Nuhdan xəbərsiz gəmiyə minən kim idi? - HEKAYƏ

Nuhdan xəbərsiz gəmiyə minən kim idi? - <span style="color:red;">HEKAYƏ
29 sentyabr 2015
# 15:14

Kulis Mirmehdi Ağaoğlunun “Nuhun xarratı” hekayəsini təqdim edir.

- Sakit, sakit, - oğlu birdən qışqırdı.

- Nolub? – boşqabın dibini sıyırıb tikəni ağzına aparan Təkgöz Memeso soruşdu.

- Eşitmirsiz? - Elemay şəkləndi.

- Başına hava gəlib? Elemay? Nəyi eşitmirik? - atası əllərini ovuşdura-ovuşdura dedi.

- Ana, az döyəclə onu. – Ocağın qırağında oturub qazanı qarışdıran anası da işini saxlayıb ona baxdı. Bacısı əlini süfrədən götürüb qardaşının daha nə deyəcəyini gözləyirdi. - Eşitmirsiz? Uzaqlarda göy guruldayır. Deyəsən, Nuhun dediyi vaxt yaxınlaşır -Böyük Tufan.

- Nuh sənin də başını xarab edib. Göy guruldayar da, - Təkgöz oğlunu ələ saldı.

- Yox, bu guruldamaq o guruldamaqdan deyil. Nuhun dediyi an yaxınlaşır. O, demişdi ki, tezliklə tufan olacaq - Böyük Tufan.

- Bəsdir sarsaqladın! Ananı da qorxudursan, bacını da. Onlar da fikirləşər görəsən nolub. Təsirə tez düşürsən. Neçə il Nuhun yanında işləyib xaraba qalmış gəmisini düzəltdim. Bir dəfə də onun tanrısına inanmadım, amma sən iki cüt bir tək moizəsini dinləmisən, o dəqiqə tanrılarımızı dandın. Kafir köpək oğlu, itil tövləyə. Heyvanları yerbəyer elə.

- Mən bayaq yemləmişəm - anası dilləndi - tövləyə də girmirdilər, güclə saldım, elə hey böyürürdülər.

- Mən Nuhun yolu ilə getmirəm. Sadəcə bilirəm ki, o, həqiqəti deyir - Elemay susmaq bilmirdi.

- Elə bizi pis günə qoyan Nuh oldu - atası acıqlandı.

- Nuhun nə günahı var?

- Ay kişi, niyə elə danışırsan? Nuhun bizə nə zərəri dəyib axı? Pisdir, neçə il qapısında işlətdi, hər ay məvacibini verdi - arvadı oğlunun tərəfini tutdu.

- Sən mumla! Birin bilirsən, birin bilmirsən. Mən olmasaydım, Nuh o gəminin bircə tirini də qaldıra bilməzdi. Amma indi gör neyləyib ki, işləməyə taxta tapmıram. Yan-yörəmizdə nə bir ağac qalıb, nə bir kötük. Müştərilər də qapını kəsdirib. Nədir-nədir Nuh bütün ağacları kəsib gəmi düzəldir. Nə bilim, tufan olacaq, dünyanı su basacaq.

- Şəkk gətirmə, a kişi. Özün onun yanında işləyəndə neçə dəfə gəlib möcüzələrindən danışırdın. Nə tez unutdun? - arvadı dilləndi.

- Mən demirəm ki, o qəribə adam deyil. Qəribədir. Özü də biz bildiyimizdən də çox. Amma onu da bilirəm ki, xəstədir. El içində biabır olmağına da az qalıb, lap az.

- Ata, bəs onun gəmisinin ətrafına sürü-sürü heyvanın yığılmağına nə deyirsən? – Bayaqdan pəncərənin qabağında dayanmış Elemay atasına sarı döndü.

- Dedim axı, onun möcüzələri çoxdu. Amma bu o demək deyil ki, biz öz tanrılarımızdan üz döndərməli, onun bir tanrısına ibadət etməliyik. Özünüz fikir verin. Qızım, ordan bir çubuq ver.

Bayaqdan süfrənin bir qırağında oturub danışılanlara qulaq asan Heyeja ocağın qırağına yığılmış odunların arasından götürdüyü çubuğu atasına uzatdı.

- Baxın, qızım, sən də bax. Bu Nuhun Allahıdır. Qızım, ordan beş-altı dənə də çubuq gətir.

Qızı ayağa qalxdı. Ocağın qırağından ovcuna sığan qədər çubuq dəstələyib atasına uzatdı. Memeso çubuqları qızdan alıb bir əlində möhkəm-möhkəm tutdu:

- Baxın, bu çoxluq da bizim Allahlarımızdır. İndi deyin görüm hansılar güclüdür: o tək çubuq, ya bu bir dəstə?

- Sən düz demirsən, ata. Biz də Nuhun çağırışlarına qulaq asıb onun gəmisinə minməliyik. Xilas yolu budur, yoxsa bütün canlılarla birlikdə məhv olacağıq - Elemay əllərini havada yelləyə-yelləyə danışırdı.

- Kəs səsini, küçük. Mən o cür yalançı peyğəmbərləri çox görmüşəm. Yadıma gəlir, onda uşaqdım, atamın yanında təzə-təzə xarratlıq öyrənirdim. Hələ ki, sağ gözümə budaq dəyməmişdi. O vaxt cənub tərəfdə bir peyğəmbər peyda olmuşdu. Ona qoşulanlara cənnəti vəd edirdi. Biz uşaqlar küçədə dalınca düşüb lağa qoyurduq, daş atırdıq, söyürdük. Axırı nə oldu? Bir gecə bütün tərəfdarlarına zəhər içirib öldürdü. Lap axırda özü içibmiş. Ya da ona inananlarla birgə uçurumdan atılan Sum peyğəmbər. Bu ki, uzaq tarix deyil, Heyeja doğulan il idi.

- O peyğəmbərlərdən birinə inansaydın gözün ovcuna tökülməzdi - arvadı imkan tapıb ərini sancdı.

Elemaysa söz güləşdirməkdəydi:

- Sən Nuhu nahaq yerə onlara tay tutursan. Nuh doğruçu peyğəmbərdi. Düzəltdiyi gəminin ətrafına yığılan heyvanlar onun peyğəmbərliyinin təsdiqi deyilmi? Orda elə heyvanlar var ki, heç vaxt görməmişik. Heç adını da bilmirik. Uzaq-uzaq ölkələrdən, məğribdən, məşriqdən gəliblər. Bəs bu heyvanlar, quşlar, ilanlar, kərtənkələlər, həşəratlara sözün nədir?

- Ata, ata, qardaşım bilirsən niyə Nuhun tərəfini tutur? - Axır ki, qız da ağzını açdı. Heyejanın səkkiz yaşı olsa da artıq hər şeydən başı çıxırdı.

- Niyə? - Təkgöz Memosa dilləndi.

- Qardaşım Nuhun qızını...

- Kəs səsini, Heyeja, get qabları yu - anası əlini göyə qaldırdı. Elə bil qızın ağzının üstündən vuracaqdı.

- Bacı...

- İşiniz olmasın Heyeja ilə. Danış, qızım, danış.

- Qardaşım Nuhun qızını sevir. Qucaqlaşdıqlarını öz gözümlə görmüşəm. Yadındadı, sənə yemək gətirirdim e...

- Rədd ol, bayıra köpək qızı. - Anası çubuq götürüb qızına cumdu.

Bu vaxt yenə göy guruldadı. Özü də lap yaxından, daxmanın üstündən.

- Bu Nuhun gəmisinə yığışan heyvanların səsidir. Zalım oğlu, o qədər heyvanı neyləyir görəsən? - Memeso dilinin ucunda söyləndi. O, sözünü qurtarmamış yenə göy guruldadı. Heyeja qorxusundan qaçıb anasına sarıldı, Elemay pəncərədən çölə boylandı.

Ani bir səssizlik oldu. Elə bil yer üzü bomboş idi, heç bir canlı yox idi. Sanki heç kəs nəfəs almır, heç kəsin ürəyi döyünmürdü. Yer üzü ilk yarandığı gün kimi səssizliyə gömülmüşdü.

Turup... trup-trup...Trup...

- Başladı - Oğlan üzüldü.

- Nə başladı? – Memeso dilləndi.

- Böyük Tufan.

- Gicləmə.

- Yağış səsidir, eşitmirsiz?

Tup... turup... tup. Damlalar evin damına düşdükcə adamı vahimə basırdı. Elə bil göydən yağış yox, daş yağırdı.

- Hə yağışdır. Adi yağış. Sən doğulandan bəri mininci dəfə yağan yağış, uca göylərin bizə hədiyyəsi... Di bəsdirin, öz işinizlə məşğul olun. Sənsə, gədə, gəl dalımca. Arvad, bizi gözləməyin, yatın, gec gələcəyik.

***

Atayla oğul şəhərin qurtaracağına çataçatda yerimək də olmurdu. Yağış damcı-damcı yağmırdı, ovuc-ovuc tökülürdü. Elə bil şəlalənin altında dayanmışdın. Əyin-başdan çıxmışdılar, yeridikcə ayaqları palçığa batırdı. İslanmış paltarlar da bir tərəfdən ağırlıq edirdi, ətəyini yığıb əlinlə dəstələmədən yerimək olmurdu. Torpaq hərdən suluq atıb partlayan yara kimi dəlinir, yerdən su fışqırırdı. Bu nə idi? Təkgöz Memeso ömründə belə yağış görməmişdi. Bu yağış təkcə göydən yağmırdı, yerdən də çıxırdı.

Nuhun gəmisinin dayandığı yerə çatanda daldalanacaq tapıb gizləndilər. Oğlu bayaqdan elə hey sual verir, atasının məqsədini anlamağa çalışırdı. Hələ ki, sualları cavabsız qalmışdı.

Qətran kimi qaranlıq idi. Gəminin ağzından, böyürlərindən asılmış məşəllərin ölgün işıqlarından başqa heç nəyi seçmək olmurdu. İldırım aramsız çaxdıqca gəmi nəhəng əjdaha kimi parıldayıb yox olurdu. Nuh gəminin nəhəng qapısının ağzında dayanıb əmrlər verir, minənləri tələsdirirdi. Göydə müxtəlif cür quşlar uçub qıyya çəkir, gəmiyə doğru yeriyən, qaçan, tullanan, sürünən heyvanlar anlaşılmaz, tükürpədici səslər çıxarır, camaat qışqırıb-bağırırdı.

Bir dəstə adam da tufandan qaçıb gəmiyə minmək istəyənləri fikrindən döndərməyə çalışır, sözə baxmayanları döyüb-söyür, gəmiyə daş-kəsək atırdılar.

Bacısı düz deyirdi, Elemay Nuhun kiçik qızına aşiq olmuşdu. Oğlan məhəbbətini atasından gizlətməyə məcbur idi. Memeso Nuhu yaxşı adam kimi tanısa da heç cür öz tanrılarına xəyanət edib onun dinini qəbul etməzdi. Bax buna görə də Elemay qorxurdu. Yoxsa o da indi gəmidə, sevgilisi ilə birlikdə olardı.

- Gör nə deyirəm, - Təkgöz Memeso oğlunu dümsükləyib xəyaldan ayıltdı.

- Niyə gəlmişik bura?

- Elçiliyə! Axmaq oğlu axmaq, niyə gələcəyik? Özün görürsən ki, taxta qurtardığı üçün işləyə bilmirəm. – Səs-küydən heç nə eşidilmirdi, Memeso ağzını oğlunun qulağına dayayıb bağırırdı. Bu soxhasoxda hər şeyi təzədən izah eləməliyəm? Bütün meşəni elə Nuhla birlikdə qırıb bu gəmini düzəltdik. Yaxınlıqda ağac qalmayıb. Uzaq meşələrdən ağac gətirmək üçünsə mütləq bir eşşək lazımdır.

- Bəs nə edək?

- Nuh hər heyvandan bir cüt gəmiyə toplayıb ki, tufandan sonra törəyib artsın. Deməli, orda eşşək də var. Gəmiyə girib eşşəyin birini əkişdirmək lazımdı.

- Axı orda cəmi bir cüt eşşək var. Birini oğurlasaq o biri arta bilməyəcək.

- Bizim dərdimizə qalmayıb. Nuhun Allahı belə qüdrətlidirsə ayrı bir eşşək də yaradar.

- Ata, biz düz eləmirik. Axı, Nuh...

- Kəs səsini, Nuhun başına hava gəlib. Sən də ona inanırsan.

- Nuh...

- Mumla! Qulaq as. Boğazım deşildi. Nuh səni tanıyır. Tələsmək lazımdı. Gəmiyə doluşan adamları görürsən. Get qoşul onlara. Nuh elə biləcək ki, sən də iman gətirənlərdənsən.

- Mən Nuhu aldada bilmərəm.

- Qulaq as. Nuh səni də gəmiyə qəbul edəcək. Bunu da götür. –Memeso bayaqdan çiynində gəzdirdiyi kəndiri oğluna uzatdı. - Elə ki, gəmiyə girdin axtar, eşşəklərin olduğu tövləni tap. Eşşəyin birini tut. Qaldır göyərtəyə, ordan belinə ip dola, düşür, mən də aşağıdan alacam.

- Yox, ata, mən bunu edə bilmərəm.

- Edərsən. Mən aşağıda eşşəyi səndən alacam. Sonra da özün kəndirlə düşərsən.

- Mən bunu edə bilmərəm, ata. Cəhənnəm, Nuha qoşulmadıq, tərəfində olmadıq, heç olmasa ona zərər vurmayaq. Bunu heç bizim Allahlar da götürməz.

- Bizim Allahlar, Nuhun allahı... Bəs bu boyda ailəni dolandırmaq üçün bizim Allahlar ruzi yetirir? Anan yenə hamilədir. Onun ruzisini kim yetirəcək?! Bəs mən necə işləyəcəm?! Görəssən bu yağışlardan sonra xeyli evin damı uçacaq, təzə taxtapuşlar lazım olacaq. Müştərilər artacaq. Sən gedib meşədən ağac kəsib eşşək arabasında gətirəssən, mən də onları yonub düzəldəcəm. Ondan sonra bir eşşək də alarıq. Lap istəsən Nuhun qızını da... - Təkgöz Memeso sözünün dalını gətirmədi.

- Ata, tufan...

- Nə tufanı, yağışdır, adi yağış. – Birdən Təkgöz Memesonun ayağı altından su fışqırdı, bir ovuc palçıq qurbağa kimi atılıb üzünə yapışdı, bircə gözünü də qapadı. Oğlu qaqqanaq çəkdi:

- Belə yağış olur?

- Hə düz deyirsən. – Təkgöz Memeso başını dikəldib üzünü yağışda yuya-yuya dilləndi. - Açığı ömrümdə belə yağış görməmişəm. Eybi yox, Nuhun bu sehrbazlığının da üstü açılar. Ya da yağışlar kəsəndən sonra bizim kahinlər bunun səbəbini hamıya bəyan edər. Yəqin vaxtında Nuhu o dünyaya göndərmədiyimiz üçün Allahlar bizə qəzəblənib.

Birdən ətrafı cırıltı bürüdü. Gəminin nəhəng darvazası örtülürdü.

- Elemay, tələs! Gəminin qapısı bağlanır!

- Yox, ata, mən bunu edə bilmərəm. Gəl tez gedək anamla bacımı da gətirək, yığışaq gəmiyə.

- Səfehləmə!

- Mən Nuha deyərəm gözləsin. Sən də get anamla bacımı gətir.

- Hə, bircə bu çatmırdı. Yağış kəsəndən sonra suyumuz süzülə-süzülə gəmidən çıxaq. Camaat da bizə çəpik çalsın. Desinlər, Təkgöz Memeso axmağın biri imiş.

- Yox, ata, Nuh deyir ki, tufan gəmiyə pənah aparanlardan başqa hamını məhv edəcək. Yalnız bir olan Allaha tapınan, iman gətirib gəmiyə minənlər sağ qalacaqlar. Gəl, biz də gəmiyə gedək.

- Tələs, qaç gəmiyə, dediyimi elə. Eşşəksiz qayıtma!

- Yox, ata!

- Küçük, sənə nə deyirəm, onu da elə. – Təkgöz Memeso oğlunun yaxasından yapışıb silkələdi. - Eləyəcəksən! - O, əlindəki kəndirlə oğlunu vurdu.

- Dedim, etməyəcəm, istəyirsən lap öldür. Onsuz da bir şey qalmayıb, su artıq dizə çatır.

Doğrudan da su get-gedə qalxırdı, dizlərinə çatmışdı. Bu vaxt gəminin qapısı zarıya-zarıya örtüldü.

- Vəssalam, qapı da bağlandı, - oğlu təəssüflə dedi.

- Dur ayağa, dəyyus, gəl dalımca.

***

Təkgöz Memeso kəndirin ucunu başı üzərində tovlayıb yenə göyə tulladı. Dəmir qarmaq hər dəfə geri qayıdıb qartal kimi onun öz üstünə şığıyırdı. Bu dəfə nəhayət ilişək tapdı. Memeso onu bir-neçə dəfə dartışdırdı. Möhkəm idi.

- Qulaq as, mən gəmiyə dırmaşıram. Sənsə burda gözlə. Eşşəyi tapan kimi kəndirə bağlayıb aşağı sallayacam. Dərhal onu aç. Sonra da özüm düşəcəm. Diqqətli ol, heç kəsin gözünə görünmə. Bildin?!

- Bildim. - Oğlu təəssüflə dedi.

Gəminin arxa tərəfində dayanmışdılar. Bura gəminin başına baxanda çox hündür idi, beş adam boyu olardı. Bir də Təkgöz Memesonun yadına gəlirdi ki, Nuh o vaxt gəmini tikəndə otyeyən heyvanların yerinin bu hissədə olacağını demişdi.

Memeso kəndirdən yapışıb yuxarı dartındı, yaş paltarı ağırlıq edirdi. Üstəlik kəndir də islanmışdı. Əlləri sürüşürdü. Yaxşı ki, o vaxt gəminin taxtalarının çoxunu yonub rəndələməmişdilər, ayaq qoyub təkan vermək olurdu. Kəndirin ortasına çatanda Memeso dincini almaq üçün gəmiyə söykəndi. İçəridən qəribə səslər gəlirdi. Heç nəyin səsini ayırd eləmək olmurdu. Aşağı boylandı. Şimşək işığında oğlu kabus kimi bir anlıq görünüb yox olurdu. Elemay suya batmamaq üçün iri qaya parçasının üstünə çıxmışdı. Memeso yenə dırmaşmağa başladı. Gəminin məhəccərinə çatanda taqəti qalmamışdı. Sol qolunu irəli uzatdı, sağ qolunu atmaq istədi, artıq çiyinləri məhəccərdən aşmışdı. Birdən qəfil təkan oldu. Memeso gəminin içinə yuvarlandı...

***

Ayılanda başında küt ağrı hiss elədi. Əlini ağrıyan yerə apardı. Kəlləsi qanamışdı. Başını qaldırıb yuxarı baxdı. Yağış hələ kəsməmişdi. Göy üzü tutqun idi. Memeso ayağa qalxmaq istədi, gəmi yırğalandığı üçün tarazlığını itirdi. Ayağa qalxıb tirlərdən tuta-tuta göyərtəyə tərəf addımlamağa başladı. Heç kəs gözə dəymirdi. İnək böyürtüsü, at kişnərtisi, qarğa qarıltısı və bilmədiyi nə qədər heyvanın səsi başındakı uğultuya qarışıb onu gic edirdi.

Səndələyə-səndələyə göyərtəyə çıxdı. Hər tərəf mas-mavi idi. Gəmi dalğaların üstündə nənni kimi yırğalanırdı. Yağış damlaları mavi boşluğun səthini iynə kimi dəlirdi. Su uşaq, qoca, qadın, kişi meyitləri, uçmuş evlərin damları, taxta-şalban, heyvan cəsədləri ilə dolub-daşırdı. Memeso yerə çöküb dizlərini qucaqladı. Hönkürə-hönkürə ağlamağa başladı. Nuhun söylədikləri düz çıxmışdı: oğlu, arvadı, qızı...

Qəfil başındakı yarada isti təmas hiss elədi. Qəlbini sevinc bürüdü, bədənini saran soyuq və dəhşət bir anda sovuşdu. Elə bildi, bütün gördükləri bir yuxuymuş, ayılıb artıq, indi öz evindədir. Arvadı onu sinəsinə sıxıb oxşayır. Gülümsəyərək başını qaldırdı: yağışdan islanmış qara bir eşşək Memesonun yarasını yalayırdı.

2015

# 1665 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #