Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Mina Rəşidin “Maneken dostum” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Mən doğulanda anam adımı Gülər qoyub. Sonra, sanki kimsə gəlib qismətimə düşən bütün gülüşləri oğurlayıb. Gülüşüm yalnız adımda qalıb. Atam Qarabağda şəhid oldu. Anam da atamın, doğma yurdunun ayrılığına dözə bilmədi. Onu Bakıya gətirə bilmədik, elə sığındığımız dəmir vaqonda dünyasını dəyişdi. Bir qardaşım bədənində otuz ilə yaxındır ki, düşmən qəlpəsi gəzdirir. Bu qəlpə ona çox əziyyət verir. Son illər demək olar ki, əl ağacı ilə də çətinliklə gəzir... Bütün bunlar bir bacı kimi qəlbimi parçalayır. Gecə-gündüz düşünürəm. Qardaşımın ağrılarını azaltmaq üçün yollar arayıram.
Qardaşım ailəsi ilə Ağdamda qaçqınlar üçün salınmış qəsəbədə yaşayır. Mən isə Bakıda. Daha doğrusu, Bakının ucqarında. Bir az sivilizasiyadan kənarda deyim, ya insanlıqdan kənarda deyim, bilmirəm. Elə bir yerdəki ətrafımdakı adamlardan mənə soyuq vurur. Buz parçaları ilə əhatə olunmuş kimiyəm. Nə duyur, nə də eşidirlər.
Və nəhayət... Günlərin bir günü küçədə, mağazanın qarşısına qoyulmuş bir maneken diqqətimi cəlb elədi. Buz kimi soyuq insanlardan bezmiş mən, bütün günü gedəni-gələni eyni, dəyişməyən təbəssümlə yola salıb-qarşılayan manekenlə söhbət etmək istədim:
- Salam, necəsən?
- Yaxşıyam.
- Bəs mən necəyəm?
- Bir az fikirli görünürsən...
- Nə bilim, bəs sənin heç dərdin-sərin olmur?
- Niyə ki, sadəcə belə düz dayanmağa öyrənmişəm.
- Deməli hər şey vərdişdən asılıdı, eləmi?
- Əlbəttə, deyirlər, dünyanı necə tutsan, elə gedir...
- Əhsən, mən elə bilirdim, maneken düşünmür...
- Düşünür, sadəcə hər kəsin öz dili var. Hərənin də öz dərdi...
- Manekenin dərdi necə olur ki?
- Görürsən, məni gətirib qoyublar küçəyə. Hərə bir gözlə baxır... Toz-duman da bir yandan...
- Amma heç əhvalın dəyişmir...
- Çünki buna məcburam.
- Deməli, yaşamaq asan deyil.
- Bəs nə bilmişdin...
- Elə bayaqdan demək istəyirəm, qəşəng donun var...
- Sağ ol, eh, bizim də bəzi adamlar kimi pal-paltar, bər-bəzəkdən başqa nəyimiz var ki...
- Elə demə, bayaqdan mənə yoldaş olmusan...
...O gündən manekenlə söhbətləşməyə başladım. Daha darıxmırdım... Dərdimi danışmağa “adam” tapmışdım. Amma hərdən öz-özümə düşünürdüm. Deməli, adam istəsə, manekenlə də söhbətləşə bilərmiş. Amma biz bir-birimizlə insan dilində danışa bilmirik. Kimə, nəyə, nə üçün qəzəbləndiyimizin fərqində də deyilik. Gülümsəməyin, xoş sözün nə qədər dəyərli olduğunu unutmuşuq. Axı bir-birimizə düşmən deyilik. Bizim düşmən axtarmağa ehtiyacımız da yoxdu. Çünki hamımızın məlum bir düşməni var…