Yas mərasimlərində yemək vermək qadağan edilir? - Toy süfrələrindən fərqlənməyən yas süfrələri

Yas mərasimlərində yemək vermək qadağan edilir? - Toy süfrələrindən fərqlənməyən yas süfrələri
11 iyun 2025
# 12:00

Kulis.az Aydan Hacının yeni yazısını təqdim edir.

Dünən rastıma yenidən bu xəbər çıxdı. İllərdir müzakirə olunur və görünən odur ki, müzakirə olaraq da qalır.

"Şamaxı, İsmayıllı, Oğuz, Ağsu rayonlarında yas mərasimlərində ehsan verilməyinə qadağa qoyulduğu iddia olunub. Rayon sakinlərinin sözlərinə görə, kimsə vəfat edəndə ərazi üzrə kənd nümayəndələri yas evinə gəlir və yemək verəcəkləri təqdirdə 5 min manat cərimə olunacaqlarını bildirirlər. Onlar iddia edirlər ki, hətta yemək verilən yas məclislərində mollaların iştirakına da icazə verilmir".

Nə gözəl xəbərdir. Di gəl ki, yenə də camaatın narazılıq sədaları susmur...

Azərbaycanda uzun illərdir ki, yas mərasimləri təkcə mənəvi dəstək yox, həm də süfrə məclisinə çevrilib. Hər dəfə eyni sual ortaya çıxır:

Yas yerində yemək vermək dini zərurətdirmi, yoxsa cəmiyyətin özünün yaratdığı bir vərdişdir?

Bildiyim qədəri ilə İslam dininə görə, yas sahibinin yemək verməsi vacib deyil, əksinə, onun ətrafındakıların - qonşu və qohumların ona dəstək olması tövsiyə olunur. Amma bizdə bu adət tərsinə çevrilib, dönüb olub yas sahibinin məclis süfrəsi. Uzun sözün qısası, Allahın adı ilə edilən bu mərasimlər Allahın heç bir kitabında yazılmayıb.

Yaxınını itirmiş bir ailə psixoloji və emosional baxımdan sarsılmış vəziyyətdə olur. Amma çox zaman onların qarşısında dayanan ilk problem: "Neçə nəfər gələcək?", "Neçə stol lazımdır?", "Mətbəxi kim idarə edəcək?" kimi suallar olur. Yasın yükü eyni zamanda maddi məsuliyyətə çevrilir. Təzə itki yaşamış ailələrin böyük əksəriyyəti borca girir, bəziləri isə öz gündəlik dolanışığını riskə atır ki, camaata "ayıb olmasın".

Cəmiyyətdə kasıb təbəqə bu adətə görə daha çox əziyyət çəkir. Aylıq gəliri aşağı olan, ailəsini güclə dolandıran insanlar üçün bu mərasim maddi bir fəlakətə çevrilir. Hətta bəzən yas süfrəsinin "səviyyəsi" həmin ailənin dəyərləri ilə deyil, cibinin dərinliyi ilə ölçülür. Halbuki yas mərasimi şəfqət, təskinlik və dəstək üçün toplaşdığı bir məkan olmalıdır. İnsanlar biri-birilərinin dərdinə şərik olmaq üçün bir araya gəlməlidir.

Yas süfrəsində yemək verilməsinin ləğvi barədə mütəmadi çağırışlar olsa da, hələ də bu adətin kökündə duran "camaat nə deyər?" düşüncəsi dəyişmir ki, dəyişmir. Bu dəyişimin baş verməsi üçün həm dini icmaların, həm ziyalıların, həm də cəmiyyətin özü-özünə qarşı dürüst olması vacibdir. Qonşu ölkələrin bir çoxunda bu mərasimlər daha sadə və sərbəst formada keçirilir. Hər kəs öz dini inancına əsasən yas mərasimi təşkil edir. Əminəm ki, dünyanın heç bir ölkəsində yas stolunda nəyin çatıb, nəyin çatmadığı haqqında müzakirələr getmir.

Əgər biz, doğrudan da, mərhumun ruhuna dua etmək, onun xatirəsini yaşatmaq istəyiriksə, bunu sükutla, dua ilə edə bilərik. Yas yerində yemək-içmək ləğv olunsa, nə inancımız zəifləyəcək, nə də mərhumun hörməti azalacaq. Əksinə, bu, yas sahibinə dəstəyin daha gözəl forması olacaq.

Məncə, zamanı çatıb, yas mərasimlərini yaxınlarımıza, doğmalarımıza dəstək üçün etməyi öyrənməliyik.

Bir insan ölür, həyat dayanır. Gözlər yaşlı, ev isə yaslı olur. Amma o evdə başlayan ilk müzakirə olunan mövzulardan biri də "yeməyə nə hazırlayaq?" olur. Bəli, Azərbaycanda ölüm belə süfrə ilə müşayiət olunur. İtkinin ağırlığından çox süfrənin bolluğu, yeməyin növləri təlaşları ön plana çıxır. Adam tanıyıram ki, cavan bacısını dəfn edib, gəlib dolma bükür ki, gələn nə yeyəcək? İndi deyin görək, bu hansı insafa sığan bir məsələdir?

Təzə yas sahibini görüb başsağlığı verməkdən əvvəl mətbəxə baxan qohumlar tanıyıram. Mərhumun xatirəsini yad etmək əvəzinə, yasın yeməkləri müzakirə olunur: "Dolma dadlı idi?", "Plovda əti bol eləmişdilər?", "Halva şirin idi?". "Stolda niyə çiyələk yox idi?" deyə davan edənləri belə görmüşəm...

Hamıdan qabaqda da bu söhbətləri edən yas məclislərinin aparıcıları olan mollalardır. Az qalırlar ki, "Yasin"i də qaça-qaça oxuyub, getsinlər ki, görək, yeməyə nə var?

İllərlə bu adətə "hörmətdir", "savabdır", "Allah üçün verilir" kimi etiketlər yapışdırılıb. Yas tutan evin yemək bişirməsi, qonaq qarşılamaq üçün dərdini qoyub mətbəxə keçməsi dinə deyil, cəmiyyətin köhnəlmiş komplekslərinə xidmət edir.

Hələ yeməyə gələnlərin davranışı... Adam elə danışır, elə yeyir ki, sanki burada biri dünyasını dəyişməyib, sadəcə bayram tədbirinə yığışıblar.

Əgər, doğrudan da, mərhuma hörmət etmək istəyiriksə, bu, qazan-qazan xörəklə deyil, dua, xatirə və sükutla olmalıdır.

Cəmiyyət, dövr, zaman dəyişməyə başlayıb. Bəzi ailələr artıq bu adəti rədd edir, amma dərhal da “Heç olmasa üç mərasimini eləmək olardı” kimi fikirlər qulaqdan-qulağa bütün el-obanı gəzməyə başlayır.

Bir insan dünyasını dəyişir. Ailə yasa batır. Kədər, göz yaşı, boşluq...

Azərbaycanda yas adəti adı ilə icra edilən bu şou nə dinə, nə insaniyyətə, nə də mərhumun ruhuna xidmət edir. Bu, sadəcə adət adı altında yaşadığımız cəfəngiyyatdır.

Əziz xalqım, soruşuram: neçə nəfərimiz yasda ölüm belə bizi ayıltmırsa, nə ayıldacaq kimi düşüncələrə qapılırıq? Neçə nəfərimiz yas sahibinə sözün əsl mənasında dəstək olmağı, təskinlik verməyi düşünürük?

Yas sahibinin heç vaxtı da çatmır dərdini yaşamağa. O, yas süfrəsini də "ayıbdı" deyə qurur. Onu bu vəziyyətə salan isə cəmiyyətin riyakarlığıdır. Qapıdan içəri girib "başınız sağ olsun" deyən cəmiyyətin riyakarlığı.

Bütün bunlar sadəcə savab pərdəsi ilə bəzədilmiş cahillikdir.

Bütün bunlar sadəcə acgözlüyə, riyakarlığa və yersiz adətə boyun əyməkdir.

Yas məclisi şou deyil, bu məclislər başqasının dərdinə şərik olmaq yeridir.

Ümid edirəm ki, düzələr. Yası da, toyu da "O nə deyər?", "Bu nə deyər?" kimi fikirlərlə təşkil etmək aradan qalxar...

# 1140 dəfə oxunub

Oxşar xəbərlər

Şapalaq - İsa Muğannanın hekayəsi

Şapalaq - İsa Muğannanın hekayəsi

17:45 12 iyun 2025
"Aşk-ı Memnu"nun aktyoru vəfat etdi

"Aşk-ı Memnu"nun aktyoru vəfat etdi

17:00 12 iyun 2025
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihəsinin icrasına başlanıldı

“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihəsinin icrasına başlanıldı

16:30 12 iyun 2025
Fərariliyə görə həbs olunan, ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

Fərariliyə görə həbs olunan, ölümünə həkimlərin bais olduğu Hacıbaba Bağırov kimdir?

16:00 12 iyun 2025
Qaval ifaçısı:  "Tarda dəyişiklik apardım, məni təhqir elədilər" - Müsahibə

Qaval ifaçısı: "Tarda dəyişiklik apardım, məni təhqir elədilər" - Müsahibə

15:49 12 iyun 2025
Azərbaycanda müğənni 64 yaşlı kişini döydü

Azərbaycanda müğənni 64 yaşlı kişini döydü

15:16 12 iyun 2025
#
#
# # #