Yadlaşma - Məlik Rza yazır...

Məlik Rza

Məlik Rza

16 iyul 2022
# 17:00

Kulis.as Məlik Rzanın yazısını təqdim edir.

Ədəbiyyat tarixində bəzi əsərlər var ki, müəlliflərini məyus edəcək dərəcədə populyarlaşıb ətraflarında kütlənin şablonlarından hörülmüş halələr yaradıblar. Halbuki bu fövqəl mətnlər məhz kütləyə, ənənəvinin ürəkbulandırıcı dəyişməzliyinə qarşı üsyana niyyətlənmişdi. Onların üsyanı diqqətsiz oxucular ucbatından kapitalizmin pul kisəsini dolduran tələbata, “pop art”ın rəngli səhnəsindən gəncliyin ilkin təlaşlarına gülümsəyən klouna çevrilib və heç kim gözəlim mətnlərin taleyini dəyişməyə cəhd etmir.

Qurbanların sırasında Kamünün “Yad”-ına Kafkanın “Çevrilmə”si məhrəmdir. “Çevrilmə”ni oxuyanların böyük qismi bir neçə gün ümidsizcə evlərində dolaşıb özlərinə qapandıqlarını, “Yad”ın oxucuları bədbəxtlik quyusunun dibinə yuvarlanıb çapaladıqlarını iddia edirlər. Kiçik əksəriyyət isə bu möhtəşəm mətnlərdən yalnız marjinal davranışlar mənimsəməklə kifayətlənir.

Əsərlər haqqında türkcə və doğma dilimizdə oxuduğum yazılarda eyni şablon ifadələrlə qarşılaşdım. “Topluma yadlaşma”, “Ümidsizlik”, “Modern insanın faciəsi”, “Özünə yadlaşma” və başqa hülqum qurudan birləşmələr. Zənnimcə bu tip yazılar əsərlərin arxa qapaqlarını bəzəyəcək sinopsis olmaq məqamına belə layiq deyil.

İndi yekə bir STOP!

Mətnlərin ətrafındakı cazibəli şarlar partlasın! Ya da sən şarları əllərindən göyə uçurt əziz oxucum!

“Yad” və “Çevrilmə” eyni batereyanın qütbləritək bir-birini tamamlayan, lakin əks mətnlərdir. Hər ikisi qərib süjetlərlə əvvəlcə oxucunu toplumun, əxlaqın ənənəvi qaydalarından kənarlaşdırıb müqəddəs torpaqlara gətirmək, sonra kirdən təmizlənmiş pak ruhları müdhiş həqiqətlə hədiyyələmək istəyir. Biri yola əvvəldən, digəri sondan başlayır.

Topluma yadlaşma.

Öz olmaq pərgar kimi bir ayağınla ruhunda sabitləşib digəriylə ətrafına çənbər çəkmək deyil. Sərhəd varsa, pozulacaq. Zamzanın faciəsi, Meursaultun zəfəri bizə eyni həqiqəti pıçıldayır. Özünü qorumaq müdafiə olunmamaqdır. Zamza onu böcək kimi görən topluma qarışmaq, birgə sevinib birgə ağlamaq istədi. Öldürdülər(Öldü)! Meursault isə son ana qədər dözüb axırda zəfərinə kölgə saldı. Ruhunun gizlinini hücrəsinə gəlmiş adama bağırmaqla. Hər ikisini işlədiyi cinayətlərlə günahlandırıb həmin cinayətlərin toplum və əxlaq güzgüsündəki əksləriylə cəzalandırdılar.

Ümidsizlik.

Markezin dediyi kimi “Çevrilmə” mənə ümid bəxş etdi. Ruhunu içində əridən sistemdən uzaqlaşıb tənhalaşmaq necə ümidsizlik olsun?! Hücrəsində kiçik pəncərədən göy üzünü izləyən, qumsalı, sevgilisini arzulayan, edamlardan qaçış haqqında kitablar oxumadığı üçün peşmanlanan Meursaultu ümidsizliklə damğalamaq kimin ağlına gəlib?

Modern insanın faciəsi.

Əgər sistemin çarxında əzilirsə, Zamza niyə özünə çevrilməsin? Əgər ömrünün qürubuna yaşayan qoca hüznlü axşamda yeni həyata ümidlənirsə, Meursault anasının ölümünə niyə ağlasın? Əsərlərdə faciə vardısa, həmin faciə Zamzaların gecəni yatmayıb Qreqorun ölümünü gözləməsi, insanların bir adamın edamını izləmək üçün həvəslə meydana toplanması idi.

Özünə yadlaşma.

Mən hələ heç bir əsərdə ruhunu anlayan, özünü bu həddə bilən obrazlarla qarşılaşmamışdım.
Sonda “Yad” romanı əsasında çəkilmiş, Zəki Demirkubuz filmini(Yazqı) sizə ərməğan edir, hücrəmə çəkilirəm.

# 2282 dəfə oxunub

Oxşar xəbərlər

Müasir incəsənətin panoraması - Çingiz Babayev

Müasir incəsənətin panoraması - Çingiz Babayev

18:35 24 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

16:20 24 fevral 2026
Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər