əsərini oxumuşam.
M.A.: Siz nə oxuyursuz?
İ.T.: Mən detektiv əsərlərdən qaçıram. Axırıncı dəfə “Heyvanıstan”ı oxumuşam. İndi də “Dirilmə” və “Qətl günü”nü oxuyuram.
İ.R.: Mən ən çox müasir yazarları oxuyuram. Bizi oxumasalar da eybi yox, biz onları oxuyarıq.
X.A.: Qarşıma məqsəd qoymuşam, hər ay müəyyən qədər kitab oxuyacam. Altı aylıq planım olur. Yerli müəlliflərdən də çalışıram hamın oxuyam.
M.A.: Sizə uğurlar.